2. 827 dəfə oxunub ,   0 şərh   Çap et

Qanadı sınmış hüd-hüd quş tükündən olan xərəyin içində inildəyirdi. Yarası ağırdı, dözmək çətindi. Gah sınıq qanadına baxır ah çəkir, gah da göylərə baxıb dad diləyirdi. Qohum-əqrəba, dost-tanış, hamı başına toplaşmış, dərdinə əlac olmağa çalışırdılar. Həkim quş yaraya məlhəm sürtdükcə hüd-hüdün ağrısı daha da şiddətlənirdi.

Məsələni bu yerdə qoymaq olmazdı. Hüd-hüd heyəti qərarını verdi: Ədalət öz yerini tapmalıdır.

Quş dəstəsi toplaşdı, sıraya düzüldü, xərəkdə yatan yaralı hüd-hüdü də qanadlarına alıb havalandı. Yüzlərlə hüd-hüd ədalətin qapısını döyməyə üz tutdu. Baiskar tapılmalı və cəzalandırılmalı idi.

Süleyman peyğəmbər məbəddə diz çöküb dərin düşüncələrə dalmışdı. Atası Davudu, Allahın bəxş etdiyi səltənət və peyğəmbərlik lütfünü düşünüb gözlərindən gilə-gilə şükür yaşları tökürdü.

Qapı döyüldü, sadiq vəzir əmrə-müntəzir şəkildə içəri daxil oldu. Üzündə təşviş vardı. Görünür, xoşagəlməz bir hadisə baş vermişdi.

Vəzir hüd-hüd dəstəsinin hüzuruna gəldiyini, bir hüd-hüdün ağır yaralandığını, bir dərvişdən şikayətçi olduğunu Süleyman peyğəmbərə xəbər verdi.

Süleyman peyğəmbər tacı başına qoyub taxtına əyləşdi. Onun əzəmətli görünüşü taxtında daha da ehtişamlı görkəm aldı.

Sarayın qapısı açıldı, quş dəstəsi içəri daxil oldu. Bir müddət havada qanad çalıb səssizcə mərmər döşəməyə qondu. Saray əhli öz yerlərini almışdı.

Söz Süleyman peyğəmbərdə idi:

– Buyur ağsaqqal hüd-hüd, nədir şikayətin, nədir dərdin? De görüm, bu yazıq quşu kim bu günə salıb?

Dəstənin başçısı Süleyman peyğəmbərə ehtiramla təzim edib başladı məramını çatdırmağa:

– Ey ədalətli hökmdar! Ədalətin bütün cahana əyandır. Biz də sənin qapına gəldik. Çarə qıl bizə, kömək ol bu yaralı binəvaya. Qoy ədalət öz yerini tapsın, baiskar cəzalandırılsın.

İzin versəniz hər şeyi zərərçəkən özü danışar, – dedi və azacıq geri çəkildi.

Xərəyin içində ağrıdan inildəyən yaralı hüd-hüd ha çalışdı ki, başını qaldırsın, ayaq üstə dərdini söyləsin, amma bacarmadı. Mərhəmətli hökmdar əlinin işarəsi ilə onu uzanmış vəziyyətdə dinləməyə hazır olduğunu bildirdi.

– Ey adil hökmdar! Sənə pənah gətirmişəm. Ulu Allah şahidimdir, mənə haqsızlıq edildi. Nahaq yerə qanadım sındırıldı.

Süleyman peyğəmbər belini dikəltdi:

– Daha ətraflı danış görək, mən də hökmümü verim! Kimdir sənə zülm edən, qanadını sındırıb səni bu hala salan? – dedi.

Yaralı hüd-hüd başına gələnləri danışmağa başladı:

– Özüm üçün bağda uçurdum. Quşlarla, kəpənklərlə oynayırdım. Nəğmələr söyləyib gözəl təbiətdən həzz alırdım. Elə bu vaxt bir dərviş gəldi və qanadımı sındırdı. Məni bu hala saldı. İndi onun ucbatından daha uça bilmirəm. İstərəm ki, o dərviş cəzasına çatsın.

Süleyman peyğəmbər dərhal dərvişi tapdırıb hüzuruna çıxartdırdı.

– Ey dərviş, bu quş şəndən şikayətçidir. De görüm qanadını niyə sındırmısan?

Dərviş təzim etdi, cübbəsini səhmana saldı, saqqalını tumarlaya-tumarlaya başladı özünü müdafiəyə:

– Ey əlahəzrət, ey, ədaləti dillər əzbəri hökmdarım, peyğəmbərim! Bağda gəzirdim. Quşların cəh-cəhindən, çeşmələrin şırıltısından, yarpaqların xışıltısından feyz alırdım. Birdən qarşımda bu gözəl-göyçək quşcuğazı gördüm. Dedim bu quş mənim olmalı, mənim üçün nəğmələr söyləməlidir.

Bir addım yaxınlaşdım, uçmadı. Bir addım daha, yenə tərpənmədi. Cübbəmi çıxarıb üstünə atıldım. Neyləyim ki, qanadının biri altımda qalıb əzildi.

Ey adil hökmdar! İndi sən de görüm, burada kimdir müqəssir?

Süleyman peyğəmbər qaşlarını çatdı və üzünü çevirdi xərəkdə mat-məəttəl dərvişə qulaq asan yaralı hüd-hüdə:

– Hmmm, yaralı quş! Dərvişi eşitdin. Səncə haqlı deyil? Niyə ondan uçub uzaqlaşmadın, niyə canını təhlükəyə atdın? İndi gəlib burada şikayət edirsən, özünü qorusaydın, bu günə düşməzdin!

Hüd-hüdün iniltisi qəhərdən boğazında düyün olub qaldı. Yerində qurcuxdu, başını qaldırmağa çalışdı, amma taqəti çatmadı.

– Ey ədaləti cahana yayılan sultanım! Bağda şad-xürrəmdim, güldən-gülə qonur nəğmələr söyləyirdim. Birdən qarşımda əynində dərviş libaslı bir nəfər gördüm. Ovçu olsa, sizə deyim ki, dərhal uçar, canımı qurtarardım. Dedim dərvişdir, dedim ondan mənə zərər gəlməz. Dedim Allahdan qorxan bəndədir. Amma heyhat ümidlərim puça çıxdı.

Hökmdar əmr etdi:

– Quş haqlıdır, dərviş dərhal cəzalandırılsın, qanadı əvəzinə qolu qırılsın!

Yaralı hüd-hüd iniltili səsi ilə, bir qanadını çırparaq acizanə etirazını bildirdi:

– Ey hökmdarım, ey, əlahəzrət! Bu bəndənizin bir ricası vardı, lütf edib onu dinlərdiniz?

Fikirli-fikirli yaralı hüd-hüdə baxan Süleyman peyğəmbər:

– “Buyur!” – dedi.

– Ədalətli hökmdarım, nə olar ona belə bir cəza verməyin!

Təəccüblənən hökmdar çənəsini qaşıdı və:

– De görüm, niyə? – dedi.

– Hökmdarım, dərvişin qolunu qırdırsanız, bir gün qolu sağalar, lakin o, əməlindən əl çəkməz. Yenə yazıq quşların qol-qanadını sındırar, həyatını zindan edər. Siz ən yaxşısı əynindəki dərviş cübbəsini çıxarın və ona cübbə geyinməyə qadağa qoyun. Qadağa qoyun ki, mənim kimi quşlar bundan sonra dərviş libasına baxıb aldanmasın…

İlkin Abdulla




Bənzər məqalələr

Axı əriyir…

Bir nəfər də buz satırdı. Yüksək dağların mağaralarından qoparıb gə­tirmişdi. Buz əriyib ziyan olma­dan bir an öncə onları satmalı idi. İqtisadi durğunluq olduğu üçün istədiyi kimi buzu sata bilmirdi. Ancaq bir tərəfdən də yüksələn günəş buzları əridirdi. Tək sərmayəsi olan buzları gözü önündə əridikcə, adamın içi də əriyirdi.

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Ən zəif kimdir?

Allah dostlarından İbrahim Ədhəm bir gəmi ilə səyahət edir. Səyahət zamanı gəmidə olan bir təlxək adamları güldürüb-əyləndirir ki, bir şey qoparsın. Birdən gözü İbrahim Ədhəmə sataşır. “Dayanın, bu dərvişə də bir əl atım” – deyərək onu ələ salmağa, gülməli hərəkətlər etməyə başlayır. İbrahim Ədhəm də ona baxıb nəfsinin cilovunu çəkir və səbir edib heç bir […]

Bu günün işini sabaha qoyma

Raşidi xəlifələrdən beşincisi sayılan Xəlifə Ömər bin Əbdüləziz (682-720) işinə bağlı və işini sevən həqiqi dövlət adamı idi. Bir gün işləməkdən yorğun düşmüşdü. Dostları: “Özünü niyə bu qədər yorursan. Qalan işləri də sabah görərsən”, – dedilər. O böyük insan isə qulaqlara sırğa olan bu cavabı verdi: “Bu günün işi məni yordu, sabah iki günün işi birləşsə, onda nə edərəm?”

Hədiyyə qutusu

Bəzən həyatda Allahın bizə təqdim etdiyi bir çox nemətlərlə qarşılaşırıq, ancaq sırf biz istədiyimiz kimi “bağlanmadığı” üçün (elə o hədiyyə bağlamasında olduğu kimi) yanından heç bir şey yox imiş kimi ötüb keçirik.


Şərh yaz