2. 050 dəfə oxunub ,   0 şərh   Çap et

Mömin dünya nemətlərindən istifadə edərkən nələrə diqqət etməlidir? Quranda bildirilən “mutrafin”dən olmamaq üçün nə etmək lazımdır?

Mutrafin kəlməsi Quranda ömrünü zövq-səfaya həsr edən, işi-gücü yeyib-içmək olan və ağlına gələni edərək nəfsinə və cismaniliyə uyğun həyat yaşayan (hislərinin əsiri olan) insanlar üçün işlədilir. Uca Allah onlar haqda belə buyurmuşdur: “Biz bir məmləkəti məhv etmək istədikdə (peyğəmbərlərin dili ilə) onun naz-nemət içində yaşayan öndə gələnlərinə (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (Allaha asi olub) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik.” (İsra surəsi, 17/16)

Başqa bir ayədə isə bütün sərmayələrini dünyada hədər edənlərlə əlaqəli belə buyurulur:

Siz dünyada həyatınızda (bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı). Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və (Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!” (Əhqaf surəsi, 16/20)

Bu və bənzər ayələrdən təsirlənən Ömər ibn Əbdüləziz və Əbu Zər kimi insanlar dünya nemətlərindən istifadə edərkən ehtiyatlı davranmış və axirəti düşünərək buna uyğun yaşamışlar. Bəli, insan dünyada Allahın lütf elədiyi nemətlərdən lazımınca istifadə edər, həddi aşmaz, israf etməz və dəbdəbədən uzaq durarsa, axirət nemətlərindən məhrum qalmaz.

Quranda həmçinin dünya həyatını axirətdən üstün tutmaq kafirlərə aid xüsusiyyət kimi bildirilmişdir:

O kəslər ki, dünyanı (fani dünya malını) axirətdən (axirət nemətlərindən) üstün tutur, (insanları) Allah yolundan döndərir (islam dinini qəbul etməyə mane olur) və o yolu əyri hala salmaq istəyirlər. Onlar (haqq yoldan) azıb uzaq düşmüşlər.”(İbrahim surəsi, 14/3)

İnsan əlindəki nemətləri yalnız dünya üçün tükətsə, axirətə əliboş gedər. Deməli, hər şeyi bu dünyadan ibarət görmək, əlindəki imkanları axirəti düşünmədən tükətmək, məqsədi tamamilə dünya olan həyat yaşamaq insanın fəlakətinə səbəb ola bilər.

Sosial ədalət

Sosialistlər, kommunistlər və onlardan təsirlənən bəzi İslam alimləri sosial ədalətə böyük önəm vermişlər. Sosial ədalət haqda danışmaq asan, tətbiq etmək isə çətindir. Bunu ən gözəl şəkildə yaşayan və tətbiq edən Rəsulullah (s.a.s.), Raşid xəlifələr – həzrət Əbu Bəkir, həzrət Ömər, həzrət Osman və həzrət Əli olmuşdur. Dövlət başçısı olaraq bir çox imkanlar əllərində olduğu halda onlar sadə həyat yaşamışlar. Onların güzəranı xalqın əksəriyyətinin güzəranı ilə eyni olmuşdur. Yəni xalq necə qidalanırsa, onlar da elə qidalanmış, onların geyindiyi kimi geyinmişlər. Bəzən Məscidi-Nəbəvidə qumlar üzərində yatmışlar…  

Əməvi xəlifələrindən Ömər ibn Əbdüləziz də dörd xəlifənin yolu ilə getmiş, xəzinənin dolub-daşdığı dövrdə belə sadə yaşayışına davam edərək zeytun yağı ilə çörək yemişdir. Həqiqi ədalət və haqpərəstlik məhz budur. Bəlkə elə buna görədir ki, iki il yarımlıq xəlifəlik dövründə 100 ildə görüləcək işləri görmüş, özündən əvvəl idarəçilikdə buraxılan boşluqları doldurmuş, yeni sistem qurmuşdur. Onun qurduğu sistemlə davam edən Əməvi dövləti Şamda hakimiyyəti sona çatandan sonra Əndəlüsdə qurulmuş və səkkiz əsr yaşamışdır. Uca Allah şəxsi həyatlarına bu qədər həssaslıqla yanaşan insanları bir çox işlərdə müvəffəq etmişdir. Qısacası, idarəçilər əlindəki imkanlara rəğmən insanların vəziyyətini nəzərə alıb öz istəkləri ilə sadə həyat yaşayarsa, sosial ədalət təmin olunar.

Əslində mutrafinlər öz axirətlərini məhv etməklə qalmayıb cəmiyyətdə də nifaq və münqaişələrə zəmin hazırlayırlar. İdarəçilər və zənginlər həyat tərzləri və xərclədiklərində insanların rifahını nəzərə alsalar cəmiyyətdə sosial bərabərlik təmin olunar.

Həmçinin maddi imkanı yaxşı olanlar sərvətlərini ehtiyac sahibləri ilə bölüşməli, zəkat, sədəqə və infaqla onlara yardım əlini uzatmalıdırlar. Ancaq bu təqdirdə cəmiyyətdə varlı və kasıb təbəqə arasında uçurum olmaz. İslam tarixində Raşid xəlifələr də sıravi insan kimi yaşadıqlarına görə, cəmiyyətin etibar və hörmətini qazanmış, bəzi Əməvi hökmdarları da bunun əksinə daha imkanlı həyat yaşadıqların üçün insanlar tərəfindən qınanmışlar.

Uca Allah bəzi bəndələrinə zənginliyin haqqını verə bilməyəcəkləri üçün məhdud imkanlar vermişdir. Beləcə onları qəflətdən qorumuşdur. Bunu Uca Allahın bir lütfü kimi görmək lazımdır. Yəni Uca Allahın kasıb və ya orta səviyyədə həyat lütf etməsi insan üçün bir lütfdür. Ancaq burada əsas məsələ tarazlığın iradə ilə tənzimlənməsidir. İnsan dünyəvi nemətlərə sahib olduğu halda yalnız iradəsinin haqqını verərək, zövq-səfadan uzaq duraraq, Allahı və axirəti xatırlayaraq, ibadətlərinə davam edərək Allahın razılığını qazana bilər.  

Maddi imkanlar əksər hallarda qəflətə, qəflət də dünyaya aludə olmağı və Allahdan uzaqlaşmağa səbəb olur. Yəni dünyəvi imkanların çoxluğunun insan üçün belə bir mənfi nəticəsi də var. Ancaq insan əlindəkilərlə yetinər, istiqamət və doğruluqdan ayrılmaz, ehtiyac sahiblərinə yardım əli uzadar və onların sevgisini qazanarsa, nemətlərin haqqını vermiş və şükrünü əda etmiş olar.

İffətli yaşamağın yolu

Qəflət hər insanı əsir edə bilər. Bu səbəbdən mömin qəflətə əsir düşməmək üçün ayıq olmalı və bunun üçün iradəsini səfərbər etməlidir. Mömin fitrətə uyğun və ehtiyaclarına kafi gələcək şəkildə yaşacağı şərait qurmalı, bunların xaricində nəfs və şeytanın girəcəyi bütün qapıları bağlamalıdır. Əks təqdirdə rahatlığa düşkünlük və hislərin əsiri olmaq insanı gələcəyi düşünülməyən sərgərdan həyata sövq edər. Bu cür həyat yaşayan insan elə bir illuziyaya qapılar ki, mikrosxemli robot kimi eyni şeyləri təkrarlayar. 

Bununla yanaşı mömin dünya nemətlərindən istifadə edərkən çox diqqətli olmalı, özünənəzarəti əsla itirməməli, şəriətin təyin etdiyi sərhədlərin kənarına çıxmamalıdır. Əks halda başqaları möminin niyyətindən dünyəvi məqsədləri üçün sui-istifadə edə, dünyada önəmli sayılan maddi zövqlərlə onu aldada bilər. Mömin dünyəvi maddi nemətlərə aldanarsa, başqalarının toruna düşər və onların əsiri olar. Qısacası, mömin bu xüsusda çox həssas olmalıdır.

Mömin İslamı təbliğ adlı böyük idealın təmsilçisidir. Bir mənada yaşatma qəhrəmanıdır. O, başqalarına yardım əli uzadar, hər kəsin inandığı dəyərlərlə tanışması üçün uyğun şərait yardar. Onların da əsl həyat olan axirətdə “yaxşıki sən vardın” deyərək sevinc içərisində cənnətlərə daxil olmasını əsas dərdi kimi görər. Onun əsas amalı Allahı insanlara sevdirərək, Allahın sevgisini, razılığını qazanmaqdır. Sadalananlara ötəri baxar və yaşmaq eşqinə düşərsə, yaşatmaq vəzifəsini unudar. Halbuki, möminin düşüncəsinə görə, yaşamaq ancaq yaşatmaqla mümkündür, özünə dünyada rahat güzəran qurmaqla yox. Dünyada ancaq özünü düşünən möminin həqiqi mənada yaşadığından söhbət gedə bilməz. Uca Allah belə bir qrup haqda belə buyurmuşdur: “Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!” (Maidə surəsi, 5/54) Bəli, bu ayədə də bildirildiyi kimi təbliğ vəzifəsini yerinə yetirməyən (yaşatmayan) insanları Allah yeniləri ilə əvəz edər.

Ayədə bildirilən “dinindən dönmə”yin müxtəlif səviyyələri var. Bəzi insanlar imandan küfrə dönərlər, bəziləri İslama uyğun yaşamaq istəməzlər, bəziləri yaşatmaq şövqünü, fədakarlıq hissini bir kənara qoyarlar. Bunların hamısı müxtəlif mənalarda “irtidad” sayılır.

Bəli, bir cəmiyyət istənilən şəkildə mənimsədiyi yoldan, üsul və metoddan, sistemdən, dünya görüşü və həyat fəlsəfəsindən üz çevirərsə, Allah da onlara “Siz missiyanızı yerinə yetirdiniz. İşiniz qurtardı. Buna görə artıq getməlisiniz.” deyər və onların yerinə Allah və Rəsulunu ürəkdən sevən və onların sevdiyi insanları gətirər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə çox sərt olarlar. Təbliğ vəzifəsini layiqi ilə yerinə yetirərlər. Bu işi görərkən başqalarının onlar haqda dediklərinə, atdıqları iftiralara fikir verməz, yollarına davam edərlər.

Buna görə mömin həmişə düşüncələrini yeniləməlidir. Özünü inandığı ideala həsr etməli, başqa gözləntiləri olmamalıdır. Belə bir idealı olan mömin maddi mənfəətlər ardınca qaçmaz, dünyəvi zövq-səfanın əsiri olmaz. Şəriətə uyğun olmayan qazanc yollarından, haram zövqlərdən zəhərli ilandan qaçırmış kimi uzaqlaşar və belə dua edər: “Allahım! Məni təbliğ və fədakarlıq düşüncəsindən məhrum eləmə! Sadəcə özümü və mənfəətlərimi düşünməkdən məni qoru!” Mömin özü bunlara diqqət etməklə yanaşı digər müsəlman qardaşlarını da bunlara əməl etməyə təşviq edər. Yoldan çıxan olarsa, onu yola qaytarmağa çalışar. Keçmiş dövrlərdə yaşayan salehlərin həyatından ibrət götürər.

Möminlərin yolu

Möminlər bəzi məsələlərdə fətvaya yox, təqvaya uyğun həyat yaşamağa çalışmalıdır. Onlar yaşadıqları ev, mindikləri maşın, geyindikləri paltar və istifadə etdikləri əşyalara qədər hər şeylərində diqqətli olmalı, çox dəbdəbəli həyatdan uzaq durmalıdırlar. Əgər iki otaqlı bir ev möminin ehtiyacını qarşılayırsa, daha artığını düşünməməli, maşın almaq istəyəndə ehtiyacının olub-olmadığını fikirləşməlidir. Harasa gedərkən daha sərfəli və ucuz yolu seçməlidir. Yəni mömin dünya nemətlərindən istifadə edərkən doymaq yox, dadmaq prinsipinə əməl etməlidir. Maddi imkanları yaxşı olsa belə qənaətkar olmağı əsla unutmamalıdır. Qənaətkarlıq sadəcə kasıblara xas fəzilət deyil. Əsas məsələ maddi imkanlar çox olanda qənaət etməyi bacarmaqdır. Bununla yanaşı israfın bütün növlərindən də uzaq durmalıdır. Qənaət bərəkətə, israf isə məhrumiyyətə səbəb olar. Mömin bütün məsələlərdə olduğu kimi bu xüsusda da Ən Gözəl Nümunənin (s.a.s.) həyatını örnək götürməlidir. Necə ki, Onun (s.a.s.) həyat yoldaşı ilə qaldığı otaq o qədər dar idi ki, namaz qılarkən zövcəsi ayaqlarını yığmalı oldurdu. Çox vaxt həsirin üstündə yatırdı…

Bu gün insanların lüks həyat yaşaması bir mömin üçün ölçü (nümunə) ola bilməz. Mömin üçün yalnız bir ölçü var, o da Allah Rəsuludur (s.a.s.). Başqalarının nə dediyi və nə düşündüyü möminə maraqlı deyil. O, çox yaxşı bilir ki, insanlıq bədəni arzulara və rahatlığa düşkün insanlardan nümunə götürə bilməz. 

Əfsus ki, dövrümüzdə insanların çoxu düşüncə məhrumiyyəti, qəlb qatılığı və ruh zilləti yaşayır. Allah anılarkən qəlblər ürpərmir. Gözlər qupqurudur. Çoxları cismani zövqlərinə uyğun ömür sürür. Əksəriyyət yemək, içmək, rahat olmaq və həyatdan zövq almaq barədə düşünür. Ruh, ağıl və qəlb rahatlığından danışmaq bir az çətindir. Bu gedişlə insanlıq səfahət və səfalət yolunda irəliləyir. Bundan qurtulmaq isə ancaq qəlb və ruh həyatını canlandırmaqla mümkündür. Dünya və axirət səadətinə gedən yol sağlam ağıl, qəlb və ruhdan keçir. Əfsus ki, İslam dünyası bu dəyərləri bir neçə əsr əvvəl itirib və bu itkinin fərqində deyil…

Yumşaq yataqlardan, rahat kreslolardan, bol təamlı süfrələrdən və növbənöv nemətlərdən istifadəyə öyrənən insanın həqiqi ləzzət sayılan Allahın iştiyaqında (həsrətində) olması mümkün deyil. Görəsən ürəyi İslamı təbliğlə döyünən neçə mömin göstərə bilərik?! Mömin olaraq bu düşüncəni canlandırmaq əsas vəzifəmiz olmalıdır. 




Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Allaha yaxınlaşmaq

Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.

Yusuf surəsində İffət nümunəsi

Ən gözəl qissə adlanan bu qissə oxuyucusuna, Yusufun, uşaqlıq iffətini, gənclik iffətini və idarəçilik iffətini hekayə edərək, zehnində Yusufla iffəti, iffətlə də Yusuf xarakterizə etdirdi.


Şərh yaz