3. 266 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərlər və ismət

Peyğəmbərimizin isməti

Xətalara gələn xəbərdarlıqlar

Bədir əsirləri

Kasıblara qarşı münasibət

 

Peyğəmbərlər və ismət

Peyğəmbərlərin vəsflərindən biri də onların məsum və günahsız olmasıdır. Buna biz “ismət” deyirik.

İsmət lüğətdə “qadağan etmə, mane olma və ya himayəyə alınmış, qorunmuş” mənalarına gəlir. İstilahi mənasına görə isə ismət peyğəmbərlərin kiçik-böyük bütün günahlardan – Allahın inayətiylə – qorunması deməkdir. Yəni Allah (c.c.) peyğəmbər kimi göndərəcəyi qulunu günahlardan qoruyar, uzaq saxlayar və O, peyğəmbərlərinə günah işlətməz.

Bütün peyğəmbərlər günahsızdır. Onların həyatında qəsdən yanılmaq və yoldan sapmaqdan söhbət gedə bilməz. Onlar seçilmiş və qüdsi yaradılmış müstəsna insanlardır. Təkcə xeyirli  insanlar deyil, xeyirlilər arasında da ən seçilmişlərdir. Və onlar ömürləri boyu bu seçilmişlik və qüdsiyyətə zərrə qədər kölgə salmamışlar.

Nəbilərin fitrətləri saf, ruhları ülvi, iradələri möhkəm və könülləri də tərtəmizdir. Allahdan (c.c.) gələn təcəllilər onlarda olduğu kimi büllurlaşır və öz parlaqlığı ilə görünür, sezilir. Onlar günəş şüalarını necə varsa, elə də əks etdirən bir damcı kimidir, onların könlündə nə işıq sınması, nə də rəng dəyişməsi olar!

Bəli, elədir, məntiq bunun zəruri olduğunu deyir. Çünki nəbilər təbliğ vəzifəsi ilə insanlar arasında olurlar… Onların yalnız və yalnız təbliğ üçün yaradılmışlar. Yəni Allahın əmr və buyruqlarının ilk müxtatəbi, ilk ünvanı onlardır… Və verilən əmrləri olduğu kimi insanlara çatdırırlar. Əgər peyğəmbərlərin ruhu belə dupduru olmasaydı, nazil olan ilahi bəyanları gəldiyi kimi insanlara çatdıra bilməzdilər. Üstəlik ilahi vəhy onların şəffaf olmayan mahiyyətinə, duru olmayan könlünə, saf olmayan vicdanına toxununca işıq kimi sınar və işığın sınıb başqalaşması kimi, bu tutqun bünyələr hər şeyi öz hiss, duyğu və düşüncələrinin alaqaranlığında istəyərək və ya istəməyərək təhrif edərlər. Beləcə Allahın istək və əmrlərinin əsl keyfiyyəti də itib gedərdi.

Nəbilər eyni zamanda Ən müqəddəs Zata aid sirri bizə ötürməkdə bir ayna rolunu oynayırlar. Bu ayna tərtəmiz olmalıdır ki, vicdanlara əks etdirdiyi həqiqətlər insanları yanıltmasın.

İnsan iman, etiqad və əmələ aid bütün dini hökmləri peyğəmbərlər vasitəsi ilə öyrənir. Və yenə insan onların timsalında dini ən kamil və mükəmməl görməlidir ki, onlara tabe olmaqla dünya və axirət səadətinə çata bilsin… İnsanlara öndər və imam olan bütün rəhbərlər əgər günah işləyəcəklərsə, onlara tabe olmaq necə caiz ola bilər? İnsanlar doğru yolu tapmaq üçün rəhbərlərin ardınca gedirlər, yəni onları buna sövq edən doğru yolu tapma düşüncəsidir. Yolunu azacaq insanların arxasınca getmək isə bu axtarış düşüncəsinə ziddir. Xeyr, heç bir peyğəmbər günah işləməmişdir və bütün peyğəmbərlər hər bir hərəkət və davranışında ən gözəl, ən mükəmməl həyatı yaşamış və bu istiqamətə ömür boyu sadiq qalmışlar. Özü Cənnətə layiq olmayan bir şəxsin insanların əlindən tutub Cənnətə layiq hala gətirəməsinə inanmaq çox çətindir. Bəli, halbuki Allah bütün peyğəmbərləri insanların dünyada hidayətə çatıb Cənnətə layiq səviyyəyə yüksəlməsinə vəsilə olsunlar deyə göndərmişdir.

Məhz Peyğəmbərlərin məsumluğundandır ki, ilahi vəhyə əsaslanan dinin bəşəri sistem və nəzəriyyələrdən müqayisəolunmaz dərəcədə üstünlüyü açıq-aşkar nəzərə çarpır. Əgər vəziyyət belə olmasaydı, nəticə də başqa cür olardı.

Əlbəttə, peyğəmbərlərin, xüsusilə də, peyğəmbərlikdən əvvəl özlərinin bir idealı vardı… Və bunun belə qəbul edilməsində də bir qəbahət yoxdur. Hər halda Allah Rəsulu insanlığın qurtuluşu üçün qıvrılarkən Nur dağında peyğəmbərlikdən əvvəl çəkdiyi iztirablar həmin qayədən qaynaqlanan qəlb çırpıntıları idi. Bəli, Onun bir idealı, bir qayəsi vardı: insanları bu bataqlıqdan qurtarmaq. Bu qayənin sərhədi məhz burada bitirdi. İnsanlığın necə xilas edilməsi Ona və Onun düşüncəsinə aid deyildi. Onu Allah vəhy yolu ilə bildirəcəkdi.

Məhz idealizmlə vəhy yolu burada bir-birindən ayrılır: biri bəşəri, digəri isə ilahidir. Elə isə o ilahi sistemi çiyinlərinə götürəcək nəbi də digər idealistlərdən tamam fərqli ruh dünyasına sahib olmalıdır və olmuşdur da.

Burada bunu da qeyd etmədən keçə bilməyəcəyəm: necə ki nəbilərlə idealistlər eyni deyil və birincilər məsumdur, nəbiyə tabe olan ümmət də eyni mahiyyətə və məsumluğa malik olmalıdır. Nəbi camaatını digər kütlələrdən fərqləndirən özünəməxsusluq da, məncə, məhz budur!

Şübhəsiz, hər kəsin bir idealı olmalıdır. İdealsız insanlar başıboş və istiqamətsiz sayılır. Onun üçün də bir söz sultanı:

“Qayeyi-xəyal olmasa, və ya unudulsa, düşüncə və zehinlər eqoistləşər”, – deyir. Qayeyi-xəyal köhnə bir ifadədir, bu gün onun mənasını məfkurə və ideal sözləri ilə verməyə çalışırıq.

Peyğəmbərlərin məsumluq və günahsızlığı onların fitrət və xarakterinə çevrilmişdir: günahsızlıq onların mahiyyətindədir. Ayın üzündə, günəşin köksündə bəzi qara ləkələr görmək mümkündür, lakin bir nəbinin ruhunda günahın kölgəsi də qonaq ola bilməz.

Bir vəli (övliya) günah işləsə, məsələn, bilmədən yanlış bir şey desə, ömür boyu bunun iztirabını çəkər. Halbuki belə bir söz nəbinin dodaqlarından töküləsəydi, onun vicdan əzabı məhşərdə də davam edərdi. Belə ki Həzrət İbrahim (ə.) söylədiyi üç təriz[1] cümləsinin (Təriz yalan deyil, zərurət yarandıqda işlədilir ki, doğrunu ifadə etməklə yanaşı, həmsöhbət ondan başqa məna anlayır. Biz bundan həmişə istifadə edirik) iztirabını məhşərdə də çəkir, şəfaət üçün gələnləri Həzrət Musaya (ə.) göndərir.[2]

Bəli, Onun və bütün peyğəmbərlərin vicdanı günaha qarşı bu dərəcə həssas və qapalıdır. Biz bu mövzuda Peyğəmbərimizin məsumluğunu izah etmək istəyirdik. Ancaq bütün nəbilər Allah Rəsulunun ifadəsiylə “Əbnau allat”,[3] yəni bir atanın övladlarıdır… Bəli, onların hamısı eyni atanın tərbiyəsi ilə yetişmiş övladlar kimidir. Ona görə də peyğəmbərlərin məsumluğuna qısa da olsa təmas etmədən keçə bilməyəcəyik. Hətta o uca ruh və müstəsna zatlardan, xüsusilə, təhrif olunmuş kitablar vasitəsilə iftiralara məruz qalan peyğəmbərləri mövzumuza daxil edəcək və onlara atılan böhtanların iyrəncliyini Quranın işığında göz önünə sərməyə çalışacağıq. Ancaq yuxarıda da təmas etdiyimiz kimi bizim əsas mövzumuz Allah Rəsuludur və Onun günahsızlığı da bu fəslin ana mehvəridir.

Bəli, hər bir peyğəmbər günahsızdır. Həzrət Məhəmməd Mustafa (s.a.s.) isə Məsumlar məsumudur. Çünki Onun mahiyyəti ilahi təcəllilərlə yoğurulmuş və könül aynasında daim Allah (c.c.) təcəlli etmişdir. Belə bir mahiyyət və könülə sahib olan o uca Ruhun Məsumlar Məsumu olması  təbiidir…

Allah (c.c.) müstəsna və böyük bir məfkurənin təbliği üçün müstəsna insanlar seçmişdir ki, bunlar da peyğəmbərlərdir. O, bu peyğəmbərləri daima xüsusi hifz etmişdir. Bu da onlara ismət vəsfi vermək və məsumluq üfüqündə saxlamaq deməkdir. Onlar daima o uca və pak məqamlarını qorumalıdırlar ki, bütün insanlığa rəhbər ola bilsinlər. Onların cübbə və sarıqları hər cür palçıq və pislikdən təmiz olmalıdır ki, imamına baxıb ona görə hərəkət edənlərin gözü başqa yerlərə yayınmasın. Onlar insanlığı Allaha və Allahın razılığına aparan yol rəhbəri və səyahət bələdçiləridir. Halbuki heç bir günahda, hətta ən kiçiyində belə Allahın razılığı və məmnuniyyəti yoxdur. Allahın rizasından məhrum olan bir adam başqalarını Onun rizasına qovuşdura bilərmi?! Bu qətiyyən mümkün deyil. Elə isə peyğəmbərlərin günah işləməsi də mümkünsüzdür.

Peyğəmbərimizin isməti

Bütün nəbilər günahsızdır. Nəbilər Sərvəri isə məsumlar məsumudur. Çünki O, nəbilərin sultanı, rəhbəri  və bütün varlığın yaradılış qayəsidir. Peyğəmbərlik şeirinə bir qafiyə lazım idi. Allah (c.c.) ən sevdiyi qulunu, sanki o şeirə qafiyə olaraq yaratdı. Hər peyğəmbər müəyyən zaman və məkanlara göndərilmişdi, halbuki O bütün varlığa, kainata və zamana göndərilmişdi.[4]

Bəli, varlığın həqiqətini heç bir peyğəmbər Onun kimi külli, ümumi və hərtərəfli şərh və izah edə bilməmişdir. Onsuz da, bu, onların vəzifəsi deyildi. Çünki o dövrlərdə hələ elmlər inkişaf etməmiş və varlıq hələ ələk-vələk edilib süzgəcdən keçirilməmişdi. Bu, Həzrət Məhəmməd Mustafanın dövründə olacaqdı və oldu da… Bəli, Onun dediklərindən heç biri həqiqi elm və kəşflərlə ziddiyyət təşkil etmədi…

Digər peyğəmbərlər də nur saçan ulduz idilər, amma Onu görüncə kənara çəkildirlər. Çünki gələn günəşlər günəşi və varlığın ilk mayası olan gerçək həqiqi sahibi idi. Buseyri nə gözəl deyir:

O, bir fəzilət günəşi, digərləri isə ulduzdur,

Ulduzlar insanlara ancaq gecələr işıq sızdırarlar.

Bəli, O, məsumlar məsumudur. Başqa sözlə, Onun isməti bütün ismətlərin, iffəti də, bütün iffətlərin fövqündə dayanır.

Ən qatı düşmənləri Onun iffət və ismətinə böhtan atmaq üçün bir söz tapa bilməmişdilər. Əbədiyyətə qədər də edə bilməyəcəklər. Çünki O, bir iffət abidəsi və bir ismət timsalı idi. Onun ətəklərində toz, damənində palçıq düşünmək necə mümkün ola bilərdi?! O, paklığın xülasəsi “Mustafa” olaraq yaradılmışdı.

Düşmənləri Ona hər cür böhtan atdılar. Məsələn, Ona “məcnun” dedilər.[5] Əslində, O, bir mənada Haqqın məcnunu idi və bu uğurda bütün varlığını da ortaya qoymuşdu. İstəyən talan edə bilərdi. Bu işin xırmanı isə Cənnət və Cəmalullaha çatmaq idi…

Və yenə Ona sehrbaz dedilər.[6] Bəli, ən inadkar insanlar belə Onun hüzurunda əriyir və qəlblərində küfr aid nə varsa, hamısı kökündən sarsılırdı. Saysız-hesabsız insanlar Onun hüzurunda ovsunlanıb bu yolun fədakar yolçularına çevrilmişdilər. Ağlı gözünə enmiş kafirlərə gəlincə deməyə bir söz tapmırdılar. “Bütün bu pərvanələr sehr atəşiylə fırlanır”, – deyir, uydurmalarla özlərinə təsəlli axtarırdılar. Halbuki onları pərvanəyə döndərən imanın gücü, kamalın cilvəsi və camalın cazibəsi idi…

Ona kahinliyi yaraşdırdılar.[7] Bəs necə?! Oturub qiyamətə qədər olacaq hər şeyi xəbər verirdi. Onlar o günəcən belə şeyləri həmişə kahinlərdən eşitmişdilər. Halbuki bir az diqqət yetirsəydilər, Onun sözlərini yalan dolu kahin sözlərindən asanlıqla ayıra bilərdilər. Bəli, Peyğəmbərimiz isə həmişə doğru söyləyirdi və başqa şeyləri deyil, yalnız gördüyünü xəbər verirdi.

Əgər O, məcnundursa – haşa – onda dünyada ağıllı heç kim yoxdur. Kahinlik və sehr kimi ciddiyyətdən uzaq şeylər isə Onun yuxusuna belə girə bilməmişdirlər. Çünki Onun yuxuları da həyatı qədər ciddidir. Onun həyatı o biri aləmlərə açıq idi və həmin aləmlərin yamaclarından gələn bu mübarək əsintilər Onun bəyanının bir hissəsini təşkil edirdi.[8]

Bəli, ağıla, məntiqə, mühakiməyə zidd olan bu saxta sözlərin hamısını söylədilər, amma heç kim Onun ismət və iffətinə bir şey deməyə cəsarət edə bilmədi. Çünki bu mövzuda kim nə desə, sadəcə öz-özünü rəzil edəcəkdi. Bunu dost da, düşmən də çox yaxşı bilirdi…

Bu günədək minlərlə insan, yüz minlərlə kitab Ondan bəhs etmişdir. Bunlar arasında o ocağın pərvanələri də var, işıqdan narahat olan yarasalar da. Ancaq fikirləri, hətta dinləri fərqli olan bu insanlar bir nöqtədə birləşirdilər. Bu, Allah Rəsulunun iffət və ismətini təsdiq nöqtəsi idi.

Bir mənada biz də o ocağa pərvanə olanlardanıq. Həmişə Onun iffət və ismətindən söz açırıq. Biz bunu dəyər vermək üçün deyil, üstümüzdə bir borc olduğu üçün deyirik. Ancaq bunu da etiraf etmədən və xatırlatmadan keçə bilməyəcəyəm: bu sətirlərin oxucuları əsla Onu və Onun iffətini, sözün əsl mənasında, mənim ifadələrimdə axtarmasınlar. Bu mövzuda onlara əsl rəhbər sələfin kitablarıyla onların tərtəmiz və dupduru vicdanı olsun. O vicdan ki onda həmişə Haqq görünür. Haqqın o ən pak təmsilçisini isə ancaq və ancaq bu vicdanlarla tanımaq olar.

Könülümüzlə birlikdə vicdanlarımız da Onun əbədi otağıdır. O nə ülvi otaqdır ki, onda Nəbilər Sultanı taxt qurmuşdur. Bax sözün bu yeri mənim üçün sarı simdir, əlimdə deyil, dərd mizrabı toxunduqca mənə belə dedirdir:

Ey Məsum Nəbi! On dörd əsr əvvəl zühur etdiyin kimi, bir daha yenidən zühur et. Ərəbin qaranlıq dünyasını işıqlandırdığın kimi, doqquz əsrdir, dininə xidmət edən və bu qüdsi vəzifənin bayraqdarlığını edən bu soylu və nəcib millətə də baş çək, onu da işıqlandır! Nə olar, atını mahmızla, bir də bizim ölkəmizə gəl! İnan ki, yetişən işıq süvariləri artıq səni tək qoymayacaq. Sənin bircə işarəni, bircə təbəssümünü görmək üçün hər şeyini fəda etməyə müntəzir dayanacaqlar.

Xətalara gələn xəbərdarlıqlar

Qurani-Kərimdə birbaşa Peyğəmbərimizə xitab edən bəzi xəbərdarlıqlar vardır. Bu xəbərdarlıqlar zahirən Onun məsumluğuna və günahsızlığına xələl gətirirmiş kimi görünür. Hətta “Xəta olmadan belə xəbərdarlıq edilməz”, – deyə düşünənlər var. Halbuki (israrla söylədiyimiz kimi) bu xəbərdarlıqlar qətiyyən bir xəta və günaha görə edilməmişdir. Ehtimal ki, Peyğəmbərimiz bəzi ictihadlarında “ən gözəl”i ola-ola “gözəl”i seçmiş, Allah da bunun “ən gözəl”i təmsil edən bir peyğəmbərə yaraşmadığını bildirərək xəbərdarlıq etmişdir.

Bu sanki bulaq suyu ola-ola təmiz və ya sterilizə edilməmiş suyu içməyə bənzəyir… Bəli, nəbilərə “kövsər ola-ola zəmzəm içmək xətalıdır” kimi xəbərdarlıq edilə bilər. Biz ayağımız sürüşüb, cəhənnəmə yuvarlansaq – Allah qorusun! – tənbeh eşidərik. Onlar isə həmin xəbərdarlığı səmalarda pərvaz edərkən yerlərini dəyişdirdiklərinə görə ala bilərlər. Bu səbəbdən də bir nəbini öz meyarlarımız çərçivəsində (səviyyəsində) dəyərləndirib onun haqqında hökm çıxarmaq doğru deyil. Onlar ilahi sarayın sakinləri, ilahi hüzurla şərəflənmiş insanlardır. Onları çöldə qalmış, bağça qapısına yaxın düşə bilməmiş insanlarla bir tutmaq, tərəzinin bir gözünə qoymaq mümkün deyildir. Çöldəkinin (yəni adi müsəlmanın) təbəssümü də sədəqədir. Hüzurdakıların təbəssümü isə xəta ola bilər. Bəli, ölçü və meyarlar tamam fərqlidir. Başqa sözlə, Qurani-Kərimdə Peyğəmbərimizə yönəldilmiş xəbərdarlıqları da bu aspektdə qiymətləndirmək lazımdır.

Bu xəbərdarlıqlar hansılardır? Və Peyğəmbərimizə niyə xəbərdarlıq edilmişdir? İndi bu xüsuslara  ardıcıllıqla təmas edərək xəbərdarlıq kimi görünən bu cür xitabların alt qatındakı iltifata və günah kimi görünən əməlin savab və fəzilətinə birlikdə baxmağa çalışaq. Sonda da  Ona: “Sənin iffət və ismətdə də tayın-bərabərin yoxdur”, – deyib, peyğəmbərliyini bir daha elan edək.

Bədir əsirləri

Bədir əsirləri ilə bağlı nazil olan bu ayə Peyğəmbərimiz üçün bir xəbərdarlıq kimi görünür. Ayədə buyurulur:

“Heç bir peyğəmbərə yer üzündə döyüşərkən düşməni tam məğlub etmədən əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. Siz fani dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! Əgər əvvəlcədən (bu barədə) Allahdan bir hökm olmasaydı, aldığınızdan ötrü sizə şiddətli bir əzab üz verərdi. Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin. Allahdan qorxun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”[9]

Nəbi əsir sahibi ola bilməz. Əvvəlki peyğəmbərlər də olmamışdır. Əsirlərə sahib ola bilməzdisə, bəs onlarla bağlı hansı hökmü verməli idi?

Nəbi köməyə ehtiyacı olmadan və öz gücü ilə ayaq üstə dayananadək, heç kimə söykənmədən amal və düşüncəsini isbat edib tanıdanacan, xülasə, tam möhkəmələnənədək belə etməməli idi. Yəni əsirləri pul müqabilində azad etməməli idi. Əksinə, bununla möminlərin özünə gəlməsini təmin edilməli, öz layiqli yerini tutmasını sürətləndirməli və güclü qüvvəyə çevrilməsini hədəf seçməli idi… Onsuz da sənin müstəsna xarakterin buna əlverişlidir. Çünki sənin dünyaya aid yeganə arzun dini bərqərar etməkdir. Əshabın da bunu düşünür. Bəli, ortada bir qərar var, bu daha yaxşı da ola bilərdi. Yəni siz “yaxşı”nı etmisiniz, amma bu işin  “ən yaxşı” bəndi də var. Allah (c.c.) da elə bu “ən yaxşı”nı istəyir.

Əgər əvvəlcədən yazılmış bir yazı sizi həlak etməyəcəyimə dair bir hökm və onların bu əməllərinə görə əzaba düçar olmayacağı barədə qədərin təsbiti olmasaydı, siz bir əzaba məruz qala bilərdiniz. Lakin belə bir hökm, belə bir yazı və belə bir təsbit mövcud olduğundan artıq sizə əzab edilməyəcək.

Allah Rəsulunun Bədirdə düşməni darmadağın edib məğlubiyyətə uğratması ilə möminlərin ürəyinə su səpildi.

Bu, onların qəlbində on beş ildir, yanan yanğını söndürməyə kifayət etmişdi. Çünki bu on beş il ərzində kafirlərdən hər cür haqsızlıq, zülm və əziyyəti görmüşdülər. Əvvəla, doğma Məkkədən ayrı düşmüş, Mədinəyə köç etmişdilər. Lakin Məkkə müşriklərinin bununla da ürəyi soyumamış, onların yeni vətənlərinə hücum etməyə başlamışdılar. Möminlər hər şeyi sinəyə çəkir və səbir edirdilər. Bədirə qədər düşmən nə edir-etsin, onlarla döyüşmək qadağan idi.

“Döyənə əlsiz, söyənə dilsiz”, – deyir və bu düşüncə ilə hərəkət edirdilər.

Allah indi onlara icazə vermişdi.[10] Artıq möminlər düşmənə cavab verəcək və heç olmasa, özlərini müdafiə edəcəkdilər. Bədir ilk döyüş idi. Müsəlmanlar müzəffər olmuş, düşmənlərdən xeyli əsir də götürmüşdülər. Ancaq belə bir şeylə ilk dəfə idi, qarşılaşırdılar. O vaxtadək əsir məsələsi ilə bağlı ilahi əmr gəlməmişdi. Adətən belə hallarda müşavirə edib qərar qəbul edirdilər. Allah Rəsulu əsirlərin vəziyyəti ilə əlaqədar səhabələri ilə məsləhətləşdi. Əsirlər haqda qərar məşvərət yolu ilə veriləcəkdi.

Əvvəla, Allah Rəsulu öz xarakteri və Qurandan öyrəndiyi əxlaq etibarı ilə bu əsirlərin bağışlanmasının tərəfdarı idi. Çünki indiyə qədər Qurani-Kərim həmişə Ona:

“Onlarla gözəl və yumşaq rəftar et”[11] və: “İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et”,[12]  – demiş və Onu bu yola sövq etmişdi.

Bağışlamaq Onun xarakteri idi. Allah Rəsulunu bu nəcib hisdən ayrı düşünmək mümkün deyildi. Çünki Allah-Təala Ona: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!”[13] – deyirdi. Hər kəsdə müəyyən az-çox gözəl əxlaqi cəhətlər var. O isə küllü əxlaqın varisidir. Peyğəmbərimiz Allah əxlaqını bütün varlığı ilə mənimsəmişdi. O əxlaq Quranın sətir, səhifə və surələrindən fışqırır. Belə bir əxlaqın ən kamil mücəssəməsi isə Həzrət Məhəmməd Mustafadır (s.a.s.).[14] Onun əfv ruhu Məkkənin fəthində də qəlblərə sevinc bəxş edir. O gün ən amansız düşmənlərinə, dünənəcən Ona hər cəfanı rəva görənlərə sanki şərbət içirir: “Bu gün qınaq görməyəcəksiniz!”[15] – deyir… Və ardınca da ümumi əfv elan edirdi.[16]

O, ruhən və mənən daim əfvin tərəfindədir. Bununla yanaşı, məsələni müşavirə edir. Əvvəl Həzrət Əbu Bəkrin (r.a.) fikrini soruşur. Onun cavabı belə olur: “Ya Rəsulallah, bunlar sənin qövmün, qəbilən və sənin millətindir. Əslində, sənə və Müsəlmanlara etmədikləri pislik qalmadı. Lakin Sən əfv yolunu tutsan, bunları boyunlarını vurmayıb bağışlasan və azad etsən, onların könlünü fəth edər və bunların hidayətə çatmasına səbəb olarsan. Mən bunların bağışlanılmasının tərəfdarıyam”.

Allah Rəsulu bir də Həzrət Ömərdən (r.a.) soruşur. O isə bu cavabı verir: “Ya Rəsulallah! Hal-hazırda əlimizdəki əsirlər Məkkənin nüfuzlu adamlarıdır. Bunlar öldürülsə, küfr bir daha belini dikəldib qabağımıza çıxa bilməz. Başqa sözlə, bunları öldürmək lazımdır. Hətta hər müsəlmana öz yaxınını ver, qoy onu özü öldürsün. Ver Aqili Əli (r.a.) öldürsün, Əbdürrəhmanı ver, atası Əbu Bəkir (r.a.) öldürsün. Filan qohummu da mənə təslim et, onu da mən öldürüm”.[17]

Onların fikri açıq-aydın ortada idi. Siddiq (Həzrət Əbu Bəkir) əsirlərin buraxılmasına, Faruq (Həzrət Ömər) isə öldürülməsinə tərəfdar idi. Və Allah Rəsulu əvvəl Həzrət Əbu Bəkrə (r.a.), sonra da Həzrət Ömərə (r.a.) üzünü tutub belə buyurdu:

“Ya Əba Bəkir! Sən babam Həzrət İbrahimə (ə.) bənzəyirsən. (Belə ki, qövmü ona hər cür pisliyi etmiş, hətta oda atmışdı. Halbuki o əllərini qaldırıb Rəbbinə) belə dua etmişdi:

“Ey Rəbbim! Kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, şübhəsiz ki, Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!”[18]

Sən həm də İsaya (ə.) bənzəyirsən. (Qövmü ona hər cür əza və cəfanı rəva gördü. Halbuki o da belə dua etmişdi): “Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən”[19][20].

Bir gün Allah Rəsulu belə buyurur: “Hovuzun başında oraya gələn bir dəstə insanın su başından qovulan dəvələr kimi qovulduğunu görürəm “Əshabım, əshabım! deyə Allaha yalvarıram. O vaxt mənə: “Sən onlardan ayrılandan sonra onların nələr etdiyini bilmirsən”, – deyilir. Mən artıq nə deyim, saleh qul İsa (ə.) kimi deyirəm: “Əgər əzab etsən, onlar Sənin qullarındır, əgər bağışlasan, Sən Ğafursan, Sən Hakimsən”[21].

Həzrət Əbu Bəkir Allah Rəsulunun ilk tələbəsidir. Düşüncəsi, xasiyyəti Allah Rəsuluna çox bənzəyir. Bu oxşarlıq onların qərarlarında da özünü göstərir.

Allah Rəsulu (s.a.s.) üzünü Həzrət Ömərə (r.a.) tutur, Onu da iki ulül-əzm nəbiyə bənzədir: “Ya Ömər! Sən də Nuh (ə.) kimisən. O, belə demişdi: “Ey Rəbbim! Yer üzündə bircə kafir də qoyma!”[22] Və sən həm də Musaya (ə.) bənzəyirsən. O da belə demişdi “Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sıx ki, üzücü əzabı görməyincə iman gətirməzlər”[23][24].

Bu peyğəmbərlər də qövmlərinin və digər Allah düşmənlərinin nə qədər əza və cəfasına səbir etmişdilər, amma onların inad və tərsliyinin gündən-günə artdığını və dayanmaq bilmədiyini görüncə Allaha (c.c.) belə yalvarmışdılar. Cəlali[25] ruhla yoğurulmuş bu iki böyük peyğəmbər həlaka layiq bu qövmlərin – küfr atamanlarının məhv olmasını istəmiş, onlardan sonra qalan övladlarının İslami himayədə yaşaması üçün belə bir dua etmişdisə, demək ki, çox xeyirli bir iş görmüşdü. Buna görə də Allah əzəldən verdiyi “həlak” hökmünə layiq qövmləri peyğəmbərin dua və diləyi ilə məhv etmişdir.

Nəhayət, Allah Rəsulu ümumi rəftarına, uca əxlaqından qaynaqlanan mülayimliyinə uyğun  qərar verdi. Bu da eyni zamanda Həzrət Əbu Bəkrin (r.a.) fikri ilə üst-üstə düşürdü. “Bunları öldürməyək. İslamla tanış olsunlar və həqiqi həyata qovuşsunlar”, – deyə qərar verilmişdi.

İndi hadisənin ardını Həzrət Ömərdən (r.a.) dinləyək:

 “Qərar verildi. Mən bir iş dalınca getmişdim. Səhər gələndə bir də nə görsəm, yaxşıdır, Rəsulullah və Əbu Bəkir hıçqıra-hıçqıra ağlayır. Soruşdum: “Nə üçün ağlayırsınız?” Cavab verməyə halları yox idi. Dayanmadan ağlayırdılar. Təkid etdim: “Söyləyin, mən də ağlayım”, – dedim. Və mənə “Ənfal “surəsinin altmış yeddi, altmış səkkiz və  altmış doqquzuncu ayələrini oxudu. Məhz zahirən xəbərdarlığı xatırladan həmin ayələr bununla əlaqədar nazil olmuşdu”[26].

 Allah (c.c.) Ona ictihad etmə qabiliyyət və səlahiyyəti vermişdi. O da ictihad etmiş və “gözəl” olanı seçmişdi. Amma Allah (c.c.) o ən gözəl quluna “gözəl”i yaraşdırmır və sanki: “Sənə yaraşan “ən gözəl”i tapmaq idi”, – deyirdi. Və “ən gözəl”ə deyil, “gözəl”ə meyil etdiyi üçün Onu xəbərdar edirdi. Ortada günah və ya xəta yox idi.

Bəli, məsələni əvvəlcə belə anlamalı, sonra da ayənin ifadə tərzinə diqqət yetirməliyik ki, bu ifadələrdə Allah Rəsulu ilə necə gülərüz, təbəssümlü və yumşaq davranıldığını görə bilək…

Baxın, incə xəbərdarlıq: “Əgər bir qədər kitabında bu hadisənin belə cərəyan edəcəyinə və sizin götürdüyünüz qənimətlərdən istifadə edəcəyinizə dair Allahın bir hökmü olmasaydı, sizə əzab üz verərdi!”[27]

Ərəbcədə “لَوْلاَ”, اِمْتِنَاعُ الشَّيْءِ لِوُجُودِ غَيْرِهِ yəni, “Bir şeyin olması digərinin olmaması deməkdir” mənasında istifadə edilir. O zaman ayənin mənasına yaxşı diqqət yetirmək lazımdır. “Əgər daha əvvəl yazılmış bir kitab olmasaydı”, yəni bu hökm əzəldə verilib, o hökmə görə siz qənimət alacaq və ondan istifadə edəcəksiniz. Demək ki, əzəldə verilən belə bir hökm zamanı gəlincə gerçəkləşirdi.

O halda Allah (c.c.) qənimət və əsirləri – əsirlər də qənimətə daxildir – Peyğəmbərin qərarından sonra da haram etməyəcəkdi, amma hər şey ilahi imtahan çərçivəsində cərəyan edirdi. Həzrət Adəm məsələsində olduğu kimi, daha sonraya aid bir hadisə vaxtından əvvələ çəkilmiş və o vaxt “əhsən”in (ən gözəlin) yerinə “həsən”(gözəl) qoyulmuşdu ki, Bədirdən sonra da məhz elə olacaqdı. Zənnimcə, başqa bir ayədə keçən bu  hökm də fikri qüvvətləndirir:

“(Ey möminlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub etdikdə, əsir alın. Sonra da müharibə bitdikdə onları ya heç nə almadan, ya da fidyə müqabilində azad edin! Əgər Allah istəsəydi, onlardan başqa cür intiqam ala bilərdi. Lakin O, sizi biri-birinizlə imtahana çəkmək üçün belə əmr etdi. Allah Onun yolunda öldürülənlərin əməllərini əsla puç etməz“.[28]

Sanki Peyğəmbərimiz o anda Allahın (c.c.) daha sonra bildirdiyi bu hökmü sezmişdi. Bu hökm daha sonra bildiriləcəkdi, ancaq Bədir döyüşü ilə əlaqədar onu önə çəkmək, yəni həmin hökmü vaxtından əvvəl həyata keçrimək  həsən, hökmü gözləmək isə əhsən idi.

Bundan başqa, Peyğəmbərimiz yalnız Ona bəxş edilən beş şey sadalayır ki, bunların biri də qənimətin halal edilməsidir.[29] Bədirə qədər halal olmayan və əvvəlki peyğəmbərlər üçün də halal sayılmayan qənimət o gün müsəlmanlara halal oldu. Və elə bu ərəfədə Peyğəmbərimizə belə bir xəbərdarlıq gəldi. Digər tərəfdən, bu hökmün Allah Rəsulunun ictihadı üzrə gəlməsi də diqqət çəkir. İctihadla verilmiş hökm – düzgün və ya yanlış olsun – savab qazandırır. Allah əxlaqı ilə yetişmiş və şəxsən Allah tərəfindən tərbiyə edilmiş Rəsulullah başqa cür ictihad edə bilməzdi. Çünki Onun əxlaq ibrəsi ictihad etdiyi nöqtəni göstərirdi. Daha sonra gələn hökm də Onun ictihadı üzrə gəlmişdi.

İslamda qənimət halaldır. Eyni zamanda ixlas və səmimiyyətə, cihadın Allah üçün edilməsinə də mane deyil. Çünki döyüşdən sonra qənimət götürmək düşməni zəiflədir, Müsəlmanları isə gücləndirir. Üstəlik qənimət ixlasda müəyyən səviyyəyə çatmamış insanların təşviqi baxımından əhəmiyyətlidir: daima cihadda olanlar onu (qəniməti) əsl məqsədə çevirmədən dolanışıqlarını bu yolla təmin edə bilərlər. Ancaq heç kimi qənimət almağa məcbur etmək olmaz. İstəyən Amr b. As (r.a.) kimi hərəkət edər və: “Mən qənimət üçün müsəlman olmadım”,[30] – deyə bilər. Amma belə bir fədakarlığı hamından istəmək olmaz. Elə fədakarlığı da istəməzlər, edərlər.

Əslində, burada bütün müsəlmanlara xəbərdarlıq edilir. Allah Rəsuluna gəlincə, onsuz da, O nə əvvəl, nə də sonra fani dünyaya meyil etdi. Xəbərdarlıq dünyaya gözünün ucu ilə də baxmayan Allah Rəsulunun şəxsində hər kəsə edildi ki, həm ibrət götürsünlər, həm də rəncidə olmasınlar. Burada ilahi tərbiyə metodunda həmsöhbətlə necə həssas davranıldığını da görmək olur.

Kasıblara qarşı münasibət

Xəbərdarlıq görünüşlü digər bir iltifat da Qüreyş qəbiləsinin bu müraciəti ilə əlaqədar nazil olmuşdu. Qüreyşlilər Allah Rəsulunun yanına gələrək: “Sənin yanında bu kasıb və miskin insanlar, bu kölələr otururlar. Biz onlarla eyni məclisdə otura bilmərik. Ya bizə xüsusi bir gün ayır. Ya da biz gəldiyimiz vaxt onları yanından uzaqlaşdır.[31] dedilər. Ardınca bu ayə nazil oldu:

“Rəbbinin rizasını diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma. Onların əməllərinə görə sən məsuliyyət daşımırsan, sənin əməllərinə görə də onlar məsuliyyət daşımır ki, onları (yoxsulları) qovmaqla zalımlardan olasan.[32]

Ayrıca, “Kəhf” surəsində də eyni mənanı ifadə edən bu ayə vardır:

“Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə olmağa səbr et. Fani dünyanın gözəllikərini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə![33]

Allah Rəsulu təbliğ vəzifəsinə başladığı vaxtdan neçə-neçə yoxsul insan iman gətirib Ona qəlbən bağlanmışdı. O dövrün kafir cəmiyyətində kasıblıq da bir ayıb və qüsur sayılırdı. Halbuki Allah Rəsulunun gətirdiyi din üstünlüyü yalnız təqva ilə ölçürdü.[34] O dinə görə, varlının yoxsuldan heç bir üstünlüyü yox idi.

Peyğəmbərimiz “Cənnət dörd insanı arzulayır buyurmuşdur.[35] Bu dörd nəfərin dördü də kasıb idi. Ammar kasıb idi, Səlman kasıb idi, Miqdad kasıb idi və Həzrət Əli (r.a.) kasıb idi. Hər kəs Cənnətin, Cənnət də bu insanların arzusunda idi. Cənnət onların gəlişini həsrətlə gözləyir, günləri, dəqiqələri sayırdı sanki. Onların  qəlbi Allaha (c.c.) sayğı və ehtiram hissi ilə dopdolu idi. Gecə gündüz Rəblərini zikr edir, özlərini daim Onun hüzurunda sanır, bu düşüncə, bu imanla yaşayırdılar. Onları Allah Rəsulu yanından uzaqlaşdırmazdı, uzaqlaşdıra bilməzdi, çünki Allah (c.c.) onları dərgahına yaxınlıq üçün yaratmışdı.

Bir Nəbi ki, Bilala (r.a.) “Ey qara qadının oğulu! deyən Əbu Zərri (r.a.) “Səndə hələ cahiliyyə qalığı var[36] deyə danlamış və bu ölümsüz sözlərlə nəsihət etmişdi:

“Əmriniz altında çalışanlar sizin qardaşlarınızdır. Onlara yediyinizdən yedirin, geydiyinizdən geydirin və onlara gücləri çatmayan işi tapşırmayın. Əgər tapşırsanız, onlara kömək  edin.[37]

Bir Nəbi ki, təvazö qanadlarını yerlərə qədər sərmişdi. Onun hüzuruna hər kəs asanlıqla girib çıxa bilirdi. Elə İslamın ruhunda da bu prinsiplər vardı. Varlı-kasıb, kölə-azad, əmir-xidmətçi – bütün möminlər eyni məsciddə və eyni cərgədə dayanıb ibadət etmirmi? Elə isə, bu dinin təmsilçisi Uca Nəbi bəzi insanları sırf kasıblığına görə hüzurundan qova bilərdimi? “Allahım, məni yoxsul yaşat, yoxsul olaraq vəfat etdir, yoxsullarla birlikdə həşr et[38] deyə  dua edən O, deyildimi? Bunu deyən bir insanın kasıb dostlarını hüzurundan uzaqlaşdırmasını düşünmək mümkünmü? Xeyr, sonsuz sayda xeyr, Allah Rəsulu heç bir kasıbı hüzurundan qovmadı, məclisindən uzaqlaşdırmadı.. və belə bir düşüncəni ağılının ucundan da keçirmədi.

Bununla yanaşı, O, bir nəbi idi. Hər kəsin hidayətini eyni ölçüdə istəyir və gözləyirdi. Həsən və ya zəif bir hədisdə Həzrət Ömərin (r.a.) İslama girməsi üçün dua edib yalvardığı rəvayət olunur. Hətta bəzi rəvayətlər əsl adı Əmr b. Hişam olan Əbu Cəhili də bu duaya daxil etdiyini bildirir.[39] “Allahım, bu dini Ömər b. Xəttabla (r.a.) qüvvətləndir.[40]

Ehtimal ki, Allah Həbibinə gələcəyə dair bir çox həqiqətlər kimi, Ömərin (r.a.) fəthlərini də göstərmişdi.. Peyğəmbərimiz də bunu bildiyi üçün onun tezliklə müsəlman olmasını arzulamış və dua etmişdi. Və ya Allah Rəsulu müstəsna fətanətiylə Həzrət Ömərin çöhrəsindən İslama yaxın olduğunu oxumuş və dua etmişdi.

Qüreyş böyüklərinin də İslama girməsi Allah Rəsulunun ən böyük arzusu idi. Onları dəfələrlə evinə dəvət etmiş, ziyafət vermiş, qəlblərinə yol tapmağa çalışmışdı, ancaq istəyinə çata bilməmişdi. Hər bir Qüreyşli bu tale quşunu kim bilir neçə dəfə əldən vermişdi və kim bilir, bu bədbəxtlər neçə dəfə ona laqeyd qalmışdılar..?

İndi isə Ona onlardan görüşmə təklifi gəlmişdi. Ona “Səninlə görüşmək istəyirik, deyirdilər. Görəsən, müsəlman olmağa niyyətləri var idimi? Hərçənd, bu hələ məlum deyildi, ancaq yüzdə bir ehtimal da olsa, Allah Rəsulunu ümidləndirmişdi. Allah Rəsulu Həzrət Ömərin (r.a.) hidayətini arzu etmiş və onun İslama girməsiylə müsəlmanlar xeyli güclənmişdilər. Əgər bu insanlar da İslama girsəydilər, hər halda İslam daha da qüvvətlənəcəkdi.!

Ancaq onların etdiyi təklif İslamın ruhuna zidd idi. Ola bilsin ki, Allah Rəsulu onların belə bir təkliflə gəldiyini görüb onlar üçün kədərlənmiş və heyfsilənmişdir. Çünki bu təklif bütün keçmiş peyğəmbərlərə də edilmişdi. Onlar belə bir təklifi necə rədd etmişdisə, Allah Rəsulu da rədd edəcəkdi. Lakin kədərlənməyə də bilmirdi. Bu insanlar qapılarına qədər gələn hidayəti – neməti mənasız qürur üzündən geri qaytarırdılar. Allah Rəsulu məhz onların zərərə düçar olmasına kədərlənəndə nazil olan ayə Ona təsəlli verir və “Onların əməllərinə görə sən məsuliyyət daşımırsan, deyirdi.

Peyğəmbərimizin qərarı kasıbları yanından uzaqlaşdırmamaq idi.  Bununla belə o birilərinin hidayətə çatması üçün çarələr axtarırdı. Görəsən, düzgün qərar vermişdi? Dərhal ayə gəlir və Ona  düzgün qərar verdiyini bildirir. Belə ki, O, dostlarını qovmamaq qərarını vermişdi, ayə də Ona “kasıbları yanından qovma”, deyirdi.

 


[1]Bu üç təriz cümləsi irəlidə “Həzrət İbrahimin isməti” mövzusunda izah olunacaq.

[2]Buxari, Təfsir (17) 5; Müslim, İman  326.

[3]Buxari, Ənbiya 48, Müslim, Fəzail 144.

[4]Buxari, Təyəmmüm 1; Müslim, Məsacid 3.

[5]Hicr surəsi, 15/6; Saffat surəsi, 37/36; Duxan surəsi, 44/14; Qələm surəsi, 68/51.

[6]Yunus surəsi, 10/2; Sad surəsi, 38/4.

[7]Müslim, Fəzailüs-səhabə 132; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/17, 5/174; İbn Kəsir, əl-Bidayə vənnihayə, 3/62.

[8]Buxari, Təbir 1-5; Müslim, Röya 6-9.

[9]Ənfal surəsi, 8/67-69.

[10]Həcc surəsi, 22/39.

[11]Hicr surəsi, 15/85.

[12]Nəhl surəsi, 16/125.

[13]Qələm surəsi, 68/4.

[14]Müslim, Müsafirin 139; Əbu Davud, Tatavvu  26.

[15]Yusuf surəsi, 12/92 ayəsindən iqtibas.

[16]İbn Hişam, əs-Siratün-nəbəviyyə, 5/74; Beyhaqi, əs-Sünənül-kübra, 9/118; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 4/301.

[17]Müslim, Cihad 58; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/32-33.

[18]İbrahim surəsi, 14/36.

[19]Maidə surəsi, 5/118.

[20]Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/383; İbn Əbi Şeybə, Musənnəf, 7/359; Beyhaqi, əs-Sünənül-kübra,6/321.

[21]Buxari, təfsir (5) 14; Müslim, Taharə 37; fəzail 40.

[22]Nuh surəsi, 71/26.

[23]Yunus surəsi, 10/88.

[24]Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/383; İbn Əbi Şeybə, Musannəf, 7/359; Beyhaqi, əs-Sünənül-kübra, 6/321.

[25]Cəlal – Allahın qəhr və əzəmətinin təcəllisi

[26]Müslim, Cihad, 58; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/31-33.

[27]Ənfal surəsi, 8/68.

[28]Məhəmməd surəsi, 47/4.

[29]Buxari, Təyəmmüm 1; Səlat 56; Müslim, Məsacid 3.

[30]Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/197.

[31]Müslim, Fəzailüs-səhabə 45; İbn Macə, Zühd 7. (Hadisə tam olaraq İbn Macədə keçir.)

[32]Ənam surəsi, 6/52.

[33]Kəhf surəsi, 18/28.

[34]Baxın.: Hucurat surəsi, 49/13.

[35]Təbərani, əl-Mücəmül-kəbir, 6/215; Əbu Nuaym, Hilyətül-övliya, 1/142; Heysəmi, Məcməüz-zəvaid,9/307.

[36]Buxari, İman 22; Ədəb 44; Müslim, Eyman 38.

[37]Buxari, İman 22; İtq 15; Müslim, Eyman 40.

[38]Tirmizi, Zühd 37; İbn Macə, Zühd 7.

[39]Tirmizi, Mənaqib 17; Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/95.

[40]İbn Macə, Müqəddimə 11; əl-Hakim, Müstədrək, 3/83; Beyhaqi, əs-Sünənul-kübra, 6/370.



Açar sözləri

günahsızlıq İsmət

Bənzər məqalələr

Həya nədir?

Həya “abır, ismət, namus, utanmaq” və “çəkinmək” deməkdir. Allah qorxusu və sevgisindən Onun istəmədiyi hal və hərəkətlərdən çəkinməyə həya deyilir. Həya hissi insandakı ədəb və əxlaqın göstəricisidir.


Şərh yaz