386 dəfə oxunub ,   0 şərh   Çap et

“Əgər duanız olmazsa, Rəbbim sizə nə üçün dəyər versin! (Furqan, 25/77)

İman, insanı insan edər, bəlkə yaradılan bütün məxluqata soltan edər. İnsanın əsl vəzifəsi, iman və duadır. İnkar düşüncəsi isə insanı aciz və gücsüz canavara, heyvana çevirər.

Diqqətlə baxıldığı zaman görürük ki, heyvan və insanın dünyaya gəliş şəkli çox fərqlidir. Heyvan dünyaya gəldiyi zaman sanki başqa aləmdə, öncədən öyrədilmiş şəkildə gəlir və ya göndərilir. Ona təyin edilən istedad və qabiliyyətləri mükəmməl mənimsəmiş olur. Bəziləri iki saata, bəziləri iki günə, bəziləri də iki aya bu dünyada yaşayıb, ayaqda qalması üçün lazım olan həyatın qanunlarını öyrənir, bəziləri hətta qısa müddətdə o sahənin mahir ustası olur. İnsanın iyirmi ildə ancaq öyrənə bildiyi həyatda qala bilmə bacarığını, bəsit kimi gördüyümüz, ancaq mükəmməl iş, nəticə ortaya qoyan heyvanlar iyirmi gündə öyrənir. Daha doğrusu  Allah tərəfindən ona dərc olunur, ilham olunur,  günümüzün moda ifadəsi ilə desək, proqramlanır. Məsələn, bal arısı 20 gün sonra ən ləzzətli balı hazırlayır. “Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə yuva qur! Sonra bütün meyvələrdən ye və Rəbbinin sənin üçün asanlaşdırdığı yollarla get!” Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rənglərdə şərbət (bal) çıxar. Şübhəsiz ki, bunda düşünən insanlar üçün bir dəlil vardır.” (Nəhl, 16/68-69) Dünyaya gələn quzu iki saat sonra ayaq üstə rahatlıqla  durur, öncədən öyrədilmiş şəkildə anasının məməsindən süd əmir. Bir il sonra artıq özü də ana olur. Eynisi inəklər üçün də keçərlidir. İnsan əli dəyən heyvanlar nisbətən tənbəl olur. Vəhşi təbiətdə bu proseslər daha sürətli baş verir. Bir az nəvaziş istəyən böyük pişiklərin (şir, bəbir, pələng) balaları iki il ərzində mahir ovçu olurlar. 

İnsan isə elə deyil. Dünyaya gəldiyi ilk gündən çox zəif, narın və aciz olur. Buradan belə nəticə çıxarmaq olar ki, heyvanlar öyrənərək inkişaf etmirlər. Bilərək, istedad və qabiliyyətləri öncədən mənimsəmiş şəkildə bu dünyaya gəlirlər. Onlar özlərinə təyin edilmiş rolu çox gözəl oynayırlar. Fitrətinə uyğun həyatını yaşayır, bu şəkildə yaradılış vəzifəsini yerinə yetirirlər. Tənbəllik edən, acizlik göstərən də qurda-quşa yem olur. Heyvanlar, özlərinə təyin edilən proqramı tam yerinə yetirdikləri zaman İlahi əmrləri yerinə yetirmiş sayılır, bu da onların ibadəti olur. Quranın ifadəsi ilə kainata baxacaq olursaq, canlı və cansız yaradılmış hər bir şey öz dili ilə Allahı zikir edir.

“Yeddi göy, yer və onların içindəkilər Onu təsbeh edir (şəninə təriflər deyir). Onu həmd ilə təsbeh etməyən heç bir şey yoxdur. Lakin onların təsbeh etməsini siz anlamazsınız. Həqiqətən, O həlimdir, bağışlayandır.” (İsra, 17/44)

İnsan isə, dünyaya gəlişində, hər şeyi öyrənməyə möhtacdır. Həyatın çətinliklərindən xəbərsiz, çox aciz və gücsüz olur. İki il xüsusi şəfqət göstərilməsə öz təməl ehtiyaclarını belə qarşılaya bilmir. On beş ilə ancaq nəyin zərərli, nəyin faydalı olduğunu anlayır; başqa insanların köməyi ilə ehtiyacı olan şeyləri tədarük edir, zərər verən şeylərdən özünü qoruya bilir. İyirmi yaşlarına gəldiyi zaman artıq bir nəbzə öz ayaqları üstündə sərbəst dura bilir, amma yenə də böyüklərinə ehtiyac duyur. (İstisnalar qaydanı pozmur.) Ömrünün sonuna qədər yeni şeylər öyrənir və ya öyrənməyə möhtac qalır. Deməli, insanın fitri vəzifəsi öyrənərək inkişaf etməkdir. Digər yandan da bu suallara cavab axtarır. “Görəsən, hər şeyi mənim ətrafımda döndürən hansı gücün mərhəməti ilə bu şəkildə idarə olunuram? Məni şəfqətlə qucaqlayıb, həyatı mənə öyrədən kimdir? Necə olur ki, ruzim ayağımın dibinə qədər gəlib çatır? Halbuki, çox aciz, zəif, gücsüz varlığam. Ehtiyacım çox, gücüm azdır.” Bəli insanın vəzifəsi acizliyini, ehtiyacının çox olduğunu dərk edib, yer üzünün Hakiminə yalvarmaq, dua ilə istəməkdir. İnsanı qanadlandırıb kainata xəlifə edən iki mənəvi dinamiki var acizlik və ehtiyacının çox olması. (Qureyş, 106/4) İnsan bu dünyada kamilliyə çatması elm ilədir. Mahiyyət və istedad cəhəti ilə hər şey elmə  bağlıdır. Bütün elmlərin də həqiqəti, ruhu Allahı tanımağa ona inanmağa bağlıdır.

İnsana bəxş edilən maraq duyğusu başqa canlılarda yoxdur. Gördüyümüz, idrak etdiyimiz varlıq içərisində yalnız insanda bu qabiliyyət var. Maraq elmin müəllimidir. İnsan atom altı parçacıqlardan ta fəzadakı qalaktikalara qədər hər şeyi öyrənib məna çıxarmağa çalışır.

Dənizin sahilində, ləpədöyəndə gəzərkən ancaq insan önünə çıxan girdə daşları dənizə doğru fırıldadar, bəzən gözoxşayan balıqqulağını evinə gətirir. Ya bəzək əşyası düzəldib boynuna taxır, ya evin bir küncünə qoyur. Yəni əlinə keçən hər şeyi ya yeyir, ya geyinir, ya bəzək əşyası düzəldir, ya evinin tikintisində istifadə edir və s. Heç bir canlıda belə bir qabiliyyət yoxdur. Biz hamısından  fərqliyik.

Bununla yanaşı insan, aciz olduğu üçün min bir cür bəlaya da məruz qalır. Ona hücum çəkən düşməni çoxdur. Adi baxışla görünməyən virusdan qaçdığı kimi, yer kürəsinə yaxınlaşan göy cisimlərindən də qorxur. Ehtiyacı da çox çeşidlidir. Hamısını özü tək başına tədarük edə bilmir. Məcbur qalır əməyi paylaşır. İnsan təkbaşına yaşaya bilmir. Bəlkə orta yaş dövründə bir nəbzə, ehtiyaclarını qısaraq, təkbaşına yaşaya bilir. Müəyyən yaşı keçdikdən sonra təkrar uşaqlıq dövrünə qayıdır, yenə baxıma möhtac hala düşür.

İnsanın hədsiz ehtiyaclarına, amansız düşmənlərinə qarşı sağlam bir güc qaynağına sığınmaq ehtiyacı vardır. Genetika alimləri “tanrı xromosomu” adını verdikləri bir xromosom kəşf etmişlər. Bəli, inanmaq, bir gücə sığınmaq elmi olaraq da insanın ehtiyacıdır, bu onun fitrətində var. Necə ki, uşaq əli çatmayan, ancaq istədiyi, arzu etdiyi bir şeyi ya ağlayaraq, ya dili ilə istəyərək əldə edər, məqsədinə çatar. Aciz, gücsüz olduğu halda ata, ana, baba, nənə onun ətrafında pərvanə olar. İnsan da uşaq misalı, acizliyini və ehtiyacının çox olduğunu, hər şeyə əlinin yetişmədiyin dərk edərək Qüdrəti Sonsuza əl açıb yalvarsa, dua edib ağlasa, hər arzusuna çatar, hər şey onun əmrinə verilər. Əldə edincə də şükür etmək, o da ayrı mövzudur.

Nankor insan isə, dələduz, yaramaz uşaq kimidir. Öz məqsədinə çatmaq üçün ağlayır, qışqır-bağır salır, böyükləri ehtiyacını qarşılayınca təşəkkür edəcəyinə, sizə ehtiyacım yoxdur ki, özüm əldə elədim deyir.  Nəticədə ya yardım edən qaynağı kəsilir, ya da şilləni haqq edir.

Duanın növləri

“Qullarım Məni səndən soruşsalar, de ki: “Mən onlara yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər.”  (Bəqərə, 2/186)

1. İstedad duası: Hər bir varlıq üçün Allah Təala istedad və qabiliyyət vermişdir. Yaradılan hər bir şey ona verilən qabiliyyət ilə Uca Allahın zikr edir, üzərində təcəlli edən Allahın ismini əks etdirməyə çalışır. Bu bir növ onun ibadəti sayılır. Allah Təala da ona vəzifəsini icra etmək üçün icazə verir. Məsələn, torpağın bağrındakı toxum bu dua ilə sünbülə, ağaca çevrilir. Digər yandan o toxumun inkişafı üçün lazım olan torpaq, hava, işıq və s. də onun duasına iştirak edir. Zahirən səbəblərin bir araya gəlməsi dua yerinə keçir.

2. Fitri dua: Canlıların (bitki və heyvanlar) gücləri çatmayan, ancaq lazım olan ehtiyaclarını tədarük etmək üçün Rəhman və Rahim olan Xaliqlərinə üz tutub dua etmələridir. Çölün ortasında tək başına qalan ağacları düşünə bilərik. Heç ummadığımız yerdən Allah Təala onların ruzisini göndərir.

3. Canlıların ehtiyac anında iztirari duasıdır. Dara, çətinliyə, çıxılmaz vəziyyətə düşəndə, əlacsız qalanda edilən duadır. Bunun da qəbul olması üçün bəzi şərtlər var. Həqiqətən əlacsız qalmış olmalı; fitri ehtiyac olmalı, yəni gördüyü iş, istedad və qabiliyyəti o yöndə inkişaf etməli; xalis niyyətlə yönəlməlidir. Çox vaxt bu dua qəbul olunur. Bəşəriyyət tarixində kəşflərin əksəriyyəti bu duanın məhsuludur.

Bu gün istifadə edilən tikiş maşınlarının ilk icad tarixi təxminən 1850-ci illərə uzanır. Elias Howe (Elyas Hov) mexanik olaraq işləyirdi. Aylarla üzərində işlədiyi tikiş maşını artıq ərsəyə gəlmişdi. Dəliyi iynənin uc hissəsinə açmışdı, lakin həlli yolunu tapa bilmədiyi bir problemlə qarşı-qarşıya qalmışdı. Ancaq bir problemi vardı, iynə tez qırılırdı. Bu problemi üzərində günlərlə çalışmasına baxmayaraq çıxış yolu tapa bilmirdi. Çox yorulmuşdu, günlərlə yuxusuz qalmışdı. Hər keçən gün ümidi daha da azalırdı.  Bir az dincəlmək üçün başını üzərində işlədiyi masaya qoydu, eləcə bərk yuxuya getdi.

Gözlərini yumar-yummaz özünü qaranlıq və sıx cəngəlliyin ortasında tapdı. Hov, cəngəllikdə uzun boylu qızıl dərililər tərəfindən əsir alınmışdı. Üzü tükürpərdici rənglərlə boyalı, cüssəli şef üzünü Hovun gözünə soxacaq şəkildə əyildi. Aulun ortasında duran iynəsiz tikiş maşınına işarə edərək dedi:

— O maşını bir an əvvəl tamamlayacaqsan! Başa düşdünmü?!” dedi.

— Ol… Oldu… Oldu… Baş üstünə! Soruşmaq ayıb olmasın, siz, tikiş maşını ilə niyə bu qədər maraqlanırsınız?!

Şef bu səfər daha çox əsəbiləşdi. Hirsindən gözləri qan çanağına döndü.

— Əgər o maşını hazırlamasan, səni, bu gördüyün yekə qazanının içinə atıb şorba edərəm.

—Bəli, başa düşdüm. Ancaq işi yekunlaşdıra bilmirəm. İynə tez qırılır. Dəliyi tam haradan açacağımı tapmıram.”- titrək səslə dedi. Bu sözləri eşidən şefin sanki göz dönmüşdü. Adamlarına əmr etdi ki, Hovu meydandakı dirəyə bağlasınlar. Sonra da gənclərə ona doğru mizraqlarını tuşlamasını əmr etdi. Birdən Hovun gözü mizrağın ucundakı dəliyə ilişdi. Bəli, o iynə dəliyinin yerini tapmışdı, ancaq artıq hər şey gec idi. “Tapdım” deyə qışqırdı, fəqət onun harayına məhəl qoyan olmadı. Bu qışqırıq ilə Hov yuxudan ayıldı. Gördüyü kabus imiş. Qan-tər içində qalmışdı. Bir tərəfdən də gülümsəyirdi. Artıq iynə dəliyinin yerini tapmışdı. Bəli, bu hekayə yuxarıda qeyd etdiyimiz dua növünə aid edilə bilər. Bu səpkidə neçə belə hekayə vardır. Başına alma düşəndən, almanı telefonuna loqo edənə kimi, bütün başarı hekayələri iztirarı duanın məhsuldur.

4. Hamının bildiyi məşhur duadır. Bunun da iki növü var: feli və sözlü dua. Məsələn kəndlinin torpağı şumlaması, gübrələməsi, hamarlaması, daha sonra toxumu üsuluna uyğun sərpməsi feli duadır. O, kotanı torpağa sancarkən rəhmət xəzinəsinin toxmağını çalaraq, Allahdan ruzi istəyər. Əgər dəmyə yerdirsə, bilir ki, yağışı, qarı yağdıracaq Allahdır. İşini qurtarar, Rəbbinə təvəkkül edər, evinə dönər, doqquz ay səbirlə gözləyər. Ruzini torpaqdan deyil Mərhəməti Sonsuzdan bilər. Görülən bütün bu işlər feli dua sayılır.

Bir də bunun yanında ağız açıb dua edərsə, o da sözlü dua olar.  Səbəblər dünyasında yaşayırıq. Uca Allahın isim və sifətləri nurani olduğu üçün, onların əkslərini və mənəvi gözəlliklərini ancaq səbəblər pərdəsi üzərində görə bilirik. İmtahan gərəyi hər kəs tərəfindən görülə bilmir. Səbəbləri yerinə gətirmədən sözlü dua təsirli olmaz.

 Meyvəsi o biri tərəfdə dəriləcək

“Mənə dua edin ki, dualarınızı qəbul edim!” (Mumin, 40/60)

Bəzən insanın ağlına gəlir, nəticəsi bilinən işlər üçün niyə dua edirik. Dua bir ibadətdir. İbadətlərin özüdür. (Tirmizi, Dualar, 1) İbadətin faydasını, meyvəsini biz axirətdə görəcəyik. Zahiri məqsədlər o duanın vaxtının gəlib çatdığına işarə edir, misal üçün xüsuf və küsuf namazları kimi.

Bəzən dua edilir, ancaq dünyəvi məqsəd hasil olmur. O zaman bədbinliyə düşüb “duamız qəbul olunmadı” deməmək lazımdır. O başqa, bu başqadır. Az öncə qeyd etdik, dua ibadətdir, meyvəsi axirətdə dəriləcək. Bizə düşən belə düşünməkdir, demək ki, duanın vaxtı tamam olmadı, yenə dua etməyə davam etmək lazımdır. Unutmayaq ki, Rəbbimiz, vermək istəməsə idi, istəmək duyğusunu bizə bəxş etməzdi.

Bir digər yandan, duanın qəbulu iki cəhətlə olur. Allah Təala bir başa istənilən şeyi verir və ya daha yaxşısını verir, bəzən də elə olur ki, heç verməz. Verməməsi də rəhmət olur. Ola bilsin ki, istədiyimiz şey bizim başımıza fərqli bəlalar aça bilər, bəlkə altından qalxa bilməyəcəyimiz imtahanlarla qarşı-qarşıya qala bilərik. Ona görə də Rəhman və Rəhim olan Rəbbimizi duamızı qəbul etmədi deyə ittiham etməməliyik.

 Həzrət Məryəmin anası Uca Allahdan oğlan uşağı istəyir. Cənabı Haqq ona Məryəm kimi qız övladı verir. (Ali İmran, 3/36) Onun duası qəbul olmadı demək nə dərəcədə doğrudur?! “Allah ona daha gözəlini verdi” demək düşər. Həkimə gedən xəstə həkimdən bal yemək üçün icazə istəsə və həkim də şəfa qaynağı balın onun üçün zərərli olduğunu bilsə, əlbəttə ki, ona bal yeməyi qadağan edəcəkdir. Onun yerinə, xəstəliyinin müalicəsi üçün acı bir dərman verər. Həkim xəstəyə haqsızlıq etmiş olarmı? Xeyr, əksinə “xəstənin sağalması üçün ona bu şəkildə müalicə yazdı” deyərik.

 Qəflət…

Allah Rəsulu (s.ə.s) buyurur ki, “Dua, ibadətin, özüdür.”  (Tirmizî, Dualar 2) Təşbehdə xəta olmasın, dua ibadətlərdə onurğa beyni kimidir. İnsan həyatında onurğa beyninin müstəsna yeri var. Onurğa zədələndiyi zaman insan iflic, yatalaq olur.  Dua da, eyni ilə, Allahla insan arasındakı qulluq münasibətini canlı tutan onurğa beyninə bənzəyir. İnsan, Allaha (Cəllə Cəlaluhu) həqiqi qul olub olmadığını ancaq dua ilə ortaya qoyar.

Dua, eyni zamanda Uca Allahdan səbəblər üstü bir şeyi istəməkdir. Bu da insanı həqiqi tövhid şüuruna yüksəldər, çox əhəmiyyətlidir. Çünki əllərini qaldırıb üzünü Allaha tutuğu zaman, artıq onunla Allah arasında hər hansı bir səbəb qalmır. Səbəblər Allahın izzət və əzəmətinə bir pərdədir. Dua edən şəxs, bütün bu pərdələri aşaraq birbaşa Əziz və Cabbar olan Rəbbinin qapısının toxmağına toxunmuş olur. İstədiyini yalnız ondan istəyir. Onun mülkün tək Sahibi olduğunu, bütün səbəblərin fövqündə Əsl Səbəbkarın  O olduğunu idrak edər. Beləliklə həqiqi tövhidə doğru yelkən açar.

Səbəbləri arxada buraxaraq dua edən şəxsin, dilindən tökülən sözlərin qəlbinin də tərcümanı olmalıdır. Əslində sözlər dilə qəlbdən tökülməlidir ki, səmimi olsun. Digər tərəfdən də duasının qəbul olacağına əmin olmalı, inanmalıdır. O bilir, inanır ki, yerlərin və göylərinin Hakimi heç bir duanı qarşılıqsız buraxmır.

İnsanın qəlbi başqa, dili başqa şey deyirsə və ya qəlb qəflətə bürünüb, dil adət yerini tapsın deyə ən gözəl ifadələri ard-arda düzürsə, o dua, həqiqi dua olmaz. Allah qorusun hədisdə ifadə edilən xəbərdarlığa tuş gələr. “Allah, nə dediyini bilməyən, söylədiyi sözdən xəbərsiz olan bir qəlbin duasını qəbul etməz.” (Tirmizi, Dualar 65; Hakim, Müstədrək, 1/670)

“Allahım! Fayda verməyən elmdən, xuşu duymayan qəlbdən, qəbul olunmayan duadan, doymaq bilməyən nəfsdən Sənə sığınıram.”  (Müslim, Zikir, 73)

Nəticə etibarı ilə deyə bilərik ki, varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir. Duanın fərqli növləri vardır. Dua dediyimiz zaman baş düşülən duanın da iki növü var: feli və sözlü dua. Feli dua çox önəmlidir. 

Digər yandan insan dua edərkən qəflətə düşə bilər. Qəflətdən qurtulmaq üçün insanın qəlbi ilə dili arasında təzad olmamalıdır. Mömin, Rəsulullahın (s.ə.s) və salehlərin dualarını oxuyaraq dua etmə mədəniyyətini inkişaf etdirməlidir.

Dua edərkən qəflətdən qurtulmaq üçün hədis kitablarından dua ilə əlaqəli bölmələr oxuna bilər. Bunun yanında dua edərəkən “nə istəməli, necə istəməli” öyrənmək adına Allah Rəsulunun (s.ə.s), digər peyğəmbərlərin, salehlərin dualarını oxumalıyıq ki, onlarar kimi dua etməyi öyrənək. Yazının alt qisminə yerləşdirilən böyük hədis alimi Tirmizinin Sünənindən dua bəhsini oxumanızı tövsiyə edirəm.

Endirmmək üçün linki klikləyin

İMAM TİRMİZİ SÜNEN DUA BÖLÜMLERİ

 

 




Bənzər məqalələr

İmanı pozan sözlər

Bəzən insan fərqində olmadan imanını zədələyəcək, Allahı ittiham edici sözlər söyləyir. Qəzəb anında bu sözlər söylənmişsə belə, qəzəbi soyuyunca insan tövbə etməli, peşman olduğunu etiraf etməlidir. Əks təqdirdə uçurumun kənarında dayandığını iş işdən keçəndən sonra anlayar, o zaman da gec olar.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.


Şərh yaz