Mənəviyyata Açılan Pəncərə

Hicrət İzni və Qureyşin Təlaşı

Bu vaxt Cəbrail gəlmiş, hicrət iznini gətirmişdi. Onsuz da, hicrətin vacibliyinə inanan bu kiçik İslam topluluğu əvvəllər də bu mövzu ilə bağlı nazil olan vəhyə şahid olmuşdu. Axirətdə üzləşəcəkləri ağır vəziyyət qarşısında bəhanə axtarışına başlayan bəzi adamların, hələ dünyada ikən, təzyiqlərə rəğmən, hicrət kimi bir alternativi dəyərləndirmədiklərinə görə əzaba düçar olacaqlarını ifadə edən bəyanı bir Quran ayəsi olaraq namaz da daxil olmaqla həmişə oxuyurdular.

Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: “Siz (hicrət zamanı) nə işdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif (aciz) kəslər idik.” (Mələklər də onlara: ) “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir![1]

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) da gördüyü bir yuxudan  danışmış və belə buyurmuşdu:

− Yuxuda gördüm ki, Məkkədən çıxıb xurma ağacları ilə zəngin olan bir şəhərə hicrət edirəm. Əvvəl bu şəhərin Yəmamə və ya Həcər olduğunu güman etdim, amma anladım ki, həmin şəhər Yəsribdir.[2]

Deməli, Məkkədəki zülm və işgəncə sona çatacaq və həyat daha əmin məkanda davam edəcəkdi. Buna görə də, əshab Peyğəmbər (sallallahu əleyhi və səlləm) müjdəsinin sevincini yaşayır, hərəkət əmrini gözləyirdi. Bu səbəbdən tez-tez Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) hüzuruna gəlir,  hicrət yolçuluğunun nə vaxt başlayacağını soruşurdular. Halbuki, hər şey bir plan daxilində gedirdi və ilahi izn gəlmədən addım atmaq olmazdı. Cəbrailin gətirdiyi ayə də eyni şeyləri ifadə edir və bunu səhabələri ilə bölüşməsini istəyirdi:

− De: “Mən peyğəmbərlərin birincisi deyiləm. Rəbbimin mənimlə və sizinlə nə edəcəyini bilmirəm. Mən yalnız mənə vəhy olunanı bilir və ona tabe oluram. Mən ancaq açıq-aşkar xəbərdar edən  bir peyğəmbərəm!”[3]

Demək ki, yuxusu görülsə belə, oraya hərəkət etmək üçün ayrıca izn lazım idi və bu izn gəlməmiş addım atılmamalı və özbaşına hərəkət etməklə təkbaşına qərar verilməməli idi.[4]

Amma ünvan əsasən məlum olduğu üçün hazırlıqlar da başlamışdı. Ən azından gediləsi məkan artıq qəti şəkildə bilinirdi.

Bu əsnada hicrət izni gəlir. İndi isə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əshabına Mədinədən bəhs edəcəkdi: Məkkədə müsəlman olan hər kəs bundan sonra dərhal Mədinəyə hicrət etməli idi. Buna görə də, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) səhabələrinə belə buyururdu:

− Şübhəsiz ki, Allah sizə başqa dostlar qismət etdi və başqa bir yerə hicrət izni verdi. Artıq ora köçüb əmin-amanlıq içində nəfəs alacaqsınız![5]

Artıq səhabələr bir-bir yola düzələcək və Peyğəmbərimizin (s.ə.s.) buyurduğu şəkildə səssiz-səmirsiz Mədinə istiqamətində hicrətə başlayacaqdı. Çünki bir tərəfdə onları qarşılamağa can atan səmimi ənsar, qapılarını taybatay açan müqəddəs Mədinə vardı. Digər tərəfdə isə Qureyş nəsə baş verdiyini hiss etmiş, amma məsələni heç cür öyrənə bilməmişdi. Onsuz da, əvvəlki illərdən təcrübələri var idi: Məhəmmədül-Əmin kənardan gələnlərin yanına gedir və onları davamlı şəkildə İslama dəvət edirdi. Görəsən, bu il neyləmiş və kimlərlə görüşmüşdü? Həm də Mədinədən gələn bu qədər adam xeyir əlaməti kimi görsənmirdi.

Rastlarına kim çıxsa, ondan soruşur, amma heç cür cavab ala bilmirdilər. Nəhayət, aralarından bir neçə nəfəri Mədinəyə göndərmək qərarına  gəlirlər. Eyni zamanda, bir dəstə təşkil edib Mədinəyə gedən yollara nəzarət edirdilər. Nəhayət, Mədinəyəcən gələn dəstənin başındakı məkkəli onlara belə səslənəcəkdi:

− Ey Xazrəc camaatı! Sizlərin bizim bu adamımızın yanına gəldiyinizi, Onu bizdən alıb öz bölgənizə aparmaq istədiyinizi və bizimlə döyüşmək bahasına da olsa, bu məsələdə Ona söz verib beyət etdiyinizi öyrəndik. Unutmayın ki, əgər bu cür hərəkət etsəniz, qarşınızda ərəblər arasında bizdən daha amansız və güclüsünü görməyəcək və ən qəddar düşmənimiz olacaqsınız!

Onların bu təhdidlərini eşidən mədinəlilər baş verənləri anlamağa çalışır və:

− Nə olub ki? Bizim heç nədən xəbərimiz yoxdur. Və biz heç kimlə razılaşmadıq, − deyirdilər. Nəhayət, Mədinədə rəislik tacını qoymağa hazırlaşan Abdullah ibn Übeyy ibn Səlulun yanına gəlirlər. Onun da üzündən eyni çaşqınlıq  və təəccüb oxunurdu:

− Bu xəbərin heç bir əsası yoxdur. Əgər belə bir şey olsaydı, mənim bundan mütləq xəbərim olardı. Mən Yəsribdə[6] olduğum müddətdə belə bir şey olarsa, qarşısında birinci məni görər,− deyir.

Onların bu dialoquna şahid olan möminlər isə sakit dayanır və bir-birinin üzünə baxaraq məsələnin necə cərəyan edəcəyini təxmin  etməyə çalışırdılar.

Digər tərəfdən, mədinəliləri təqib edən Məkkə atlıları mühacirlərdən arxada qalan Sad ibn Übadə və Münzir ibn Amra çatmış, mühasirəyə alıb onları tutmuşdular. Ancaq Hz. Münzir onların bir anlıq diqqətsizliyindən istifadə edərək sivişib qaçmışdı. Məkkəlilər bu dəfə yoldaşı kimi qaçmaması üçün Hz. Sadın əl-ayağını bağlayacaq və sürüyə-sürüyə Məkkəyə gətirəcəkdilər. Halbuki, Hz. Sad Xazrəcin əyan-əşrəfindən idi, indi isə əl-qolu bağlanmış halda sürüyürdülər . Bir tərəfdən də təhqir edir, vurur və saçından çəkirdilər.

Çox keçmədən, hadisədən xəbər tutan Mutim ibn Adiyy və Haris ibn Harb Hz. Sadın olduğu yerə gələcək, onu xilas edəcəkdi. Çünki Hz. Sad də əvvəllər Mutimə və Harisə yardım göstərmiş və karvanları ilə Mədinədən keçərkən onlara aman verərək təhlükəsiz şəraitdə istədikləri yerə getmələrinə kömək etmişdi. Neçə il əvvəl etdiyi yaxşılıq bəhrəsini indi verir və Allah iki müşrikin əli ilə onu digər müşriklərin şərindən qoruyurdu.[7]

Önəmli bir təlimat

Hicrət çox əhəmiyyətli məsələ idi, amma bu, yalnız Allah rizası üçün edilməli idi. Belə önəmli bir hadisədə xalis niyyət əhəmiyyətli idi. Mədinədə daha rahat yaşayış, əlverişli ticarət imkanı, saleh bir qadınla evlənmək və ya başqa bir məqsəd üçün yola çıxılacaqsa, hələ işin əvvəlində bilinməli idi ki, belə bir hicrətin savabı ola bilməz, bu yolla gedən hər kəs  sadəcə qarşısına qoyduğu məqsədə çata bilərdi.

Eyni zamanda, səhabələrdən birinin Ümmü Qays adlı bir qadınla evlənmək üçün Mədinəyə gedəcəyinə dair məlumatlar gəlirdi.[8] Təbii ki, bu şəxs də mömin idi, amma belə bir müqəddəs yolda niyyəti pozmamaq da zəruri idi, qəlbdəki qiblənüması daima Allahın rizasını  qazanmaq qayəsini göstərməli və əsla başqa niyyətə yönəlməməli idi .

Çünki bu yol bundan əvvəlki peyğəmbərlər də daxil olmaqla bütün saleh insanların  yolu, cihadın başqa bir şəkli idi və savabını da təsəvvür etmək mümkün deyildi. Elə isə hələ işin başlanğıcında hamını bu məsələdən agah etmək lazım idi. Və bu əsnada Allah Rəsulu (sallallahu əleyhi və səlləm) belə buyurur :

− Əməllər ancaq niyyətlərə görə dəyər qazanır. Hər kəsin niyyəti nədirsə, əlinə də həmin şey keçəcək. Hər kimin hicrəti Allahın və Onun Rəsulunun razılıq və məmnunluğunu qazanmaq üçündürsə, onun hicrəti Allah və Rəsulu yolunda edilmiş sayılır. Hər kim də  bir dünya mənfəəti və ya evlənəcəyi bir qadından ötrü hicrət edirsə, onun hicrəti də niyyətinə görədir.[9]

Hicrət ağrıları

Artıq yeni bir mərhələ başlanırdı. Gedə bilən hər kəs qısa vaxtda yola çıxacaq və yeni bir  məkana, başqa sözlə, yeni bir dünyaya gələcəkdi. Amma bu, güman edildiyi qədər də asan gerçəkləşməyəcəkdi.

Əlbəttə, Qureyş bunu belə asanlıqla qəbul etməzdi və etməyəcəkdi də. Hicrət xəbərini alan Qureyş bunun qarşısını almaq üçün hər cür tədbirə əl atacaq, ovucları içindəki müsəlmanların başqa yerdə məskunlaşaraq nəzarətdən çıxmasına razı olmayacaqdı. Daha əvvəl iki Həbəşistan hicrətinin qarşısını ala bilmədiklərinə görə, yanıb-tökülür və hər halda İslamın başqa dünyaya yayılmasının önünü kəsmək məqsədilə əllərindən gələni etmək istəyirdilər.

Buna görə də, yolları kəsmiş və qarşılarına çıxan müsəlmanları geri qaytarmağa çalışırdılar. Bəzilərini həbs edir və müxtəlif işgəncələr verir, bir tərəfdən də İslamdan imtina etmələri üçün onlara təzyiq göstərirdilər. Hətta Mədinəyə çatıb şəhərə girmək üzrə olanları da tutub geri qaytaranlar vardı. Qısası, Məkkənin kafir və zalımları öz “vəzifələrini”  qüsursuz şəkildə yerinə yetirir və bununla da cəhənnəmin lüzumsuz olmadığını göstərirdilər.

Əbu Sələmə və ailəsi

Mədinəyə ilk hicrət edən Əbu Sələmə idi ki, o, eyni zamanda,  Həbəşistana hicrətdə  də iştirak etmişdi. Həyat yoldaşı Ümmü Sələmə və oğlu Sələmə ilə birlikdə yola düzəlmiş, Mədinəyə doğru irəliləyirdi. Ancaq Qureyş bundan xəbər tutub yolda qarşılarını kəsir:

− Yaxşı, səni başa düşdük. Buranı tərk edib gedirsən. Ancaq uşağını və xanımını aparmaq nəyə lazımdır? − deyir, onların getməyinə imkan verməyəcəklərini bildirirlər. Bir tərəfdən də dəvənin ovsarını onun əlindən alıb Ümmü Sələmə ilə qucağındakı Sələməni dəvədən çoxdan düşürtmüşdülər. Bu bir ailə faciəsi idi. Sələmənin qohum-əqrabası körpə Sələməyə sahib çıxdığı halda, Ümmü Sələmənin qəbiləsi onun (ananın) uşağı ilə birlikdə getməsini istəmirdi. Aralarında böyük mübahisə meydana çıxır... Nəticə olaraq, Abduləsədoğulları körpə Sələməni, Müğirəoğulları isə ana Ümmü Sələməni götürüb öz tayfalarının yanına apardılar. Əbu Sələmə “əmin-amanlığa doğru addımlayıram” düşüncəsi ilə hicrət edərkən başına gələn bu faciəvi hadisənin şokunu yaşayırdı. Əlacsız idi, geri qayıtsa da, bir şey edə bilməzdi. Bir anda ailəsi dağılmış və hər bir ailə fərdi üçün ağrılı-acılı günlər  başlanmışdı.

Bundan sonra Ümmü Sələmə anamız, demək olar ki, hər gün Əbtah adlı yerə gəlir və ayrı düşdüyü körpəsi və ərinin hicranı ilə göz yaşı tökürdü. Bu vəziyyət düz bir il davam edəcəkdi. Bir il sonra həmin yerdən keçən bir qohumu Ümmü Sələmənin ah-naləsini görüb  onun bu halına acıyacaq və:

− Niyə bu yazıq qadınla bu cür rəftar edirsiniz? Buraxın, oğluna və ərinə qovuşmaq üçün istədiyi yerə getsin,−deyəcəkdi. Bu sözlərdən insafa gələn Ümmü Sələmənin digər qohumları onu buraxacaq, ardınca da Abduləsədoğulları körpə Sələməni ona qaytaracaqdı. Artıq Ümmü Sələmənin sevincinin həddi-hüdudu yox idi. İndi növbədə ərinə qovuşmaq və  keşmiş xoşbəxtliyi birgə yaşamaq vardı. Buna görə də, dərhal bir dəvəyə minir və Mədinəyə yola düşür. Təhlükələrlə dolu bir səfərdə və ucsuz-bucaqsız səhrada bir Ümmü Sələmə idi, bir də körpəsi. Qarşısına çıxan adamlardan kömək istəyərək yolu tapmağa çalışırdı. Günlər keçir və nəhayət, Tənimə qədər gəlib çatır. Burada Osman ibn Talhanı görmüş və ondan da gedəcəyi yeri soruşmuşdu. Hz. Osman Ümmü Sələməni tanımışdı və soruşur:

− Ey Ümeyyəoğullarının qızı, belə təkbaşına hara gedirsən?

− Mədinəyə, ərimin yanına, − deyir Ümmü Sələmə. Osmanı heyrət bürüyür. Neçə-neçə igidin bu yollarda qarşısına sədd çəkilmişdi.Necə böyük təhlükələri aşmışdılar. Buna görə yenidən soruşur:

− Buraya qədər yanında heç kim olmadanmı gəldin?

Təmkin və təvəkkül insanı Ümmü Sələmə anamız təvazökarlıqla cavab verir:

− Bəli! Vallah, bu uşaq və Allahdan başqa heç kim olmadan!

Həqiqətən də, heyrətamiz bir vəziyyət idi. Deməli, ürəkdən istəyəndən və səmimi olandan sonra qeyri-mümkün görünən işlər də nəticə verir və nadirən də olsa, bahar bir anlıq səhranın düz ortasında varid olub ətrafa yaşıllıq saça bilirdi. Amma indi əsas vəzifə Hz. Osmanın üstünə düşmüşdü və Hz. Osman:

− Vallah, səni gedəcəyin yerə çatdırmadan tək buraxmayacağam,− deyəcək və Ümmü Sələmə və oğlunu Əbu Sələmə ilə görüşdürmək məqsədi ilə dəvənin ovsarından tuta-tuta yola  düzələcəkdi. İstirahət üçün dayanmaq istəyəndə dəvəni çökdürür və Ümmü Sələmə daha rahat hərəkət edə bilsin deyə, özü də bir kənara çəkilirdi. Nəhayət, Qubadakı Amr ibn Avfoğullarının yurduna çatanda Hz. Osman əli ilə ərinin qaldığı yeri göstərərək:

− Bax, ərin bu kənddə qalır. Allahın inayəti ilə bundan sonrakı yolu özün də gedə bilərsən, − deyəcək və  yenidən geriyə − Tənimə yola düşəcəkdi.[10]

Süheyb ibn Sinan

Süheyb ibn Sinan uşaq vaxtı ailəsi ilə birlikdə Mosulda, Dəclə kənarında yaşayarkən rumlular (Bizans) tərəfindən əsir götürülmüşdü. Sonralar Kəlboğulları onu satın alaraq Məkkəyə gətirmişdilər. Artıq boynuna köləlik boyunduruğu taxılmışdı. Daha sonra da Abdullah ibn Cüdan onu satın alıb azad etmişdi. Amma Süheyb Abdullah ibn Cüdan ölənə qədər onun yanında qalacaqdı.

Süheyb Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) dəvətini eşidən kimi Ammar ibn Yasirlə İbn Ərkamın evinə gələrək müsəlman olmuşdu. Zəif və kimsəsiz olduğu üçün o da ən çox zülm və işgəncəyə məruz qalan möminlərdən idi. Nəhayət, qarşısına hicrət kimi bir  alternativ çıxmışdı. O da bütün bu məşəqqətlərdən xilas olacaqdı.

Bir gün o da hicrət etmək üçün yola düzəlmiş, Mədinə yolunu tutmuşdu.Məsələdən agah olan Qureyş  bu hicrətə imkan vermək niyyətində deyildi. Qarşısını kəsmiş:

− Sən bizim aramıza gələndə əliboş və pərişan halda idin. Nə qazanmısansa, burada, bizim yanımızda qazanmısan. İndi də özbaşına nəyin varsa götürüb getməyə çalışırsan, bu mümkündürmü? Vallahi, buna izn vermərik,−deyirdilər.

Süheyb əvvəlcə uzun-uzadı onlara baxır! Qureyşlilər elə sanırdı ki, Süheybin mal-mülkünü əlindən alsalar, o da getməkdən vaz keçəcək. Yalnız dünya mənfəətlərinə tapınan bu insanların, yolunda dünyanın fəda edildiyi dəyərlər barədə düşünməsi qeyri-mümkün idi. Buna görə də, Süheyb onlara:

− Ey Qureyş camaatı! Siz də yaxşı bilirsiniz ki, aranızdakı ən yaxşı oxatanlardan biriyəm. Vallah, əlimdəki oxlar qurtarana kimi əsla yanıma yaxınlaşa bilməzsiniz. Sonra da  qılıncım  parça-parça olanadək vuruşar, sizi özümə yaxın qoymaram. Əgər məni yox, əlimdəki mal-mülkümü istəyirsinizsə, onun yerini sizə deyim, istədiyinizi edin, − deyir.

− Mal-dövlətinin yerini göstər, biz də sənə mane olmayaq, − cavabını verirlər. Bu adamları başa düşmək olmurdu; dünya malına kölə olmuşdular. Süheyb təəccüb içində bir daha soruşur:

− Əgər bütün mal-dövlətimi sizə versəm, yolumdan çəkilib məni sərbəst buraxacaqsınızmı?

− Bəli, buraxarıq,− deyirlər istehzalı əda ilə... Bəlkə də, “Belə bir şey olmaz”, − deyə düşünürdülər. Amma Süheyb çox ciddi idi:

−  Oldu, elə isə, mən də bütün malımı sizə verirəm, − deyir.

Qureyşlilər məəttəl qalmışdılar. Necə olur ki, bir adam bütün malından, mülkündən əl çəkir, amma Məhəmmədül-Əminin hüzuruna varmaqdan vaz keçmirdi? Özləri Süheybin yerinə olsaydılar, ən ucuz  mallarını da itirməmək üçün həyat bahasına mübarizə aparar və lazım gələrsə, canlarını da əsirgəməzdilər. Həqiqətən də, təəccüb doğuran vəziyyət idi və Qureyşin məntiqinin bunu dərk etməsi də mümkün deyildi.

Süheybin bu igidliyi  özündən əvvəl Allah Rəsuluna (s.ə.s.) gəlib çatmışdı. Eşidər-eşitməz də:

− Süheyb necə böyük qazanc əldə etdi! Süheyb necə böyük qazanc əldə etdi! − buyuracaq, bu fədakarlığı qarşısına çıxan insanlara da danışacaqdı.[11] Cəbrailin gətirdiyi bəyan  da bu qazancı elan edirdi:

−  İnsanların eləsi vardır ki, Allahın rizasını qazanmaq üçün  öz canını satın alar. Allah, qullarına qarşı çox mərhəmətlidir.[12]

Hz. Ömərin hicrəti

Hz. Ömər igid və cəsur bir insan idi. Hicrət kimi mühüm bir məsələdə hər kəs xəlvət hərəkət edərkən, o, Mədinəyə hicrət edəcəyini açıq-aşkar elan etmiş, “Cəsarəti çatan filan yerdə qarşıma çıxsın” demişdi. Əlbəttə, bu cür hərəkəti hər kəsdən  gözləmək mümkün deyildi və hər kəs  də bunun öhdəsindən gələ bilməzdi. Ancaq bu, Ömər kimi bir insana çox yaraşırdı.

Hz. Ömər Mədinəyə hicrət qərarını Ayyaş ibn Əbi Rabia və Hişam ibnul As ilə birlikdə vermiş və ertəsi gün Tənadub adlı yerdə görüşərək birgə yola çıxmaq barədə vədələşmişdilər. Hətta bir səbəb üzündən, kimsə həmin yerə gəlməsəydi belə, gələnlər yola davam edəcək və beləliklə, birinə görə digərləri hicrətdən qalmayacaqdı. Çünki Qureyş əlindən qaçırdığı müsəlmanlara görə yanıb-yaxılır, geridə qalanların da əldən çıxmaması üçün hər vasitəyə əl atırdı.

Beləcə, vaxt-vədə gəlib çatmış, Hz. Ömər də evindən çıxmışdı. Ancaq ilk hədəfi razılaşdıqları kimi Tənadub deyil, Kəbə idi. Çox keçmədən, Hz. Ömər qılıncına qurşanıb kamanını çiyninə keçirmiş və bir əlində mizraq, bir əlində ox qabı Kəbəyə tərəf gəlirdi. Hz. Ömərin hicrət edəcəyindən bixəbər olanlar onu görəndə nə baş verəcəyini gözləməyə başlamışdılar. İnsanlar Kəbənin həyətinə dolub onu seyr edərkən Hz. Ömər əvvəlcə təvafa başlayır və Allahın evini yeddi dəfə təvaf edir. Sonra Məqamı-İbrahimə gəlir və burada iki rükət namaz qılır. Daha sonra oradakı hər bir dəstəyə yaxınlaşaraq müsəlmanlara rəva gördükləri bu qədər əziyyət və işgəncəyə görə əvvəlcə onlara:

− Qəhr olsun bu qara üzlər! Allah bu burunları da sürüm-sürüm süründürsün! − deyə üstlərinə hayqırır . Sonra da:

− Sizlərdən kim anasını göz yaşlarında boğmaq, övladlarını  və arvadını dul qoymaq istəyirsə, bu vadinin arxasında qabağıma çıxsın, − deyərək iman qarşısında cəbhə quranlara  açıq-aşkar meydan oxuyurdu.[13]

Əlbəttə, Hz. Ömər kimi bir insanın qabağına belə asanlıqla çıxa bilməyəcəklərini çox yaxşı bilirdilər. Onların gücü yalnız zəif və himayəsizlərə çatırdı və Hz. Ömər dediyi vadiyə doğru gedərkən müşriklər  yalnız  arxasınca  baxa-baxa qalmışdılar.

Hz. Ömər Hişam və Ayyaşla vədələşdikləri yerə gəlir. Amma orada onu təkcə Ayyaş ibn Rəbia gözləyirdi. Bundan başqa, Hz. Ömərin gəlişini gözləyən iyirmiyə yaxın adam da vardı. Bu adamlar tək hicrət etməkdənsə, Hz. Ömər kimi bir adama yoldaş olmağa üstünlük verən zəif və gücsüz insanlar idi.[14] Vədələşdikləri kimi bir müddət də Hişam ibnul Ası gözləyirlər, amma əbəs idi. Çünki məkkəlilər onun da hicrət edəcəyini anlamış  və  Hz.Hişamın yolunu kəsərək həbs etmişdilər.

Ayyaş ibn Rəbia

 Ayyaş ibn Əbi Rəbia ilk müsəlman olan səhabələrdəndir. Hələ İbn Ərkamın evi irşad mərkəzinə çevrilmədən müsəlman olmuş, təzyiq və zülmlər artınca Həbəşistana hicrət etmişdi. Məkkəlilərin müsəlman olması ilə bağlı yayılmış şayiədən sonra Məkkəyə qayıdanların arasında o da var idi. Amma bu qayıdış işgəncələrin və təzyiqlərin azalması demək deyildi. İndi Ayyaş da hərəkətə gəlmiş,  artıq yeni bir hicrət üçün yola düzəlmişdi.

Yol yoldaşı Hz. Ömərlə danışdıqları yerdə görüşdükdən sonra uzun və yorucu, amma nəticə etibarilə rahatlıq və əmin-amanlıq vəd edən bir səfərə çıxmışdılar. Düzdür, digər yoldaşları Hişamın gələ bilməməsinə kədərlənmişdilər, amma bu məqamda əllərindən bir iş gəlmirdi.

Günlərlə sürən yorucu səfərdən sonra, nəhayət, Qubaya qədər gəlmiş və burada istirahət etmək üçün fasilə vermişdilər. Bu vaxt arxadan gələn iki atlı diqqətlərini cəlb etmiş və onların da mühacir olduqlarını güman edərək gözləməyə başlamışdılar. Nə yaxşı ki, iki müsəlman da möhnətdən qurtulmuş və Mədinənin mədəni ab-havasına qovuşmaq üçün yolun sonuna yaxınlaşmışdılar!

Amma çox keçmədən ümidlərində yanıldıqlarını gördülər. Çünki gələnlər Əbu Cəhillə qardaşı Haris ibn Hişam idi. Bunların hicrətlə heç bir əlaqəsi ola bilməzdi! Əslində Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Əbu Cəhilin qapısına dəfələrlə getmiş, amma o, hər dəfə  Allah Rəsulunu təhqir etmiş, qapısına qədər gələn səadətdən üz döndərmişdi. On üç il idi ki, kin qusan bir firon bir günün içində düz yola gələ bilməzdi, amma kaş gələydi! EIə isə, bura qədər gəlməkdə nə məqsədləri vardı? Yoxsa Hz. Ömərin Kəbədə meydan sulamasına dözməyib onunla haqq-hesab çəkməyə gəlmişdi? Nə isə, məsələ az sonra necə olsa,  məlum olacaqdı.

Əbu Cəhil  Ayyaşı axtarırdı. İndi niyyətləri aydın idi, çünki Əbu Cəhil, Hişam və Ayyaş anabir qardaş idilər. Həm də Hz. Ayyaş Əbu Cəhilin əmisi oğlu idi. Sən demə, Əbu Cəhil əvvəlcədən plan qurmuş, ögey qardaşı Hz. Ayyaşı zəif damarından tutub Məkkəyə qaytarmaq üçün bura qədər at sürmüşdü. Əbu Cəhil Hz. Ayyaşa səslənir:

− Anan sən onu Məkkədə qoyub gedəndən sonra başına daraq vurmamağa əhd elədi. O, səni görməyənəcən günün altında dayanacaq və ölənə kimi də kölgəyə çəkilməyəcək!

Ayyaş çox ürəyiyumşaq adam idi və Əbu Cəhilin anası haqqındakı sözlərindən sonra bir az da kövrəlir. Əbu Cəhil də bunları bildiyinə görə belə danışır və ona təsir etmək istəyirdi. Onun bu halını görən yol yoldaşı Hz. Ömər isə məsələnin mahiyyətini öz fərasəti və bəsirəti ilə anlamışdı və:

− Ey Ayyaş! Allaha and olsun, bu adamlar bir bəhanə tapıb səni dininlə bağlı sıxıntıya salmağa çalışırlar. Amandır, onların sözlərinə aldanma! Allaha and olsun ki, ananın başına  bit düşən kimi məcbur qalıb saçlarını darayacaq. Məkkənin qızmar istisi  başına vurunca da məcbur qalıb kölgəyə çəkiləcək, − deyə ona xəbərdarlıq edirdi. Çünki Hz. Ömər yaxşı bilirdi ki, Əbu Cəhilin ipi ilə quyuya enmək olmaz. Bu, mütləq onun qurduğu bir tələ, planlaşdırdığı bir yalan idi.

Ancaq Ayyaş belə düşünmür, məsələyə sadəlövh yanaşırdı. Buna görə də, bir  yol tapıb anasının yanına getməli, onu bu əhdi ilə düşdüyü çətin vəziyyətdən xilas etməli idi. Həmçinin Məkkədə hələ yarımçıq qalmış işləri vardı və bu arada onları da səhmana salar, yenidən Mədinəyə yollanardı!

Yoldaşının geriyə qayıtmaq istədiyini görən Hz. Ömər bir addım da atacaq və belə bir təklif irəli sürəcəkdi:

− Məkkədə qalan var-dövlətini fikirləşirsənsə, bunu özünə dərd eləmə. Sən də bilirsən ki, mən mal-mülkcə Qureyşin varlı adamlarından biriyəm. Sərvətimin yarısı sənin olsun, yetər ki, sən onlarla  getmə!

Amma Ayyaş artıq qərarını vermişdi və təkid etməyin də bir mənası yox idi.

Onun başına gələcəkləri, sanki, öncədən görmüşdü Hz. Ömər. Bəlkə də, Əbu Cəhili yaxşı tanıdığı üçün idi, çünki Əbu Cəhil kimi bir firon təkcə anasının əhdini xəbər vermək üçün bu qədər yol gəlməz və başqasına görə tər tökməzdi. Hz. Ömər buna görə Ayyaşa kömək etmək istəyirdi. Bir həmlə də edir, onsuz da,  Ayyaş gedəcəkdi. EIə isə, yolda başına bir iş gəlsə, əldən iti tərpənmək  üçün bir vasitə olmalı idi. Ona görə də belə deyir:

− Madam ki gedirsən, mənim dəvəmə min və onunla get. Çünki bu, cins və sürətli dəvədir. Əgər yolda bu adamların pislik edəcəyini  hiss etsən, dərhal onun üzərinə atılar  və qaçıb  xilas olarsan.

− Yaxşı, − deyir Ayyaş. Hz. Ömərin dəvəsinə minib gələnlərlə birlikdə Məkkəyə dönür. Bir müddət yol getdikdən sonra Əbu Cəhil Ayyaşa səslənir:

− Ey anamın oğlu! Vallah, dəvəm çox yoruldu, güclə yeriyir. Bir az dəvənin tərkinə minməyimə nə deyirsən?

Məsum bir xahişə oxşayırdı və Ayyaş da sadəlövhlüklə:

− Olar, − cavabını verir. Dəvələri saxlayırlar və Əbu Cəhil  Hz. Ayyaşın tərkinə minir. Bir müddət də bu cür gedirlər. Elə bu vaxt Əbu Cəhil ani həmlə ilə arxadan Hz. Ayyaşı iplə bağlayır. Bu əsnada əvvəlcədən razılaşdıqları kimi, digər qardaşı Haris də gəlmiş, bir də əllərindən qurtulub qaça bilməsin deyə Hz. Ayyaşın əl-qolunu möhkəm-möhkəm bağlamışdı.

Hz. Ayyaş Hz. Öməri (r.a.) dinləmədiyinə görə yanıb-tökülürdü. Heç Əbu Cəhil kimi bir firona da inanıb yola çıxardılarmı? Ayyaş xoş niyyətliliyini etimadla ölçüb-biçmədiyi üçün min dəfə peşman olmuşdu, amma sonrakı peşmançılıq fayda verməzdi.

Məkkəyə girəndə günün günorta çağı idi. Əbu Cəhil Ayyaşdan öz ­siyasi məqsədləri üçün istifadə edəcək, məkkəlilərə belə səslənəcəkdi:

− Ey Məkkə xalqı! Yaxşı baxın! Biz öz səfehimizi necə tutub gətirmişiksə, siz də öz axmaqlarınızla eyni cür davranın və onları qətiyyən əlinizdən qaçırmayın![15]

Əbu Cəhilin küfr naminə ortaya qoyduğu təşəbbüs, həqiqətən də, görülməyə və öyrənilməyə dəyərdi. Amma o, müsəlmanların əleyhinə işləyirdi. Onun bu səylərini xeyirə çevirmək isə iman cərgəsində bundan da artığını nümayiş etdirməklə mümkün idi.

Hz. Ayyaşın başına gələnləri eşidən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) baş verənlərdən kədərlənəcək, mübarək əllərini açacaq Vəlid ibn Vəlid və Sələmə ibn Hişamla bərabər Ayyaşın adını da zikr edərək zülmə məruz qalan bütün müsəlmanlar  üçün dualarla  Rəbbinə yalvarıb  nüsrət diləyəcəkdi.[16]

Darun-Nədvədəki qərar

Bütün təzyiq və maneələrə baxmayaraq, hicrət davam edirdi. Əbu Sələmə ilə başlayan hicrət mərhələsinin üstündən artıq üç ay ötmüşdü. Məkkədə işgəncələrə məruz qalan qul və əsirlərdən başqa hicrət etməyən sadəcə Allah Rəsulu (sallallahu əleyhi və səlləm), Hz. Əbu Bəkir və Hz. Əli qalmışdı. Hz. Əbu Bəkirlə Hz. Əlinin hicrət arzusunu təxirə salan Rəsulullah (sallallahu əleyhi və səlləm) idi. Deməli, artıq növbə onlara çatmışdı. Məkkəlilər fikirləşirdi ki, əgər bunlar da köçüb Mədinədə məskunlaşarsa, döyüşdə təcrübəli olan evsli və xazrəclilərlə mübarizədə Məkkənin başı dərddən ayrılmaz, yay-qış aylarında Şam və Yəmən istiqamətində apardıqları ticarət təhlükə altına düşər və bir daha rahatlıq tapa bilməzdilər.

Halbuki, hələ hər şey qurtarmamışdı və işi başdan həll etmək imkanları var idi. Buna görə də təcili tədbirlər görülməli və məsələyə son nöqtə qoyulmalı idi.

 Səfər ayının iyirmi altısı, bazar ertəsi...

Nəhayət, məkkəlilər günortaya yaxın yığışacaq, vəziyyəti qiy­mət­ləndirib  durumla bağlı son strategiyanı müəyyən edəcəkdilər. Buna görə də, həmişəki məşvərət məclisləri keçirilən Qusayy ibn Kilabdan qalma Darun-Nədvədə toplaşaraq öz aralarında məsləhətləşməyə başlayırlar. Bu əhəmiyyətli qərar üçün çağrılan məclis Əbu Cəhil, Cübeyr ibn Mutim, Tuaymə ibn Adiy, Haris ibn Amir, Utbə və Şeybə ibn Rəbia qardaşları, Əbu Süfyan, Nadr ibn Haris, Əbul-Bahtəri, Zəma ibn Əsvəd, Hakim ibn Hizam, Nübeyh və Münəbbih ibnil-Haccac qardaşları ilə Ümeyyə ibn Haləfdən ibarət idi. On dörd ildir davam edən bir məsələni kökündən həll etmək istəyirdilər. İşi çox gizli aparırdılar; yaşı qırxdan az olanları  məclisə buraxmır, içəridə danışılanların kənara sızmamasına ciddi-cəhdlə çalışırdılar.

Bu vaxt tanımadıqları, başı sarıqlı, əyni-başı pal-paltarı yöndəmsiz  və Nəciddən olduğunu deyən yaşlı bir adam gəlmiş, heyətə qatılmaq üçün qapıda gözləyirdi. Təlaşla:

− Bu qoca kimdir? − deyə soruşurlar.

− Nəcidli bir ixtiyaram, sizin dayı oğullarınızdan. Burada çox mühüm bir iş üçün yığışdığınızı eşitdim, bəlkə, mənim də sizə bir xeyirim dəyər deyə, gəldim. İstəmirsinizsə, çıxıb gedərəm, − deyir.

− Dayıoğlu demək bizdən olmaq deməkdir. Bu adam Nəciddən gəlib aramızda casusluq edəsi deyil ki... Həm də məkkəli deyil − deyib, onu da içəri dəvət edirlər.

Nəhayət, məşvərət başlayır. Məclisi Əbu Cəhil  idarə edirdi. Sözə belə başlayır:

− Bu adamımızın  vəziyyəti göz qabağındadır. Əgər aramızdan çıxıb getsə və başqa yerdə qüvvə toplayıb üstümüzə hücum çəksə, daim başımız ağrıyacaq. Belə bir vəziyyətdən qurtulmaq üçün fikirlərinizi bildirin və bura yığışmağınızın müqabilində bir çıxış yolu tapın.

Əbul-Bahtəri:

− Onu dəmirlə bağlayıb həbs edin, üzünə qapıları da qıfıllayıb göz­ləyin. Hər necə olsa da, əvvəlki şairlərin başına gəldiyi kimi, bir gün o da qocalacaq və ölüb gedəcək, − deyirdi. Nəcidli qoca:

− Vallah, mən bu fikirdə deyiləm. Çünki bununla məsələni birdəfəlik həll etmək olmaz. Dediyiniz kimi, Onu həbs etsəniz, bu xəbər qapı və divarlar arxasında qalmaz, yoldaşlarına çatar. Sonra da üstünüzə hücum çəkər,  Onu əlinizdən alıb aparar və kənarda güc toplayıb yenə üstünüzə gələrlər. Bu, qətiyyən həll yolu deyil, siz başqa həll yolu axtarın! − deyir.

Bu dəfə Əsvəd ibn Rəbia qabağa çıxır:

− Onu aramızdan çıxarıb sürgün edək, hara gedir getsin! Bununla da, Ondan canımız qurtarar. Bizdən ayrılandan sonra, vallah, Onun harada məskunlaşması bizi heç maraqlandırmaz, − təklifini verir. Bu fikir də həmin qocanı razı salmamışdı. Bu dəfə də etiraz edir:

− Vallah, bu da düzgün deyil. Sözündəki gözəlliyi, məntiqindəki düzgünlüyü və əxlaqındakı lətafəti görmürsünüzmü? Bunlar insanların qəlbinə nüfuz edər və O, bir gün yenə qarşınıza  çıxar. Əgər siz bu cür davransanız, vaxt gələr, O, özünün üstün keyfiyyətləri  ilə kütlələri hərəkətə gətirər və yenə siz Ona beyət edən qəbilələri öz qarşınızda görərsiniz. Gələr və əlinizdə olanlara göz dikərlər və o vaxt da əlinizdən bir şey gəlməz. Ən yaxşısı, siz başqa çarə fikirləşin!

Məclisdə qəribə vəziyyət vardı. Məkkəlilər öz aralarında məsələni həll etmək üçün   yığışmışdılar, amma nəcidli qoca onlardan daha fəal çıxmışdı. Yaxşı ki, onun məclisə girməsinə razı olmuş və tanımadıqları üçün çöldə qoymamışdılar.

Yığıncağa rəhbərlik edən Əbu Cəhilin də nəcidli qocanın fikirlərindən xoşu gəlmişdi. Onun qənaətincə də, bir az  əvvəl səsləndirilən fikirlər qəti həll yolu ola bilməzdi. Ancaq başqa bir variant da yox idi. Gözlər nəcidli qocanın fikirlərini təsdiq edən Əbu  Cəhilə zillənir. Elə Əbu Cəhil  də növbənin ona çatmasını gözləyirdi:

− Baş sındırdığınız bu məsələdə mənim də bir fikrim var,− deyir.

− Nə fikirdir, ey Əbal-Hakəm? − deyə hamı maraqla soruşur. Əbu Cəhil:

− Mənə qalsa, qəti həll variantı, hər qəbilədən əli silah tutan, çevik və cəsur, atdığını vuran və vurduğunu da yıxan cavanlar seçməkdir. Hamısı birdən iti qılıncları ilə hücum etsin və bir həmlədə Onun işini bitirib öldürsün və sizin də Ondan canınız qurtarsın, rahat olun! Onu bu cür öldürüncə qanı qəbilələrin üstündə qalar və beləliklə də, Abdimənafoğulları bu qədər tayfa ilə döyüşməyə cəsarət etməz və əlacları qanpulu almağa qalar ki, onu da biz ödəyərik. Və beləcə, bir qanpulu ödəməklə bu  işin axırına çıxarıq!

Nəcidli qoca yenə müdaxilə edir, amma bu dəfə başını “Bax, bu ayrı məsələ” mənasında tərpədib belə deyir:

− Bax, əsl fikir bu qardaşın sözüdür. Mən də başqa yol bilmirəm.

Artıq qərarlarını vermişdilər, razılaşdıqları planı həyata keçirərək Hz. Məhəmmədi (sallallahu əleyhi və səlləm) öldürəcəkdilər. Yığı­şarkən tədbirli tərpəndikləri kimi, eyni ehtiyatla  da Darun-Nədvədən evlərinə dağılışdılar. [17]



[1]. Bax: “Nisa” surəsi, 4/97
[2]. Buhari, Sahih, 3/1326 (3425) ; Muslim, Sahih, 4/1779 (2272)
[3]. Bax: “Əhqaf” surəsi, 46/9
[4]. Bax: Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 395
[5]. İbn Hişam, Sire, 2/314
[6]. Mədinənin digər adıdır.
[7]. Bax: ibn Hişam, Sire, 2/298-299; ibn Kayyim, Zadü’l-Mead, 3/40, 52; Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 142 və b.
[8]. Kastallani, İrşadu’s-Sari, 1/55
[9]. Buhari, Sahih, 1/3 (1)
[10]. Bax: ibnü’l-Esir, Üsüdü’l-Ğabe, 1/1442. Ümmü Sələmə anamız Osman ibn Talhanın bu fədakarlığını və həssaslığını heç vaxt unutmamış və həmişə bir fəzilət nümunəsi kimi başqalarına da danışmışdı.
[11]. Bax: ibn Kesir, el-Bidaye ve’n-Nihaye, 3/173; ibn Sa’d, Tabakat, 3/338
[12]. Bax: “Bəqərə” surəsi, 2/207
[13]. İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 1/819 ; Halebi, Sire, 2/183, 184
[14]. Bax: ibn Sa’d, Tabakat, 3/271 ; Beyhaki, Sünenu’l-Kubra, 9/13 (17534)
[15]. İbn Hişam, Sire, 1/322
[16]. Bax: Buhari, Sahih, 1/277 (771); ibnü’l-Esir, Üsüdü’l-Ğabe, 4/308, 309
[17]. Halebi, Sire, 2/189, 190