Sual:Həcc mərasiminin sonunda kəsilən qurbanın Məkkə torpaqlarında kəsilməsi mütləqdir? Ümumiyyətlə bu haqda ətraflı məlumat verin.
Cavab: Həcc və ümrə mənasiki (əməlləri) ilə bağlı kəsilən qurbanlara “hədy” deyilir. Hədy Kəbəyə və Haram bölgəsinə hədiyyə etmək məqsədilə kəsilən qurban mənasına gəlir. Qurban bayramından ötrü kəsilən qurbanlara isə “udhiyyə” deyilir. Hökm baxımından bu iki növ qurban bir-birindən fərqlənsə də, kəsiləcək heyvan növləri və bunlarda tələb olunan şərtlər nöqteyi-nəzərindən aralarında hər hansı fərq yoxdur. Çünki udhiyyədə olduğu kimi hədy qurbanı da dəvə, mal-qara, qoyun və ya keçi kimi heyvanlardan kəsilir.
Həcc növlərindən ifrad həcci (ümrə etmədən ehrama girərkən yalnız həccə niyyət edərək həcc ibadətini yerinə yetirmək) və ya ümrə edənlərin cəza qurbanının kəsilməsini vacib edən hər hansı hal olmayıbsa, onların hədy qurbanı kəsmələri vacib deyildir. Bunların sadəcə olaraq nafilə qurban kəsmələri müstəhəbdir.
Təməttu (həcc aylarında əvvəlcə ümrə üçün ehrama girərək ümrəni tamamladıqdan sonra eyni ilin həcc aylarında həcc üçün təzədən ehrama girmək) və qiran həcci (eyni ilin həcc ayları içində ümrə və həcci bir ehramla etmək) edənlərin isə şükür qurbanı kəsmələri vacibdir. Digər tərəfdən həccin vaciblərindən birini tərk etmək və ya ehram qadağalarından hər hansı birisinə riayət etməmək səbəbilə kəffarə olaraq kəsilən qurban da bir cəza qurbanı kimi hədy qurbanı mahiyyətindədir (bax. Bəqərə, 2/196; Maidə, 5/2, 95, 97; Fəth, 48/25; Həcc, 22/36, 37).
İstərsə vacib, istərsə də nafilə olsun, bütün hədy qurbanı növləri Haram bölgəsində kəsilməlidir. Əks təqdirdə nafilə olanlar istisna olmaqla digərləri yenidən Haram bölgəsində kəsilməlidir. Qurban bayramının ilk üç günündə kəsilən hədy qurbanlarını Minada, bu günlərdən başqa günlərdə kəsilən qurbanların isə Məkkədə kəsilməsi daha fəzilətlidir. İstər vacib, istərsə də nafilə olsun, təməttu və qiran həccinə məxsus hədy qurbanlarından başqa digər hədy qurbanlarının kəsilməsi üçün müəyyən bir vaxt yoxdur. Ancaq bunlardan nafilə olanların bayram günlərində, cəza qurbanlarının isə ehram qadağalarına riayət etməmənin dərhal arxasından gecikdirilmədən kəsilməsi daha fəzilətlidir.
Nafilə olaraq kəsilən hədy qurbanları ilə, təməttu və ya qiran həccindən ötrü kəsilən şükür qurbanlarının ətlərini varlı-kasıb hər kəs yeyə bilər. Bunların ətlərindən sahiblərinin yemələri müstəhəb sayılmışdır (bax. Həcc, 22/28). Ancaq cəza qurbanları nəzir qurbanı kimi digər qurbanlardan fərqlidir. Cəza qurbanları ilə həcc etmələrinə bir maneə çıxan şəxslərin (ehsar/müsər) ehramdan çıxmaq üçün kəsəcəyi hədy qurbanının ətlərindən bunların sahibləri, baxmaqla mükəlləf olduqları şəxslər (və qurban sahiblərinin himayəsində olan şəxslər) və varlılar yeyə bilməzlər. Bunlardan ancaq Hicaz bölgəsi və ya başqa bölgələrin yoxsulları faydalanır.
Odur ki, həcc mövsümündə çoxlu sayda qurbanın kəsilməsi və Hicaz bölgəsinin ət ehtiyacının məhdud olması səbəbilə, qurban ətlərinin ehtiyacı olan digər yoxsul İslam ölkələrinə göndərilməsi mümkün və caizdir. Son illərdə qurulan böyük soyutma qurğuları və nəqliyyat vasitələrinin köməyi ilə ətlər yoxsulluğun çox olduğu ölkələrə göndərilir.
Rəsulullah belə buyurmuşdur: “Üç ibadət mənim üçün fərz, sizin üçün isə nafilədir. Bunlar vitr namazı, qurban kəsmək və quşluq (duha) namazıdır”.
Qurban ibadətinin neçə-neçə məna və faydası, bəndələrə dünya və axirətlə bağlı öyrətdiyi hikmətləri var.
Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.
maddi cəhətdən həcc etmə imkanına sahib olmayan şəxslərin borc alaraq həccə getmələri şərt deyildir. Buna baxmayaraq borc alaraq həccə gedilərsə, həcc ibadəti məqbul sayılır
Kəsiləcək qurbanlıq heyvan cins (növü), yaş, çəki (neçə adama çatması) baxımından müəyyən xüsusiyyətlərə malik olmalıdır.