6. 090 dəfə oxunub ,   0 şərh   Çap et

Mərhəmətdə ifrat və təfrit

“Humanizm” yalanı

O, bütün fəzilətlərin zirvəsindədir

Cahanşümul rəhmət

Uşaqlar

Heyvanlara da şəfqət

Allah Rəsulunun fətanətinin bir yönünü də mərhəmət və şəfqət təşkil edir. Onun şəfqət və rəhmətində eyni zamanda möhtəşəm idrakın bir dərinliyi yatır. Bəli, Peyğəmbərimiz (s.a.s.), Allahın rəhman və rəhim isminin yer üzündə yeganə təmsilçisi olaraq, bu iki ilahi ismin təsirini bir iksir kimi istifadə etmiş və bütün könüllərdə taxt qurmuşdur. Onsuz da, şəfqət, həlimlik, yumşaqlıq və səmimiyyət qədər insanı kütlələrə qəbul etdirən, sevdirən ikinci bir fəzilət yoxdur. Elə, Allah Rəsulu da peyğəmbərliyinə bir dəlil olaraq qəlb incəliyi, qeyri-adi qabiliyyəti və fətanəti ilə mərhəmət və şəfqət hissini çox yaxşı dəyərləndirmişdir.. Bu da Onun peyğəmbərliyinə bir dəlildir.

Allah (c.c.) Onu bütün aləmlərə rəhmət olaraq göndərmişdir. Bəli, O, tərtəmiz Haqq rəhmətini əks etdirməkdədir. O, səhranın ortasında qaynayan bir bulaq, bir kövsər hovuzudur, qabını əlinə alan  hər kəs o bulağn başına varmış, həm qabını doldurmuş, həm də doyunca içmişdir. Bəli, Onun mərhəməti də hər kəsin üzünə açıq bir kövsər bulağı kimdir..  istəyən hər kəs Ondan istifadə edə bilər.

O, möhtəşəm fətanəti ilə peyğəmbər mərhəmətini möhtac ruları Cənnətə aparan nurlu “tələ”yə çevirmişdir. Kim ki o tələnin ovsunlayıcı ab-havasına düşür, bir də baxır ki, zirvələrdədir. Bəli, “rəhmət” Allah Rəsulunun əlində sehrli bir açara dönür. O, paslanmış və açılmaz sanılan bütün qıfılları bu açarla açmış və hər sinədə bir iman məşəli yandırmışdır.

Bəli, bu qızıl açar yalnız qızıl ruhlu Həzrət Məhəmməd Mustafaya (s.a.s.) təslim edilmişdir. Çünki bəşər içində bu açara ən layiq Odur. Bəli, Allah daima əmanəti layiq olana verir. İnsanlara əmanət etdiyi qəlbin açarını da o işə ən layiq olan İki Cahan Sərvərinə nəsib etmişdir.

Bəli, Allah (c.c.) Onu aləmlərə rəhmət olaraq göndərmiş, O da bu rəhməti fövqəladə müvazinət içində gözəl şəkildə dəyərləndirmişdir.

Mərhəmətdə ifrat və təfrit

Hər məsələnin ifrat və təfriti olduğu kimi, mərhəmətin də ifrat və təfriti vardır. Mərhəmətdən  sui-istifadəyə ən tipik örnək kmi özlərini humanist kimi qələmə verən bəzi qrupların düşüncə və davranışlarını göstərmək olar. Onlar bir tərəfdən sevgi və humanizmdən danışır, digər tərəfdən də heç bir mömin və dindara qarşı səmimi hərəkət etmirlər. Bəli, əllərindən gəlsə, Müsəlmanları və dindar insanları bir qaşıq suda boğarlar. Onların sevgisi yalnız özlərinə və özləri kimi düşünənlərədir. Əslində bu sevginin də kökündə xeyrxahlıq niyyəti deyil, mənfəətpərəstlik yatır. Halbuki İki Cahan Sərvərinin rəhməti, mərhəməti, sevgisi pak niyyətə söykənmiş, təkcə bəşəriyyəti deyil, bütün varlığı əhatə etmişdi və hələ də əhatə etməkdədir.

Allah Rəsulunun təmsil etdiyi rəhmətdən möminlər faydalanırlar. Çünki O, möminlərə qarşı “Rauf” və “Rahim”dir.[1] Səmimidir, yumşaq qəlblidir və çox mərhəmətlidir. Onun rəhmətindən möminlərlə yanaşı, kafir və münafiqlər də faydalanır. Hətta bu rəhmətdən Cəbrail də özünəxas şəkildə faydalanır.[2] Bu mərhəmət o qədər əngindir ki, hətta şeytan belə bəzən ona baxıb ümidlənmişdir.[3]

Onun təmsil etdiyi mərhəmət təkcə müəyyən insan və qruplara şamil olunmur, onda ayrı-seçkilik yoxdur. O, bəziləri kimi mərhəməti istismar alətinə də çevirmir.

“Humanizm” yalanı

Bu da bir həqiqətdir ki, hal-hazırda bəzi cərəyanlar insanları aldatmaq üçün humanizmdən istifadə edirlər. Bunun insana onu sancmaq üçün yaxınlaşan ilandan, çiyandan bir fərqi varmı!? Allah Rəsulunun təmsil etdiyi sevgi bu cür sevgi anlayışıyla əsla qarışdırılmamalıdır. Bəli, İslamın sevgi anlayışı da bütün məsələlərdə olduğu kimi özünəməxsus, dünya-axirət dərinliyinə malik olub müvazinətlidir.

Həzrət Məhəmməd (s.a.s.) bütün insanlığı və bütün varlığı ehtiva edən bir sevgiylə insanları qucaqlamışdır. Ancaq yuxarıda da ərz etdiyimiz kimi, Onun əngin şəfqəti və dərin mərhəməti bu məsələləri istismar alətinə çevirənlərin “sevgi” və “şəfqət” anlayışı kimi, sırf düşüncə olaraq kitab səhifələrində qalmamış, əksinə ən qısa zamanda həyata keçirilmiş və layiqincə təmsil edilmişdir. Peyğəmbərimizin elə bir fikri, düşüncəsi yoxdur ki, tətbiq edilməmiş olsun.

Allah Rəsulu bütün varlığı əhatə edən o əngin rəhmət anlayışını səmimiyyətlə və varlığın sinəsindən yüksələn bir məna şəklində ortaya qoyduğu üçün hər sözü tətbiq edilmişdir. Məsələn O, heyvanlara mərhəmət göstərilməsinə dair ibrətamiz və konkret misallar verir:

“Allah (c.c.) bir itə görə əxlaqsız bir qadını bağışlayıb Cənnətinə qoydu. İt bir quyunun başında, susuzluqdan dilini sallayıb ləhləyirdi. Elə bu  əsnada oradan keçən bu qadın itin halını görüncə dözə bilmədi. Dərhal belindən kəmərini çıxarıb ayaqqabısına bağladı, quyudan su çıxarıb itə içirdi, beləcə it ölümdən xilas oldu. Qadının bir itə yaxşılığı onun əfv olunmasına səbəb oldu və Allah (c.c.) onu Cənnətinə qoydu.”[4]

Allah Rəsulu buna əks nümunəni də verir:

“Bir qadın bir pişik üzündən Cəhənnəmə girdi. Nə o pişiyə yemək, su verdi, nə də onu buraxdı. Və pişik acından öldü. O qadın da buna görə Cəhənnəmə getdi.”[5]

Allah Rəsulu bu əngin mərhəmətin təbliği vəzifəsi ilə göndərilmişdir. O, “Mənhəlül-azbil-məvrud”dur, yəni şirin su qaynağıdır, kim idrak kuzəsini Ona salsa, Onda rəhmət tapar. Onun əlindən abi-həyat içən isə mənən ölümsüzləşər.

Kaş ki, icbari lütf olaraq bu kövsər hovuzunun başında olanlar Onun qədrini biləydilər!

O, bütün fəzilətlərin zirvəsindədir           

İnsan bir sənəti dərindən öyrəndikcə, başqa sahələrdən bixəbər qalırlar. Məsələn, bir hərbçi hərbçilik peşəsində nə qədər müvəffəq olsa da, bəzən başqa sahələri bir çoban qədər bilmir. Hətta bəzən belə bir insanın əli o qədər qana batır ki, onun qəlbində şəfqətin izi-tozu da qalmır. Çünki öldürə-öldürə hisləri korşalır və o səviyyəyə çatır ki, artıq bir insan canına qıymaq ona zərrə qədər təsir etmir.

Bir siyasətçi siyasi fəaliyyətində böyük uğurlar qazanır. Ancaq nə qədər müvəffəqiyyət qazanırsa, o dərəcədə də doğruluğu, ədaləti güzəştə gedir və insan haqlarına hörmətlə yanaşmır. Yəni siyasi sahədə irəli getdikcə, düzlükdə, mürüvvətdə geri gedir. Bu, bir sahədə yüksəlməyə paralel digər sahədə dibə enmək, dayazlaşmaq deməkdir.

Yenə pozitivizm axınına düşmüş və hər şeyin həqiqətini təcrübədə, praktikada görən bir insan bir də görürsünüz ki, ruhən və mənən sıfırı da keçə bilməmişdir. Hətta bəzən ağılda, məntiqdə  Everest zirvəsinə yüksəlib, mənəviyyatda Lut gölü kimi çuxura çevrilənlər də vardır.

Hər şeyi maddə ilə izah etməyə çalışan, ağılı gözünə enmiş neçə-neçə insan var ki, vəhyin məntiqinə  gözlərini döyə-döyə baxar və mənanı görə bilməz.

Bu qısa izahdan da aydın olduğu kimi bəzi insanlar müəyyən sahələrdə müvəffəq olsalar da,  daha əhəmiyyətli sahələrdə bircə addım da irəli gedə bilməmişlər. Yəni insanın mahiyyətində var olan zidd xüsusiyyətlər bir mənada bir-birinin əleyhinə işləyir. Biri təkmilləşib inkişaf etdikcə o biri dayazlaşır.

Halbuki, Allah Rəsulu hər sahədə mükəmməl və kamil nümunədir.

O, mahir hərbçi olmaqla yanaşı, əngin şəfqət insanıdır.. bir siyasətçidir.. həm də  mürüvvətli və həlimdir.. müşahidəyə, təcrübəyə əhəmiyyət verir, amma ruhi-mənəvi həyatın da zirvəsindədir.

Uhud döyüşçündə bunun ən bariz misallarını görmək mümkündür. Təsəvvür edin; orada Allah Rəsulunun canı qədər sevdiyi əmisi və süd qardaşı Həzrət Həmzə şəhid olmuş.. şəhid edilməsi bir yana bədəni parça-parça və tikə-tikə edilmişdir.[6] Yenə orada bibisi oğlu Abdullah b. Cahş kötükdə doğranan ət kimi doğranmışdır.[7] Hətta özünün başı yarılmış, dişləri qırılmış, bədəni qana qərq olmuşdu.[8] Düşmənlərin qeyz və kinlə hücum çəkdiyi və canına qıymaq üçün bütün gücünü səfərbər etdiyi bu həngamədə o ucalardan uca insan “qanım yerə axsa, Allah onları məhv edər” əndişəsi ilə tir-tir titrəyir və: “Allahım, qövmümü bağışla, çünki onlar (məni) tanımırlar!” – deyir.[9]

Şəfqət anlayışının ənginliyinə baxın: O, canına qəsd etmək istəyənlərə belə dua edir, lənət və bədduanı ağlına da gətirmir.

Məkkənin fəthinə qədər düşmənləri, demək olar, hər cür pisliyi Ona rəva görmüşdülər. Təsəvvür edin, sizə qarşı boykot elan edir, sizi evinizdən, yuvanızdan didərgin salır, bir səhranın ortasında ac-susuz qoyur, sonra da ağır şərtlərini yazıb Kəbənin divarına asır və deyirlər ki: “Bu qovduğumuz insanlarla dükan-bazarda alver etmək, onlardan qız alıb-vermək qadağandır…” Və sizi üç il o səhrada məhkum edirlər, yaxınlarınız belə kömək edə bilmir və siz orada ağac, ot yeyərək yaşamağa çalışırsınız.. uşaqlar, yaşlılar aclıqdan ölür.. insanlıq və mürüvvətə həsrət qalırsınız.. bu azmış kimi, sonra sizi doğma vətəninizdən çıxarırlar və başqa yerlərə sürgün edirlər.. hətta orada da rahat buraxmırlar, hər cür hiylə və təhdidlərlə üzləşirsiniz.. sonra Bədirdə, Uhudda, Xəndəkdə dəfələrlə onlarla üz-üzə gəlib döyüşürsünüz… hətta Kəbə ziyarəti kimi ən təbii haqqınızdan məhrum edilirsiniz.. bundan da betəri, zahirən əleyhinizə olan ən ağır şərtləri qəbul edərək geri dönəməli olursunuz və ardınca da Allah lütf edir, böyük bir ordunun başında Məkkəni fəth edirsiniz …

Görəsən, onlarla necə rəftar edərdiniz? “Gedin, hamınız azadsınız, bu gün qınanmayacaqsınız!”[10] deyə bilərdinizmi?

Mən öz adımdan deyirəm, əgər Ondan bu dərsi almış olmasaydım, onlara bu münasibəti qətiyyən göstərə bilməzdim. Zənnimcə, demək olar, hamınız mənimlə eyni fikri bölüşürsünüz. Amma O, əynində zirehi, başında dəbilqəsi, əlində qılıncı, kürəyində sadağı atını mahmızlayıb Kəbəyə girəndə həm də bir şəfqət qəhrəmanı idi. Məkkəlilərdən soruşdu: “Məndən necə münasibət gözləyirsiniz?” Hamısı bir ağızdan cavab verdi:

– Sən kərim oğlu kərimsən? Səndən ancaq kərəm gözləmək olar!

O da Həzrət Yusufun qardaşlarına dediyi[11] kimi dedi: “Bu gün siz qınanmayacaqsınız. Allah sizi bağışlasın, O, Ərhamur-Rahimindir.”[12]

O, tədbir görməkdə heç vaxt qüsura yol verməmişdi. Tədbirlə təvəkkülü Onun qədər paralel və müvazi şəkildə ortaya qoyan ikinci bir insan yoxdur.

Bədir döyüşünə gedərkən səhabələrini sınadı. Səhabə coşmuş dənizə bənzəyirdi, hər biri bir orduya bərabərdi. Sad b. Muaz: “Sən atını Bərki-Qimada qədər sür, ya Rəsulullah! Bir nəfərimiz də geri qalmayacaq,” – deyirdi. Üstəlik bu səhabənin tez-tez: “Canımız bax buradadır, istədiyin canı al, ya Rəsulullah! Malımız da burada, istəyin qədərini götür və istədiyin yerə ver, ya Rəsulullah!”[13] deməsi necə də mənalıdır

Əsgərlər hazır idi. Hamısı Sad b. Muaz kimi coşmuş, canını ortaya qoyurdu. Amma bununla birlikdə Allah Rəsulu tədbirli hərəkət edir, döyüş üçün zəruri olan bütün hazırlıqları görürdü. Bu əməli duadan sonra da əllərini açır və qəlbinin də dərinliklərindən yüksələn bir yalvarışla Allaha dua və niyaz etməyə başlayırdı. Elə dua edir, elə yalvarırdı ki, az qalırdı, huşunu itirsin, çiynindəki xirqəsi yerə düşürdü, xəbəri belə olmurdu. Bu mənzərəni seyr edən Həzrət Əbu Bəkir dözə bilməyib yanına yaxınlaşır, xirqəsini götürüb çiyninə qoyur və: “Bəsdir, ey Allahın Elçisi. Allah Səni qətiyyən məhzun etməyəcək, bu qədər yalvarıb-yaxarma, yetər” deyirdi.[14]

Bəli, bir yandan bu cür tədbir, digər yandan da Rəbbə təvəkkül ancaq bu Nəbilər Sultanına xas xüsusiyyət idi…

Cahanşümul rəhmət

Allah Rəsulunun mərhəməti hər kəsi – mömini, kafiri, münafiqi də qucaqlayırdı.. Mömin Onun mərhəmət qanadının altına sığınır, çünki O, “Mən möminlərə özlərindən daha yaxınam..” buyurur.[15] Əslində təfsirçilər اَلنَّبِيُّ أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ ayəsinə[16] istinad edərək “Allah Rəsulu möminlərə öz canlarından daha əzizdir” deyirlər. Lakin əslində hər iki məna da bir-birinə yaxındır. Biz Onu öz canımızdan daha çox sevirik, O da bizi, çünki O, ən böyük mürüvvət timsalıdır.

Bu sevginin təməlində mühakimə və məntiq dayanır. Bu sevginin hissi tərəfi olsa da, daha çox mərifət və məntiqlə yoğrulub. Əgər işə salınsa, qəlbdə elə kök atar ki, insan Leylasını axtaran Məcnun kimi hər yerdə Rəsulullahı axtarar. Hər dəfə adını ananda həsrətdən içi sızlayar, Onsuz keçən həyatı hicrana dönər.. və ney kimi inləyər.

Bəli, Allah Rəsulu bizə öz nəfsimizdən daha yaxındır. Necə olmasın? Biz çox vaxt nəfsimizdən pislik görürük. Halbuki Ondan həmişə kərəm, yaxşılıq, mərhəmət, şəfqət və mürüvvət görmüşük. O, Allahın rəhmətinin təmsilçisidir. Elə isə əlbəttə bizə bizdən daha yaxındır.

O: “Mən möminlərə özlərindən daha yaxınam”. İstəsəniz, bu ayəni oxuyun: اَلنَّبِيُّ أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ deyir və sonra da sözünə belə davam edir: “Kim bir mal-mülk qoyub gedərsə, o qohumlarına qalar. Lakin kim bir borc qoyub gedərsə, o mənə aiddir (mən ödəyərəm).”[17]

Bu hədis bir hadisə ilə bağlı meydana gəlmişdir:

Bir gün bir cənazə gətirildi. Namazı qılınacaqdı. Allah Rəsulu soruşdu: “Bunun borcu varmı?” Orada olanlar: “Bəli, ya Rəsulullah, çox borcu var!” – dedilər. Bunu eşidən Allah Rəsulu: “Siz yoldaşınızın namazını qılın, mən borclunun namazını qıla bilmərəm,” – buyurdu. Ancaq bu hal Rəsulullaha da çox ağır gəlmişdi. Daha sonra Allah Rəsulu əlində imkan olanda vəfat edən möminlər haqqında: “Onun hamisi mənəm, alacağı olanlar mənim yanıma gəlsinlər,” – deyirdi.[18]

Allah Rəsulu dünya və axirətdə möminlərə onların özündən daha yaxındır, yəni mərhəmətdir. Onun bu rəhməti əbədiyyətə qədər də davam edəcək.

O, münafiqlər üçün də mərhəmətdir. Münafiqlər bu əngin rəhmət sayəsində dünyada əzab görmədilər. Məscidə gəldilər, Müsəlmanların içində gəzdilər və Müsəlmanlara aid bütün haqlardan yararlandılar. Allah Rəsulu pərdəni yırtmadı. Onların çoxunun iç üzünü bilirdi. Hətta onların kim olduğunu Həzrət Huzeyfəyə (r.a.) də söyləmişdi.[19]

Rəvayətə görə, Həzrət Ömər Huzeyfəni izləyər, onun qılmadığı cənazə namazını qılmazdı.[20]

Bununla birlikdə İslam onları faş etmədi. Onlar həmişə möminlər arasında oldular və mütləq küfrləri heç olmasa şübhəyə, tərəddüdə çevrildi. Beləcə, dünya zövqləri də tamam zəhərə dönmədi. Çünki yox olub gedəcəyinə inanan bir insanın dünyadan ləzzət alması mümkün deyil. Amma “Bəlkə axirət vardır” deyəcək qədər küfrləri şübhəyə bürününcə, ehtimal ki, həyat o zaman tamamilə zəhər olmaz. Allah Rəsulu bu cəhəti ilə münafiqlərə də bir mənada rəhmət olmuşdur.

Allah Rəsulunun rəhməti kafirə də faydalı olmuşdur. Çünki Allah əvvəlki ümmət və qövmləri küfr və üsyanlarına görə kütləvi şəkildə həlak etsə də, Allah Rəsulunun zühurundan sonra kütləvi həlakı dayandırdı, başqa sözlə, insanlar bu cür əzaba düçar olmaqdan qurtuldular. Bu da kafirlərin dünya həyatı üçün böyük bir rəhmətdir.

Bu mövzuda Allah Həbibinə xitabən belə buyurur: “Halbuki sən onların arasında ola-ola Allah onlara əzab verən deyildir.”[21]

Bəli, Peyğəmbərimizin hörmətinə Allah kütləvi həlak etməyi dayandırmışdır. Həzrət Məsih: “Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır…”[22] demişdi. Peyğəmbərimizin ilahi dərgahda qədir-qiymətinə baxın ki, Allah Ona: “Halbuki sən onların arasında ola-ola Allah onlara əzab verən deyildir” buyurur.

Yəni Sən nə qədər ki onların qəlbində yaşayırsan, Allah onları əzaba düçar etməyəcək. Sən yer üzündə xatırlandığın və dillərdə yad edildiyin müddətcə.. yəni insanlar Sənin yoluna baş qoyduğu müddətcə Allah onları yerlə-yeksan etməyəcək.

Allah Rəsulunun kafirə də mərhəmət olması Onun bəyanından da görünür: “Mən rəhmət olaraq göndərildim, lənət istəyən kimi deyil.”[23]

Mən hər kəs üçün Allahdan bir rəhmət olaraq gəlmişəm. İnsanların başına bəla və müsibət yağdırılsın deyə bəddua edib lənət istəyən bir insan kimi göndərilməmişəm. Buna görə də ən amansız İslam düşmənlərinin belə həmişə hidayətini istəmiş və bu yolda əlindən gələni etmişdi.

Allah Rəsulunun gətirdiyi nurdan Cəbrail belə istifadə etmişdir. Bir gün Peyğəmbərimiz Cəbraildən soruşur: “Quran sənin üçün də bir rəhmətdirmi?” Cəbrail cavab verir: “Bəli, ya Rəsulullah! Çünki “Göylərdə itaət ediləndir, həm də (Allah yanında vəhyə) etibarlı müvəkkildir”[24] ayəsi nazil olanadək mən də aqibətimdən əmin deyildim.”[25]

Və yenə bir başqa hədisində Allah Rəsulu belə buyurur: “Mən Məhəmmədəm, Mən Əhmədəm, Mən Mukaffi  – son peyğəmbərəm, Mən Həşirəm (Məndən sonra həşr baş verəcək, arada başqa bir peyğəmbər gəlməyəcək. Allah insanları mənim önümdə həşr edəcəkdir.) Mən tövbə və rəhmət peyğəmbəriyəm.”[26]

Tövbə qapısı qiyamətə qədər açıqdır.[27] Çünki Allah Rəsulu bir tövbə peyğəmbəridir və hökmü də qiyamətə qədər davam edəcək.

O, yerində ağlayan bir uşaq görsə oturar, onunla ağlayardı. İnləyən ananın iztirabını vicdanında duyardı. Həzrət Ənəsin rəvayət etdiyi bir hədis Onun dillərə dastan olmuş şəfqətindən danışır:

“Mən namaza başlayır və namazı uzun qılmaq istəyirəm. Sonra bir uşağın ağladığını eşidirəm. Anasının ona görə həyəcanlanacağını bildiyim üçün namazı sürətli qılıb bitirirəm.”[28]

Allah Rəsulu namazlarını olduqca uzun qılırdı. Xüsusilə, nafilə namazlarında səhabə güclə tab gətirirdi.[29] O, uzun namaz qılmaq niyyətiylə namaza durur, namaz əsnasında bir uşaq ağlaması eşidincə də dərhal namazı sürətləndirirdi. Çünki qadınlar da Allah Rəsulunun arxasında camaatla birlikdə namaz qılırdılar. Peyğəmbərimiz ağlayan uşağın anası məsciddə olar düşüncəsilə namazı sürətləndirir və beləcə qadını rahatladırdı.

O, bütün məsələlərdə belə bir şəfqət abidəsi idi. Bir uşağın ağlaması Onu narahat edir və ağladırdı. Bununla belə O, bu əngin şəfqətinə baxmayaraq müvazinətini saxlamağı bacarırdı. Məsələn, bu əngin şəfqət heç bir zaman dini cəzaların tətbiqinə mane olmamış və cəza nə olur-olsun güzəştə getməmişdi…

Muqarrinin biri övladı xidmətçisini döymüşdü. Xidmətçi qadın ağlayaraq Allah Rəsulunun yanına gəldi. Peyğəmbərimiz bu xidmətçinin sahiblərini çağırdı: “Onu haqsız yerə döydünüz, azad edin,” – dedi. Səhabələr: “Ya Rəsulullah, başqa xidmətçiləri yoxdur,” – dedilər. Allah Rəsulu: “Onlara xidmət etməkdə davam etsin. Ancaq ona ehtiyacları qalmayanda azad etsinlər!” – buyurdu.[30] Bəli, bu haqsızlıq burada cəzalandırlmasa, axirətin cəzası qat-qat şiddətli olacaqdı. Buna görə də, qadını döydüklərini üçün azad etməliydilər ki, o biri dünyada Cəhənnəm əzabından qurtulsunlar…

Uşaqlar

Onun doğma uşaqlarına şəfqəti bambaşqa idi. Çox vaxt oğlu İbrahimə süd verən ailənin yanına gəlir, onu qucağına alır və uzun müddət oxşayırdı.[31]

Aqra b. Xabis Allah Rəsulunun Həzrət Həsəni qucağına alıb oxşadığını görüncə: “Mənim on uşağım var, hələ heç birini öpməmişəm,” – dedi. Allah Rəsulu belə cavab verdi:

– Mərhəmət etməyənə mərhəmət olunmaz.[32]

Digər bir rəvayət isə bu cavabı verdiyini nəql edir: “Allah sənin qəlbindən mərhəmət duyğusunu almışsa, mən nə edə bilərəm ki?”[33]

Bir başqa hədis: “Siz yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin.”[34]

Allah Rəsulu qohumları kimi yaxın-uzaq dostlarından da şəfqətini, məhəbbətini əsirgəməzdi.

Abdullah b. Ömər (r.a.) nəql edir:

Sad b. Ubadə xəstələnmişdi. Allah Rəsulu bu vəfalı dostuna baş çəkməyə getdi, bəzi səhabələr də yanında idi. Sad b. Ubadənin qəmli halını görəndə özünü saxlaya bilməyib ağladı. Onun ağlaması orada olanları da ağlatdı. Bu ağlama başqa cür yozulmasın deyə: “Allah əsla göz yaşına və qəlbin hüznünə görə əzab verməz. Ancaq buna görə  əzab edər” –  buyurdu və dilini göstərdi.[35]

Bəli, Allah göz yaşına görə əzab verməz, əksinə bəzilərinin göz yaşlarına baxıb əzabını bağışlayar. Allah Rəsulu başqa bir hədisində belə buyurur:

“İki göz vardır ki, Cəhənnəm odu onlara toxunmaz. Allah qorxusundan ağlayan (insanın) göz, bir də gecəni Allah yolunda keşikdə keçirən göz.”[36]

Bu gözlərdən biri “ruhanilər”ə, digəri də “fürsan”a aiddir. Gecəsini bir rahib kimi ibadətə həsr edən və göz yaşı tökən, gündüzləri də bir aslana dönüb küfrlə mübarizə aparan insanların gözləri, yəni həqiqi möminin gözləri… Elə səhabə də bizə belə anladılır: Onlar gecələri bir rahib kimi ibadətlə məşğul olur, gündüzləri də bir aslana dönüb yer üzünü lərzəyə salırlar.[37]

Osman b. Mazun vəfat edincə Allah Rəsulu onun üçün də özünü yetirdi.  Allah Rəsulu bu şanlı səhabəni özünə qardaş elan etmişdi. Cənazəsinin üstündə o qədər ağladı, o qədər göz yaşı tökdü ki.. elə bil nəşi Rəsulullahın göz yaşlarıyla yumuşdular[38] Bu əsnada bir nəfər Osman b. Mazunu nəzərdə tutaraq: “Quş oldu, Cənnətə uçdu,” – dedi. Allah Rəsulu dərhal qaşlarını çatdı və: “Mən Allahın Rəsuluyam, necə qarşılanacağımı bilmirəm, sən onun Cənnətə getdiyini haradan bilirsən!” dedi.[39]

Bəli, O, müvazinətli insan idi. Şəfqəti, göz yaşları bir xətanı düzəltməsinə mane olmurdu. Hıçqırıqlarıyla “qardaşım” deyib bağrına basdığı insanı qucaqlayanda və onu göz yaşlarıyla yuyanda belə mübaliğəli bir söz eşidincə dərhal xəbərdarlıq edirdi. Vəfa başqa idi, haqq başqa; Uhud şəhidlərini hər həftə ziyarət edirdi amma, “Uçub Cənnətə getdiniz” demirdi. Biz “Onlar da Cənnətə getməyəcəksə…” desək belə…

Onun yetimləri himayə edənlərin cənnətdəki məqamından danışması necə şəfqət abidəsi olduğunu isbat etməyə bəs edir! “Mən və yetimi qoruyan (himayə edən) Cənnətdə beləyik” deyir, sonra iki barmağını yan-yana gətirir və yetimi qoruyana nə qədər yaxın olduğunu göstərirdi.[40]

Sanki Allah Rəsulu “Yetimi qoruyub arxa çıxan və onu himayə edənlə mənim arama Cənnətdə kimsə girə bilməz” deyirdi.

Heyvanlara da şəfqət

Onun şəfqəti heyvanları da əhatə edirdi. Yuxarıda bir qadının bir pişik üzündən Cəhənnəmə girdiyini və eyni şəkildə əxlaqsız bir qadının bir itə su verməklə Cənnətə getdiyini ərz etmişdim. Bir başqa hadisəni də nəql edib bu xüsusu da yekunlaşdıraq:

Bir müharibədən qayıdırdılar. Yolda dayanıb istirahət edərkən bir quş yuvası görən bəzi səhabələr yuvadakı balaları götürüb oxşamağa başladı. Elə o əsnada ana quş gəldi və balalarını onların əlində görüncə orada çırpınıb pərvaz etməyə başladı. Allah Rəsulu bu vəziyyəti görəndə çox cəlallandı və dərhal balaların yuvaya qoyulmasını əmr buyurdu.[41]

Bəli, Onun rəhmətində heyvanlara da yer vardı. Allah keçmiş peyğəmbərlərdən birinə qarışqa yuvasına görə xəbərdarlıq etməmişdimi? Bu peyğəmbər fərqinə vararaq və ya varmayaraq qarışqaları yandırmış.. ardından da Allahdan xəbərdarlıq gəlmişdi.[42] İndi bu və bənzəri hadisələri bizə danışan bir Rəsulun başqa şəkildə davranması mümkünmü?

Sonra Onun ümmətindən “qarışqa basmaz insanlar” çıxacaqdı. Onlar yolla gedərkən ayaqlarına zınqırov bağlayacaqdılar: həşəratlar zınqırovun səsini eşidib uzaqlaşsınlar və ayaq altında qalıb əzilməsinlər deyə..

Aman Allahım! Bu nə dərin və bu nə cahanşümul bir şəfqət və mərhəmət nümunəsidir. Bəli, Onun rəhmət haləsindən qarışqalar belə kənarda qalmamışdır. Qarışqaya belə basmayan bu insanlar, görəsən, başqalarına zülm edə bilərmi? Xeyr, onların bilərək və qəsdən haqsızlıq etməsi mümkün deyil!..

İbn Abbas nəql edir: “Allah Rəsuluyla bir yerə gedirdik. Bir nəfər kəsmək üçün bağladığı qoyunun gözü qabağında bıçağını itiləyirdi. Allah Rəsulu həmin adama: “Onu dəfələrlə öldürmək istəyirsən?”[43] buyurdu. Bu sözlə bir mənada onu tənbeh edirdi.

Abdullah b. Məsud və Yala b. Mürrə (r.a.) nəql edir: “Allah Rəsulu bir neçə səhabəsi ilə bir bağçaya girdi. Orada arıqlığından ayaq üstə güclə duran bir dəvə gördü. Dəvə Allah Rəsulunu görüncə gözlərindən sel kimi yaş axmağa başladı. İki Cahan Sərvəri dərhal dəvənin yanına getdi. Bir müddət onun yanında qaldı, sonra dəvənin sahibini çağırtdıraraq dəvəyə yaxşı baxsın deyə sərt xəbərdarlıq etdi.”[44]

Qəlbi mərhəmət hissi ilə dolub-daşan Allah Rəsulu – müasir humanistlərin sevgi və şəfqət anlayışı onunla müqayisədə çox bəsit qalır – bu cahanşümul rəhmətini hər cür ifrat və təfritdən qorumağı bacarmış və hər şeyə yetən fətanəti sayəsində ifrat və təfritə heç vaxt yol verməmişdi.

Bəli, O, heç vaxt tolerantlıq adı altında pisliklərə xoşgörü ilə yanaşmamış, pislik və günaha əlverişli şərait hazırlamamışdır. O, bir caniyə və bir vəhşiyə göstərilən şəfqətin, xoşgörünün minlərlə günahsız insanın haqqını tapdalamaq olduğunu çox yaxşı bilirdi. Təəssüflə qeyd edirəm ki, hal-hazırda bu cür haqsızlıqlar miqyasına görə bütün dövrləri geridə qoyur. Anarxistə, əcdad və keçmiş düşmənlərinə göstərilən tolerantlığın məmləkəti nə hala gətirdiyini yaxın tariximizdə ağrısıyla-acısıyla gördük və hələ də görürük. Sevgi və şəfqətdə müvazinətin qorunmaması fərd üçün də, cəmiyyət üçün də qarşısıalınmaz nəticələr doğura bilər. Halbuki Allah Rəsulunun həyatında mənfi mənada, bircə dənə də belə hadisə göstərmək mümkün deyil.

Bəli, O, insanları o qədər sevirdi ki, onların imana gəlməsi üçün az qala özünü həlak edəcəkdi. Qurani-Kərimin “Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?”[45] ayəsi buna açıq dəlildir. Peyğəmbərlik mənliyini sarmağa başlayınca özünü bir mağaraya atmamışdımı?! Vəhy də ilk dəfə Ona orada gəlmişdi. Demək ki, O, insanları sevirdi və bu yola baş qoymuşdu.

 


[1]Tövbə surəsi, 9/128.

[2]Qazi İyaz, əş-Şəfa, 1/17.

[3]Təbərani, əl-Mücəmül-kəbir, 3/168.

[4]Buxari, Ənbiya 54; Müslim, Salam 153-155.

[5]Buxari, müsaqat 9; Müslim, Salam 151-152.

[6]İbn Hişam, əs-Siratun-nəbəviyyə 4/44-45.

[7]İbn Hişam, əs-Siratun-nəbəviyyə 4/47.

[8]Buxari,Məğazi 24; Müslim, Cihad,101-104.

[9]Buxari, Ənbiya 54; Müslim, Cihad,104-105; Qurtubi, əl-Məscid li-əhkamil-Quran, 4/199-200.

[10]İbn Hişam, əs-Siratun-nəbəviyyə 5/74; Beyhaqi, əs-Sünənul-kübra, 9/118.

[11]Yusuf surəsi, 12/92.

[12]Beyhaqi, əs-Sünənul-kübra, 9/118.

[13]İbn Kəsir, əl-Bidayə vən-nihayə, 3/264.

[14]Müslim, Cihad, 58; Tirmizi, Təfsir (8) 3.

[15]Buxari, Kəfalət 5; İstiqraz 11; Müslim, Cümə 43; fəraiz 14-16.

[16]Əhzab surəsi, 33/6.

[17]Buxari, istiqraz 11; Müslim, Fəraiz 14-16.

[18]Buxari, Kəfalət 5; İstiqraz 11; Müslim, cümə 43; Fəraiz 14-16.

[19]İbn Əsir, Üsdül-ğabə, 1/468.

[20]İbn Əsir, Üsdül-ğabə, 1/468.

[21]Ənfal surəsi, 8/33.

[22]Maidə surəsi, 5/118.

[23]Müslim, Birr 87.

[24]Təkvir surəsi, 81/21.

[25]Qazi İyaz, əş-Şəfa, 1/17.

[26]Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/395; Müslim, Fəzail 126.

[27]Baxın.: Tirmizi, Daavat 98; Əbu Davud, Cihad 2.

[28]Buxari, Əzan 65; Müslim, Səlat, 192.

[29]Baxın.: Buxari, Təhəccüd 9; Müslim, Müsafirin 203-204.

[30]Müslim, Eyman 31-33; Əbu Davud, Ədəb 123.

[31]Buxari, Ədəb 18; Müslim, Fəzail 62-63; Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/112.

[32]Buxari, Ədəb 18; Müslim, Fəzail 65.

[33]Buxari, Ədəb 18; Müslim, Fəzail 64.

[34]Tirmizi, Birr 16; Əbu Davud, Ədəb 58.

[35]Buxari, Cənaiz 45; Müslim, Cənaiz 12.

[36]Tirmizi, Fəzailül-cihad 12.

[37]Təbəri, Camiul-Bəyan, 15/26; Təbərani, əl-Mücəmül-kəbir, 10/89; Deyləmi, 571 Buxari, Talaq 25; Ədəb 24; Müslim, Zühd 42.

[38]Əbu Davud, Ədəb 163; Cihad 112; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/404. Müsnəd, 2/400.

[39]Zəhəbi, Siyəru-alamin-nübəla, 5/481.

[40]Buxari, Cənaiz 3; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/237, 6/436; Təbərani, əl-Mücəmül-kəbir, 5/139; 9/37.

[41]Əbu Davud, Ədəb 163; Cihad 112; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/404.

[42] Buxari, Cihad153; Müslim, Salam 148-150.

[43]Abdurrəzzaq, əl-Musannəf, 4/493; Hakim, əl-Müstədrək, 4/257, 260; Beyhaqi, əs-Sünənul-kübra, 9/280.

[44]Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/173; Təbərani, əl-Mucəmul-övsat, 9/81.

[45]Kəhf surəsi, 18/6.



Açar sözləri

mərhəmət şəfqət

Bənzər məqalələr

Rəsulullahın ana sevgisi

“Bir adam Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Ən çox kimə vaxt ayırmalı, kiminlə  maraqlanmalıyam?” – deyə sual verdi. Peyğəmbərimiz (s.a.s.): “Ananla!” – buyurdu. O: “Sonra kimlə?” –  deyə soruşdu. “Ananla!” – buyurdu. O: “Sonra kim gəlir?” – deyə soruşdu. “Anan!” –buyurdu. O: “Daha sonra kim gəlir?” – deyə təkrar soruşanda bu dəfə: “Atan” – dedi.

İnsan sevgisi

Möminin çevrəsi ilə sevgi və hörmətə əsaslanan münasibəti necə olmalıdır?

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Qəlblərin açarı – sevgi dili

Ailədəki xoşbəxtliyin mütəmadi olmasında sevginin rolu əvəzsizdir. Sevginin ifadə şəkilləri üçün isə sevgi dilinin öyrənilməsi lazımdır. Hər insanın daxilində başqa insan tərəfindən sevilmək, sevildiyini bilmək istəyi var. Ailə həyatında sevgi nə qədər önəmlidirsə, onun ifadə şəkilləri də bir o qədər əhəmiyyətlidir.

Uşaqlarımızı gələcəyə necə hazırlamalıyıq?

Övladlarımıza gözəl tərbiyə vermək üçün müəyyən xüsuslara diqqət etməliyik. Bütün sözlərimizin, davranışlarımızın, hətta həyat yoldaşımızla söhbətlərimizin və hər cür münasibətlərimizin əsas mövzusunu sonrakı dövrlərdə uşağın şüuraltına yerləşdirmək istədiyimiz məsələlər təşkil etməlidir.


Şərh yaz