12. 139 dəfə oxunub ,   0 şərh   Çap et

  • Etikaf nədir 

Etikaf (اعتكاف), lüğətdə bir yerdə gözləmək, dayanmaq, özünü oraya həbs etmək kimi mənalara gəlir. Dini termin olaraq etikaf, niyyət edərək məsciddə və məscid hökmündə olan bir məkanda bir müddət qalmaqdır. Etikaf etmək Rəsulullahın (s.ə.s) önəmli bir sünnətidir.

Quranda etikaf haqqında belə buyurulur: “Məscidlərdə ibadətdə (etikafda) olduğumuz zaman qadınlarınızla yaxınlıq etməyin.”[1], “Evimi (Kəbəni) təvaf  edənlər, orada qalıb həmişə ibadətlə olanlar (etikafda olanlar), rüku və səcdə ilə namaz qılanlar üçün təmizləyin!”[2]

Hədis mənblərində isə, Allah Rəsulunun (s.ə.s) Mədinəyə hicrətdən sonra hər il Ramazanın son on günündə etiqafa çəkildiyi və xanımlarını da buna təşviq etdiyi haqqında məlumatlar vardır. Bu hədislərdən biri belədir:“Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi.”[3]Ancaq Allah Rəsulu (s.ə.s) vəfat etdiyi il 20 gün etikaf etmişdir.[4] Hz. Əlinin (r.a) rəvayət edir: Rəsullah (s.ə.s) belə buyurdular: “Hər kim Ramazan ayında on gün etikafa girərsə iki həcc və ümrə etmiş kimi savab qazanar.”[5]

Etikafdan məqsəd nədir?

Səmimi olaraq edilən etikaf şərəfli bir ibadətdir. Etikaf Allaha yönəlmək, boş vaxtları ibadətlə dəyərləndirmək, ibadət üçün nəfsi xarici aləmdən təcrid etmək və Uca Allahdan bağışlanma diləmək məqsədilə edilir.

Etikafın müddəti

Etikafın ən qısa müddəti, Əbu Yusifə görə bir gün, İmam Məhəmmədə görə isə bir saatdır. Daha qısa müddət də ola bilər. Şafeilərə görə isə, ən az “sübhanallah” deyəcək qədər bir müddət durmaq da etikaf sayılır. Hənəfilərə görə də az müddət bir az durmaqdır.[6]

Buna əsasən məscidə girən şəxs çıxacağı vaxta qədər etikafa niyyət edərsə məsciddə qaldığı müddətdə etikafda qalmış sayılır.[7]

Etikafın şərtləri

Bir etikafın səhih olması üçün aşağıdakı şərtlər lazımdır:

1. Etikafa girən şəxs müsəlman, ağıllı və təmiz olmalıdır. Qeyri-müsəlmanın, ruhi xəstənin, cünubluq təmizlənməmiş şəxslərin və heyz, nifas halındakı qadının etikafı caiz deyildir. Çünki, təmiz olmayanların məscidə girmələri qadağandır.

Etikafa girən şəxs məscidin içində ikən cünub olarsa, çölə çıxaraq qüsl almalı və yenidən etikafa davam etməlidir. Etikafda yetkinlik yaşına çatmaq şərt deyil.

2. Etikafa niyyət olunmalıdır. Niyyətsiz etikaf caiz deyil. Nəzir edilən etikafda isə niyyət xüsusi olaraq dil ilə də ifadə edilməlidir.

3. Etikaf məsciddə və ya məscid hökmündə bir yerdə edilməlidir. İçərisində camaatla namaz qılınan hər hansı bir məsciddə etikafa girmək olar. Böyük məscidlərdə olması isə daha fəzilətlidir. Abdullah ibn Məsud (r.a) belə demişdir: “Etikaf ancaq camaatla namaz qılınan yerdə edilə bilər.”[8]

Qadınlara gəlincə, onlar öz evlərində, namaz qılınan bir otaqda etikafa girə bilərlər. Qadınların məscidlərdə etikafa çəkilmələri caiz olsa da, məkruh sayılmışdır Qadınların öz evlərində namaz qılmaları məscidlərdə namaz qılmalarından daha fəzilətli olduğu kimi, evdə etikafları da məsciddə etikafdan daha fəzilətli sayılmışdır.[9]

4. Vacib olan etikafa girən şəxs oruclu olmalıdır. Etikafda olduğu halda orucun səhvən pozulması etikafa zərər vermir. Sünnə olan etikaf Ramazan ayında olduğudan orucluğa düşür. Ancaq yolçuluq, xəstəlik kimi bir səbəblə orucsuz olmaq sünnə olan etikafa mane deyil. Müstəhəb etikaflarda da oruc tutmaq şərt deyil.

Qadının etikafa girmək üçün yoldaşından icazə almalıdır. Ər arvadına icazə verdikdən sonra, artıq fikrindən daşına bilməz.

Etikafın növləri hansılardır?

1. Vacib olan etikaf. Nəzir olunan etikafı etmək vacibdir. Bu ən az oruclu olaraq bir gün davam edir. Hz. Ömər (r.a) nəql edir: “Rəsulullaha (s.ə.s), Məscidi-Həramda bir gecə etikafa girməyi nəzir etmişəm”˗ dedim. Mənə: “Ey Ömər! nəzirini yerinə yetir” − buyurdu.[10]

2. Sünnə olan etikaf. Ramazan ayının son on günündə etikafa girmək müəkkəd sünnədir. Həzrət Aişə (r.anha) bildirir ki, Həzrət Peyğəmbər (s.ə.s) orucun fərz buyrulmasından ömrünün axırına qədər Ramazan aylarının son on günündə etikafa girmişdir.[11]

3. Müstəhəb etikaf. Bu etikafın müəyyən bir vaxtı və müddəti yoxdur. Hətta məscidə girən şəxs çıxana qədər etikafa niyyət etsə, orada qaldığı müddətcə etikafda sayılır. Bu etikafda oruc şərt deyil. Səfərdə olan şəxs də bu şəkildə etikafa edə bilər.

Etikafın ədəbləri

a. Etikafa Ramazanın son on günündə və ən fəzilətli məsciddə girilməlidir.

b. Etikaf vaxtı ədəbsiz söz danışmamalı, ancaq xeyir danışmalıdır. Günah olmayan sözlər danışmağa hər hansı qadağa yoxdur.

c. Etiqafda mümkün qədər təmiz paltar geyinib, gözəl ətirlər vurmaq lazımdır. Bununla yanaşı çoxlu namaz qılmaq, Quran oxumaq, dua və niyaz etmək, əfv diləmək, kəlmeyi-tövhid və təkbir gətirmək müstəhəbdir. Allahın varlığı, birliyi, qüdrəti haqqında düşünmək, lüzumsuz şeyləri danışmamaq, başda Peyğəmbərimizin həyatı olmaqla, dini, elmi mövzulara dair əsərlər oxumaq da müstəhəb qəbul edilmişdir.

Etikafı pozan şeylər

1. Cinsi əlaqədə olmaq.

2. Etikafda olanın məsciddən üzürsüz olaraq çıxması ilə etikafı pozulur. Xəstə ziyarəti, cənazə, cənazə namazı və ya şahidlik etmək üçün (məsciddən) etikafda olunan yerdən çıxmaq da etikafa manedir. Xəstəlik səbəbilə bir saat qədər çöldə olmaq da etikafı pozur. Ancaq nəzir edilmiş etikafda xəstə ziyarəti, cənazə namazı və s. üçün məsciddən çıxmaq şərt qoyulubsa bunlar üçün çıxmaq etikafı pozmaz.

3. Etikafda olan şəxs etikafda olduğu müddət ərzində bir neçə gün huşunu itirər və ya ruhi xəstəliklə üzləşərsə etikafı pozulur. Səhhəti düzəldikdən sonra etikafa yenidən başlamalıdır.

Etikafda olan məsciddən şəri, zəruri və ya təbii ehtiyacları üçün çıxmaq olar.

Etikafda olanın qaldığı məsciddə cümə namazı qılınmırsa, cümə namazını qılmaq üçün başqa bir məscidə getmək, kiçik və ya böyük dəstəmaz üçün məsciddən çıxmağı şəri və təbii üzrlərdən hesab olunur.

Etikafda olanın yeməsi, içməsi, yatması və ehtiyacı olan şeyləri satın alması məsciddə olmalıdır. Məscidi məşğul etməyəcək şeyləri oraya gətirə bilər. Məscid içində hazırlanmış münasib bir yer varsa orada dəstəmaz və qüsl ala bilər. Belə bir yer yoxdursa çölə çıxıb dəstəmaz və ya qüsl alaraq dərhal geri qayıtmalıdır. Etikafda olan, azan oxumaq üçün minarəyə çıxa bilər. Minarənin qapısının məscid xaricində olması buna zərər verməz.[12]

Niyyət edilmiş etikaf vaxtı yerinə yetrilməzsə daha sonra qəza edilməlidir. Bir şəxs etikafa əhd edər, ancaq onu yerinə yetirmədən ölərsə, yaxınları onun adından  hər gün üçün bir fidyə verməlidir. Çünki əhd edildiyinə görə vacib hökmünü daşıyan etikaf orucun bir parçası sayılır. Ona görə də orucdakı fidyə burda da vacib olur. Ancaq yaxınları yoxsuldursa, o halda Uca Allahdan əfv və bağışlanma diləmək lazımdır.


1.Bəqərə, 2/187.
2.Bəqərə, 2/125.
3.Buxari, Etikaf, 1,6; Müslim, Etikaf, 2; Əbu Davud, Savm, 77, 78; Tirmizi, Savm, 71; İbn Macə, Siyam, 58.
4.Əbu Davud, Savm, 60
5.Beyhaqi
6.Şürünbülali, Nurul-izah, s. 119.
7.Durrul-Muxtar, 2/177; Mərqul-Fəllah, 118
8.Zeyləi, Nəsbur-rayə, II, 490.
9.Şirbini, Muğnil-möhtac, I, 450.
10.Buxari, Etikaf, 16; Əhməd İbn Hənbəl, Müsnəd, II, 10.
11.Əhməd İbn Hənbəl, Müsnəd, II, 67, 129.
12.Mehməd Zihni, Nimeti İslam, İstanbul, 1329, s., 98.


Açar sözləri

etikaf etiqaf Ramazan

Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Qədr gecəsinin feyz və bərəkəti

Kim inanaraq və savabını Allahdan gözləyərək Qədr gecəsi  namaz qılarsa, keçmiş günahları əfv olunar.


Şərh yaz