5. 158 dəfə oxunub ,   0 şərh   Çap et

Cənnəti qazanmaq və cəhənnəmdən qorunmaq hər bir insan­ üçün həyati əhəmiyyətli məsələdir. Çünki bir göz qırpı­mın­da keçib gedən bu fani dünya əbədi aləmə hazırlıq yeridir. Peyğəmbərimiz: “Dünya axirətin tarlasıdır”, – buyurur. Burada nə əksək, orada onu biçəcəyik. Elə isə bizi cənnətə aparan vəsilələrdən dörd əllə yapışmalı, cəhənnəmə sürükləyən hər cür pis söz və əməldən də var gücümüzlə çəkinməliyik.

Pis aqibətdən qurtulmağa vəsilə olması diləyi ilə insanı cəhən­nəmə aparan müəyyən əməlləri (duyğu, düşüncə, hal və davranışları) bəzi ayələrin işığında, inşallah, nəzərdən keçirməyə çalışacağıq. Məhz bu əməllərdən ilan-çiyandan qaçanlar kimi uzaq olmalıyıq:

1. Allahı və axirət  gününü (qiyaməti, ölümdən sonra dirilib hesab verməyi) inkar etmək:

“İnkar edənləri cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Biz Allahı və nemətini inkar edən hər bir nankoru belə cəzalandırırıq!“ (“Fatir” surəsi, 36)

“Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? … Bilin ki, zalımlar Allahın lənətinə gələcəklər! O kəslər ki (insanları) Allah yolundan döndərir, onu (yolu) əyri göstərmək istəyirlər – onlar, məhz onlar axirəti inkar edənlərdir”. (“Hud” surəsi, 18-19)

2. Allahın ayələrini və peyğəmbərlərini təkzib etmək, Allaha şirk
qoşmaq, təkəbbürlənmək və Onun haqqında yalan uydurmaq:

 “(Ya Rəsulum!) Əgər onlar sənin peyğəmbərliyini təkzib edər­lərsə, (heç də qəmgin olma)! Çünki səndən əvvəl açıq möcü­zələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar”. (“Ali-İmran” surəsi, 184)

“(Ya Peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uyduran­ların üzünü qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! (Əlbəttə, vardır!)” (“Zumər” surəsi, 60)

“Şübhə yoxdur ki, Allah Ona şərik qoşanları əfv etməz, amma­ istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan kəs, əlbəttə, böyük günah etmiş olur”. (“Nisa” surəsi, 48)

3. Dini bir əyləncə və oyun saymaq, dini məsxərəyə qoymaq:

“O kafirlər ki dinlərini oyun-oyuncaq (əyləncə) etmiş və (fani) dünya həyatı onları aldatmışdı. Onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi (bilə-bilə) inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq!” (“Əraf” surəsi, 51)

4. Yer üzündə fitnə-fəsad çıxarmaq (təxribat törətmək)

“O fasiqlər ki Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın əmr et­diyi əlaqələri (möminlərlə dostluğu, qohum-əqrəba ilə mü­na­sibətləri) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır!” (“Bəqərə” surəsi, 27)

5. Mal-mülkü xeyir əvəzinə, insanları Allah yolundan döndərməyə sərf etmək:

“Küfr edənlər öz mallarını (insanları) Allah yolundan dön­dər­mək (İslamı qəbul etməyə mane olmaq) üçün sərf edərlər. Onlar mallarını daha çox sərf edəcək, lakin sonra (məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəmə sürüklənəcəklər…” (“Ənfal” surəsi, 36)

6. Dünyanı axirətdən üstün tutmaq, yalnız dünya xoşbəxtliyini istəmək:

“Bəzi insanlar: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur!” (“Bəqərə” surəsi, 200)

“Onlar axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək edilər”. (“Bə­qərə” surəsi, 86)

7. Haqsız yerə cana qəsd etmək:

“…kim heç kimi öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və ya yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur”. (“Maidə” surəsi, 32)

“Kim bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!” (“Nisa” surəsi, 93)

  8. Qul haqqını tapdalamaq:

Qul haqqı çox geniş anlayışdır. Ata-ana haqqından qonşu haqqına, insanların malını qəsb etməkdən qeybətə qədər uzanıb gedir. Bir-iki nümunə verək:

“Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin ye­dik­ləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər”. (“Nisa” surəsi, 10)

“Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haram yolla yemə­yin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mər­həmətlidir! Kim təcavüz və zülm etməklə belə işlər görərsə, Biz onu cəhənnəm oduna atacağıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır!” (“Nisa” surəsi, 29-30)

9. Günahsız insana iftira atmaq

“Kim bir xəta (kiçik günah) və ya böyük günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böh­tan və açıq-aşkar günah götürmüş olar (günah üstündən gü­nah qazanar)”. (“Nisa” surəsi, 112)

Bu doqquz maddəyə başqa xüsuslar da əlavə edə bilərik. Bizim vəzifəmiz böyük-kiçik demədən bütün günahlardan uzaq olmağa çalışmaqdır. Səhvən günah işləyəndə də  dərhal dərin peşmançılıq hissi ilə tövbə etməli, Rəbbimizin əfvinə pənah aparmalıyıq. Bu, birincisi. İkincisi də, bir insan nə qədər günahkar olursa-olsun, ümidsizliyə qapılmamalıdır. Dünya qədər günahı da olsa, səmimi göz yaşları içində Rəbbinə yönəlməklə Onun əngin əfvi ilə bağışlana bilər. Ancaq küfr (inkar) etməkdən və qul haqqına girməkdən çox qorxmalı, bu məsələlərdə olduqca diqqətli olmalıyıq. Üçüncüsü, kimin cənnətlik, kimin də cəhənnəmlik olduğunu yalnız Allah bilir. Dolayısilə, “filankəs cənnətə, filankəs cəhənnəmə gedəcək” demək düzgün deyildir.

Əslində, cənnəti qazanmağın və cəhənnəmdən qurtuluşun yo­lu açıq-aydın və çox asandır. Bu da bizlər üçün yol:

“O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməl­lə­ri­ qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah bəndələrinə mərhəmətlidir!” (Ya Rəsu­lum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir!” Söylə: “Allaha və Peyğəmbərə itaət edin! Əgər üz döndərsəniz, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!” (“Ali-İmran” surəsi, 30-32)

Yazımızı Rəbbimizin bizə öyrətdiyi bir dua ilə yekunlaşdıraq: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” (“Bəqərə” surəsi, 201)




Şərh yaz