6. 515 dəfə oxunub ,   0 şərh   Çap et

Beş vaxt namazın əhəmiyyəti

Fərzlərin ən əhəmiyyətlisi namazdır. İnsan qiyamət günü imandan sonra namazdan sorğuya çəkiləcək. Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

İslam beş əsas üzərində qurulmuşdur; Allahdan başqa ilah olmadığına inanmaq, Məhəmmədin Allahın elçisi olduğuna şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, həccə getmək və Ramazan orucunu tutmaq”.[1]

Namaz dinin dirəyidir.”[2]

Qulun Rəbbinə ən yaxın olduğu an səcdə anıdır...[3]

Allah qullarına beş vaxt namazı fərz buyurmuşdur. Kim fərz namazları tədili-ərkana riayət edərək qılarsa, Allah həmin şəxsi cənnətə qoyacağına söz verib. Beş vaxt namazı qılmayanlar üçün Allahın hər hansı vədi yoxdur. İstəsə cəzalandırar, istəsə də bağışlaya bilər”.[4]

Bu, bir həqiqətdir ki, namazı tərk etmək imanla şirk və küfr arasındakı pərdəni qaldırar”.[5]

Beş vaxt namaz hicrətdən əvvəl Merac gecəsində fərz buyurulmuşdur.[6]

Merac gecəsində Rəsulullaha (s.ə.s) namaz əlli vaxt fərz qılınmış, sonra azaldılaraq beş vaxta endirilmiş, ardından belə buyrulmuşdur: “Ey Muhəmməd! Mənim dərgahımda söz dəyişməz. Bu beş vaxt namaza sənin üçün əlli vaxt namaz savabı vardır.[7]

Allah-Təala Merac gecəsində ümmətimə əlli vaxt namazı fərz etdi. Mən isə Ona müraciət edərək bunun yüngülləşdirilməsini istədim. Nəhayət, namaz bir gün və gecədə beş vaxta düşdü.[8]

Talha ibn Ubeydullah (r.a.) nəql edir: “Saçı-başı dağınıq kasıb bir bədəvi Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəldi. İslam barədə suallar verdi. Peyğəmbərimiz (s.ə.s.) onun namaz haqqındakı sualına: “Bir gün ərzində beş vaxt namaz qılmaqdır,” – deyə cavab verdi. Həmin adam: “Bunlardan başqa vacib (fərz) buyurulan namaz varmı?” – deyə soruşdu. Allah Rəsulu (s.ə.s.): “Xeyr! Ancaq nafilə namaz qılmaq istəsən, o başqa,” – deyə cavab verdi…  Söhbətin  axırında həmin şəxs: “Vallah, bu dediklərini nə artıq, nə əskik yerinə yetirəcəyəm!” – deyə Allah Rəsulunun (s.ə.s.) hüzurundan çıxıb getdi. Allah Rəsulu (s.ə.s.) adamın arxasınca belə buyurdu: “Əgər sözünə sadiq olsa, nicat tapacaq”.[9]

Hz. Muaz (r.a.) nəql edir:

“Allah Rəsulu (s.ə.s.) məni Yəmənə (vali və ya qazı) göndərərkən belə buyurdu: “Sən kitab əhli olan bir qövmün arasına gedirsən. Onları əvvəlcə Allahdan başqa heç bir ilah olmadığına və mənim Allahın Rəsulu olduğuma şəhadət gətirməyə dəvət et. Bu çağırışı qəbul edib şəhadət gətirsələr, bu dəfə Allahın onlara hər gün beş vaxt namazı fərz buyurduğunu bildir…”[10]

Quran və Sünnədə namaz vaxtları

Namazın şərtlərindən biri də vaxtdır. Namaz qılan hər bir şəxs namazların vaxtlarını bilməlidir. Vaxtı girmədən qılınan namaz məqbul deyildir. Bu cür qılınana namaz vaxtı girdikdən sonra yenidən qılınmalıdır. Vaxtında qılınan namaz əda edilmiş sayılır. Hər hansı bir xətaya görə namazın vaxt çıxmadan təkrar qılınmasına iadə, vaxtı çıxandan sonra qılınan fərz namaza isə qəza namazı deyilir. Hər bir namaz gecikdirilmədən vaxtında qılınmalıdır. Hər hansı üzrlü səbəb olmadan namazı qəzaya saxlamağın Allah qatında məsuliyyəti böyükdür.

Fərz və sünnə namazlar, vitr, təravih və bayram namazları müəyyən vaxtlarda qılınır. Fərz namazlar: sübh (fəcr), günorta (zöhr), ikindi (əsr), axşam (məğrib) və gecə (işa/yatsı) namazlarıdır. Cümə namazı günorta namazını əvəz edir. Gündəlik beş vaxt namaz qəza edildiyi halda, cümə, bayram və sünnə namazları qəza edilmir. Namaz vaxtları Kitab və Sünnə ilə müəyyənləşdirilmişdir.

Qurani-Kərimin müxtəlif ayələrində “səlat, təsbeh, həmd və səcdə etmək” kimi ifadələrlə namaz vaxtlarına işarə edilmişdir. Quranda namaz sözü “salət” kəlməsi ilə ifadə olunmuşdur. “Salət” kəlməsi Quranda dua və namaz mənasında 78 ayədə tək, 5 ayədə isə cəm formada (saləvət) işlənmişdir. “Şübhəsiz namaz möminlərə bəlli vaxtlarda vacib edilmişdir[11] ayəsi də xüsusilə fərz namazların müəyyən vaxtlarda qılınmalı olunduğunu göstərir. Bu ayələri iki qrupda toplamaq mümkündür:

Gündəlik beş vaxt namaza aid ayələr: “Günortadan (gün batmağa meyl etdikdən) gecənin qaranlığınadək namaz qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.”[12] Burada beş vaxt namaza: sübh, günorta, ikindi, axşam və gecə (yatsı) namazlarına işarə vardır.

Elə isə axşam-səhər (axşama yetişəndə, səhərə çıxanda) Allahı təqdis edib şəninə təriflər deyin! Göylərdə və yerdə həmd yalnız Ona məxsusdur. Gün batanda da (günün sonuna yetişəndə), gündüz də Onu təqdis edib şəninə təriflər deyin![13] İbn Abbasa (r.a) görə bu iki ayə beş vaxt namaz haqqındadır. Belə ki, “axşama yetişəndə” ifadəsi axşam və gecə namazlarına, “səhərə çıxanda” ifadəsi sübh namazına, “günün sonuna yetişəndə” ifadəsi ikindi namazına, “gündüz” ifadəsi də günorta namazına işarədir.[14]

“…Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de, gecənin bir vədəsində və günorta radələrində də Rəbbini öyüb təqdis et ki, xoşhal olasan.”[15] Müfəssirlərin əksəriyyətinə görə, “şükür edib şəninə təriflər de” ayəsi də beş vaxt namaza işarədir. Belə ki, günəş doğmamışdan əvvəl ifadəsi “sübh namazı”nı, batmamışdan əvvəl ifadəsi “ikindi namazı”nı, gecənin bir vədəsində ifadəsi “gecə namazı”nı, günorta radələrində ifadəsi də “günorta” namazını bildirir.[16] Günorta radələri (gündüzün başları) sözü başqa bir ayədə “gündüzün iki başında” şəklində istifadə olunur[17] və bu günəşin çıxma və batma zamanlarını ifadə edir.

Müxtəlif namaz vaxtlarına işarə edən ayələr: “Gündüzün iki başında (əvvəlində və axırında), və gecənin bəzi saatlarında namaz qıl!”[18] “Səhər-axşam Rəbbinin adını zikr et! Gecənin bir qismində Ona səcdə et və gecə uzunu da Onu təqdis edib şəninə təriflər de![19] Bu ayələr sübh, axşam və gecə namazlarının vaxtına dəlalət edir.

“Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şəninə təriflər de![20] Bu ayədə sübh, ikindi və gecə namazlarına işarə edilir.

“Gecənin bir vaxtı durub ancaq sənə xas olan təhəccüd namazını qıl.”[21] Bu ayədə isə Hz. Peyğəmbərə (s.ə.s) təhəccüd namazı qılmağı əmr edilir. Onun yolunu izləyən ümməti də dolayı yolla bu namaza təşviq olunur. Həzrət Aişə (r.anha) nəql edir: “Rəsulullah (s.ə.s) “Namazlara, (xüsusilə) orta namaza riayət edin”[22] ayəsini oxudu və “Orta namaz ikindi namazıdır” buyurdu.[23]

Hz. Peyğəmbərin (s.ə.s) fərz namazlarının hansı vaxtlarda qılınacağına dair müxtəlif hədisləri və tətbiqatı var. Lakin burada namaz vaxtlarının hamısını bildirən “Cibril hədisi” ilə kifayətlənəcəyik.

  • Namazın fərz olduğu Merac gecəsinin ertəsi günü Cəbrayıl (ə.s) Hz. Məhəmmədin (s.ə.s) yanına gələrək ona şəxsən imamlıq etmiş, namazların başlama və qurtarma vaxtlarını göstərmişdir. İbn Abbasdan (r.a) rəvayət edildiyinə görə, Allah Rəsulu (s.ə.s) buyurmuşdur: “Cəbrayıl (ə.s) mənə iki dəfə Beytullahın yanında imamlıq etdi. Birinci dəfə günorta namazını günəş zirvə (zenit) nöqtəsindən qərbə meyl edəndə qıldırdı. İkindi namazını əşyaların kölgəsi bir misli qədər olanda qıldırdı. Axşam namazını oruclu iftar edəndə qıldırdı. Gecə namazını üfüqdəki qırmızılıq gedəndə, sübh namazını da oruc tutana yemə və içmə qadağasının başladığı vaxt qıldırdı. Ertəsi gün isə günorta namazını əşyaların kölgəsi bir misli olanda, ikindi namazını isə cismlərin kölgəsi iki misli olduqda qıldırdı. Axşam namazını yenə də oruclunun iftar edəcəyi vaxtda qıldırdı. Gecə namazını gecənin üçdə birinə doğru qıldırdı. Sübh namazını dan yeri ağaranda (isfar) qıldırdı. Sonra mənə dönərək dedi: Ey Muhəmməd! Bu, səndən qabaqkı peyğəmbərlərin (namaz qıldıqları) vaxtlardır. Namaz vaxtlarının başlama və qurtarması bu iki vaxt arasında qalan zamandır.”[1]

Fərz namazları nə vaxt qılmaq lazımdır?

Hər namazın öz vaxtında qılınması daha fəzilətlidir. Rəsulullah (s.ə.s) bu haqda belə buyurmuşdur:

Əməllərin ən fəzilətlisi vaxtında qılınan namazdır[24].

Namazların ilk vaxtında Allahın rizası, son vaxtında isə Allahın bağışlaması vardır.”[25]

Fərz namazların hansı vaxt qılınmasının müstəhəb və ya daha fəzilətli olduğunu Rəsulullah (s.ə.s) bildirmişdir. Həmin vaxtlara nəzər salaq:

Səhər (sübh) namazı

Sübh namazını dan yeri bir az ağaranda qılmaq müstəhəbdir.  Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Sübh namazını dan yeri ağaranda qılın. Çünki bunun əcri (mükafatı, savabı) daha çoxdur.”[26]

Günorta namazı

Günorta namazını yayda gecikdirərək sərində qılmaq (ibrad) müstəhəbdir. Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Günorta namazını sərində qılın. Çünki istiliyin şiddəti cəhənnəmin hərarətinin şiddətindəndir.[27] Qışda isə günorta namazını ilk vaxtında qılmaq müstəhəbdir. Ənəsdən (r.a) nəql edir ki, “Hz. Peyğəmbər şiddətli soyuq olduqda, günorta namazını tez qılar, yayda isə hava sərinlənənə qədər gecikdirərdi.[28]

İkindi namazı

İkindi namazının fərzini isə günəşli günlərdə günəş göz qamaşdırmazdan əvvələ qədər gecikdirmək müstəhəbdir. İkindi namazından sonra nafilə namaz qılmaq məkruh olduğundan nafilə namaz qılmaq üçün əlavə vaxt qazanmaq olar. Vaxt girən kimi qılmaq daha yaxşıdır.

Axşam namazı

Axşam namazını həmişə ilk vaxtda, yəni vaxtı girən kimi dərhal qılmaq müstəhəbdir. Azanla iqamə arasında yalnız üç ayə oxunulacaq və ya bir az oturulacaq qədər fasilə vermək lazımdır. Çünki axşam namazını gecikdirmək məkruhdur. Hz. Peyğəmbər (s.ə.s) bu haqda belə buyurmuşdur: “Ümmətim axşam namazını ulduzların bir-bir göründüyü zamanadək gecikdirmədikcə xeyir üzərinədir.”[29]

Yatsı namazı

Yatsı namazını gecənin ilk üçdə birinədək gecikdirmək müstəhəbdir. Hədisdə bildirilir, “Əgər ümmətimə çətin olmasaydı, gecə namazını gecənin üçdə birinədək gecikdirməyi əmr edərdim.[30]

Gecə oyanacağına əmin olan şəxsin vitr namazını gecənin sonunadək gecikdirməsi müstəhəbdir. “Gecənin sonunda (təhəccüd namazı üçün) oyana bilməyəcəyindən əmin olmayan, vitr namazını gecənin əvvəlində (yatsı namazından) qılsın. Gecənin sonunda (təhəccüd namazı qılmaq üçün) duracağından əmin olan şəxs isə, vitri gecənin sonunda qılsın. Çünki gecə namazı həm gecə, həm də gündüz mələklərinin iştirak etdiyi namazdır. Bu səbəblə daha fəzilətlidir.[31] Xülasə namaz vaxtları məsələsində Rəsulullahın (s.ə.s) “Əməllərin ən fəzilətlisi vaxtında qılınan namazdır[32] – tövsiyəsinə uyğun hərəkət etməyə çalışmalıyıq.

Sünnət namazların dəlilləri

Rəsulullahın (s.ə.s) fərz və ya vacib namazlardan başqa qıldığı namazlara nafilə namazlar deyilir. Sünnət sayılan nafilələr Allah Rəsulunun (s.ə.s) mütəmadi qıldığı namazlardır. Rəsulullahın (s.ə.s) bəzən bunları tərk etməsinin səbəbi insanlara fərz olmadığını bildirmək idi.

Bəndə Qiyamət günü birinci olaraq fərz namazlarına görə sorğu-suala çəkiləcək. Əgər bu namazlar tamam-kamal və məqbul qılınmışdırsa, qulun hesabı asanlaşır və arzusuna çatır. Yox əgər bu ibadət düzgün və məqbul olmasa, qulun sorğu-sualı çətin keçir və muradına çata bilmir. Əgər fərz namazları tamamlanmazsa, Qüdrətli və Əzəmətli Allah: “Baxın görün, qulumun bu nöqsanlarını tamamlayan sünnət və nafilə namazları varmı?” – buyurur. Beləliklə, natamam fərz namazları  sünnət və nafilə namazları ilə tamamlanır. Onun digər əməllərə görə hesaba çəkilməsi də bu cür davam edir”.[33]

Müəyyən vaxtı olan nafilə namazlara “Rəvatib sünnələr” deyilir. Bunlar, müəyyən bir tərtib, düzən içərisində beş vaxt fərz namaz və ya cümə namazı ilə birlikdə qılındığı üçün bu adı almışdır. Bunlardan bəzisi müəkkəd, bəzisi də qeyri-müəkkəd sünnədir.

Müəkkəd sünnələr

Beş vaxt namaza və ya cümə namazına bağlı sünnət namazların bir qismi müəkkəd sünnədir. Bunlar hədisi-şərifdə belə bildirilir: “Hər kim gün ərzində fərz namazlar xaricində on iki rükət namaz qılarsa, Allah ona cənnətdə bir ev inşa edər. Bu namazlar bunlardır: sübh namazından öncə iki rükət, günortadan qabaq dörd rükət, günortadan sonra iki rükət, axşamdan sonra iki rükət və yatsıdan sonra iki rükət”.[34]

Fərz namazların müəkkəd sünnələri

“Sizi atlar qovsa da sübh namazının iki rükət sünnəsini tərk etməyin.”[35]

Sübh namazının iki rükət sünnəsi dünyadan və dünyada olan hər şeydən daha xeyirlidir.[36] Hz. Aişə (r.a) nəql edir: “Rəsulullah (s.ə.s) günortadan öncə dörd və sübh namazından öncə iki rükət sünnə namazı heç vaxt tərk etməzdi.”[37] Səhər namazını qıla bilməyən şəxs zəval vaxtından (günorta namazının vaxtı girmədən) qabaq fərzlə bərabər səhər namazının sünnəsini də qəza etməlidir.

Həzrət Əli nəql edir: Rəsulullah (s.ə.s) günorta namazından əvvəl dörd, sonra da iki rükət namaz qılardı.[38] Başqa bir hədisdə belə buyurulur: “Hər kim günorta namazından öncə dörd, sonra da dörd rükət namaz qılarsa, Allah onun cəsədini cəhənnəm oduna haram edər.”[39]

Axşam namazından sonra qılınan iki rükət sünnət namaz da Rəsulullahın (s.ə.s) davam etdiyi gündəlik on iki rükət müəkkəd sünnələrdəndir.

Qeyri-müəkkəd (məndub) sünnələr

Həzrət Peyğəmbərin çox vaxt qıldığı, ancaq bəzən tərk etdiyi sünnələr bunlardır:

  1. Günorta namazından sonra qılınan iki rükət müəkkəd sünnəyə əlavə olaraq qılınan iki rükət namaz.
  2. İkindi namazından öncə tək salamla qılınan dörd rükət namaz. Bu haqda Rəsulullah belə buyurmuşdur: “İkindi namazından öncə dörd rükət namaz qılana Allah rəhmət eləsin!”[40]
  3. Yatsı namazından öncə qılınan dörd rükət namaz. Bunun dəlili isə Hz. Aişədən rəvayət edilən bu hədisdir: “Hz. Peyğəmbər yatsıdan öncə dörd rükət namaz qılar, yatsı namazından sonra qalxaraq dörd rükət qılar, sonra yatardı.”[41]

Rəsulullahın (s.ə.s) qıldığı və ümmətinə tövsiyə etdiyi sünnə namazları da qılmaq lazımdır. Çünki sünnə namazlar fərzlərdə buraxılan nöqsanları tamamlayır. Bu namazlar həm də insanın diqqətinin fərz namaza yönəldir.

Namazın faydaları

Namaz insanın Yaradanını anması, Onu xatırlaması, Onunla irtibat qurması deməkdir. Namaz insanın həm cisminə, həm də ruhuna şəfadır. Peyğəmbərimiz (s.ə.s) mədə-bağırsaq ağrısından əziyyət çəkən Əbu Hüreyrəyə (r.a): “Qalx, namaz qıl. Namazda şəfa vardır”[42], – deyə buyurmuşdu.

İbadətlərdən maddi-mənəvi bir fayada ummaq doğru deyildir. Əsas məsələ Rəbbin razılığını qazanmaqdır. Ancaq namaz, oruc və zəkat kimi ibadətlər fərd və cəmiyyət həyatında bir çox məsələlərin yoluna qoyulmasında mühüm rol oynayır.

Namaz gündəlik həyatı nizama salır. İnsan namaz sayəsində vaxt bölgüsünü düzgün aparmağı öyrənir. Bu da get-gedə vərdişə çevrilir.

Namaz insanı günahlardan və pis əməllərdən uzaqlaşdırır.

Namaz Rəbbə təslim olmaq, Ona boyun əyib hər cür ehtiyacı Ondan istəmək və eyni zamanda hər gün Ona hesab vermək zamanıdır. Bir gün Peyğəmbərimiz (s.ə.s):

– Bir nəfərin evinin qabağından çay axsa və hər gün beş dəfə bu çayda yuyunsa, onun üzərində kir-pas qalarmı?– deyə soruşmuşdu.

Səhabələr:

– Heç bir çirk qalmaz, – demişdilər.

Peyğəmbərimiz (s.ə.s) də buyurmuşdu:

– Beş vaxt namaz da bunun kimidir. Allah onunla bütün xətaları silər[43].

Namazla tökülən günahlar

Namaz bir İslam aliminin sözləri ilə desək, insanda sözün əsl mənasında, tövbə şüurunu formalaşdırır. İnsan gündə beş dəfə dili ilə tövbə etməsə də, onun qıldığı namazlar öz-özlüyündə əməli tövbə sayılır.

Səhabələrdən Əbu Osman (r.a) nəql edir:

–Tanınmış səhabələrdən olan və Peyğəmbərimizin “Əhli-beytimdəndir” deyib ucaltdığı Salman Farisi ilə bir ağacın altında oturmuşduq. Salman Farisi ağacın budaqlarından birini tutdu və silkələməyə başladı. Ağacın yarpaqları tökülənəcən silkələdi. Sonra mənə belə dedi:

– Ey Osman! Bunu niyə etdiyimi soruşmayacaqsan?

Mən onun bu hərəkətinin səbəbini anlamamışdım. Soruşdum:

– Rica edirəm, de görüm, niyə belə edirsən?

O da bu hərəkətinin səbəbini izah elədi:

– Bir dəfə Allah Rəsulu ilə indiki kimi bir ağacın altında oturmuşduq. Ağacın budaqlarından birini tutub yarpaqları tökülənəcən silkələdi və mənə: “Ey Salman! Bunu niyə etdiyimi soruşmayacaqsan?”– deyə buyurdu. Mən də: “Ey Allahın Rəsulu, bunu niyə edirsiniz?”– deyə soruşdum. Mənə: “Bir müsəlman yaxşıca dəstəmaz alıb beş vaxt namazını qılarsa, onun günahları bax bu ağacın yarpaqları kimi tökülər”, – buyurdu, sonra da “Gündüzün iki başında və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, düşünən və ibrət alanlar üçün bir nəsihətdir[44] ayəsini oxudu[45].

Namaz səadət və hüzur mənbəyidir

Peyğəmbərimiz (s.ə.s) bir işə görə kədərlənəndə dərhal namaz qılardı”[46]. Çünki namaz Onun üçün hüzur qaynağı idi. O, namazla rahatlanır və təsəlli tapırdı.

  • Namaz dinin dirəyidir[47] səfineyi-dinin (din gəmisinin) hərəkəti də namazla bağlıdır. O olmazsa, dinin uzun müddət “ayaq üstə dayanması” mümkün deyildir. Namaz necə ki öz-özlüyündə bir tənbeh (xəbərdarlıq) işidir, eləcə də bir münəbbih (oyandırıcı) kimi qılınmalıdır. İnsan qəlbini və duyğularını bütün məşğuliyyətlərdən arındıraraq, təmizləyərək namaz qılmalıdır. Fikir belə şeylərlə məşğul ola-ola namaz qılınmamalıdır, çünki o anda insanın fikri-zikri iki şeydə qalır. Belə hallarda isə əksəriyyətlə çox önəmli mənəvi anlar, feyzlər fövtə verilir. Belə bir vəziyyətdə namaz qılmaq həm də namaza hörmətsizlikdir. Çünki namaz tələm-tələsik yola verilən bəsit bir iş deyildir. O, “tez qılaq aradan çıxsın” deyə deyil, “aranı” nurlandırsın deyə əmr edilmişdir.
  • Namaz ruhun istirahəti, vicdanın arınmasıdır. Hər kəsdə bir şeyə qarşı istək və meyil vardır. Allah Rəsulu güclü iştiyaq, şövq, bağlılıq hissini isə namaza qarşı duyardı [48]. Hər dəfə Bilala səslənərək: “Bilal, bizi bir az rahatlaşdır! (Qəlbimizə su səp!) [49]” – deyər və: “Namaz gözümün nurudur”[50] buyuraraq bu məqama işarə edərdi. Belə ki, Allah Rəsulu bizim cənnətə girərkən duyacağımız arzu və istəyi hər namazda hiss edirdi və buna görə də bir namazın ardınca digərini həvəslə, intizarla gözləyirdi.
  • Namaz Onun gözünün nuru idi. Heç bir şeydən namaz qədər zövq almırdı. Onun üçün də bir gün belə buyurmuşdu: “Mənə (üç şey) sevdirildi: Qadın, gözəl qoxu və gözümün işığı namaz.”[51]
  • İman və namaz eyni torpağın bəhrəsidir. Namaz imanın əkiz qardaşıdır. İman dinin və diyanətin nəzəri cəhətini təşkil edir. O nəzəri yönün möhkəmlənməsi və xarakterə çevrilməs isə ancaq namaz başda olmaqla ibadətlərlə mümkündür. Bu mənada, namaz praktiki imandır, iman da nəzəri namazdır.
  • “Allahım! Rəsuli-Əkrəm (s.ə.s.) namazı hansı ənginlikdə qılırdısa, bizə də o idrakı lütf eylə, namazın mənasını ruhumuza hiss etdir. Ey Rəbbimiz! Biz də Peyğəmbərimiz (s.a.s.) kimi namaz qılmaq və onu varlığımızın bütün zərrələrində hiss etmək istəyirik. Namazda Səndən qeyri hər şeyi unutmağı və namazla bütünləşməyi arzu edirik. Nə olar, Allahım! Bu lütfünü bizlərə də nəsib eylə”.

Dəlinin namazı

(hekayə)

Bir dəli namaz qılmaq üçün məscidə girdi. Oturmadan ətrafa göz gəzdirib məsciddən çıxdı. Bir müddət sonra belində bir şələ odunla məscidə qayıtdı. Camaat isə bu vaxt namaz qılmağa hazırlaşırdı. O da onlarla bərabər cərgədə dayandı. Arxasında bir şələ odunla namazını qıldı. Dəli namazda hərəkət elədikcə yerə tökülən odunların səsi camaatı narahat etmişdi. Namaz qurtaranda camaatdan bəzisi deyindi, bəzisi də onu qınaydı. Çox keçmədi ki, imam da məsələdən agah oldu. Dəli ilə eyni məhəllədən olduğuna görə onun yanına yaxınlaşan imam, “Arxanda bir şələ odunla namaz qılmaq olarmı? Bu həm səni, həm də ətrafdakıları narahat elədi. Bir də yüklə namaza gəlməsən daha yaxşı olar”, − dedi.

Bunu eşidən dəli mənalı baxışlarla imamın üzünə baxdı və: “Sizin adətiniz belə deyilmi?” − dedi. İmam, “Hansı adətimiz?” − deyə ondan soruşdu.

Camaat isə maraqla onları seyr edirdi. Dəli: “Ey İmam! Mən namaz qılmaq üçün məscidə girmişdim. Oturmaq üçün ətrafıma göz gəzdirəndə məsciddəkilərin hərəsinin belində bir yükün olduğunu gördüm. Fikirləşdim ki, yəqin burda adət belədir. Buna görə bir şələ odun götürüb gəldim. Buna görə məni günahlandırmaq doğrudur? Axı hamının belində nə isə vardı. Buna qalsa hamı qınanmalıdır”, − dedi. Bunu eşidən imam təəccüblənərək: “Mənim çiynimdə də yük vardı?”, − deyə soruşdu. Dəli, “Bəli, təkcə sənin yox hamının yükü vardı.”, − dedi.
Camaat isə onun cavablarına güldülər. Bəziləri, “Dəlidir. Dəlidən bundan artıq nə gözləmək olar ki?” dedilər. Bunu görən dəli irəli gələrək əli ilə ordakıları bir-bir göstərib ucadan, “Filankəsin belində göygöz uşaq, filankəsdə alma ağacı, filankəsdə qırıq qapı, filan adamda bir qazan yemək, filan adamda qızarmış toyuq, filankəsdə sarışın bir qız, filankəsin çiynində isə anası vardı.” deyəndən sonra əlini aşağı salardı və ümidsizcə: “Belində yük olmayan adam yox idi”, − dedi. Camaat onun dediklərindən heyrətləndi. Hamı təəccüblə bir-birinin üzünə baxmağa başladı. Çünki dedikləri doğru idi. Namazda bəzisi uşağını, bəzisi də həyətindəki meyvə ağaclarını, kimi təmir edəcəyi qapını, kimisi də yeməkxanasında bişirəcəyi yeməyi düşünürdü. Biri ac olduğundan yadına qızarmış toyuq düşür, digərinin isə sevgilisi. Başqası isə xəstə anasını fikirləşirdi. İmamın heyrəti daha da artdı və “De görüm mənim belimdə nə var?” dedi. Dəli, “Ey İmam! Elə ən çox sənin belindəkini görüncə təəccübləndim. Sənin belində böyük inək vardı”. Sən demə imamın inəyi xəstələnibmiş. Namazda onun sağalıb-sağalmayacağını düşünürmüş…

Xaraba əhlini xor görmə əsla.

Dəfinəyə malik viranələr var…


[1] Buxari, İman, 1, 2; Müslim, İman, 19-22.
[2] Tirmizi, İman, 8; Əhməd ibn Hənbəl, V, 231, 237.
[3] Müslim, Səlat, 215; Nəsai, Məvaqit, 35.
[4] İbn Macə, İqamətus Salət, 194; Darimi, Salət, 208.
[5] Müslim, İman 134.
[6] Buxari, Salat, 1; Müslim, İman, 263.
[7] Tirmizi, Səlat, 45; Nəsai, Namaz, 1; Əhməd ibn Hənbəl, III, 161, IV, 208, 209.
[8] Buxari, Səlat, 1; Müslim, İman, 263; İbn Macə, İqamə, 194; Əhməd ibn Hənbəl, V, 144.
[9] Buxari, İman 34, Savm 1; Müslim, İman 8.
[10] Buxari, Zəkat, 41, 63, Məğazi, 60, Tövhid, 1; Nəsai, Zəkat, 1; Darimi, Zəkat, 1.
[11] Nisa, 4/103.
[12] İsra, 17/78.
[13] Rum, 30/17-18.
[14] Qurtubi, Cami, XIV, 11, 30/17-18.
[15] Taha, 20/130.
[16] Qurtubi, Cami, II, 173.
[17] Hud, 11/114.
[18] Hud, 11/114.
[19] İnsan, 76/25, 26.
[20] Qaf, 50/39.
[21] İsra, 17/79.
[22] Bəqərə, 2/238.
[23] Əbu Davud, Səlat, 5; İbn Hənbəl, V, 8; İbn Kəsir, Muxtəsəru Təfsiri-İbn Kəsir, (tdq. M. Əli Sabuni) Beyrut, 1981, I, 218.
[24] Müslim, İman, 140.
[25] Tirmizi, Məvaqit, 13.
[26] Tirmizi, Səlat, 3; Nəsai, Məvaqit, 27; Darimi, Səlat, 21; Əhməd ibn Hənbəl, V, 429.
[27] Buxari, Məvaqit, 9, 10, Azan, 18; Müslim, Məsacid, 180, 181, 183, 184, 186; Əbu Davud, Səlat, 4.
[28] Buxari, Cümə, 17; Nəsai, Məvaqit, 4; Zeyləi, Nəsbür-Rayə, I, 244; İbnul-Hümam, Fəthul-Qədir, I, 157.
[29] Əbu Davud, Səlat, 6; İbn Macə, Səlat, 7; İbn Hənbəl, Müsnəd, IV, 147, V, 417, 422; İbnul-Hümam, e.a.ə., I, 159.
[30] Tirmizi, Məvaqit, 10; Şövqani, Neyl, II, 11; İbnul-Hümam, e.a.ə., I, 159.
[31] Müslim, Müsafirin, 162; İbn Macə, İqamə, 121; Ə. İbn Hənbəl, III, 348, 389.
[32] Müslim, İman, 140.
[33] Tirmizi, Məvaqit 188.
[34] Tirmizi, Səlat, 189, h. No:415, Səlat, 203, h.no. : 433: İbni Macə, İqamə, 100, H. No: 1140-1142.
[35] Əhməd İbn Hənbəl, II, 405: Əbu Davud, Tətəvvü, 3, h. No: 1258.
[36] Müslim, Müsafirin, 96, 97: Tirmizi, Səlat, 190.
[37] Əbu Davud, Tətəvvü, 1, h. No: 1253.
[38] Tirmizi, Səlat, 198. h. No. 424.
[39] İbni Macə, İqamə, 100, 108: Nəsai, Qiyamul-Leyl, 66.
[40] Tirmizi, Səlat, 301.
[41] Zeyləi, Nəsbur-rayə, II, 145; Şövkani, Neylul-Əvtar, III, 18.
[42] Əhməd ibn Hənbəl, “Müsnəd”, II, 390.
[43] Buxari, “Məvaqit”, 6.
[44] “Hud” surəsi, 11/114.
[45] Buxari, “İman” 39.
[46] Əbu Davud, “Salət” 312; İbn Həcər, “Fəthül-bari”, 1/211
[47] Beyhaqi, Şuabul-iman, 3/39
[48] Təbərani, əl-Mücəmül-kəbir, 12/84; Deyləmi, Müsnəd, 1/172.
[49] Əbu Davud, Ədəb 78; Əhməd ibn Hənbəl, əl-Müsnəd, 5/364, 371.
[50] Nəsayi, İşrətün-nisa 1; Əhməd ibn Hənbəl, əl-Müsnəd 3/199.
[51] Nəsayi, İşrətün-nisa 1; Əhməd ibn Hənbəl, əl-Müsnəd, 3/128, 199, 285.



Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.


Şərh yaz