8. 601 dəfə oxunub ,   0 şərh   Çap et

Bu duanı beş vaxt namazdan sonra oxumaq olar. Hər namazdan sonra oxumaq uzun çəkə bilər. Buna görə də bu uzun duanı beş yerə bölə və ya təkcə bir vaxtda, hətta həftədə bir dəfə oxumaq olar.

“Ey Mərhəmətlilərin ən Mərhəmətlisi! Ey tövbələri qəbul edən və dualara cavab verən Rəbbimiz! Sənə yönəldik. Peyğəmbərimizi şəfaətçi edir, əllərimizi Onun mübarək əllərinin altında tutur və istəklərimizi beləcə diləyirik.

Ey Rəbbimiz! Etdiyimiz əməllərə görə minlərlə tövbə olsun. Günahımız çoxdur, amma Sənin rəhmətin də hər şeyin fövqündədir, hər şeyi əhatə edir. Mərhəmətin qəzəbindən üstündür.  Bizimlə mərhəmətinlə müamilə et.

Ey Rəbbimiz! Bizi bəzi üzlərin ağaracağı, bəzi üzlərin də qaralacağı gün üzü ağ, könlü pak olan, sevimli Rəsulunun bayrağı altında toplaşan məsud insanların zümrəsinə daxil et. Onun yanında Cənnətə girməyi, Sənin mübarək Camalını görməyi, Sənin dostlarınla qonşu olmağı və ən böyük məqam sayılan rizanı qazanmağı nəsib et.

Ey Rəbbimiz! Mülkün sahibi Sənsən. Mülkü istədiyinə verər, istədiyindən alarsan. İstədiyini əziz, istədiyini də zəlil edərsən. Bütün xeyirlər, yaxşılıqlar Sənin əlindədir. Sən hər şeyə qadirsən, Sən lütf edənsən, bizə dünyada və axirətdə yaxşılıqlar lütf et.

Ey Rəbbimiz! Bizim və övladlarımızın qəlblərinə İslam nurunu, Quran hidayətini bəxş eylə. Bütün soyumuzu İslama və Qurana bağlı insanlar elə. Hamımızı müsəlman kimi yaşat. Bizə dünya və axirət səadətini nəsib et.

Ey Rəbbimiz! Həbibin Məhəmməd Mustafa (sallallahu əleyhi və səlləm) hörmətinə müsəlmanların qəlbində olan bütün ayrılıq toxumlarını məhv et. Bizi əshabi-kiram kimi bir-birinə dost və bir-biri üçün yaşayan insanlardan et.

Ey Rəbbimiz! Sən Salamsan, qurtuluş ancaq Səndədir. Peyğəmbərimiz Məhəmməd Mustafaya rəhmət et. Elə rəhmət et ki, o rəhmət bizi bütün qorxu və bəlalardan qurtarsın. Bütün ehtiyaclarımızı yerinə yetir, bizi günahlardan təmizlə, dərgahında ən uca məqamlara yüksəlt. O rəhmətin hörmətinə sağkən də, öləndən sonra da təsəvvür edilən bütün xeyirlərin ən ucasına qovuşdur.

Ey Rəbbimiz! Bizi, müəllimlərimizi, ana-atamızı, Quran və iman xidmətində çalışan qardaşlarımızı, həyat yoldaşlarımızı, övladlarımızı, qohumlarımızı, babalarımızı, mömin dostlarımızı yaxşı qullarınla birlikdə cənnətinin sakinləri et.

Ey Rəbbimiz! Nəsillərimizə yardım et, bizə onların imdadına yetişməyi nəsib elə. Bizlərə qəlbi sınıqların, möhtacaların imdadına çatmağı nəsib et. Bizi bir-birimizə sevdir və bizə insan kimi yaşamağı nəsib et. Qəlbimizi, ayağımızı büdrətmə.

Ey Rəbbimiz! Bizə Sənə dua-niyazla yalvaran, Sənə ehtiram hisləri ilə dolu olan və Sənin yoluna yönələn qəlblər lütf et. Nəfsimizə təqva bəxş et və onu pak elə.

Ey Rəbbimiz! Xətalarımızı qar və dolu suyu ilə təmizlə. Qəlbimizi günahlardan ağ libasın çirkdən təmizləndiyi kimi təmizlə və bizimlə günahlarımızın arasını şərqlə qərbin arasını ayırdığın kimi ayır.

Ey Rəbbimiz! Bizə dünya və axirətdə sağlıq ver və şəri bizdən uzaqlaşdır. İslam aləmini və bütün bəşəriyyəti ərz və səma fəlakətlərindən hifz elə.

Ey Rəbbimiz! Gücümüzün zəifliyindən, çarəmizin azlığından və insanların bizə laqeydliyindən Sənə şikayət edirik. Bizi öz gözümüzdə kiçik, insanların gözündə böyük et.

Ey Rəbbimiz! Səndən mərhəmətinə vəsilə olan şeyləri, mütləq gerçəkləşəcək məğfirətini, hər cür günahdan qorunmağı, hər cür yaxşılıq etməyi, Cənnətə girməklə və Camalını görməklə şərəflənməyi və Cəhənnəmdən qurtuluş diləyirik.

Ey Rəbbimiz! Bilərək və ya bilməyərək işlədiyimiz günahları bağışla. Gördüyümüz işlərdə Səndən müvəffəqiyyət istəyir, nəfsimizin pisliyindən Sənə sığınırıq.

Ey Rəbbimiz! Bizi ucalt, nöqsan və qüsurumuzu düzəltməkdə bizə kömək ol, bizə ruzi ehsan et, saleh əməllər, gözəl əxlaq lütf et. Çünki saleh əməlləri lütf edən yalnız Sən, pis əməllərdən çəkindirən yenə də Sənsən.

Ey Rəbbimiz! Ciddiliyimizi, zarafatımızı, zülmümüzü və haqsız əməllərimizi, xətamızı, qəsdimizi bağışla. Etiraf edirik ki, bu qüsurların hamısı bizdə var, bizi lütf etdiyin nemətlərin bərəkətindən məhrum etmə, məhrum etdiklərinlə də imtahana çəkmə.

Ey Rəbbimiz! Hər işimizdə əsas olmaqla imanımızı islah et. Dolanışıq yeri olan dünyanı islah et. Dönəcəyimiz yer olan axirətimizi islah et. Həyatı hər cür xeyir əməllər işləmək üçün vəsilə et. Ölümü də hər cür şərdən xilas olub rahatlanmağa vəsilə et.

Ey Rəbbimiz! Bizi Səni çoxlu zikr edən, Səndən çox qorxan, Sənə çox şükür edən, Sənə çox itaət edən, qəlbi Sənə hörmət və ehtiram ilə dolu olan, için-için dua edib yalvaran və dayanmadan Sənə təvəccöh edən qullarından et.

Ey Rəbbimiz! Sənə gözəl ibadət etməyi istəyir, Səndən doğru yolda əzmkarlıq və sadiq dillər, səlim qəlblər diləyirik. Dilimizin düyününü aç, onları gücləndir və istiqamət ver. Kin, nifrət və həsəd hislərini qəlbimizdən çıxar.

Ey Rəbbimiz! Bizə xeyirli işlər görməyi, pis əməllərdən əl çəkməyi, kasıbları sevməyi, bağışlanmağı, mərhəmətini və insanlar fitnə-fəsad törədərkən fitnələrə uymadan vəfat etməyi nəsib elə.

Ey Rəbbimiz! Səndən Sənin sevgini, Sənin sevdiklərinin sevgisini və bizi Sənin sevginə aparan əməllərin sevgisini diləyirik. Səndən tərtəmiz bir həyat, gözəl bir ölüm, rüsvay etməyən və ayıbları olmayan bir dönüş istəyirik.

Ey Rəbbimiz! Səndən hidayət, təqva, sağlıq və zənginlik istəyirik. Bizə talesiz və nankor olmayan, şirkdən təmizlənmiş, tərtəmiz qəlblər lütf eylə.

Ey Rəbbimiz! Bizə elə bir (ilahi) qorxu hissi bəxş ki, Sənə qarşı günah işləməyə imkan verməsin. Elə bir itaət hissi nəsib et ki, bizi Cənnətə çatdırsın. Elə mütləq iman lütf et ki, dünya müsibətlərinə dözməyi asanlaşdırsın.

Ey Rəbbimiz! Nə qədər sağıq, qulaqlarımızdan, gözlərimizdən, güc-qüvvəmizdən (Haqq yolda) istifadə etməyi nəsib et. Bu istəkləri bizdən sonra gələn nəslimizə də nəsib et.

Ey Rəbbimiz! Bizə qarşı hiylə işlədənləri və etməyi düşünənləri, bizə sui-qəsd hazırlayanları və hazırlayacaq olanları, düşmənçilik edənləri və edəcək olanları, aldadanları və aldadıb hiylə işlədəcək olanları Sənə həvalə edirik.

Ey Rəbbimiz! Bizim, iman və Quran xidmətində can qoyan qardaşlarımızın istədiyimiz və istəmədiyimiz, bildiyimiz və bilmədiyimiz bütün ehtiyaclarımızı təmin et və bütün bəlaları bizdən uzaqlaşdır. Sənin razılığını qazanmaq üçün dünyanın hər yerində İslama xidmət edən qardaşlarımıza bizlərlə birlikdə əsl ixlasa çatmağa müvəffəq et.

Ey Rəbbimiz! Bütün günahlarımızı – kiçiyini-böyüyünü, əvvəlini-axırını, aşkarını-gizlisini bağışla. Bizə mərhəmət et, yaralarımıza  əlac et və bizi ucalt.

Ey Rəbbimiz! Qüsurlarımızı bağışla, bizi özünə qul qəbul et, bizi əmanətini təhvil alacağın ana qədər əmanətinə sadiq et. Bizi Cənnət və Camalınla şərəfləndir.

Ey Rəbbimiz! Biz Məhəmməd ümmətinin dağınıqlığını, ixtilafını aradan qaldır, bizə birlik və dirilik ver. Qəlblərimizi bir-birinə isit, bizi bir-birimizə sevdir, bütün şər və zərərləri bizdən uzaqlaşdır.

Ey Rəbbimiz! İdarəçilərimizə hidayət ver, onlara vətənimiz və millətimiz üçün etmək istədikləri yaxşı işlərdə kömək ol.

Ey Rəbbimiz! Ömrümüzün ən xeyirli anını son anımız, ən xeyirli əməlimizi son əməlimiz və ən xeyirli günümüzü isə Sənə qovuşduğumuz gün et.

Ey Rəbbimiz! Tənbəllikdən, yoxsulluqdan, zillətdən, miskinlikdən, borcdan, qocalıb əldən-ayaqdan düşməkdən, günahdan, zənginliyin şərindən, həyatın və ölümün fitnəsindən, qəbir əzabından, atəşin fitnəsindən Sənə sığınırıq.

Ey Rəbbimiz! Qəflətdən, küfrdən, fasiqlikdən, müxalif olub düşmənçilik törətməkdən, insanların eşitməsi və görməsi üçün, nümayiş üçün bir iş görməkdən Sənə sığınırıq.

Ey Rəbbimiz! Karlıqdan, dilsizlikdən, dəlilikdən, cüzzam, alaca xəstəliklərindən və bütün pis xəstəliklərdən, nemətindən məhrum olmaqdan, sağlamlığı itirməkdən, qəfl əzabından Sənə sığınırıq.

Ey Rəbbimiz! Fayda verməyən elmdən, ürpərməyən qəlbdən, doymayan nəfsdən və qəbul edilməyən duadan Sənə sığınırıq.

Ey Rəbbimiz! İşlədiyimiz və işləmədiyimiz əməllərin şərindən, bildiyimiz və bilmədiyimiz şeylərin şərindən Sənə sığınırıq.

Ey Rəbbimiz! Dağıntı altında qalmaqdan, hündürdən yıxılmaqdan, boğulmaqdan, yanmaqdan, yol qəzalarından, hər cür qəza və bəlalardan, ilan, əqrəb və s. sancması ilə ölməkdən və ölüm anında şeytanın vəsvəsəsindən Sənə sığınırıq.

Ey Rəbbimiz! Pis xasiyyət, əməl və arzulardan, düşmənə məğlub olmaqdan və qulların (bəndələrin, insanların) başımıza gələn pis hadisələrə görə sevinməsindən Sənə sığınırıq.

Ey Rəbbimiz! Kədərdən, dərddən, xəsislikdən, aclıqdan, xəyanətdən Sənə sığınırıq. Bizə özümüzü dərk etməyi ilham elə, bizi nəfsimizin şərindən qoru.

Ey Rəbbimiz! Əgər unutduq və ya bilmədən xəta etdiksə, buna görə bizi məsul bilmə. Gücümüz çatmayan şeylərə görə bizi sorğu-suala çəkmə, bizi bağışla, lütfünlə qüsurlarımızı bağışla, bizə mərhəmət et. Bizə kömək edən Sənsən, kafir topluma qarşı mübarizədə bizə yardım et.

Ey Rəbbimiz! Bizi dini və dünyəvi fitnələrdən və axır zaman fitnəsindən, dəccalın şərindən, dinsizlərin təcavüzündən, münafiqlərin şərindən, fasiqlərin fitnəsindən hifz et.

Ey Rəbbimiz! Bizi zəlalətdən, bidətlərdən, bəlalardan, pis əməllərə sövq edən nəfsin şərindən qoru. Bizi bir göz qırpımı da olsa, nəfsimizlə baş-başa qoyma.

Ey Rəbbimiz! Bizi qəbir əzabından, qiyamət gününün əzabından, cəhənnəm əzabından və qəhrinin əzabından qoru.

Ey Rəbbimiz! Bizi riyakarlıqdan, başqaları eşitsin və görsün deyə ibadət etməkdən, əməlinə güvənməkdən və öyünməkdən qoru.

Ey Rəbbimiz! Bizi, ana-atamızı, iman və Quran xidmətində çalışan bütün qardaşlarımızı, həyat yoldaşlarımızı, övladlarımızı, mömin dostlarımızı, qohumlarımızı, əcdadlarımızı və axirətə köçmüş bütün mömin və müsəlmanları cəhənnəm əzabından qoru. Əfvinə sığınırıq. Bizi hər cür şər, fitnə və əzabdan qurtar! Fəzlinlə ikram et. Bütün günahlarımızı bağışla. Eyiblərimizi ört.

Ey Rəbbimiz! Nəfsimizə (özümüzə) zülm etdik, Sənə üsyan etdik, əgər bizi bağışlamasan, bizə rəhm etməsən, dünyada da axirətdə də zərərə düçar olarıq. Bizi zərərə düçar olanlardan etmə. Şeytanın qəlbimizə girib bizi azdırmasına imkan vermə.

Ey Rəbbimiz! Bizi İslamdan və Qurandan ayırma. Bizi daim sirati-müstəqimdə saxla. İslam nurunu söndürmək istəyənlərə fürsət vermə. Bizim ucbatımızdan insanları həlak etmə.

Ey Rəbbimiz! Bizə Sənin rizanı qazandıran əməllər işləməyi müvəffəq et!

Amin! Bihurməti seyyidil-mursəlin və sallallahu alə seyyidinə Muhammədin və alə əlihi və əshabihi əcmain, Vəlhamdulilləhi Rabbil aləmin.”

 




Bənzər məqalələr

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.


Şərh yaz