Mənəviyyata Açılan Pəncərə

Hz. Əminənin vəfatı

Allahın ən sevgili qulu balaca Məhəmməd bir müddət də anası Hz. Əminə ilə birlikdə qaldı. Hz. Əminə uşağa atasının yoxluğunu hiss etdirməməyə çalışırdı. Məhəmməd tez-tez babası Abdulmuttaliblə birlikdə gəzir, bəzən də əmiləri ilə xoş vaxtlar keçirirdi.

Həzrəti Əminənin qəlbində Mədinə sevgisi yüksəlmişdi. Həm qohum-əqrəbalarına baş çəkmək, həm də burada vəfat edən əri Abdullahın məzarı üstündə ona dua etmək üçün ərindən yadigar qalan Ümmü Əyməni və yeganə övladı Məhəmmədi də götürüb yola düşür. Mədinəyə qədər gəlirlər. Keçmiş xatirələr canlanır; bir tərəfdən gözlərdən sevinc süzülür, digər tərəfdən isə boğazlarda kədər buğumları düyünlənirdi. Sultanlar Sultanı balaca Məhəmməd dünya gözü ilə görə bilmədiyi atasının qəbrini ziyarət edir və qiyabi olaraq ona dua edirdi. Boynu bükükdü. Bəlkə də, qəlbində ilk dəfə  olduğunu hiss etmişdi. Bundan hüznlənən ana da çox təsirlənmişdi.

Çox keçmədən ana Hz. Əminə də burada xəstələnir. Xəstəliyi getdikcə şiddətlənir və ağırlaşır. Mədinəyə gəldikdən bir aya yaxın vaxt keçmişdir və imkan düşən kimi, Məkkəyə qayıtmaq lazım idi. Hər şeyə rəğmən, yola çıxırlar.

Əbva adlı kəndə yaxınlaşanda Hz. Əminənin xəstəliyi dözülməz həddə çatır. Dizlərində təpər  qalmamışdı; addım atmağa belə taqəti yox idi. Əlacsız qalıb bir ağacın kölgəsində dayanırlar. Görünür, bu dünyadakı bərabərlik buraya qədərdi və Hz. Əminə dünya ilə vidalaşırdı.

Məhzun ananın gözləri bir ara gələcəkdə bir çox mühüm işlər gözlədiyi oğluna zillənmişdi. Göz yaşı tökür, könlü hüzn içində boğulurdu. Onsuz da  olan yeganə oğlunu bu kimsəsiz səhralarda bir də  qoyub gedəcəkdi. Yanaqlarından süzülən göz yaşları Ümmü Əyməni və balaca Məhəmmədi də ağlatmış, sanki bütün Əbva yasa bürünmüşdü. Ana ilə oğul arasında təsvir edilməz duyğu seli cərəyan edirdi. Nəhayət, məxmər kimi yumşaq əllərini ovuclarına alıb bircə balasını uzun müddət süzdükdən sonra bunları söyləməyə başlayır:

− Allah Səni mübarək etsin! Sən, Məliki-Mənnan   olan Allahın inayəti ilə dəhşətli ölüm oxundan yüz dəvə müqabilində xilas olan atanın oğlusan! Əgər yuxuda gördüklərim doğrudursa, Sən Cəlal və Kərəm sahibi Allah tərəfindən bütün bəşəriyyətə göndəriləcək Peyğəmbər olacaqsan. İnsanlara halalı və haramı bildirəcək, yaxşılıq timsalı baban İbrahimin gətirdiklərini təslim edib tamamlayacaq və Allahın yardımı ilə Sən insanların keçmişdən  adətə çevirdikləri bütlərdən də uzaq olacaqsan.

Hz. Əminə bu sözləri deyərkən çox arxayın idi. Sanki bu sözlərlə yeganə və kimsəsiz övladını hər şeyin Sahibinə əmanət edirdi. Ardınca bu sözləri əlavə edir:

− Ölüm, canı olan bütün varlığa bir göz qırpımı qədər yaxındır. Hər təzə də köhnəlməyə məhkum və hər böyük də fəna (məhv) olmağa müntəzirdir. Budur, mən də bu gün ölürəm. Ancaq adım əbədi qalacaq. Çünki mən pak bir övlad dünyaya gətirmişəm və bu gün ən xeyirli olanı burada, bu dünyada qoyub gedirəm.[1]

Bunları söyləyib gözlərini əbədi yumur, son nəfəsini verir. Beləliklə, Mədinədə atasından sonra, gələcək Son Peyğəmbərin adına bir imza da Əbvada atılır (atasını bağrına basan Mədinə kimi, Əbva da anasını ağuşuna alır).

Bəlkə də, Allah Onun valideynlərini oğullarına qarşı minnət altında saxlamamaq və ata-analıq mərtəbəsindən mənəvi övlad səviyyəsinə salmamaq üçün öz dərgahına aparmış, bununla onları məsud etdiyi kimi, Sevgili Peyğəmbərini də məmnun etmək istəmişdi. Onlar zahirən ümmət olmamışdılar, amma bununla Allah (cəllə cəlaluhu) onları da mənəvi ümmət mərtəbəsinə yüksəltmiş, digər ümmətin fəzilət, məziyyət və səadətini də onlara ehsan etmişdi.[2]

Məlumdur ki, Peyğəmbərimizin anası və atası Hz. İbrahimdən qalan “hənif” düşüncəsinə uyğun bir həyat yaşayırdı. Eyni zamanda, onlar hələ təbliğ dövrünün başlamadığı “fətrət” dönəminin insanları idi. Xüsusilə də, anası Hz. Əminənin sözlərindən də aydın olur ki, onlar bu sağlam və tərtəmiz anlayışı mənimsəmiş nadir insanların arasında idilər ki, dünyanın ən xeyirli övladını insanlıq aləminə əmanət etmiş,  eləcə, axirət yurduna köçmüşdü.

Tarixin miladi təqvimlə 576-cı ili göstərdiyi bu dövrdə Peyğəmbərimiz tək-tənha qalmışdı. Yanında təkcə Ümmü-Eymən vardı. Bundan sonra o, analıq və atalıq vəzifəsini çiyninə  götürəcək və onların yoxluğunu hiss etdirməməyə çalışacaqdı. Buna görə də, Allah Rəsulu (s.ə.s.) onun barəsində: “Anamdan sonra ikinci anam”,[3] − ifadəsini işlədəcək və bir müddət sonra onu azadlığa qovuşduracaqdı.

Çox keçmədən, Həbibi-Zişan Peğəmbərimiz Məhəmməd Ümmü -Eymənlə birlikdə Məkkəyə qayıtdı.



[1]. İsfehani, Delail Nübüvve, 119, 120
[2]. Bax: Bediuzzaman, Mektubat, 28. Mektub, Sekizinci Mesele, Yedinci Nükte, s. 566-567
[3]. El-Hindi, Kenzu’l-Ummal, 12/276 (34417)