26. 784 dəfə oxunub ,   0 şərh   Çap et

Vəzifə dinə görə yerinə yetirilməsi zəruri olan və ya tövsiyə edilən hər hansı xeyirli iş və gözəl əməl deməkdir. Vəzifələr iki növ olur:

1. Fərzlər. Mütləq yerinə yetirilməldir. Bunları əda etməyən insanlar məsuliyyət daşıyırlar. Bura namaz, oruc, zəkat kimi vəzifələr daxildir.

2. Dinin məsləhət gördüyü bir sıra əxlaqi vəzifələr, yəni nafilələrdir. Bunlara əməl etmək insanın savab qazan­masına, imanının dərinləşməsinə və əxlaqının kamilləşməsinə səbəb olur. Nafilələr fərzlərin nöqsanlarını tamamlayır. Nafilə namazlar, yoxsullara verilən sədəqələr,  xoş davranışlar və s. nafilə sayılır…

Vəzifələri başqa şəkildə təsnif etmək olar. Belə ki, sırf Allah rizasını qazanmaq üçün yerinə yetirilən vəzifələrlə yanaşı,  şəxsə, ailəyə və cəmiyyətə aid vəzifələr də vardır: ilahi, şəxsi vəzifələr, ailə və cəmiyyətə aid vəzifələr.

İlahi vəzifələr

Allah-Təalanı tanıyıb Ona qulluq etmək əqli cəhətdən sağlam olan və həddi-büluğa çatan hər kəsin borcudur. Bir insan üçün Allaha qulluqdan böyük nemət və şərəf yoxdur. Qulluq bizim bir­başa inancla bağlı vəzifələrimizə daxildir. Sonra da namaz, oruc, zəkat və həcc kimi sırf vücud və ya maddiyyatla və ya həm vücud, həm də malla olan ibadətlərə  görə mükəlləfiyyət daşıdığımızı bilir, bunları sevə-sevə yerinə yetirir, feyz və zövq alırıq. Bunların da hər biri bizim əməli vəzifəmizdir.

Məsələn, vətəni qorumaq və müdafiə etmək ilahi vəzifədir. Vətəni müdafiə etmək bəzən fərzi-kifayə,[1] bəzən də fərzi-ayn[2] olur. Hərbi xidmət vəzifəsi yerinə yetirilmiş olsa da, vətəni müdafiə etmək üçün könüllü cəbhəyə getmək ilahi və vətənə aid əxlaqi vəzifədir.

Nəfslə mübarizə də çox əhəmiyyətli ilahi vəzifədir. Dinimizin, adət-ənənələrimizin verdiyi tərbiyə ilə nəfsini qoruya bilməyən insan nə özünə, nə də vətənə doğru-dürüst fayda verə bilər. Böyük fədakarlıqlar gözəl tərbiyədən doğur. Elə buna görə Hz. Məhəmməd Mustafa (sallallahu əleyhi və səlləm) Təbük döyüşündən qayıdanda səhabələrinə: “Kiçik döyüşdən böyük döyüşə qayıdırıq”,[3] – buyurmaqla böyük bir ordunun iştirak etdiyi Təbük müharibəsini “kiçik döyüş” adlandırmış, nəfs və şeytanla mübarizəni isə “böyük döyüş”ə bənzətmişdir.

Bir sıra nafilə ibadətlər də ilahi vəzifə sayılır. Məsələn, Uca Allahın rizasını qazanmaq üçün nafilə namazı qılır, oruc tutur, Qurani-Kərim oxuyuruq. İmanımızın nurunu artırmaq üçün hər işdə Uca Yaradanımızın müqəddəs isimlərini zikr edirik.

Şəxsə aid vəzifələr

Bu vəzifələrin bir hissəsi bədənə, bir hissəsi isə ruha aiddir.

1. Bədənin tərbiyəsi. Belə ki, təmiz və pak olmaq, qüvvətli bədənə sahib olmaq hər bir insan üçün əhəmiyyətlidir. Bir hədisi-şərifdə belə buyurulur: “(Allah qatında) qüvvətli mömin zəif mömindən xeyirlidir”.[4]

2. Sağlamlığı qorumaq. Sağlamlıq böyük nemətdir. Ona görə də sağlamlığa zərərli şeylərdən uzaqlaşmaq və vaxtında müalicə olunmaq əhəmiyyətlidir.

3. Zərərli riyazətlərdən[5] uzaq durmaq.

4. Vücudu zərərli şeylərdən qorumaq.

5. İradəni gücləndirmək. İnsan möhkəm iradəyə sahib olmalıdır. Faydalı şeyləri öyrənib əməl etməli, faydasız şeyləri tərgitməlidir.

6. Ağılı və zehni elm nuru ilə aydınlatmaq, qəlbdə ülvi və ali duyğular oyatmaq, elm və mərifət qazanmaq da mühüm vəzifələrdir.

Ailəyə aid vəzifələr

Ailə cəmiyyətin təməli, ictimai əsasıdır. Ailə üzvləri əsasən ər, arvad və övladlardan ibarətdir. Ailə üzvləri bir sıra qarşılıqlı vəzifələrə malikdir.

1. Kişinin başlıca vəzifələri

Həyat yoldaşı ilə yaxşı rəftar etmək, onu qorumaq, onun ge­yim-kecim ehtiyaclarını təmin etmək, ona daim sadiq olmaqdır. Bir hədisi-şərifdə belə buyurulur:

“Xeyirli mömin (kişi) həyat yoldaşı ilə gözəl davranandır”.[6] Qa­dınların əsas vəzifəsi isə ərinin əmrlərinə itaət etmək, onun namus və şərəfini qorumaq, dolanışığına razı olmaq, israfdan çəkinməkdir. Xoşbəxt həyatın yolu buradan keçir.

2. Uşaqların valideynləri ilə bağlı əsas vəzifələri

Onlara hörmət edib sözlərindən çıxmamaq. Övladlar onları illərlə zəhmət çəkib sevgi və şəfqətlə böyüdən ata-analarına “of” belə deməməlidir. Ana-atasına baxmayan, onların dinə aid əmr­lə­rinə qulaq asmayan, çətin günündə əlindən tutmayan bir övlad xeyirli övlad olmaq kimi bir şərəfdən öz-özünü məhrum edər. Belə bir övladın axirət hesabı da ağır keçər.

3. Valideynlərin övladlarına aid vəzifələri

Övladlarının ehtiyaclarını imkanı səviyyəsində təmin etmək, onlara tərbiyə vermək və oxudub bir peşə sahibi etməkdir. Ata və ana uşaqları arasında ayrı-seçkilik etməməli, oxşayıb əzizləməkdə, tənbehdə və nəzarətdə – ümumiyyətlə, onlarla rəftarda fərq qoymamalıdır. Ana və ata övladları ilə mülayim rəftar etməli, onlara gözəl nümunə olmalı və elə tərbiyə verməlidir ki, böyüyüb valideyn üzünə ağ olmasınlar.

4. Qardaş-bacıların əsas vəzifələri

Bir-birini sevməli, bir-birinə kömək etməli, hörmət göstərməli və bir-biri ilə gözəl rəftar etməlidir. Qardaş-bacılar arasında çox güclü bağlılıq var. Bunu daim qorumaq lazımdır. Üstəlik böyük övladlar ata və ana yerindədir. Onlara hörmətlə yanaşmaq, sözlərinə dəyər vermək lazımdır. Maddi mənfəət ucbatından bir-birinə düşmən kəsilən qardaş və bacıları təmiz ruhlu insanlar hesab etmək olmaz. Xidmətçi də ailənin bir üzvü sayılır. Onlarla da yaxşı davranmaq, gücləri çatmayan işə məcbur etməmək lazımdır.

İctimai vəzifələr

Məlum olduğu kimi, insanlar təbiətən mədəni varlıqdır. Cəmiyyət şəklində yaşamağa möhtacdır. Bu səbəbdən onlar arasında bir sıra qarşılıqlı vəzifələr mövcuddur. Bunlara riayət edilməsə, cəmiyyət varlığını qoruyub saxlaya bilməz, heç bir işdə nizam və sistem olmaz. Başlıca ictimai vəzifələr aşağıdakılardır:

1. Cəmiyyət fərdlərinin həyatına dəyər vermək.

Hər bir insan yaşamaq hüququna malikdir. Heç kimin həyatına haqsız yerə qəsd etmək olmaz. İslamda haqsız yerə bir insanın canına qıyan bütün insanları öldürmüş kimidir. Əksinə, bir in­sanın yaşamasına səbəb olan isə bütün insanları xilas etmiş sa­yılır.

2. Fərdlərin azadlığına təcavüz etməmək.

Uca Allah bütün insanları azad yaratmışdır. Ancaq azadlığın da çərçivəsi var. Hər insan hər istədiyini etmək səlahiyyətinə malik deyildir. Elə olsa, cəmiyyət azadlığını itirər.

3. Fərdlərin vicdanına dəyər vermək.

Vicdan ilahi qüvvə olub ruhun xassəsidir. İnsanlar təmiz vicdan sayəsində yaxşı ilə pisi bir-birindən ayıra bilir. Vicdan necədirsə, davranışlar da ona uyğun olur. Şər işlərlə məşğul olan bir insanın təmiz vicdanlı olması qeyri-mümkündür. İslam bütün insanların hidayət və xoşbəxtliyini istəyən vicdanlı  insanlara böyük dəyər verir. Napak vicdan sahiblərinin də halına acıyır, onları düz yola gətirməyə çalışır. İnsanlar bir-birinə yaxşılıq etməklə pis davranış və xasiyyətlərini düzəltməyə çalışırlar. Bir-birinin vicdanına, ruhuna hakim olmağa, müdaxilə etməyə çalışmaq doğru deyildir. Vicdanlara baxan ancaq Uca Allahdır. Vicdandakı duyğulara görə mükafatı da, cəzanı da verən yalnız Odur. Ancaq pis vicdanları düzəltmək üçün bilərəkdən edilən xəbərdarlıqları və nəsihətləri vicdanlara müdaxilə kimi başa düşmək də doğru deyildir.

4. Fərdlərin elmi fikirlərinə hörmətlə yanaşmaq.

Hər hansı fikir və qənaətin düzgün olub-olmaması ancaq elmi şəkildə müzakirə edilməlidir. Çünki haqqı, doğrunu ancaq bu yolla ortaya çıxarmaq olar. Cəmiyyətin bir batilin (yanlış düşüncə, ideologiya və s.) şərindən xilas olması da ancaq bu yolla mümkündür.

5. Fərdlərin namus və şərəfinə hörmət etmək.

Dinimiz hər kəsin namus və şərəfini hər cür hücum və təcavüzdən qoruyur. Namus və şərəfin tapdanmasına görə ağır cəzalar var. Elə buna görə də İslamda qeybət, şər atmaq, ələ salmaq, söymək və pis söz danışmaq haramdır.

6. Fərdlərin mülkiyyət hüquqlarına dəyər vermək.

Bir insanın mülki hüququnu əlindən almaq haramdır. Hamının qazancı özünə aiddir. Cəmiyyətin inkişafı və mədəni yaşaması ancaq mülkiyyət hüquqlarına riayətlə mümkündür. Bir cəmiyyəti meydana gətirən fərdlərin maddi imkan və peşəsinə görə müxtəlif səviyyələrdə olması ilahi hikmətdən və ehtiyacdan qaynaqlanır. Hamı Allahın bölgüsünə, verdiklərinə razı olmalıdır.


[1]. Bir qisim müsəlmanın yerinə yetirməsi ilə digər müsəlmanlar mükəlləfiyyətdən azad olur.
[2]. Hər kəsin etməli olduğu fərz. Namaz qılmaq, yalan söyləməmək, iman etmək, oruc tutmaq və s. kimi
 [3]. Acluni, Kəşfül-Xafa, 1, 425
[4]. Müslim, Qədər, 34
 [5]. Nəfsi tərbiyə etmək üçün az yeməklə keçinmək, nəfsi həvəslərdən çəkindirməklə faydalı fikir və işlə məşğul olmaq.
 [6]. Tirmizi, Rida 11 (1162); Əbu Davud, Sünnət 16, (4682)


Açar sözləri

əxlaq

Bənzər məqalələr

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Mizan və gözəl əxlaq

“Qiyamət günü tərəziyə ilk qoyulacaq şey gözəl əxlaqdır.”

Hədislərdə dil əxlaqı

Dil, Allahın insana bəxş etdiyi ən böyük nemət və Onun yaratdığı ən incə sənət əsərlərindən biri olmaqla yanaşı yerində istifadə edilmədiyi zaman potensial təhlükəyə çevrilmə xüsusiyyətinə də malikdir. Dil insan üçün istifadə məqsədindən asılı olaraq yerinə görə rəhmət, yerinə görə də bəla və müsibət səbəbi ola bilər. Dil bədəndə kiçik orqan olmasına baxmayaraq yerinə yetirdiyi funksiya və səbəb olduğu işlər etibarilə böyük təsirə malikdir.

Tərəzidə ən ağır gələn əməl

“Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələn bir şey yoxdur, Allah-Təala bütün əməlləri çirkin və pis olan, çirkin və pis şeylər dilindən düşməyən insanı sevməz”.

Əxlaqın təməli nədir-din, yoxsa ağıl?

Vicdan və ağlın müştərək olaraq tapdıqlarının həqiqətən doğru dəyər olduğundan necə əmin ola bilərik? İnsana aid dəyərləri başqa dəyərlərlə müqayisə etməli deyilikmi?Dəyərləri qoyan insan bunları öz istəyinə və başqalarının əleyhinə dəyişdirmək istəsə nə etməliyik? Dəyərləri hansı üsulla və necə mühafizə edəcəyik? Dəyərləri müəyyən sahələrdən olan mütəxəssilər təyin edə bilərmi? Qoruyucusu dövlətdirmi, yoxsa cəmiyyətdirmi? Dəyərlər hansı tarixin, cəmiyyətin məhsuludur? Hansı dəyərlər ümumbəşəri və dəyişməz həqiqətlərdən ortaya çıxmışdır?


Şərh yaz