4. 154 dəfə oxunub ,   0 şərh   Çap et

İşçinin haqqını təri qurumadan verin”.

 (İbn Macə, Rübün 4; Təbərani, əl-Mücəmüs-Sağir, 1/43; Beyhaqi, Sünəni-kübra, 6/120)

Başqasına aid bir iş və ya xidməti bir haqq müqabilində görən şəxsə işçi deyilir. İşçi iş müqaviləsi ilə əməyini müəyyən müddətə satmış olur. Keçmiş dövrlərdə əhalinin sayı və iqtisadi tələbat az olduğuna görə insanlar öz işlərini özləri görməyə çalışır, başqalarının köməyinə bugünkü qədər ehtiyac duymurdu. Lakin zaman keçdikcə və mədəniyyət tərəqqi etdikcə insanlar öz işlərini görməkdə çətinlik çəkmiş və başqalarının əməyindən faydalanmaq məcburiyyətində qalmışlar. Beləliklə, cəmiyyətdə işçi sinfi meydana gəlmiş və işçi əməyindən istifadə geniş yayılmışdır. Bununla yanaşı, İslamda əməyi ilə dolanışığını təmin edənlər fərqli bir sinif kimi qəbul edilmir. Çünki sərmayə kimi təşəbbüs gücü, yəni əmək də əhəmiyyətlidir. Bugünkü işçi sabah əmək-sərmayə ortaqlığı ilə bir iş adamına çevrilə bilər.

İslama görə, ixtisaslaşıb iş bölgüsü aparmaq cəmiyyətdən tələb edilən bir məsuliyyət olsa da, bu əmri bir qisim insanların yerinə yetirməsi digərlərini məsuliyyətdən azad edir. (“Tövbə” surəsi, 9/120) İslamda iş görüb əvəzində haqq almaq caizdir. Qurani-Kərimdə bəhs edildiyinə görə, Həzrət Musa ilə Xızır (əleyhissalam) birlikdə səyahətə çıxırlar. Axırda bir yerə çatıb əhalidən yeməyə bir şey istəyirlər, ancaq heç kim onları qonaq etmir. Hətta çörək belə vermirlər. Çarəsiz qalıb gedən Xızır orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar görür və dərhal təmir edir. Musa: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir haqq (çörək pulu) alardın” (“Kəhf” surəsi, 18/77) – deyir. Bu ayədən İslamda bir iş görüb əvəzində haqq almağın caiz olması, haqqın işə başlamazdan əvvəl təyin edilməsi və işçinin iş sahibinin əmr və icazəsi olmadan gördüyü işin haqqın istəməyə haqqının olmaması nəticələri çıxarılmışdır. Qurani-Kərimdə “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!” (“Nəcm” surəsi, 53/39) bildirilmiş, Həzrət Şuaybın qoyunlarını sulamağa kömək etdiyinə görə Həzrət Musaya haqq təklif edilməsi ilə əməyin dəyərinə diqqət çəkilmişdir. (“Qasas” surəsi, 28/25)

İşçi-iş sahibi münasibətləri bir müqavilə ilə tənzimləndiyi üçün hər iki tərəfə bir sıra vəzifə və məsuliyyətlər düşür. Ümumən işçinin haqlarını belə sıralamaq olar:

a. İşçinin işi müqavilədə göstərilməlidir. Görüləcək işin göstərilməməsi anlaşılmazlığa yol aça bilər, ona görə də bu məsələnin əvvəlcədən müəyyənləşdirilməsi şərtdir. Bu da şərt qoymaqla və ya adət-ənənə əsasında həyata keçirilir.

İşçinin gördüyü işin əvəzində alacağı haqq göstərilməlidir. Haqqın müəyyən edilməməsi anlaşılmazlığa gətirib çıxarır. Buna görə də Allah Rəsulu: “Bir işçi işlədən şəxs ona verəcəyi haqqı bildirsin” (Nəsai, İman, 44) buyuraraq anlaşılmazlığın aradan qaldırılmasını istəmişdir.

İslam dinində müxtəlif iş və vəzifələrə verilən məvacib barədə xüsusi hökm yoxdur. Lakin “Ən xeyirli qazanc insanın əlinin zəhməti və dürüst alış-verişlə əldə etdiyi qazancdır” (Əhməd ibn Hənbəl, Müsnəd, III, 466; IV, 141) və “İnsan əlinin zəhmətindən daha xeyirli bir qazanc yeməmişdir. Allahın nəbisi Davud peyğəmbər də zireh düzəldərək öz əlinin zəhməti ilə dolanırdı” (Buxari, Büyu 15, Ənbiya, 37)  hədisləri ilə işçi haqqının təmiz bir qazanc olduğu göstərilmiş, məvacibin tam və vaxtında ödənilməsi (“Əraf” surəsi, 7/85) xatırladılmış, “Kim bizim bir işimizə təyin olunursa, evi yoxdursa ev əldə etsin, subaydırsa evlənsin, xidmətçisi yoxdursa xidmətçi, miniyi yoxdursa minik əldə etsin. Kim bunlardan artığını istəsə, ya hiyləgərdir, ya da oğru” (Əbu Davud, İmarə, 10; Əhməd ibn Hənbəl, Müsnəd, IV, 229) hədisi ilə işçi üçün müəyyən həyat standartının olmasına işarə edilmişdir. Bununla yanaşı, iş və peşələrə eyni əmək və qabiliyyət sərf olunmadığı üçün haqq və maaşlar da fərqli olur.

b. İşçinin haqqı gecikdirilməməlidir. Başlıqdakı hədisdə göstərildiyi kimi, işçinin haqqı təri qurumadan verilməlidir. Mövzu ilə əlaqədar qüdsi hədisdə, bir şəxsi işlədib haqqını verməyən insanın qiyamət günü qarşısında Allahı görəcəyi vurğulanmışdır. (Buxari, Büyu, 106, İcarə, 12, 15; İbn Macə, Rehin, 4) 

c. İşçiyə gücü çatmayana iş tapşırılmamalıdır. Quranda “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)” (“Bəqərə” surəsi, 2/286) ayəsində və Peyğəmbərimizin: “Xidmətçilərinizə gücləri çatan işi tapşırın. Ağır iş tapşıranda da onlara kömək edin” (Buxari, İman 22) hədisində  bu məsələ diqqətə çatdırılmışdır.

İş vaxtının uzun olması da işin görülməsini çətinləşdirə bilər. Çünki iş saatları normadan çox olanda üstələnən yorğunluq getdikcə işin səmərəliliyinə mənfi təsir göstərir. Nəticə etibarilə buna xüsusi diqqət yetirilməlidir.

ç. İşçinin ibadətini yerinə yetirməsinə imkan verilməli, mənəvi (dini) haqları qorunmalıdır. Namaz və xüsusilə, cümə namazı kimi ibadətlərdə iş sahibi işçilərə hər cür şərait hazırlamalıdır. 

d. İşçiyə normal ehtiyaclarını təmin etmək və istirahət eləmək üçün icazə verilməlidir. Bunlar işçinin səmərəli işləməsinə müsbət təsir göstərir. İstirahət şərtləri iş müqaviləsində göstərilibsə, bu əsaslara əməl etmək lazımdır. Əks halda ümumən adət necədirsə, elə edilir.

e. İş sahibi müqavilədə göstərilən maaşdan başqa, yemək, içmək, geyim kimi ehtiyacların təmin edilməsinə görə məsuliyyət daşımır. Lakin bunlar iş müqaviləsində göstərilmişsə və ya adət-ənənəyə görə təmin olunursa, riayət edilməldir. Peyğəmbərimiz bu məsələ ilə bağlı “Onlar Allahın sizin tabeliyinizə verdiyi qardaşlarınızdır. Onlara yediyinizdən yedirin, geydiyinizdən geydirin. Onlara gücləri çatan işi tapşırın…” (Buxari, İman, 22) buyurmuşdur.

ə. İşçiyə artıq işlədiyi iş saatlarının haqqı ayrıca verilməlidir. Allah Rəsulu “Onlara ağır iş tapşıranda kömək edin” (Buxari, İman, 22) hədisini bu aspektdə dəyərləndirmək lazımdır.

f. İşçinin qarşılıqlı razılıq əsasında və ya üzrlü bir səbəbə görə müqaviləni pozmaq hüququ olmalıdır.

g. İş sahibi işçi ilə yaxşı rəftar etməli, onların şəxsiyyət və qüruruna toxunmamalıdır. Çünki Peyğəmbərimiz xəbərdarlıq edir: “İşçilərinizlə yumşaq və xoş rəftar etsəniz, Allah da sizinlə şəfqətlə və mərhəmətlə müamilə (rəftar) edəcək”. (Malik, Muvatta, İstizan 42)

Mövzunu iş sahibinin işçi haqlarına riayət etməsinə gözəl örnək olan bir hədislə yekunlaşdırmaq istəyirik: Rəsulullah (s.ə.s) keçmiş qövmlərin birində fırtınadan qorunmaq üçün mağaraya sığınan və bir qayanın mağaranın ağzını tutması nəticəsində içəridə çar-naçar qalan üç şəxsdən birinin belə dua etdiyini söyləyir: “Ey Rəbbim! Mən bir çox işçilər işlətdim. Haqlarını verdim. Lakin işçilərdən biri haqqını almadan getdi. Onun haqqını ticarətə qoyub artırdım. Çoxlu malı oldu. Uzun müddət keçəndən sonra gəlib haqqını istədi. Mən: “Gördüyün bu dəvə, bu qaramal, qoyun və xidmətçilər sənin haqqındır”, – dedim. O da: “Məni ələ salma”, – dedi.  Mən də: “Doğru deyirəm”, – dedim. Həmin adam da yerdə heç nə saxlamayıb bütün malını götürüb getdi. Ey Rəbbim, bunu sırf Sənin rizanı qazanmaq üçün etdim, bizi bu mağaradan xilas et!” Bu duadan sonra mağaranın ağzını tutan qaya parçası yumarlandı, onlar da xilas oldular. (Buxari, İcarə, 12)



Açar sözləri

işçi qazanc ticarət

Bənzər məqalələr

Ramazandan kimlər “qazanclı” çıxır?

Həqiqi xoşbəxt ramazan ayına yetişib Allahın əvfinə nail olan insandır. Ramazan ayında ibadətlərdə müvəffəq olmaq və bu ayı layiqincə əhya etmək üçün müəyyən xüsuslara diqqət etmək lazımdır.

İslamda halal qazancın etik prinsipləri

Halal gəlirin ölçüsü könül məmnuniyyətdir. Qurana görə ticarətin məqbul olması qarşılıqlı riza bağlıdır.

Orucun faydaları

Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir.

Ticarətdə kar həddi

İslamda alış-verişdə hər hansı kar məhdudiyyəti (həddi) qoyulmamışdır. Yəni Quran və Sünnədə və səhabələrin tətbiqatında buna rast gəlinmir. Ticarətdə hər hansı kar (qazanc) məhdudiyyətinin gətirilməməsi, ticarət həyatının daha canlı olması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Əgər ticarətdə hər hansı kar həddi qoyulmuş olasaydı bir çox çətinliklər ortaya çıxardı.

Ticarət həyatında dua

“Kim bazara girəndə “Allahdan başqa ilah yoxdur. O, birdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Dirildir və öldürür. O, Hayydır, ölməz. Xeyir Onun əlindədir. Onun gücü hər şeyə yetər” deyərsə, Allah ona minlərlə savab yazar, onun minlərlə günahını əfv edər və onu minlərlə dərəcə yüksəldər”.


Şərh yaz