8. 145 dəfə oxunub ,   2 şərh   Çap et

Sual:Bərzəx aləmi nədir?

İslam dini, insan ölsə də, ruhunun ölmədiyini, sadəcə fani dünya həyatının sona çatdığını, ruhunun isə xüsusi yerdə yaşadığını bildirir. İnsanın böyük Din və Qiyamət günü yenidən dirilənədək “Bərzəx həyatı” adlanan gözləmə mərhələsində gözləyəcəyini bildirir. Bu müddət ərzində ruhun yaşamasından və bu aləmə aid bəzi xüsusiyyətlərdən bəhs edir. İslamda bu alə­mə axirət həyatının ilk mərhələsi olan “qəbir-bərzəx” deyilir. Qurani-Kərimdə buyurulur: “Axirəti inkar edənlərdən birinin ölümü gəlib çatanda o, belə deyər: “Ey Rəbbim! Nə olar Məni dünyaya geri qaytar! Bəlkə, hədər etdiyim ömrümü faydalı işlərə sərf etdim. Xeyr! Bu, onun dediyi boş (faydasız) bir sözdür. Çünki dünyadan ayrılanların qarşısında yenidən dirilişə qədər bir bərzəx aləmi vardır”.[1]

Allah Rəsulu (s.a.s.) isə: “Qəbir axirət mənzillərinin birincisidir”,[2] – buyuraraq böyük Din günündən əvvəl qəbir həyatının gəldiyini xəbər vermişdir. O, dualarında qəbir fitnəsindən və əzabından Allah-Təalaya sığındığı kimi, bunu əshabına və ümmə­tinə də tövsiyə etmişdir.

Qəbir ölən insanın dəfn olunduğu yerin adıdır. Dilimizdə “qəbir” yerinə “məzar” kəlməsindən də istifadə edilir. Qəbir kəlməsi və ondan törəyən sözlər Qurani-Kərimdə də işlənir. Qəbir həyatına sinonim kimi “bərzəx” istilahından da istifadə olunur. Bərzəx kəlməsinin lüğəvi mənası “iki şeyin arasına girən maneə”, “ayırıcı sərhəd” deməkdir. Bu mənada bərzəx ölümlə həyat, axi­rətlə dünya arasında pərdə, əngəl anlamına gəlir və insan öləndə bərzəxə girmiş olur. Dolayısilə, vəfat edən insanla dünyaya qayıtmaq arasında bir əngəl olur ki, o da bərzəx aləmidir.

[1] “Möminlər” surəsi, 23/99-100

[2] Tirmizi, “Sünən”, 4/553

 



Açar sözləri

bərzəx aləmi

2 şərh yazılıb
  1. Elşən , 11/03/2015 tarixində, saat 10:03

    Mən bu mövzu ilə bağlı yazılara həmişə baxıram. Anam vəfat edəndən sonra daim onun harada olması məni həmişə düşündürür. Onun məndən xəbəri var, yoxsa hər şey bitdi.
    İmkanlarım olsaydı onun yanına gedərdim , yoxsa bu dərd mənim axırıma çıxacaq. Anamın quru nəfəsi mənə bəs olardı. Çox təəssüflər olsun onu çox tez itirdim . Onu bərzəx aləmi ilə bağlı yazlarda axtarıram.Görəsən anamın yerini deyən tapılarmı

    • meneviyyat.az , 11/03/2015 tarixində, saat 11:03

      Allah Təala ananıza rəhmət etsin, xəta və günahlarını bağışlasın. Ayrılıq çətin bir şeydir.
      Əziz qardaşımız, ölüm haqdır. Bu dünyaya gələn əvvəl-axır bu dünyayı tərk edib gedəcəkdir. “Ölüm əgər gözəl olmasaydı, Ölərdimi Peyğəmbər?”
      Kimsə burada əbədi olaraq qalmayacaqdır. Ancaq şükürlər olsun ki, Axirət həyatı var. Sevdiyimiz insanlara orada qovuşacağıq. İndi ananız vəfat edib, siz onu çox arzulayırsınız. O həyatda ikən ona soruşsaydınız siz əziz balaları kimi o da ata anasını arzulayardı. Onlara qovuşmaq istəyərdi. İndi o sevdikləri ilə birlikdədir. Allah sizə xeyirli ömür versin, bir gün siz də ona qovuşacaqsınız. Ananız üçün edə biləcəyiniz ən gözəl iş ona dua etmək və “Allah səni yetişdirən anadan razı olsun” sözünün deyilməsinə vəsilə olmaqdır, yəni əməli saleh, xeyirli övlad olmaqdır. Onun hal hazırda sizdən istədiyi tək şey dua və xeyirxah əməllərdir. Bərzəx aləminə qapılar ancaq yuxuda açıla bilir. O da şəxsin mənəvi-pisxoloji vəziyyətindən aslıdır.
      Sizə tövsiyəmiz əgər ibadət əhli isəniz ibadətlərinizə həssas yanaşmanız, yox əgər deyilsinizsə ən qısa müddətdə namaza başlamanızdır. Beləliklə siz hər zaman ananıza dua edə biləcəksiniz və o bir tərəfdə qovuşmanız asan olcaqdır. İknci olaraq da Xəzər nəşriyyatında çapdan çıxmış “Əbədi diyara səfər” və “Ölümdən sonrakı həyat” kitablarını oxumanız. Hər iki kitab sizin təskinlik tapmanıza və soruşmuş olduğunuz suala cavb tapmanıza kömək edəcək.

Şərh yaz