1. 000 dəfə oxunub ,   0 şərh   Çap et

 Əsrlərdir, bir səs yüksəlir Bəkkə vadisində:

− Bizi bu tənha və kimsəsiz vadidə qoyub hara gedirsən, ey İbrahim?

Bu fəryad dolu sualın cavabında susur etimad və təvəkkul zirvəsi Hz. İbrahim! Çünki o, ancaq buyurulanı yerinə yetirir və əmrə itaətdən güzəştə getmək istəmirdi. Çünki bu, ilahi bir istiqamətləndirmə idi: əsrlər sonra gələcəyi müjdəsi verilən Sonuncu Nəbinin gəlişi ilə şərəfləndirəcəyi bölgənin bünövrəsi qoyulacaqdı.

Digər tərəfdə isə məsələnin təfərruatından bixəbər Hz. Həcər həyat yoldaşını ondan uzaqlaşdıran hər addımdan bir qorxu duyurdu. Buna görə də tənhalıq hicranını iliklərinədək hiss edən Hz. Həcər təlaş dolu səslə təkrar dilləndi:

− Ey İbrahim! Bizi bu tənha və kimsəsiz vadidə tərk edib hara gedirsən?

Gəldiyi istiqamətə – geriyə addımlayan Hz. İbrahimdən cavab gəlməyəcəkdi: qucağındakı yeganə övladı ilə arxasınca yüyürmək bihudə idi. Sanki, illərdir, uşaq həsrəti ilə yanıb-qovrulan və dualarında Rəbbindən övlad diləyən Hz. İbrahim getmiş, yerinə başqa bir adam gəlmişdi. Əlbəttə ki, belə bir köklu dəyişiklik ancaq Allahın muradı ilə (sövqi-ilahi olaraq) baş verə bilərdi. Bu səbəbdən Hz. Həcər həyat yoldaşından:

− Sənə bunu Allahmı əmr etdi? − deyə soruşdu.

O anadək səssiz-səmirsiz irəliləyən Hz. İbrahimdən bu suala inam dolu cavab eşidildi:

− Bəli!

Əmr edən O idisə, qoruyan da O olacaqdı. Allahın mühafizəsi altına girdikdən sonra nə bu tükürpərdici kimsəsiz vadilərdəki vəhşət, nə təlaş oyadan tənhalıq, nə də ailə başcısının himayəsindən məhrumiyyət qorxuda bilərdi onu. Buna gorə də qucağındakı övladı ilə dönüb geri qayıdan Hz. Həcərin dilindən bu sözlər eşidiləcəkdi:

− Elə isə O, bizi əsla hədər etməz.(Təbəri, Camiu’l-Beyan, 13/152)

Bu cümlə ailə uzvləri arasındakı dialoqun son nöqtəsi idi. Artıq Hz. İbrahim uzaqlaşmış, Hz. Həcər də körpə balası İsmaillə tərk edildiyi yerə qayıtmışdı.

 Hz. İbrahimin duaları

 Hz. İbrahim gözdən itincə geri cevriləcək və əllərini açaraq rəhmli Rəbbinə dua edəcəkdi:

− Ey Rəbbimiz! Mən əhli-əyalımdan bir qismini Sənin müqəddəs məbədinin yanında, əkin bitməz bir vadidə yerləşdirdim.(İbrahim surəsi, 14/37)

“Yerləşdirdim” kəlməsi ilə o, hələ bir həyat nişanəsi görünməyən bu vadinin böyük bir məskunlaşma yeri olacağını ifadə edirdi. Bura eyni zamanda yer üzündə ilk binanın inşa edildiyi önəmli bir məkan, “İlk”lə “Son”un görüşəcəyi Bəkkə vadisi idi.

 Hz. İbrahim duasını belə davam etdirdi:

− Ey bizim Rəbbimiz! Onlar lazımınca namaz qılsınlar deyə belə etdim.(İbrahim 14/37)

Buradan bir məsələ də aydınlaşır: buraya gəlişdə əsl qayə də insanı Rəbbinə yaxınlaşdıran qulluq vəzifəsi idi. Və bu vəzifəni ən yüksək səviyyədə təmsil edən Şəxs burada zuhur edəcək, dunya buradan doğulan nurla külli mənada bir qulluqla tanış olacaq və ubudiyyət (qulluq) yolunda aydın bir məzmuna (mahiyyətə) bürünəcəkdi.

Hz. İbrahimin bir təvəqqesi (Allaha etimadı) də vardı:

− Ey Rəbbimiz! İnsanların bir qisminin qəlblərini onlara doğru yönəlt, onlara hər növ ruzi ver ki, Sənə şükür etsinlər! (Ibrahim surəsi, 14/37 )

Hz. İbrahimin yalvarışlarında öz vəzifəsini yerinə yetirdiyini bildirmək istəyi və müjdə verdiyi xüsüsların Rəhimli Rəbbi tərəfindən gercəkləşdirilməsi diləyi var idi. Çünki ömrünün kamillik dövründə hamilə qalan xanımının sevincini böluşərkən eşitdiyi bu müjdənin sədası qulaqlarında cingildəyirdi:

− Şübhəsiz ki, Həcər bir oğlan uşağı dünyaya gətirəcək, onun doğduğu övladın nəslindən gələcək bir Şəxsin əli bütün bəşəriyyət uzərində hakim olacaq və hər kəsin əli də itaət və səmimiyyətlə Ona açılacaq”.(ibn KəsirEl-Bidayə və’n-Nihayə 1/53) Hz. İbrahim üçün bundan böyük xoşbəxtlik ola bilməzdi, illərdir, ümidini üzmədən gözləmənin mukafatını görürdü. Həm də doğulacaq oğlu ilə məhdudlaşmayan (bitməyən) bir mükafat… Nəvələri arasından çıxacaq Sonuncu Nəbinin zühuru və bəşəriyyətin də Onun ətrafında birləşməsi həqiqəti…

Dualarla yalvaran Hz. İbrahimə Uca Allah bunları vəhy edəcəkdi:

− Sənin İsmail haqqında duanı qəbul etdim və ona bərəkət ehsan etdim. Ondan sonra neçə-neçə nəsillər gəlib keçəcək, amma bir gun onun nəslindən on iki boyuk şəxsiyyət zuhur edəcəkdi. “Və Mən onu boyuk bir camaata rəhbər edəcəyəm!”( İbn Kəsir, Əl-Bidayə, 1/153) Məhz Hz. İbrahim bu təcrubə uzərində addımlayır və ilahi istiqamətləndirməyin tələbini yerinə yetirmə mücadiləsi aparırdı.

 Yeni bir mədəniyyətin inşası

 Digər tərəfdə isə Hz. Həcər kimsəsiz qaldığı bu vadidə övladına görə təlaş keçirirdi: uşağa verməyə bir qurtum su tapmaq üçün dayanmadan o tərəf, bu tərəfə qaçırdı. Bir ana kimi onun qorxularına təsəlli olan yeganə şey Rəbbinə inamı idi. Bəlkə də, qoynundakı körpəsinə hamilə olarkən qarşısına çıxan mələyi və onun sözlərini yadına salıb özünə təskinlik verirdi.Çü sıxılıb halını Rəbbinə ərz etdiyi gün yanında peyda olan mələk bunları demişdi:

− Təşvişə düşüb qorxma! Cunki bu an bətnində daşıdığın oğluna görə Allah yer üzündə xeyir murad edir.

Mələyin sozləri bununla bitmirdi. Mələk ona oğlunun adını “İsmail” qoymasını pıcıldamış və bunları bildirmişdi:

− Dünyaya bənzərsiz bir uşaq gətirəcəksən və o, bütün insanlığın  ümidi olacaq. Onun əli hər kəsin üzərində olacaq (O, hər kəsin dadına çatacaq, hər kəsə hakim olacaq), hər kəsə hökm edəcək və hər kəs də onunla olacaq. Hər kəs onun əmr və gostərişləri çərcivəsində addım atacaq. Və eyni zamanda o, bütün qardaşlarının bölgəsinə hakim olacaq.(İbn Kəsir, Əl-Bidayə, 1/153) Bunlar Hz. İbrahimə bildirilənlərlə tam bir paralellik təşkil edirdi.

Hz. Həcərin müjdəyə inamı tam olsa da, səbəblərə riayət etmək də əsas məsələ idi və buna gorə də o, bir icim su və ya nəfəs alan bir canlı tapmaq arzusu ilə təlaş icində iki təpə: Səfa ilə Mərvə arasında qaçmağa başlamışdı. Su artıq qurtarmış, bu şəfqətli ananı qorxu və təlaş burumuşdu. Hz. Həcər su axtarmaq üçün ora-bura qaçır, bir tərəfdən də övladına göz qoyur, başına bir iş gəlməsindən qorxurdu. Artıq Hz. Həcər Səfa və Mərvə arasını güzərgaha çevirmişdi. Hər iki təpənin ətəklərinə enəndə sürətini bir qədər də artırır və həyəcanla digər təpəyə çatmağa çalışırdı. Bu təlaşlı qaçış yeddi dəfə təkrar olunacaqdı. O, Mərvənin təpəsinə təzəcə qalxmışdı ki, bir səs eşidib diksindi. Bu səs onu, sanki, oğlunun yanına çağırırdı. Bir də diqqətlə dinlədi. Bəli, səhv etməmişdi, övladının yanında bir mələk dayanmışdı. Bir dədiqqətlə baxdı. Gözlərinə inana bilmirdi, oğlu İsmailin ayaqları altında bir bulaq meydana gəlmiş, səhranın ortasında qaynayırdı. Tələsik övadının yanına gələn ana mələyin bu sözlərini eşitdi:

− “Hədər olacağam” deyə, əsla dərdə düşmə!  Çünki burada Allahın evi var. Onu bu körpə ilə atası inşa  edəcəkdir. Allah onun camaatını əsla tələf etməz…(Təbəri,Əl-Camiu’l-bəyan, 13/230)

Mələk vəzifəsini yerinə yetirib qeyb olmuş və yenə Hz. Həcər körpəsi Hz. İsmaillə tək-tənha qalmışdı ucu-bucağı görünməyən səhrada…

Hər dövrdə həyat mənbəyi olan su başqa adamları da bu yerlərə cəlb edəcək, qəza-qədərin təqdir buyurduğu bir formalaşma prosesi başlayacaq, beləcə, gozlənilən Nəbinin zühur edəcəyi şəhərin əsası qoyulacaqdı. Çox  keçmədən bura Curhum qəbiləsi gələcək, Hz. Həcərin də razılığını alıb həyat nişanələri gördükləri bu bolgədə məskunlaşacaq və bununla da Məkkə şəhərinin təməlləri atılacaqdı. Beləliklə, insanlığa can, nəfəs verən Rəsulullahın zühur edəcəyi Faran dağlarının arasında yeni bir həyat başlayırdı. Zəmzəm suyunun həyat bəxş etdiyi səhralıq artıq məhsuldar bir bolgəyə çevriləcək və bərəkəti ilə insanları özünə cəlb edəcək, qaraya burunub yas tutan bu dağların arasında Hz. Məhəmmədlə (s.ə.s.) nəticələnən bir mərhələ başlayacaqdı.

Hz. İbrahimin duası qəbul edilmiş və bu kimsəsiz vadi yaşıllığa bürünərək insanları özünə cəlb etməyə başlamışdı. Bu yönəliş eyni zamanda bu yerlərə hər cür nemətin axınını da təmin edəcək və buranın sakinləri bundan sonra daim bir inayət ab-havası icində yaşayacaqdı. Hz.İsmail da böyümuş, artıq gənclik dövrünu yaşayırdı. Nəhayət, Hz. İsmail cürhümlü bir qızla ailə həyatı qurmuş və Zəmzəmlə başlayan bu birlik qohumluq əlaqələrinin qurulması ilə daha da güclənərək gələcək üçün möhkəm bir zəmin hazırlamışdı.

Bu muddət ərzində Hz. İbrahim tez-tez Həcərlə İsmailə baş çəkməyə gəlir, bir müddət qaldıqdan sonra yenə onları orada qoyub geri qayıdırdı. Aradan bir muddət də keçmişdi. Bu dəfə Hz. İbrahim dərhal geri qayıtmaq üçün deyil, orada uzun müddət qalıb Kəbəni yenidən inşa etmək üçün gəlirdi. İlahinin muradı bu istiqamətdə idi, Hz. İbrahim də bu istəyi yerinə yetirmək üçün yola düşmüş, Məkkəyə gəlirdi.

 Çox keçmədən Hz. İbrahim oğlu Hz. İsmaillə birlikdə Kəbənin inşasına başlamış və insanları bir daha tərk etməyəcəkləri yola dəvət etmişdilər. Bir tərəfdən inşaat işlərini davam etdirir, digər tərəfdən də əllərini qaldırıb bu ən müqəddəs məkanda dualarla Uca Allaha belə yalvarırdılar:

− Ey Rəbbimiz! Bizdən qəbul buyur. Şubhəsiz ki, eşidən də Sənsən, bilən də Sən!… Ey Rəbbimiz! Həm İsmail və məni Sənə itaət edən müsəlmanlardan et, həm də soyumuzdan yalnız Sənə boyun əyən müsəlman bir ümmət yarat, bizə ibadətimizin yollarını gostər, tövbəmizə rəhmətinlə qarşılıq ver! Şubhəsiz ki, Təvvab (tövbələri qəbul edən) Sənsən, Rəhim də Sən!

İki müqəddəs insanın yer üzündəki ilk bina və ərşin izinin düşdüyü muqəddəs bir məkanda etdiyi bu dualar, əlbəttə ki, qəbul ediləcəkdi.

Duada belə bir məqamı əldə edən Hz. İbrahim sozunu əsasını qoyduğu “hillət” məsləyini qiyamətə qədər və təkcə bir bölgədə yox, bütün aləmdə ucaldacaq Sonuncu Peyğəmbərin üzərinə gətirəcək və bu cür yalvaracaqdı:

− Ey Rəbbimiz! Bir də onlara iclərindən elə bir Rəsul göndər ki, o Rəsul onlara Sənin ayələrini oxusun, Kitabı və hikməti təlim edib öyrətsin, içlərini və zahirlərini tərtəmiz edib pak eləsin! Həqiqətən, Əziz Sənsən, hikmət sahibi də Sən.(Bəqərə Surəsi,2/129) Bu duasında Hz. İbrahimin (əleyhissalam) gəlməsini dilədiyi hikmət sahibi peyğəmbər, şubhəsiz, bütün peyğəmbərlərin gələcəyini müjdələdiyi Son Nəbi Hz. Məhəmməd (s.ə.s.) idi. Çünki Hz. İsmailin nəsli içində Hz. Məhəmməddən (s.ə.s.) başqa bir peyğəmbər yox idi və olmayacaqdı da. Bu  səmimi duanın Haqq dərgahında dəyəri də olduqca böyük idi. Belə ki, əsrlər sonra bir gün Allah Rəsulu (s.ə.s.) minnətdarlığını bu şəkildə ifadə edəcəkdi:

− Mən atam İbrahimin duası, qardaşım İsanın müjdəsi və anamın da röyasıyam.(İbn Hibban, Sahih 14/313)

Yenə vəfanı vəfa əhlindən öyrənməyimizin vacibliyini göstərən bir məkan… Yenə əhdə vəfanın unudulmaz timsalı və yenə duaya dua ilə cavab verməyin bənzərsiz nümunəsi… Hz. İbrahimin (ə.s.) əsrlər əvvəl dualarla gəlməsini dilədiyi Hz. Məhəmmədin ümməti də təşəkkür ifadəsi olaraq dualarında Onu xatırlayacaq, “Allahummə Salli” və “Allahummə Barik”lərində:

−Allahım! Məhəmmədə, Onun ailəsinə (al) və əshabına salat (rəhmət) və bərəkət buyurduğun kimi, İbrahimə də eyni salat və bərəkətdən ehsan et, − deyərək hər gün namazlarında Haqqa niyaz edəcəkdi…

Bu vəfanın bir də İbrahimsayağı forması vardı. Çünki Hz. Məhəmmədin gəliş xəbəri Hz. İbrahimin ruhuna o dərəcədə işləmişdi ki, O, özünə aid iltifatlarda da Onu xatırlayıb diqqəti Ona yönəldir və bu iltifatlara özündən çox, Gözlənilən Sultanın layiq olduğunu bildirirdi.

Allah (cəllə cəlaluhu) Hz. İbrahimi muxtəlif imtahanlardan kecirmiş və uzərinə düşən vəzifəni layiqincə yerinə yetirən Hz. İbrahimə belə bir iltifat buyurmuşdu: − Səni insanlara imam (rəhbər) edəcəyəm.

Bu, böyük bir iltifat idi və əvəzində acizlik içində şükür etmək lazım idi. Həmçinin bu, belə bir nemətin şükrü ilə bağlı mühum bir göstərici idi. Ancaq Hz. İbrahim belə etmədi. Onun ilk reaksiyası:

− “Nəslimdən də…” şəklində idi ki, bu da böyük əhəmiyyət kəsb edirdi. Bu, həmcinin şuuraltının hansı məlumatlarla qidalanmasının bir gostəricisi idi. Məhz insanın həqiqi niyyəti də bu cür gozlənilməz vəziyyətlərdə ortaya çıxırdı. Ancaq Allah (c.c.) imamlıq kimi mühüm bir məsələnin zülm edən və buna razı olan, xususilə də, ogünkü İsrail oğulları kimi yolunu azan şəxslərə müyəssər edilməyəcəyini bildirmək mənasında:

− Zalımlar mənim əhdimə (imamlığıma) nail ola bilməzlər,( bax, Bəqərə surəsi, 2/124) − buyuracaqdı.

Belə bir ifadə ilə nəzərlər yaxın vaxtlarda bir imam axtarmaq əvəzinə, gələcək əsrlərə və daha uzun bir zamana istiqamətləndirilirdi. Beləliklə, zülmlə peyğəmbərliyin  əsla eyniləşdirilməyəcəyi vurğulanmaqla yanaşı, İsrail oğullarının davam etdikləri zülm və azğınlıq üzündən belə bir şərəfi itirdiyi və bu şərəfin bundan sonra Hz. İsmail soyuna keçdiyi ifadə edilirdi. Əlbəttə, Hz.İbrahimin dilədiyi İmam da kimsəsiz vadidə qoyub getdiyi oğlu İsmailin soyundan olacaqdı.

 Rəşid Haylamaz, Peyğəmbərimiz adlı kitabından




Şərh yaz