8. 691 dəfə oxunub ,   0 şərh   Çap et

Küskünlük, inciklik kimi hallar birlik vә bərabərlik hissini zədələyir. Buna görə də kiçik bir inciklik olan kimi dərhal barışmaq lazımdır.

Qurani-Kәrimdә: “Həqiqətən, möminlər (dində) qardaşdır. Buna görə də (aralarında bir mübahisə düşsə) onların arasını düzəldin və Allahdan qorxun ki, bəlkə (əvvəlki günahlarınız bağışlanıb), rəhm olunasınız!” (Hücurat, 49/10) hökmü bәyan edilmişdir. Əgər küsülü olan iki Müsəlman aralarındakı anlaşılmazlığı yoluna qoya bilməsə, vəziyyət necə olacaq? Ayədə: “Elə isə qardaşlarınızın arasını düzəldib onları barışdırın” buyurulur. Anlaşılmazlığın səbəbindən xəbərdar olan hər bir Müsəlman din qardaşlarının arasını düzəltməyi və onları barışdırmağı özünə borc bilməlidir.

İslam fiqhində qardaşlıq adi bir sözdən ibarət deyil. Din qardaşlığı salamlaşmaq, zəkat, haqqı tövsiyə etmək, sırf Allah rizası üçün (din) qardaşına borc vermək, maddi və mənəvi yardım etmək kimi mükəlləfiyyətlər daşıyır. Bundan başqa Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “İnsan özü üçün istədiyini (din) qardaşı üçün də istəmədikcə, (həqiqi) iman etmiş olmaz”[1] – buyuraraq “qardaşlıq hüququ”nun imanla yaxından bağlı olduğunu da xatırlatmışdır.

Məşru[2] bir səbəb olmadan iki Müsəlmanın din qardaşı ilə  üç gündən artıq küsülü qalıb salamı kəsməsi caiz deyil. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) “Bir müsəlmanın müsəlman qardaşı ilə üç gündən çox küsülü qalması halal deyil. Üç gün tamam olanda gedib salam verməlidir. Digəri salamı alsa, ikisi də savabda ortaq olar, almasa günaha batar. Salam verən isə küsülülükdən çıxmış sayılar”[3] – buyurmuşdur. İnciklik və küskünlük hallarında ilk addımı atıb barışan daha xeyirli insan sayılır. Bununla əlaqədar Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur: “Bir müsəlmanın başqa bir müsəlmanla küsülü qalması halal deyil. Onlar bir-biri ilə qarşılaşanda üzlərini yana çevirərlər. Onların ən xeyirlisi birinci salam verib barışandır.”[4]

Ancaq onu da qeyd etmək lazımdır ki, məşru bir səbəblə və tərbiyə məqsədi ilə küsmək caizdir. Məşru səbəblə küsməyə bir atanın yeniyetmə oğluna: “Sən içkidən əl çəkməyincə səninlə danışmayacağam” deməsini nümunə vermək olar. Bu davranışda məqsəd övladı pis vərdişlərdən uzaqlaşdırmaqdır. Belə bir davranışda konkret küsülülük müddəti yoxdur. Çünki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) və əshabı üzrsüz yerə səfərə qatılmayan səhabələrlə bir müddət danışmamışdır. Nəhayət, onların tövbə et­məsindən və tövbələrinin də Allah-Təala tərəfindən qəbul edil­məsindən sonra (bu, əlli gündən də çox çəkmişdir) kəlmə kəsmişdir.[5] Burada “danışmamaq”la bağlı məşru səbəb var.

Səbəbsiz yerə, nəfs və şeytanın təhriki ilə meydana gələn küsülülüyün üç günlə məhdudlaşdırılması, habelə möminlər arasın­da belə halların xoş qarşılanmaması müxtəlif səbəblərlə bağlıdır. Bunlara qısaca olaraq ailədaxili və ictimai nizam-intizamın tənzimlənməsi, mənfi hislərin, kinin, düşmənçiliyin qarşısının alınması, hər bir fərdin ruhi-mənəvi sağlamlığının qorunması və s.-i daxil etmək olar.

Diqqətlə baxsaq görərik ki, sağlam təməllər üzərində qurulmamış bir cəmiyyətdə bəzi yanlış adətlər vardır. Bunlardan biri də küsülülüyün uzun müddət davam etdirilməsidir. Belə hallar eyni cəmiyyətin üzvləri arasında bir-birinə inam və etibar hissini azaldır. Halbuki qarşılıqlı inam və etibar gündəlik əlaqələrdə, iş və ailə həyatında, bir sözlə, hər sahədə mühüm əhəmiyyət daşıyır. Nəticəni düşünmək, vasitələrdən çox hədəfə yönəlmək, bu baxımdan inciklik və küskünlüyün gəldi-gedər olduğunu bilib inam və etibar hissini bərpa etmək və təzələmək olduqca əhəmiyyətlidir. Hədisdə də qeyd edildiyi kimi, Müsəlman üç gündən çox küsülü qalmamalı, təhqiramiz deyil, əksinə münasibətlərin bərpasına yararlı olan fikirlər söyləməli, bir sözlə “özü, sözü bir adam” olmağa çalışmalıdır.

İnciklik və küsülülük aqressivlik və fiziki təzyiqə gətirib çıxara bilər. Əbu Hureyrə (radiyallahu anh) nəql edir:

“Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: “Əməllər hər cümə ax­­şamı və bazar ertəsi (Uca dərgaha) ərz edilir. Əziz və Cəlil olan Al­lah o gün Ona şərik qoşmayan qullarının günahını bağışlayır.­ An­caq (din) qardaşı ilə arasında düşmənçilik olan istisnadır (onu bağışlamaz).” Sonra buyurar ki: “Bu ikisinə barışana qədər möhlət verin”[6] Bu hədisdən də görünür ki, küsülülük düşmənçilik hislərini azaltmır, əksinə artırır, yaxud da ən azı davam etdirir.

 Düşmənçilik və fiziki təzyiq kimi hallara vadar edən səbəblərin araşdırılması bu halların kökündə uzunmüddətli inciklik və küsülülüklərin dayandığını göstərir. Yəni küskünlük və inciklik uzun müddət davam edərsə, aqressivlik və fiziki təzyiqlə nəticələnə bilər. Aqressivlik başqa insanlara zərər və əziyyət verməyə, mənən yaralamağa yönəlmiş davranışlardır. Fiziki təzyiq isə güc tətbiq etmək, təzyiq göstərmək, zərər vermək deməkdir.

Açıq görünməsə də, bəşəri münasibətlərə diqqət yetirən və hər kəsə, hər sözə, hər davranışa hüsnü-zənlə baxan bir insan paklığı və qəlb rahatlığı ilə ətrafına hüzur saçar. Bunun əksinə, inciklik, küskünlük və sui-zənn hissləri ilə hərəkət edən insan isə ömrünü hüzur və mənəvi rahatlığa aparan yoldan kənarda, şübhə və tərəddüdlər içində keçirər. Belə insanın şüur və idealında sərhədlər itər, əyri ilə doğru bir-birinə qarışar, sözlər əsl anlamını itirib mənasızlaşar.

Bu baxımdan küskünlük müxtəlif psixosomatik xəstəliklərə səbəb olur. Çünki bəzi narahatlıqlar zamanı hissiyyatı məhdud olan, gizli depressiya və əsəbilik keçirən incik insanlar əksər hallarda gərgin və əsəbi görünürlər.

[1].  Buxari, İman 7.

[2]. Dini baxımdan üzrlü, dinə, şəriətə uyğun

 [3].  Müslim, Birr 8 (2560); Əbu Davud, Ədəb, 55.

 [4]. Buxari, Ədəb, 57.

 [5]. Müslim, Birr 36; Müvatta, Hüsnül-Xulq 17.

 [6]. Buxari, Vəsayə 16, Cihad 103, Mənaqib 23, Mənaqibul-Ənsar 43, Məğazi 3, 78, Təfsir, Bəraə, 17, 18, 19, İstizan 21, Eymən 24, Əhkam 53; Müslim, Tövbə 53 (2769); Tirmizi, Təfsir, Bəraə,              (3101).

 



Açar sözləri

incimək küsmək

Şərh yaz