6. 545 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Təala biz valideynlərə övladları əmanət olaraq vermiş, vaxt gələcək bu əmanətin hesabını soruşacaqdır. Buna görə də Rəbbimizin verdiyi övlad əmanətini göz bəbəyimiz kimi qorumalı, onun tərbiyəsi ilə yaxından maraqlanmalı, insanlığa, cəmiyyətə, millətə faydalı şəxsiyyət olaraq yetişdirməyə çalışmalıyıq. Belə etdiyimiz təqdirdə həmin əmanətin haqqını vermiş olarıq.

Tərbiyə deyərkən əsasən uşaqların bilikli, əxlaqlı, dürüst, vətən və millətini sevən, namuslu fərdlər olaraq yetişməsi nəzərdə tutulur. Uşaqların şəxsiyyətinin formalaşmasında valideynlərlə yanaşı içində yaşadığı cəmiyyətin, oxuduğu məktəbin, yaxınlarının, media və sosial şəbəkələrin təsiri böyükdür. Xüsusilə valideynlər uşağı ta kiçik yaşlarından doğru istiqamətləndirməli, onun hərəkət və davranışlarının düzgün formalaşmasına çalışmalıdırlar. Bu mənada valideynlərin üzərinə çox iş düşür. Valideynlər övladlarının gözəl əxlaq sahibi olması, pis vərdişlərdən uzaq durması və yanlış yollara getməməsi üçün onların yanında olmalı, övladların tərbiyəsinə xüsusi diqqət yetirməlidirlər. Onlar övladlarının təkcə zehni, ruhi və əxlaqi yönlərini yox, eyni zamanda onların mənəvi qabiliyyətlərini də inkişaf etdirməlidirlər. Çünki, bu hər bir valideynin vəzifəsidir.

Demək olar ki, hər yaşın özünə görə fiziki, psixoloji, zehni ehtiyacları var. Bu ehtiyacları ödəmək isə valideyn və sosial mühitin (məktəb, media və s.) öhdəsinə düşür. Müxtəlif yaş dövrlərində gəncin əxlaqının formalaşmasında əhəmiyyət kəsb edən sevgi, mərhəmət, ədalət kimi yüksək əxlaqi keyfiyyətlərin inkişaf etdirilməsi və zənginləşdirilməsi üçün valideyn qayğısı və düzgün sosial mühit lazımdır. Əxlaqi keyfiyyətlərin “şüuraltı”na yerləşməsi və mütəmadiliyi ancaq milli-mənəvi dəyərlərin öyrədilməsilə mümkündür. Uşaqların dinə bağlılıq, Allah sevgisi, güclü inanc və yüksək əxlaqa sahib olmasında valideyn, məktəb və medianın rolu inkaredilməzdir.

Gəncin gələcək həyatının formalaşmasında ona uşaq yaşlarında öyrədilən dini inanc və ibadətlərin rolu böyükdür. Uşaq yetkinlik dövrünə çatdığı zaman ona verilən dini tərbiyə ilə cəmiyyətdəki rolunu layiqincə yerinə yetirməyə və əzimkarlıqla öz işində uğurlar qazanmağa çalışar. Əgər valideynlər din və ibadətlərə əhəmiyyət verməsələr, inancı boş və mənasız hesab etsələr, bu təqdirdə uşaqların düşüncəsində fitrətən var olan Allaha iman və bu imanın gətirdiyi müsbət keyfiyyətlər inkişaf etmədən yox olmaq təhlükəsi ilə üzləşər. Hətta uşaq, kiçik yaşlarda meydana gələn bu mənəvi boşluğun yerini sonrakı dövrlərdə yanlış inanc və cərəyanlarla doldurmağa çalışar. Bu isə dünya həyatının bəzəyi sayılan uşaqların gənclik dövründə ateizm, deizm, nihilizm və s. kimi yanlış cərəyanlara qoşulmasına gəitirib çıxarar. Nəticədə uşaq inancsızlıq bataqlığında boğulamağa başlayar.

Rəsulullah (s.ə.s) bir hədisində, “Hər doğulan bir fitrət üzrə (İslam düşüncəsi ilə) doğular. Ancaq o uşağın anası və ya atası onu öz dinlərinə yönəldərlər. Yəhudidirsə yəhudi, xristian və ya məcusidirsə xristian va ya məcusi olaraq yetişdirər.”[1]− buyurmuşdur. Bu hədisdə valideynlərin uşaqlarının dini inancının formalaşmasında nə qədər böyük əhəmiyyətə malik olduğuna diqqət çəkilmişdir. Uşağa gözəl dini tərbiyə və əxlaq öyrədilmədiyi təqdirdə, təmiz fitrətlə dünyaya gələn uşaqların əxlaqının korlanmasına görə valideynlər də məsuliyyət daşıyır.

Bu baxımdan, bir uşağın valideynlərinin nəzarəti olmadan istədiyi kimi televizor və ya  internetdən istifadə etməsinə, yaşıdları ilə oyun oynamasına, onda olan əxlaqi, mənəvi ve zehni qabiliyyətlərin özbaşına inkişafına şərait yaratmaq və bunun müsbət nəticə verəcəyini gözləmək uşağa zülm etməkdir. Nəinki bir bağça, hətta bir gül belə qulluq tələb edir.

İnternetin mənfi yönləri

Məlumdur ki, uşaqlar sadəcə valideynlərindən deyil, yaşadığı ictimai mühitdən və sosial şəbəkələrdən də təsirlənirlər. Bu sosial şəbəkələrə isə televiziya ilə yanaşı facebook, twitter, whatsapp, odnoklassniki, bloqlar və s. daxildir. Belə ki, uşaqların sosial şəbəkələrdən istifadəsi onların əxlaq və psixologiyasının pozulmasına səbəb olmaqla yanaşı, valideynlər tərəfindən onlara milli-mənəvi dəyərlərin, dini bilikləri öyrədilməsi işini çətinləşdirir. Buna görə də valideynlər övladlarının televiziya və sosial şəbəkələrdən istifadəsinə nəzarət etməlidirlər.

  • Övladınız vaxtının çox hissəsini kompyuter və ya telefona sərf edir və çox mesajlaşırsa,
  • İnternetdən çox istifadə etməyə başlayıbsa,
  • Sizdən nə isə gizlətməyə çalışarsa,
  • Bu və bənzəri vəziyyətlərdə valideynlər övladlarına nəzarəti artırmalıdır.

Uşaqların və gənclərin zərərli internet vasitələrindən qorunması üçün ailələr aşağıdakılara diqqət etməlidirlər:

Ən az övladınızı qoruya biləcək şəkildə interneti öyrənməyiniz tövsiyə olunur. Onlara interneti tamamilə qadağan etməyin. Müəyyən zaman çərçivəsində internetdən istifadə etməsinə icazə verin. İnternetin övladınızın dərslərinin zəifləməsinə səbəb olmasına imkan verməyin. Digər sosial fəaliyyətlərlə (futbol, voleybol və s.) məşğul olması üçün övladınızda maraq oyadın. İnternetdən istifadə etdiyinə görə üzərinə düşən bəzi məsuliyyətlərdən boyun qaçırmasına şərait yaratmayın. Əgər övladınızın tanımadığı insanlarla dostluq etməsini, internet aludəçisi olmasını, əsəb, gərginlik, stress kimi psixoloji problemlərlə qarşılaşmasını istəyirsinizsə, onu həmişə nəzarətdə saxlamalısınız.

Övladınız sosial şəbəkələrin (məsələn, facebook) hər hansı birinin üzvüdürsə, profilini (şəxsi məlumatlarını) gizlətməsini təmin edin. Ona başa salın ki, adını, soyadını, ünvanını, məktəbini və şəxsi şəkillərini paylaşmasın, tanımadığı insanları dostluq siyahısına əlavə etməsin. Bundan əlavə kimlərlə dostluq etdiyini ara-sıra yoxlayın.

Mövzuya yaş kateqoriyasına görə baxsaq:

5-7 yaş arası uşaqlar, daha çox şey bilmədikləri üçün hər kəsə qarşı müsbət fikirli olurlar və adətən müsbət rəy bildirirlər. Onlar hələ təzə-təzə oxumağa, yazmağa başladıqları üçün daha çox ətrafındakılarla ünsiyyət qurmağa çalışırlar. Ətraflarındakılara qarşı müsbət fikirli olduqları üçün qarşılaşdıqları insanları sorğulamağı fikirləşmirlər.

8-10 yaş arası uşaqlar isə daha çox ailələrinə bağlı olurlar. Özlərindən yaşca böyük uşaqlar kimi sosial fəaliyyətlərə maraq göstərirlər. Şəxsiyyətlərinin formalaşması üçün müəyyən addımlar atırlar. Bu yaş qrupundakı uşaqlar da ətrafındakı insanlara inanırlar və onları sorğu-sual etməyi düşünmürlər. Bu yaşdakı uşaqaların − hər an aldana biləcəkləri üçün − elektron poçtdan, qarşılıqlı mesajlaşma proqramlarından (facebook, msn, twitter, whatsapp və s.) istifadəsi məsləhət deyil.

11-13 yaş qrupundakı uşaqlar isə dəyişkən xarakterli olurlar. Dostları ilə münasibətləri onlar üçün xüsusi əhəmiyyət kəsb etməyə başlayır və dostlarının cəmiyyət içində etdiklərindən təsirlənirlər. Ətrafındakı insanlardan əldə etdiyi məlumatlara tənqidi yanaşmırlar. Sosial şəbəkələrin hər hansı birində gördüyü anket və ya üzvlük və s. üçün haqqında istənilən bütün məlumatları tərəddüt etmədən verirlər.

14-18 yaş arası gənclər isə müstəqil, azad olmağa can atırlar. Onlar özlərini artıq yetkin hesab edir və ətrafındakılarla necə münasibət quracaqlarını bilirlər. Ümumiyyətlə bu yaş qrupundakı gənclər yeni fikirlərə meylli olurlar. Lakin həyat təcrübələri az olduğu üçün hər hansı təhlükə ilə üz-üzə qaldıqda doğru qərar verə bilmirlər.

Buna görə də valideynlər uşaqların internetdən istifadəsinə nəzarət edərkən yaş səviyyəsini də nəzərə almalıdırlar. İnternetə nəzarət məqsədilə uşağın lazımsız saytlara girməsinin qarşısını almaq üçün müxtəlif “filtr” proqramlardan istifadə oluna bilər. Həmin proqramları təkcə internet üçün yox, telefon, ipad, iphone və s. internetdən istifadə vasitələrinə də yükləmək olar. Lakin unutmamaq lazımdır ki, həmin proqramlar sizin şəxsi nəzarətinizi əvəz edə bilməz.

Övladınızın rahatlığı üçün ayırdığımız otağında saatlarla təkbaşına qalmasına da şərait yaratmamalıyıq. Çalışmalıyıq ki, onun istifadə edəcəyi komyuter və digər avadanlıqlar göz önündə olsun. Övladınızın gecələr saatlarla kompyuter başında oturaraq internetdən istifadəsinə şərait yaratmayın. Unutmayın ki, bədniyyətli insanlar asanlıqla uşaq və gəncləri öz qurbanlarına çevirə bilirlər.

Gənclərin internetdən həddindən çox istifadəsi, onları insanlara qarşı laqeydliyə, diqqətsizliyə  sövq edir. Bu isə, onlarda tədricən “internet asılılığı” xəstəliyinin ortaya çıxmasına, iradənin və  haramlardan çəkinmə duyğusunun zəifləməsi kimi fəsadlara gətirib çıxarır. Qızıldan qiymətli olan vaxtını arzu və istəklərinə qurban verən, vaxtının çoxunu faydasız işlərlə keçirənlər, özlərinə verilən ən ülvi hisslərini də məhv edirlər. Valideynlərlə söhbətləşmək, dostlarla “söhbəti-canan” varkən, sosial şəbəkələrdə və ya “chat”larda söhbət bəhanəsiylə qeybət etməyə, yalan danışmağa ehtiyac yoxdur.[2]

Yeniyetməlik dövründə gənclərin ünsiyyət ehtiyacını qarşılamaq üçün valideynlərin onlarla dost olması məsləhət görülür. Yəni övladı qarşılaşdığı problemi və ya istənilən məsələni asanlıqla valideynilə müzakirə edə, ondan kömək istəyə bilməlidir. Bunun formalaşması üçün hələ uşaq yaşlarından başlayaraq xəta etdikdən sonra səhvlərini etiraf etsələr onları cəzalandırmamalıyıq ki, böyüyəndə öz problemlərini rahatlıqla deyə bilsinlər.

Qorxu və qayğı

Uşağı normal inkişafında diqqət və qayğının da rolu var. Diqqət və qayğıdan kənarda qalan uşaqlar gələcəkdə bir çox problemlərlə qarşı-qarşıya qalırlar. Belə ki, onlarda mənəvi və əxlaqi zəiflik, məktəbdən uzaqlaşma, dərslərə laqeyid yanaşma, tüfeyli həyat tərzi və hətta məsuliyyətsizlik kimi hallara tez-tez rast gəlinir.

Uşaqda qorxu və psixoloji narahatlığın yaranması onun əxlaqi tərbiyəsinin qarşısında duran maneələrdən biridir. Xüsusilə gənclərdəki özünəinamsızlıq və müvəffəqiyyətsizlik duyğuları uşaqlıqdan yaranmış qorxu və narahatlığın fəsadlarıdır. Özünəinam hissi zədələnmiş, qorxu və qayğılar içində böyüyən uşaq və ya gənc sonralar bir çox mənfi vərdişlərə aludə olmağa başlayır. Bunun da fəsadları hamıya məlumdur. Qorxu və qayğı içində olan gənc, özünü isbat etmək üçün müxtəlif yanlış yollara baş vuracaq və bu həyat tərzini özünün qurtuluşu kimi görəcəkdir. Əslində isə belə həyat tərziylə insanlardan uzaqlaşacaq və normal həyat yaşamayacaqdır. Uşaqda olan və hələ formalaşmamış mərhəmət, qəzəb, zülm və s. kimi hisslər əvvəldən düzgün tərbiyə olunmazsa, həmin hisslər sonradan mənfi yöndə dəyişməyə başlayar.

Ailədəki işsizlik, yoxsulluq, şiddət və təhsilin olmaması, əsasən uşaqların gələcəkdə psixoloji problemler yaşamasına və dini həyatdan uzaqlaşmasına gətirib çıxarır. Elə bunda görə də ailələr, burada qeyd etdiyimiz maddi-mənəvi problemləri həll etməyə, uşaqlarını daima nəzarətdə saxlamağa, vətəninə və millətinə layiqli övlad yetişdirməyə çalışmalıdırlar.[3]

[1]Buxari, Cənaiz, 93; Müslim, Qədər, 6: Əbu Davud, Sünnə 17; Tirmizi, Qədər 5.

[2] Diriliş Çağrısı, s. 100.

[3]Musa Kazım Gülçür, “Yeni Ümit” dərgisi, 100-cü sayı, 2013. 




Bənzər məqalələr

Peyğəmbər metodu – fərdi tərbiyə

Hər insanın, mənəvi və zehni qabiliyyətləri bir-birindən fərqlidir. Bu baxımdan hər kəs fərdi xüsusiyyətlərə malikdir. Dolayısı ilə insanlara nəyisə öyrədərkən fərdi keyfiyyətlərini də nəzərə almalı və hər kəsin fərdi xüsusiyyətlərinə görə təlim metodları tərtib edilməlidir. Rəsulullah (s.a.s.) da insanların xarakter və qabiliyyətlərindəki bu fərqlilikləri üç ayrı bənzətmə ilə izah etmiş və insanlara nəyisə öyrədərkən hər […]

Nəfsin cilovu – oruc

Başqa canlılardan fərqli olaraq, insanların duyğularına məhdudiyyət qoyulmamışdır, yaxşılıq və pisliklərin sərhədi yoxdur. Çünki bu dünya insanlar üçün imtahan dünyasıdır.

Nəbəvi tərbiyənin əsasları – təmkin

Bu yazı Rəsulullahın insanlara nə isə öyrədərkən istifadə etdiyi metodlardan təmkinli davranmaq haqqındadır.

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Orucun faydaları

Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir.


Şərh yaz