1. 359 dəfə oxunub ,   0 şərh   Çap et

Rəhbər vəzifədə işləyən şəxslər özlərinə köməkçi seçərkən nələrə diqqət etməlidir? Uca Allahdan vəhy gəldiyi halda, Həzrət Musanın (ə.s.) özünə vəzir[1] (köməkçi, müşavir, məsləhətçi) istəməsini necə başa düşməliyik? 

Bütün peyğəmbərlər möminlər üçün bir rəhbər, onların həyatı isə nümunədir. Çünki peyğəmbərlərin hamısı İslam peyğəmbəridir.[2] Allah-Təala Quranda bəzən açıq, bəzən də üstüörtülü surətdə onlara tabe olmağı əmr etmişdir. Məsələn: Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər  və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir![3] ayəsi ilə Həzrət Məhəmmədin (s.a.s.) möminlər üçün rəhbər olduğunu bəyan edir. Bənzər ifadə Həzrət İbrahim (ə.s.) üçün də işlədilmişdir:İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır.[4] İki ayrı peyğəmbər nümunə verildiyinə görə, Həzrət Musanın Haqq-Təaladan vəzir, yardımçı istəməsində də bizim için önəmli dərslər var.

Əvvəlcə hadisənin necə baş verdiyinə nəzər salaq. Allah yüksək fətanətli[5] Həzrət Musaya (ə.s.) peyğəmbərlik verərək onun vəhylə Firona göndərmişdi. O, Allahdan aldığı bu vəhyi sadəcə Firona təbliğ etməyəcəkdi. Fironun yanında Haman və Qarun kimi vəzirlik edən əyanlar da vardı. Hamanın vəzifəsi, Fironun gördüyü haqlı-haqsız bütün işlərə məntiqi əsas tapmaq, həmişə onu alqışları ilə ovsunlamaq idi. Qarun isə külli miqdarda sərvəti altında “əzilən” zənginlərdən idi. Həzrət Musa belə qarmaqarışıq bir topluluğun qarşısına çıxmalı idi. Onlara o günə qədər heç eşitmədikləri və xəbərləri olmayan bir mövzuda İlahi vəhyi təqdim edəcəkdi.

Həzrət Musa (ə.s.) Fironun sarayında böyümüş, uşaqlıq və gənclik illəri burada keçmişdi. Bu ola bilsin ki, onun düşüncəsinə təsir edirdi. O günə qədər Firon və əyanlarını rəhbər və idarəçi kimi görmüşdü. Firon da Həzrət Musaya oğlu və ya qardaşı kimi münasibət göstərmişdi. O dövrdə Misirdə kasta sistemi vardı. Cəmiyyət müxtəlif təbəqələrə bölünmüşdü. Yəhudilər ən alt kastaya aid idi. Ehtimal ki, Firon Musanın (ə.s) yəhudi olduğunu bilirdi və ilahi mesajı təbliğ edərkən ona da bu nəzərlə baxa bilərdi.

Yuxarıda sadalananları nəzərə alaraq, Həzrət Musanın Allahdan vəzir istəməsi onun fətanət və fərasətini göstərir. O elə ilk başdan fətanəti ilə işin nə qədər mürəkkəb və çətin olduğunu anlamışdı. Buna görə də Uca Allahdan:Mənə öz ailəmdən bir vəzir (köməkçi) ver – Qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et[6] – deyərək qardaşı Harunu özünə köməkçi peyğəmbər verməsini istədi. Həzrət Harun, Həzrət Musaya görə bir az sərbəst böyümüşdü. İsrailoğluları arasında yaşamışdı. Özü də peyğəmbər nəslindən gəldiyi üçün, həmişə onlara dini söhbətlər etmişdi. Yəni, onun bu mövzuda konkret təcrübəsi vardı.

Həzrət Musanın peyğəmbərlik vəzifəsində yardımçı istəməsini bu cür də anlaya bilərik. İnsan yüksək vəzifə sahibi birinin yanına tək başına çıxarkən özünü narahat hiss edə bilər. Buna görə də fikrini tam izah etməkdə çətinlik çəkər. Ola bilər ki, Həzrət Musa da, arxa-dayaq olması, önünü açması və Allah tərəfindən göndərilən vəhyi düzgün çatdırması üçün özünə köməkçi istəmişdi.

Həzrət Musa qissəsinə nəzər saldıqdan sonra bu hadisənin dövrümüzə baxan yönlərinə keçə bilərik. Bu qissənin iki yönü var:

  1. Fironun ətrafındakı köməkçilər.
  2. Həzrət Musanın (ə.s.) xeyirxah yardımçı kimi qardaşı Harunu (ə.s.) tələb etməsi, onunla dəstəklənmək istəyi.

Əhəmiyyətli vəzifədə olan və önəmli işlər görənlərin yanında həmişə etibarlı, işini bilən məsləhətçi, yardımçı olmalıdır. Köməkçi əskiklikləri tamamlamalıdır. Onlar da öz növbəsində yanlış addımı atarkən tabe olduğu şəxsi xəbərdar etməlidir. Bu səbəbdən fərasətli, fətanət sahibi köməkçi və ya məsləhətçiyə ehtiyac var.  

Məsləhətçi seçimi

Bəli, vəzifəli şəxslərin yanında köməkçi, məsləhətçi olmalıdır. Əsas məsələ düzgün və uyğun məsləhətçi seçməkdir. İdeal məsləhətçinin müəyyən vəsfləri olmalıdır ki, o hər hansı məsələyə müdaxilə edə bilsin. Əks təqdirdə məsləhətçi xeyirdən çox zərər verə, hətta insanı yanılda, yanlış addım atmağa sövq edə bilər. Fironun yanından ayrılmayan Haman kimi hər edilən şeyi yaxşı-pis ayrıd etmədən təsdiqləyən, rəhbərin boşluğa atdığı addıma göz yuman məsləhətçidənsə, səhvləri üsuluna uyğun bildirən məsləhətçi daha yaxşıdır. Məsələn: Düzgün seçilən belə məsləhətçi, yeri gələndə qarışqa belə əzilsə, sükutu pozmalı və uyğun dillə: “Bağışlayın, qarışqanı əzməməliydiniz!” – deyə bilməlidir. Fironun xalqa dediyi“Mən, sizin uca rəbbinizəm”[7] sözü qarşısında susan, bəlkə də “Siz deyirsinizsə, doğrudur!”, “Düz dediniz!” – deyən Haman kimi müşavirlər onu tərifləyərək şişirtmiş və həlakına zəmin hazırlamışlar. 

Bununla yanaşı uyğun şəxslərdən məsləhətçi və ya köməkçi seçilmədikdə seçilən şəxslər tabe olduqları rəhbərin adından (öz mövqeyindən) istifadə edə və ya öz mənfəəti üçün qeyri-qanuni işlər görə, insanlara haqsızlıq edə bilərlər. Bir müddət sonra da “qazandıqlarını”, “yığdıqlarını” itirməmək üçün həmişə rəhbərin gözünə girməyə, ona özünü sevdirməyə çalışarlar. Rəhbərin razılığını qazanmaq üçün edilməyəcək işləri təqdir edər, xoşagəlməz ifadələrini fərqli şəkildə mənalandırarlar. Qısacası, mənfəətlərini qorumaq və davam etdirmək üçün əllərindən gələn hər şeyi edərlər.  

Ətrafında “kök” salmış və özləri üçün mənfəət “çarxı” qurmuş bu cür insanların yersiz tərif və alqışları bir müddət sonra rəhbərin öz mənliyini itirməsinə səbəb ola bilər. Lazımsız şəkildə “təriflənən” rəhbərin “qəlibi” pozular. Bir müddət sonra özünü hamıdan fərqli və üstün görməyə başlayar, yersiz təriflərlə biçarənin başı “dönər”, baxışı “bulanar”.

Bu cür mənəviyyatı qaralmış insanlar, mənfəətpərəst köməkçilər, maqnitin qütbləri kimi özlərinə oxşar tipləri yanlarına çəkərlər. Beləliklə vaxt keçdikcə rəhbərlərin ətrafında “fasid” halqa əmələ gələr. Aşağıdakıların “səs”ləri maneələri aşaraq aşaraq rəhbərə çatmaz. Yəni həqiqətləri demək istəyənlərin səsi maneələri aşa bilmədiyi üçün geri qayıdar. Sadəcə əks-sədası eşidilər. Saturn planetinin ətrafındakı halqa kimi, altdan gələn parlaq fikirlər bu qaranlıq halqadan keçə bilmədiyi üçün rəngi dəyişər. Aydın ruhlu insanların fikirləri isə rəhbərin gözünə qaranlıq görünməyə başlayar. Beləcə rəhbər İlahi aləmdən süzülüb gələn xəbərləri özünə qurulan “tələ” kimi görər. Bir müddət sonra tarazlığı pozulduğu üçün əyrini doğru, doğrunu da əyri görməyə başlayar.

 Böyük dayaq 

Milli kinematoqrafiyamızın unudulmaz əsərlərindən biri olan, Həbib İsmayılovun rejissorluq etdiyi, “Böyük dayaq” filmini çox insan dəfələrlə izləyib. Mirzə İbrahimovun qələmə aldığı roman əsasında çəkilib. Kinoramnda əxlaqi və tərbiyəvi məsələlər qabardılmışdır.

Filmdəki əsas qəhrəmanlardan biri də kolxoz sədri Rüstəm kişidir. Rüstəm kişi qürurlu, özünə arxayın, həm də mərd adamdır. Qürurlu olması onun fitrətindən qaynaqlanır, ona görə də digər kolxozun sədri Kələntərin yalan yerə vəd vermə təklifinə qarşı çıxır, qəbul etmir.  Ətrafında da Salman, Yarməmməd personajları “fasid” halqa təşkil edir. Onlar Rüstəmin qürurunu oxşayaraq təkəbbürə çevirmişdilər. Onların qurduğu tələyə düşən Rüstəm kişi öz dediyinin doğru olduğunu düşünür, yeni və fərqli fikir ortaya qoymaq istəyən Şirzad, Maya, Kərəm kimi gənclərin təkliflərinə qarşı çıxır. Çünki Salman kimi bir neçə nəfər bir araya gəlmiş, Rüstəmin ətrafında, ondan xəbərsiz öz mənfəət çarxlarını qurmuşdular. Bunun əldən çıxmasına əngəl olmaq üçün hər cür məkrli oyuna əl atırdılar. Öz yanlışlarını da məsum insanların üzərinə ataraq qarışıqlıqdan “üzağ” çıxmağa can atırdılar. Sirr pərdəsi aralanıb, həqiqət ortaya çıxınca da Rüstəm kişini aradan götürməyə çalışırlar. (Filimdən qısa fraqment: https://bit.ly/2DVeLhD)

Qissədən-hissə

İdeal məsləhətçi hər zaman idarə və müəssisənin inkişafı üçün çalışar, rəhbərə düzgün yön verər, rəhbəri yanlış addım atmaqdan qoruyar. Aşağıdakı əhvalat elə bu haqdadır:

Keçmiş dövrlərdə yaşayan bir padşah Xızır peyğəmbəri görmək arzusuna düşür. Ətrafa carçılar göndərərək əhaliyə elan edir ki, kim mənə Xızırı göstərər və ya tapıb gətirərsə, onu xələt verəcəm. Külfətinin dolanışığını təmin etməkdə çətinlik çəkən kasıb bir adam bu işə girişmək istəyir. Arvadına üz tutaraq: “Bu bir fürsətdir əlimə düşüb. Qırx gün içində Xızırı tapacam deyib, gedib padşahdan xələt alacam. Vədə tamam olanda ya məni edam etdirəcək ya da zindana atdıracaq. Heç olmasa, siz həmin pulla bir az rahat yaşayacaqsız.” Arvadı: “Ay kişi, bir təhər yarıac-yarıtox dolanırıq. Gəl daşı ətəyindən tök, bu təhlükəyə girmə” – deyir. Arvad nə qədər and-aman eləyir, dil tökürsə kor tutuğundan buraxmadığı kimi o da fikrindən dönmür.  

Səhər tezdən sarayın qapısına gəlir. Gözətçilər tutub onun padşahın hüzuruna çıxarırlar. Qırx gündə Xızırı tapıb gətirəcəyini deyir. Ancaq xələtin yarısını bəri başdan istəyir. Padşah da təklifə razı olur, ancaq sözündə durmasa kəlləsini qoparacağını əlavə edir. Razılaşırlar. Adam alacağını götürüb ailəsinin yanına qayıdır. Qırx gün camaatın içinə çıxmır. Vaxt ötür, vədə gəlir və qırx gün tamam oldu. Adamdan səs çıxmayınca padşah əsgərləri göndərir. Əsgərlər adamı əlini-qolunu bağlayıb saraya gətirirlər. “Bu vaxta kimi neylədin?!”  – deyə padşah hiddətlə soruşur. Kasıb adam qısıq səslə: “Mənim əslində Xızırı tapmaq fikrim yox idi. Ailəm ciddi korluq çəkirdi. Mən də Xızır bəhanəsi ilə sizdən qızıl almaq istədim.” Verilən cavaba daha da qəzəblənən padşah: “Sən, padşahı aldatmağın cəzasının ölüm olduğunu heç düşünmədin?!” – deyərək qışqırır. Padşahın qəzəbindən lərzəyə gələn sarayda hamı sakit daynmışdı. Elə bu vaxt astaca qapı aralanır. İçəri heç tanmadıqları yaşlı adam daxil olur. Padşahın hiddətləndiyini gördüyü üçün kirimişcə keçib bir tərəfdə dayanır.

Padşah üzünü vəzirlərə tutub: “İndi bu adama nə cəza verək?” – deyir. Baş vəzir deyir: “Padşah sağ olsun, kəlləsini vur, bədənini şaqqalat, sonra da hissələrini çəngəllərdən as.” Bunu eşidən yaşlı adam: “Əslinə çəkib” – deyir. Sonra ikinci vəzir söz alır. O, da iynəli çəlləyə atmağı təklif edir. Yenə yaşlı adam: “Əslinə çəkib” – deyir. Padşahın nəzəri üçüncü vəzirə zillənir. O: “Padşah sağ olsun, adam ehtiyacı olduğu üçün belə etdiyini etiraf elədi. Verilən xələt sizin xəzinənizi azaltmaz. Mərhəmət edin, bağışlayın. Ailəsini başsız qoymayın. Buraxın, getsin,” – deyir. Yaşlı adam yenə: “Əslinə çəkib” – deyir. Padşah qərarsız qalır. “Götürün aparın, gözümdən rədd edin, sonra qərar verəcəm” – deyir. Əslində padşahın ağlı yaşlı adamın “əslinə çəkib” sözünə ilişibmiş. Hamının hüzurdan ayrılmasını əmr edir. Təəccüblə qocaya soruşur: “Sən niyə hər dəfə vəzilərin cavabına “əslinə çəkib” dedin?” Qoca: “Baş vəzirin atası qəssab idi. Ona görə də o, kəsib-tökməklə əlaqəli qərar verdi. İkinci vəzirinin atası isə yorğan sırıyan idi. O, da iynəli çəlləyə atmağı təklif elədi. Üçüncü vəzirin atası isə alim idi. O, da bağışlamağı məsləhət gördü. Yəni onların hər biri əslinə çəkib, ona görə qərar verdilər. Sənə tövsiyəm odur ki, üçüncü vəziri başa gətir. Dövlət işləri hikmət və ədalətlə yürüsün. Digərlərini də özündən uzaqlaşdır, çünki onlar hər zaman səni yanılda bilərlər. O ki qaldı mənə, mən də Xızıram. “Qul darda qalmasa, Xızır yetişməz” deyiblər. Mən də o kasıbın kəlləsini qurtarmaq üçün gəlmişəm” – deyir və bir anda gözdən itir.

İdeal köməkçilər

İdeal məsləhətçi və ya köməkçi rəhbərin yanlış addım atmasına imkan verməməlidir. Gördüyü problemlərin və qarşılaşılan çətinliklərin həlli yollarını araşdırmalı və bunu rəhbərə bildirməlidir. Altdakılardan (işçilərdən və ya digər şəxslərdən) gələn təklif və iradları şəxsi düşüncələrini qarışdırmadan bir-başa rəhbərliyə çatdırmalıdır.

Təəssüf ki, bu, yaşadığımız dövrdə idarəetmə strukturunda önəmli çatışmazlıqlardan biridir. Bu da nəticədə rəhbər ilə altdakı personal arasında qopuqluğa səbəb olur. Savadlı və aparıcı mütəxəssislər öz təkliflərini sərbəst şəkildə yuxarı çatdıra bilmədiyi üçün etiraz səsləri yüksəlir və ya dəyər verilmir deyə ayrılırlar. Digər tərəfdən rəhbər də haqlı ikən haqsızlıq etmiş kimi görünür. Əsas məqsədini və hədəflərini işçiləri ilə səmimi şəkildə paylaşa bilmir. Nəticədə iş prosesində faydalılıq əmsalı aşağı düşür. 

Buna görə də rəhbər vəzifədəki şəxslər şəffaflığı təmin etməli, lazım gələndə hər kəsin fikrini, arzu və şikayətlərini dinləməlidir. Arada keçilməz maneələrin əmələ gəlməsinə fürsət verməməlidir.

Rəhbər, köməkçi kimi işə götürəcəyi şəxslərin keçmiş təcrübələrinə, biliyinə, iş qabiliyyətinə və bacarığına diqqət etməli, buna görə yerləşdirmə etməlidir. Qohumluq, yaxınlıq, dostluq kimi amillər seçim səbəbi olmamalıdır. İnsanın tanışlarına əl tutması, onlara qarşı insaflı olması gözəldir. Ancaq iş prosesində yubanmalara səbəb olacaqsa, bundan uzaq qalmaq lazımdır. Əks təqdirdə işdən başı çıxmayan səriştəsiz şəxslər işə yük olacaq, bir müddət sonra tutduğu vəzifəni itirməmək üçün fərqli yollara əl atacaqlar. Üstəlik onlar heç vaxt rəhbərin səhvini üzə deməzlər. Əsasında rəhbərin də onlara baxışı fərqli olur. Onların sadiq və özünə hörmət edən insan olmasını gözləyər. Belə şəxslərin gözləri daha yuxarılarda olduğu üçün bütün yolları “mübah” görərək, hər cür hiyləyə ət atarlar. Beləcə onlar özləri üçün mənfəət çarxı qursalar da, vaxt keçdikcə idarəetmə və sistem çökməyə başlayar.

Bu yönü ilə rəhbərlər yardımçı seçərkən emosiyalarını bir tərəfə qoyaraq, qabiliyyətli insanlara şərait yaratmalı, geniş perspektivdən baxan insanları köməkçi seçməlidirlər. Köməkçilər potensial təhlükələri və yanlış atılan addımları deyəndə də hislərinə hakim olaraq tərəfsiz dinləməlidirlər. Bəzən altdakı işçilərin də fikirlərini almalı, fərqli təklif və prosesə etiraz edənləri də dinləməyi bacarmalı, müxtəlif yollarla sistemi analiz etməlidirlər.

Könüllülük prinsipi ilə işləyən içtimai təşkilatlarda da  insanlarla rəhbərləri arasında da fərqində olmadan maneələr əmələ gələ bilər. İnsanlar istək və təkliflərini, məruz qaldıqları çətinlikləri, aradakı köməkçilər ucbatından rəhbərə çatdıra bilmədikləri üçün dəyərsiziləşdiyini düşünə və ayrıla bilərlər. Buna görə də rəhbərlər vaxtaşırı hər kəsin fikrini sərbəst ifadə edəcəyi toplantı və müzakirələr təşkil edərək hər kəsə söz haqqı verməlidir. Etirazlar hörmətsizlik kimi qəbul edilməməlidir.

Həzrət Əbu Bəkir xəlifə seçiləndə ilk xütbəsində insanlardan ağır bir məsuliyyətin altına girdiyini və yanlışlarının çəkinmədən düzəldiləməsini istəyir. İnsanlar bir ağızdan: “Biz səni əyri qılınclarımız ilə düzəldərik.” – deyirlər.   

Nəticə olaraq deyə bilərik ki, Həzrət Musa kimi bir peyğəmbər Allah-Təaladan özü üçün yardımçı tələb edirsə, bizim daha çox köməkçi və məsləhətçilərə ehtiyacımız var. O, Allahdan vəhy alırdı və fətanət sahibi idi. Biz peyğəmbərdən fərqli olaraq yardımçı seçərkən diqqətli olmalı, bizə təzim edib, tərif yağdıran, yanlışlıqlara əngəl olmayan insanlardan uzaq olmalıyıq. Fərasətli, səhvləri üslubuna uyğun şəkildə dilə gətirən, yeri gələndə etiraz etməyi bacaran insanlardan mütəşəkkil heyət təşkil etməkdə fayda var. Belə olarsa, rəhbərlər zəif yönlərinin altında qalıb əzilməz, idarə etdikləri müəssisənin də rentabelliyini də artırmış olarlar.  


[1] “Mənə öz ailəmdən bir köməkçi ver – Qardaşım Harunu!” (Taha surəsi 20/29-30)
[2] “Biz Onun (Allahın) elçiləri arasında fərq qoymuruq! Eşitdik və itaət etdik!”  (Bəqərə surəsi 2/285)
[3]  Əhzab surəsi, 33/21
[4]  Mümtəhinə surəsi, 60/4.
[5] Fətanət, ağılla ağılı aşmaq deməkdir. Ona, peyğəmbər məntiqi də deyə bilərik. Bu məntiq, bizim bildiyimiz mənada sadə ağıl və məntiq yürütmə deyil. Fətanət, peyğəmbərlərə xas olub, bir şey haqqında qərar verərkən ruh, qəlb, hiss və lətifələri bir araya gətirib, qərar veriləcək bir şey haqqında hökm verməkdir.
[6] Taha surəsi, 20/29-32.
[7] Naziət surəsi, 79/24.



Bənzər məqalələr

Ağır işlərdə işləyənlər oruc tutmalıdır?

Ramazan ayında bu cür ağır işlə qarşılaşan şəxs oruc tutaraq həmin işi icra edə bilmirsə və başqa iş imkanı da yoxdursa, habelə, bu işi tərk etdiyi təqdirdə, dolanışıq vəziyyəti çətinləşəcəksə, zərurət sayıldığı üçün bu halda oruc tutmaya bilər. Odur ki, ağır bir işdə işləməyə məcbur olan şəxs, oruc tutduqda, xəstəliyə tutulacağından qorxarsa oruc tutmaya bilər. Bu şəxslər daha sonra tuta bilmədikləri orucları qəza etməlidirlər.

Bu günün işini sabaha qoyma

Raşidi xəlifələrdən beşincisi sayılan Xəlifə Ömər bin Əbdüləziz (682-720) işinə bağlı və işini sevən həqiqi dövlət adamı idi. Bir gün işləməkdən yorğun düşmüşdü. Dostları: “Özünü niyə bu qədər yorursan. Qalan işləri də sabah görərsən”, – dedilər. O böyük insan isə qulaqlara sırğa olan bu cavabı verdi: “Bu günün işi məni yordu, sabah iki günün işi birləşsə, onda nə edərəm?”

İşinizdə rəhbər ola bilərsiniz, evinizdə necə?

”Həyat bir tamaşadır. Biz də onun aktyorları”… Həyatı teatr səhnəsinə bənzədən V. Şekspirın bu sözləri nə qədər də həqiqətə uyğundur. Üstəlik, həyatda hər insanın çox rolları var. Bəziləri həyatda həm həyat yoldaşı, həm ata, həm də bir idarə müdiridirlər. Təbii ki, məkandan asılı olaraq hadisələri də bu rollara uyğun oynamalıdırlar. Bu rolların necə alınması isə hər şeydən əvvəl o şəxsin fərdi keyfiyyətlərindən asılıdır.

Allah işini gözəl görənləri sevər

Dinimizin tələb etdiyi məsuliyyətlərdən bir də işi yaxşı və keyfiyyətli görməkdir. Bu məsuliyyəti layiqincə yerinə yetirmək eyni zamanda ilahi əxlaqa uyğun hərəkət etmək deməkdir. Möminlər dünyəvi-üxrəvi işlərini görərkən bunları Allahın, Rəsulunun və möminlərin təftişinə ərz edəcəyini unutmamalı, bu şüurla yerinə yetirməyə çalışmalıdırlar.

İşlərim düz gətirmir

25 yaşım var. İbadətlərimdə nöqsanlar olsa da dualarıma diqqət edirəm. Lakin fikir verirəm ki, dua etdikcə işlərim düz gətirmir. Bilmirəm, duamda səmimi deyiləm, yoxsa bununla imtahan olunuram? Buna görə çox pis oluram. Hal-hazırda biri qızla evlənmək istəyirəm. İstixarəyə yatdım, yaxşı yuxu gördüm. Lakin valideynlərim razı olmadığına görə onunla evlənə bilmirəm. Uşaqlığımdan etibarən valideynlərimlə sözüm düz gəlmir. Hamıya kömək etməyə çalışıram. Lakin özümə heç bir faydam toxunmur. Bu vəziyyətdən qurtulmaq üçün nə edə və ya hansı duanı oxuya bilərəm?


Şərh yaz