Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?
Cavab: Fitrə Ramazan bayramından bir və ya iki gün əvvəl bayram namazı qılınmadan verilməlidir. Beləcə, yoxsullar bununla bayram namazından çıxmadan əvvəl ehtiyaclarını aradan qaldırmaq fürsəti əldə edirlər. Bundan əlavə, fitrə Ramazan ayı başladıqdan sonra, hətta Ramazan ayı başlamadan əvvəl də verilə bilər. Lakin bayram günündən sonraya qalarsa, şəxsin öhdəliyində qalır və ilk fürsətdə verilməlidir.
Sual:Fitrə verilmədiyi təqdirdə bayram namazı qəbuldurmu?
Cavab: Əvvəlcə qeyd etmək lazımdır ki, fitrə sədəqəsini bayramdan sonraya saxlamaq caiz deyil. Lakin hər hansı bir üzr səbəbilə, yaxud səbəbsiz yerə verilmədiyi təqdirdə, bu öhdəlik şəxsin üzərindən qalxmır və mütləq bu borcunu yerinə yetirməlidir. Bundan əlavə, fitrə sədəqəsi vermədiyi üçün bayram namazını tərk etmək doğru deyil. Məhz bu səbəbdən bayram namazı tərk olunmamalı və qılındıqdan sonra ilkin mərhələdə verilməyən fitrə sədəqəsi dərhal verilməlidir.
Dr. Anar Qurbanov
Sədəqeyi-cariyə davam edən, daim savab qazandıran sədəqə deməkdir. Daim insanlara fayda verən xeyirli işlər də sədəqeyi-cariyədir. Sədəqə və zəkatı insanların ümumi xeyrinə sərf edib daim istifadə olunan şeylərə vəsilə olmaq da sədəqeyi-cariyə sayılır. Sədəqeyi-cariyə yol, körpü, məscid, vəqf (yardım) qurumları və bunlardan ən düzgün və səmərəli şəkildə istifadə edən nəsillər yetişdirmək üçün yataqxanalar, məktəblər və müəssisələr açmaq və s. fəaliyyətlərin hamısını ehtiva edir.
Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur.
“Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, zəkat yığan işçilərə, qəlbləri İslama isindiriləcək kimsələrə, azad olmağa çalışan kölələrə, borclulara, Allah yolunda olanlara və yolda qalan yolçulara aiddir. Allah hər şeyi biləndir, hikmət sahibidir.”
“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.
İbn Ömər rəvayət edir: “Peyğəmbərimiz (s.a.s.) azad, kölə, kişi, qadın – hər bir müsəlmana arpadan, yaxud xurmadan bir sa miqdarında fitr sədəqəsi verməyi əmr etdi”