4. 594 dəfə oxunub ,   0 şərh   Çap et

Qiraət imamı Asim ibn Behdələnin həyatı, elmi fəaliyəti və “Asim qiraəti”

Bəzən Misirli qariləri (avazla Quran oxuyan) dinlərkən bildiyimiz ayə və surələrin fərqli səsləndiyinin şahidi oluruq. Quranı Kərimə baxdıqda, əlimizdəki müshəfin onların oxuduğu şəkildə yazılmadığını görürük. Araşdıranda məlum olur ki, oxuduğumuz Quran kitablarının Asimin Hafs rəvayətinə görə yazılıb. Onda belə sual ortaya çıxır: İmam Asim kimdir? “Asim Qiraəti” nə deməkdir? Bu məqalə on məşhur qiraət imamından biri olan İmam Asimin həyat və şəxsiyyəti, qiraətinin xüsusiyyətləri haqqındadır.

Həyatı

Əbu Bəkir Asim ibn Əbin-Nəcud Behdələ əl-Əsədi əl-Kufi. Asim ibn Bəhdələ Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti illərində (661-680-ci illər) Kufədə anadan olmuşdur. Atasının adının Abd və ya Abdullah, Bəhdələ isə anasının adı olduğunu iddia edənlər olmuşdur. Ancaq Zəhəbi bunun doğru olmadığını bildirir. Asim ibn Bəhdələ və ya Asim ibn Əbun-Nəcud olaraq tanınmışdır. Asim əslən ərəb deyil. Gənclik illərində taxıl ticarəti məşğul olmuşdur. Sonralar gözləri tutulmuşdur.

Asim ibn Bəhdələ bir müddət Bəsrə və Şamda müəllimlik etsə də, ömrünün çoxunu Kufədə keçirmişdir.

Asim ibn Bəhdələ 80 il yaşamışdır. 745-ci ildə (hicri 127) Kufədə vəfat etmişdir. Onun vəfatı son əməvi xəlifəsi Mərvan ibn Məhəmmədin hakimiyyəti illərinə təsadüf edir. Qəbri Səmavədədir.

Mütəvatir sayılan yeddi qiraət imamından biridir. Tabeun nəslindəndir.

Yetişdiyi mühit

Həzrət Ömərin (r.a) xilafəti illərində salınmış Kufə şəhəri İslami elmlərin tədris olunduğu əsas elm mərkəzlərindən biri idi. Həzrət Ömər həm qazilik etmək, həm də tələbələrə elm öyrətmək üçün Abdullah ibn Məsudu (r.a) Kufəyə göndərmişdi. İbn Məsud Kufə həm də qazi idi. Onun gəlişindən qısa müddət sonra Kufə elm mərkəzlərindən birinə çevrildi. Sonrakı illərdə Kufədən müxtəlif elm sahələrində yüzlərlə elm adamının çıxması bunun bariz nümunəsidir.

Həzrət Əli (r.a) xilafəti illərində Kufəni İslam dövlətinin paytaxtı etdi. O, Kufədəki elmi mühiti görərək: “Allah Abd ibn Ümmdən (Abdullah ibn Məsuddan) razı olsun, nə qədər tələbəyə elm öyrədib”, – demişdir. Kufədə yüzlərlə səhabə yaşamışdır. Ammar ibn Yasir, Hüzeyfə əl-Yəmani, Əbu Musa əl-Əşari, Salman Farisi, Zeyd ibn Ərkam (r.anhum) bunlardan bəziləridir. Burada ən son vəfat edən səhabə Abdullah ibn Əbu Əvfadır (miladi 705-hicri 86).

Kufənin yetişdirdiyi böyük alimlərin bəziləri bunlardır: Əlqamə ibn Qeys, Şüreyh ibn əl-Haris, İbrahim ən-Nəxai, Əsvəd ibn Yezid ən-Nəxai, Hammad ibn Süleyman, Əbu Hənifə  Kufə məktəbinin tanınmış simalarından bəziləridir.

İmam Asim uşaq yaşlarından Quranı-Kərim qiraəti ilə məşğul olmuşdur. Onun çox gözəl səsi və tilavəti hər kəsin diqqətini cəlb eləmişdir.

Müəllimləri

Əbu Əbdürrəhman əs-Süləmi (vəfatı 692/73)

Əbu Əbdürrəhman əs-Süləmi Peyğəmbərimiz həyatda ikən anadan olmuşdur. Atası Rəsulullahın (s.ə.s) söhbətində iştirak etmişdir. Qiraəti ərz yolu ilə Həzrət Osman, Həzrət Əli, Abdullah ibn Məsud, Zeyd ibn Sabit və Übeyy ibn Kabb kimi tanınmış səhabələrdən öyrənmişdir.

Həzrət Osmanın (r.a) xilafəti zamanında Quranı-Kərim müshəflər şəklində çoxaldılmışdı. Həmin müshəflərdən biri də Kufəyə göndərilmişdi. Əbu Əbdürrəhman əs-Süləmi qiraət sahəsində höccət olduğu üçün, xəlifə tərəfindən rəsmi müshəfə görə, Quran öyrətmək üçün Kufəyə göndərilmişdir. O, 40 il buranın mərkəzi məscidində Quranı-Kərim tədrisi ilə məşğul olmuşdur.

Əs-Süləmi, Həzrət Həsən və Hüseynin də qiraət müəllimi olmuşdur.

İmam Asim uşaqlıqdan Əbu Əbdürrəhmandan Quranı-Kərimi öyrənmiş, onun məşhur tələbələri sırasına qatılmışdır. Silsilə belədir: Asim ibn Bəhdələ→Əbu Əbdürrəhman əs-Süləmi→Həzrət Əli→Həzrət Muhamməd (s.ə.s).

İmam Asim müəllimindən öyrəndiklərinə sadiq qalmışdır. əs-Süləmi də əsas müəllimi olan Həzrət Əliyə müxalif olmamışdır. Yəni hər ikisi də öyrəndiklərini olduğu kimi nəql etmişdir.

Zirr ibn Hübeyş (vəfatı 701/82)

İmam Asimin ikinci qiraət müəllimi Zirr ibn Hubeyş əl-Əsədidir. O muxadramundandır, yəni Allah Rəsulu (s.ə.s) həyatda ikən müsəlman olmuş, ancaq onunla görüşməmişdir. Rəsulullahın vəfatından sonra Mədinəyə gəlmişdir. Burada  Həzrət Osmandan, Həzrət Əlidən, Abdullah ibn Məsuddan Quran qiraətini öyrənmişdir. Übey ibn Kab ilə dostluq etmişdir. Hətta bir dəfə Übeyy ibn Kab: “ Ey Zirr! Qurandan mənə soruşmadığın ayə qalmadı”, – demişdir. Çöl ərəblərindən olduğu üçün fəsih ərəbcəni bilirdi. Ancaq Zirr ibn Hubeyşin əsas qiraət müəllimi Abdullah ibn Məsud (r.a) olmuşdur. Silsiləsi belədir: Asim ibn Bəhdələ→Zir ibn Hubeyş→ Abdullah ibn Məsud→Həzrət Muhamməd (s.ə.s).

İmam Asim hər iki müəllimdən dərs almışdır. Özü bu haqda deyir: “Əbu Əbdürrəhmanın yanından çıxıb, Zirrin yanına gedər, bir az əvvəl öyrəndiklərimi ona təkrarlayardım.”

Tələbələri

İmam Asim, müəllimi Əbu Əbdürrəhman əs-Süləminin vəfatından sonra onun yerinə keçmişdir. Kufədə “Rəisul-qurra” (qarilərin başçısı) sayılırdı. Çox sayda tələbəsi olmuşdur. Əbu Bəkir Şöbə ibn Əyyaş, Hafs ibn Süleyman, Süleyman əl-Aməş, Xəlil ibn Əhməd, “Qiraəti-səba” imamlarından Əbu Əmr ibn Əla’ və Həmzə əz-Zəyyat onun tələbələrindən bəziləridir. İbn Həcər, Əbu Hənifənin də qiraət elmini İmam Asimdən öyrəndiyini qeyd edir.

Əbu Bəkir ibn Əyyaşın onun haqqında xatirələrində qeyd edilir ki, “Dərs oxutmaq üçün ticarətlərinə mane olmasın deyə, bazarda işləyənlərdən başlayardı.” Bu ifadələrdən görürük ki, onun ətrafında dərs öyrənmək üçün xeyli tələbə toplanmışdır. Tələbələrindən ögey oğlu Hafs ibn Süleyman (vəfatı 796/180) və Əbu Bəkir Şöbə ibn Əyyaş ( vəfatı 809/193) Asim qiraətinin sonrakı nəsillərə çatdırılmasında  mühüm  rol oynamışlar. Buna görə də, Asimin qiraəti deyiləndə bu iki tələbənin adı çəkilir. Hafs, Əbu Bəkirin bəzən qiraətdə ona müxalif olduğunu bildirəndə İmam Asim: “Mən Əbu Əbdürrəhman əs-Süləmidən öyrəndiyim qiraəti sənə, Zirr ibn Hübeyşdən öyrəndiyimi də Əbu Bəkir Şöbəyə öyrətdim”, – demişdir.

Hədis elmindəki yeri

İmam Asim Quran qiraət elmində ən mötəbər şəxslərdən sayılır. Hədis alimləri də onun nəql etdiyi hədisləri qəbul etmişlər. Məsələn, Əhməd ibn Hənbəl, Əbu Züra onun siqa, Əbu Hatim isə saduq olduğunu bildirmişdir. Ondan nəql olunan bütün hədislər “Kütubu-sittədə” var.

Səhabələrdən dən Haris ibn Hassan əl-Bəkri və Əbu Rimsə Rifaa ibn Yəsribidən, Əbu Əbdürrəhman əs-Süləmi və Zirr İbn Hübeyşlə yanaşı Əbu Vail, Musab ibn Sad ibn Əbu Vəqqas kimi tanınmış tabeunlardan  hədis rəvayət etmişdir. Ondan da Ata ibn Əbu Rəbah, Əbu Saleh əs-Səmman, Süleyman ət-Teymi, Əbu Əmr ibn Əla’, Süfyan əs-Səvri, Süfyan ibn Üyeynə, Əbu Bəkir Şöbə ibn Əyyaş və bir çox alim hədis rəvayət etmişdir.

İbadətdəki həssaslığı

İmam Asim qiraət elminin ən görkəmli simalarından biridir. Buna baxmayaraq o, ibadətlərində çox həssas idi. Əbu Bəkir ibn Əyyaş onun haqqında deyir: “Müəllimim namaz qılarkən qiyamda tərpənmədən, dümdüz ağac kimi dayanardı. Cümə günləri məsciddə ikindi namazına qədər qalar və ibadətlə məşğul olardı. Həmişə namaz qılan, xeyirli, abid bir insan idi. Bir məscid görəndə, “Gəlin namazımızı qılaq. Necə olsa da ehtiyacımız olan işləri görürük. İşlər onsuz da qurtaran deyil”, – deyər, sonra məscidə girib namaz qılardı.” Bütün işlərində Rəsulullahın (s.ə.s) sünnəsinə riayət edərdi”.

Qiraəti haqqında alimlərin fikirləri

Asim qiraəti mütəvatir qiraətlərdən biridir. Abdullah, atası İmam Əhməd ibn Hənbəldən (vəfatı 855/241) bunu nəql edir: “Atamdan Asim haqqında soruşdum. Mənə onun saleh, etibarlı (siqa) və yaxşı adam olduğunu dedi. Hansı qiraəti daha çox tərcih edirsən deyə soruşduqda belə cavab verdi: “Mədinə əhalisinin Nafi qiraətini seçirəm. Əgər bu qiraət olmasaydı Asim qiraətini tərcih edərdim”, – dedi.

Tabeundan Şimr ibn Atiyyə onun haqqında belə demişdir: “Aramızda iki nəfər var: biri Zeyd ibn Sabitin (r.a) qiraətini ən gözəl oxuyan Asim, digəri də Abdullah ibn Məsudun qiraətini ən gözəl tilavət edən Aməş.”

Əbu İshaq əs-Səbii (vəfatı 719/132): “Asimdən daha yaxşı Quran oxuyan görmədim.”˗ demişdir.

Kufə qazisi Şərik ibn Abdullah (vəfatı 793/177): “Asim, həmzələri vurğu ilə oxuyar və mədd edərdi. Düzgün oxumağı var idi.”˗ demişdir.

Dərs məsələsində çox həssas idi. Dərsə gəlməyən tələbələrinin evlərinə qədər gedər, dərslərini dinləyərdi. əl-Mufaddal ibn Muhamməd ibn Yə’la ibn Amir (vəfatı 794/168)  deyir ki, “Müəllimim Asimin yanına gedər Quran oxuyardım. Gedə bilməyəndə o bizə gələrdi.”

Tələbləri onun haqqında xatirələrində, ölüm döşəyində belə Quran oxumaqla məşğul olduğunu bildirirlər. Məşhur tələbəsi Əbu Bəkir ibn  Əyyaş son nəfəsində onun yanında olmuşdur. Bunları nəql edir: “Asim vəfat edərkən yanında idim. Quran tilavəti ilə məşğul idi. Diqqətlə dinlədim. Mehrabda Quran oxuyurmuş kimi “sümmə ruddu ilaillahi məvlahumu’l-haqq” (Ənam surəsi, 6/62.) yəni “Sonra insanlar Allahın – özlərinin həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar.”- ayəsini təkrarlayırdı.”

Asim qiraəti nəyə görə məşhurdur?

İlk dövrlərdə Asim qiraəti Kufədə məşhur idi. Təxminən hicri III əsrdən sonra daha geniş ərazilərə yayılmağa başladı. Bunun səbəbi, Asim qiraətinin sənədindəki sağlamlıq, Hafsın rəvayətindəki sadəlik və Quranda bir neçə kəlmə istisna olmaqla yazıldığı kimi oxunmasıdır. Qeyri-ərəb xaalqlar onun qiraəti ilə Quranı daha asan oxuya bilirdilər.

Asim qiraətinin xüsusiyyətləri

Asim qiraətinin Hafs rəvayəti, yuxarıda da qeyd etdiyimiz kimi oxunuşu sadə, təcvid qaydalarında istisnaların azlığına görə digər qiraətlərdən seçilir. Həmin istisnalar aşağıdakılardır:

“Furqan” surəsinin 69-cu ayəsində keçən فِيهِ zamiri (əvəzliyi) mədlə (uzadılaraq) oxunur.

“Qiyamə” surəsinin 27-ci ayəsində مَنْ رَاق   və “Mütaffifin” surəsinin 14-cü ayəsində بَلْ رَانَ  isə idğamsız oxunur.

Həmçinin Asim qiraətində, bəzi yerli ləhcələrdən qaynaqlanan, xüsusən ərəb olmayanların oxuyarkən çətinlik çəkdiyi “beynə”, “ixtilas” və “rövm” kimi təcvid  qaydaları yoxdur. “İmalə”, “işmam” və “təshil” isə hər biri yalnız bir dəfə istifadə olunur.

Asim ibn Bəhdələyə görə, bəzi surələrin girişindəki “طه كهيعص , حم ,الم  ”  “hurufu-müqattaa” hərfləri müstəqil ayə sayılmır.

On əsas qiraətdən biri olan Asim qiraəti, iki fərqli mənbədən sağlam bir şəkildə rəvayət olunmuşdur:

  1. Hafs ibn Süleyman→Asim ibn Bəhdələ→Əbu Əbdürrəhman əs-Süləmi→Həzrət Əli→Rəsullullah (s.ə.s).
  2. Əbu Bəkir Şöbə ibn Əyyaş→Asim ibn Bəhdələ→Zirr ibn Hübeyş→Abdullah ibn Məsud→Rəsulullah (s.ə.s).

Hafs rəvayət zəncirindəki şəxslərdən heç biri öz müəlliminə müxalifət etməmiş, öyrəndiklərini olduğu kimi nəql etmişdir. Buna görə də, Asim qiraəti ən etibarlı qiraətlərədən biridir.

Asim qiraətinin Hafs rəvayəti, bu gün dünyada ən çox oxunan qiraətdir. Dünyada çap olunan Quran kitablarının əksəriyyətində onun qiraəti əsas götürülür. Asim qiraətinin bu qədər məşhur olmasının əsas səbəbi, təcvid qaydalarının sadəliyi və qaydadan kənar oxunuşların az olmasıdır. Buna görə də, qeyri-ərəblər arasında onun qiraəti daha çox yayılmışdır. Azərbaycanda çap olunan Quran kitabları da Asim qiraətinin Hafs rəvayətinə əsasən çap olunur. Ölkəmizdə namaz və s. ibadətlərdə də Quran Asim qiraətinə görə oxunur.


İstifadə olunan ədəbiyyat

  1. Əz-Zəhəbi, Siyəri aləmin-nübəla.
  2. İbn Mücahid, Kitabus-səba fil-qiraəti
  3. Şəmsuddin Əbu Abdullah əz-Zəhəbi, Mərifətul-qurraələ tabaqatul-a’sar, İstanbul, 1995
  4. Taha Faris, Tərcümətul-qari Asim ibn Əbi Nəcud, http://www.alukah.net/culture/0/85222/#ixzz4eGWv8RQD
  5. Cerrahoğlu İsmail, Təfsir üsulu, Ankara, 1991.
  6. Madazlı Ahmet, “İmam Asımın hayatı, kıraatı, şahsiyeti”, Erciyes U.İ.F.D, Kayseri 1987.
  7. Sarı Mehmet Ali, “Asim ibn Bedələ” maddəsi, DİA, III cild.

 

 

 




Şərh yaz