6. 900 dəfə oxunub ,   0 şərh   Çap et

Sərvi boylu, dilbəri-xuraman axtarıram

Ola dəng boyu-boyuma, suyu-suyuma    

 ***

Müəyyən yaşa çatdıqdan sonra xoşbəxt ailə həyatı qurmaq hər gənc oğlan və qızın arzusudur. Ətrafdakı dost-tanış və yaxınlar da bu mövzuyla həmin gənc qədər maraqlanırlar. Universiteti qurtarıb işləməyə başlayandan sonra isə, getdiyi yerlərdə ona ünvanlanan ilk suallardan biri “nə vaxt evlənirsən?” sualı olur. Ətrafdakı bu təzyiqlər bəzən o qədər çox olur ki, sual verilən gənc artıq özünü yaşlanmış və ya evdə qalmış kimi hiss etməyə başlayır. Halbuki, o vaxta qədər qarşısına bir çox fürsət çıxmışdır. Lakin bir neçə dəfə görüşəndən sonra müəyyən səbəblərə görə ayrılmışlar. Həyat yolunu birgə addımlayacağımız, özümüzə münasib ömür-gün yoldaşı tapmaq o qədər də asan deyil. Əynimizə paltar alarkən belə dəfələrlə düşünür, götür-qoy edir, mağaza-mağaza dolaşır və sonra alırıq. Evlilik məsələsində isə daha diqqətli olmalıyıq. Xüsusilə də Allahın rizasını qazanmaq üçün insanlığa xeyirli və faydalı nəsillər yetişdirmək, məhz, doğru həyat yoldaşı seçməkdən başlayır.

İstənilən halda − gənc, qoca, sağlam və ya xəstə olduğumuz zamanlarda, həm bu dünyada, həm də axirətdə − xoşbəxt olmaq istəyi hər kəsin xəyalıdır. Bu xəyalın həqiqətə çevrilməsi isə evlənəcək şəxslərin bir çox xüsusiyyətdə bir-birinə dəng (uyğun, bərabər, tay, misl) olmasından başlayır. Yəni xoşbəxt ailə üçün tərəflərin mənəvi durumu, təhsil səviyyəsi, maddi vəziyyəti və yaşlarının uyğunluğu olmalıdır.

Görəsən, uyğunluq maddi-mənəvi hər məsələdə şərtdir, yoxsa müəyyən xüsuslarda kifayətdir?

Evlilikdə uyğunluq, tərəflərin bir-birininə dəng (tay, misl) olması çox mühümdür. Necə ki, bir hədisdə Rəsulullah (s.ə.s) Hz. Əliyə (r.a) xitabən belə buyurmuşdur: “Üç şeyi gecikdirmə, vaxtı çatan namazı (qılmağı), hazır olan cənazəni (dəfn etməyi), uyğun naziməd tapanda qızı evləndirməyi”.[1] Başqa bir hədisində isə, Rəsulullah (s.ə.s): “Qadınla dörd şeyə görə evlənirlər: malına, əsli-nəcabətinə, gözəlliyinə və dindarlığına görə. Sən dindar olanı seç ki, hər iki dünyada xoşbəxt olasan.[2] − buyuraraq qadının digər xüsusiyyətləri ilə yanaşı, dindarlığına daha çox üstünlük verməyi tövsiyə edir. Hədisdə dindarlıq deyərkən nəzərdə tutulan mənəviyyat və gözəl əxlaqdır. Yoxsa günümüzdəki dindarlıq dedikdə anlaşılan namaz qılması, hicablı olması deyil. Mənəvi dəyərlərinə bağlı yaşayan şəxs evlilikdə əvvəlcə axtardığı insanın mənəviyyatına fikir verməlidir. Bundan əlavə dini anlayış tərzinin uyğunluğunu da unutmamaq lazımdır. Məsələn, birinin haram sayıb yemədiyini, digəri “bunda nə var ki, bu, dövrün tələbidir, çoxları yeyir” deyərək yeyirsə, halal-haramın nə olduğunu bilmirsə, burada həmin uyğunluqdan söhbət gedə bilməz. Çünki bu əsas məsələdəki fikir ayrılığı, gələcəkdə başqa mövzularda da bunun davam edəcəyindən xəbər verir. Bu kimi fikir ayrılıqları tərəflərin ailə xoşbəxtliyini zədələyə və nəticədə Allahın sevmədiyi əməl sayılan boşanmaya gətirib çıxara bilər.

Eyni şəkildə, qadın da özünə həyat yoldaşı seçərkən Rəsulullahın (s.ə.s) tövsiyəsinə əməl etməyə çalışmalıdır. Çünki sırf vəzifə, pul, gəlir, zahiri gözəllik kimi dünyəvi dəyərlərə görə ailə qurmaq “qazanma anında itirmək” deməkdir. Bəli, Cənnət bağçası olmağa layiq ailə yuvası sırf fani dəyərlər əsasında qurularsa, Cəhənnəm çuxuruna çevrilə bilər. Bu səbəbdən ailədə səadətin mütəmadi olması tərəflər arasındakı uyğunluqdan, müvafiqlikdən (dənglikdən) asılıdır. Böyük İslam alimlərindən biri bu xüsusda qadınlara belə tövsiyə edir, “Əgər siz istədiyiniz kimi mənəvi dəyərlərinə bağlı həyat yoldaşı tapa bilmirsinizsə öz dəyərlərinizi tapdayaraq, əsla açıq-saçıqlığa meyl etməyin. Sizə layiq əbədi həyat yoldaşı, İslam əxlaqı ilə əxlaqlanmış vicdanlı bir ər qarşınıza çıxana qədər səbir edin. Dünyanın müvəqqəti ləzzətini dadmaq üçün əbədi həyatınızı təhükləyə atmayın, müasir “mədəniyyət” deyilən səfalətin içərisində boğulmayın.”

İmam Əbu Hənifə evlilikdə “küfuvv” (uyğunluq, müvafiqlik) olmasını şərt qoşmuşdur. Belə ki, ona görə evlənən kişi altı xüsusda qadınla dəng olmalıdır. Bunlar dindarlıq (mənəviyyat), müsəlman olması, azad olması, nəsil, mal və məsləkdir.

Əsas olan insanlıqdır.

Bəli, ailə səadətinin təminatı üçün mənəvi uyğunluq gərəklidir. Bundan əlavə məsələnin psixoloji və sosioloji yönlərini də nəzərə almaq lazımdır. Birgə yaşamaq üçün müəyyən uyğunluqlar lazım olsa da, bu, xoşbəxtlik üçün əsas sayıla bilməz.

Bəzən elə olur ki, ətrafımızdakı bəzi cütlüklərə təəccüblə baxır, “bunlar necə dil tapır görəsən?” deyə düşünürük. Cəmiyyətə nəzər salanda aralarındakı yaş fərqinin ailə səadətinə bir o qədər də təsir etmədiyini görə bilərik. Belə ki, yaşca özündən bir neçə yaş böyük qadınla evlənərək xoşbəxt olan insanlar olduğu kimi, özündən yaşca balaca qadınla evlənib xoşbəxt olanlar da mövcuddur.

Evlənənlər arasındakı təhsil səviyyəsi də məsələnin psixoloji yönlərindən biridir. Belə ki, hər iki tərəf ali təhsilli olsa onlar mütləq xoşbəxt olacaq deyə bilmərik. Çünki, ətrafımıza nəzər salanda orta məktəbi bitirən qadınla evlənən professor və ya orta məktəbi qurtaran kişiylə evlənən universitet məzunu qadın görə bilərik. Burada önəmli olan tərəflərin bir-birini anlaması, başa düşməsi, bir-biri ilə dil tapa bilməsidir. Bəzən tərəflərin ikisi də ali təhsilli olsa da bir-birini anlamaqda çətinlik çəkirlər ki, bu da ailədaxili problemlərin ortaya çıxmasına səbəb olur. Buna görə də, evlənmək istəyənlər dünyəvi dəngliklərin (uyğunluqların) dəyişkən olduğunu unutmamalıdır.

Var-dövlət və gözəllik də gəlib-keçicidir. Bu gün varlı olduğuna görə evləndiyiniz şəxs bir müddət sonra müflis ola, gözəlliyi üçün evləndiyiniz qadın xəstəlik keçirərək gözəlliyini itirə bilər. Əsas məsələ insanı, insanlığına görə olduğu kimi sevmək, bəyənmək və onunla həyata baxış tərzində bir-birini anlamaqdadır. Ailə səadəti bir mənada müxtəlif fitrətdəki insanların bir-birinə qarşı sevgi və sayğısının məcmusudur. Bununla yanaşı qarşı tərəfin həyat tərzini də əsla yaddan çıxarmamalıyıq. Çox varlı ailəyə mənsub qadınla evlənən maddi imkanları o qədər də yaxşı olmayan kişi sonradan müəyyən problemlərlə qarşılaşa bilər. Çünki insanın müəyyən yaş dövrünə qədər öyrəndiyi həyat tərzindən uzaqlaşması çox çətindir. Varlı ailədə heç bir çətinlik və məşəqqətlə qarşılaşmayan qadın, ata evindəki şərait və imkanları ər evində görmədikdə narahat olmağa başlayar. Bu narahatlıq və əlavə tələblər ailədəki səadətə mane olur. Bu məsələdə “yorğanımıza görə ayaq uzatmalıyıq”.

Yaşadığımız dünya həyatı kimi, hər ailənin də müəyyən imtahanları olur. Ailəli kişi və qadınlar da müxtəlif səbəblərlə ən çox həyat yoldaşları (bir-biri) ilə imtahan olunurlar. Bu imtahandan üzüağ çıxmaq üçün tərəflər həyat yoldaşının Allahın ona xüsusi lütfü olduğunu düşünməli, ondakı gözəl xüsusiyyətləri görməyə çalışmalı, xoşuna gəlməyən davranışlarını isə səbirlə qarşılamalıdır. Çünki, o qədər insan içərisindən məhz sizi sevib və bəyənib evləndiyinə görə deməli həyat yoldaşınız üçün dəyərlisiniz. Unutmaq olmaz ki, ailə səadətinin sirri səbir, sayğı, sevgi, təşəkkür, təbəssüm və təvəkküldür.

Ailədə müxtəlif mövzularda fikir ayrılıqları ola bilər. Bu kimi vəziyyətlərdə də insan amili nəzərə alınmalı, buna uyğun hərəkət edilməlidir. Tərəflər əsasən insan olduqlarına görə bir-birinin fikirlərinə, düşüncələrinə, hisslərinə hörmətlə yanaşmağı bacarmalıdır.

Xülasə, ideal insan axtarırıqsa, əvvəlcə özümüz elə olmağa çalışmalıyıq. Hər insanın müəyyən çatışmazlıqları, nöqsanları və eyibləri ola bilər. Qarşı tərəfdə hər şeyin ən ideal şəkildə olmasını istəməməliyik ki, bu zatən mümkünsüzdür. Çünki, qoca yaşda hələ evlənməyən birinə bu yaşa qədər niyə evlənmədiyinin səbəbini soruşurlar. Cavab verir:

– Ömür boyum mükəmməl, ideal həyat yoldaşı axtardım.

– Bu qədər vaxtda mükəmməl həyat yoldaşı tapa bilmədinmi?

– Tapdım.

– Bəs niyə evlənmədin?

– Çünki, o da mükəmməl və ideal ər axtarırdı.

P.S. “Atalar yaxşı deyib, qüsursuz dost axtaran dostsuz qalar”. Mükəmməl həyat yoldaşı axtaran da yalqız qalar.


[1] Tirmizi, Səlat,127, Cənaiz, 73; Hakim, II, 176.
[2] Buxari, Nikah 15; Müslim, Rada 53.



Bənzər məqalələr

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Həzrət Hafsa

Allah Rəsulu (s.a.s.) həzrət Hafsa ilə Uhud döyüşündən əvvəl hicrətin üçüncü ilinin şaban ayında (625-ci ilin yanvarı) ailə qurmuşdur. Bu vaxt Rəsulullahın 56 yaşı vardı.

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.


Şərh yaz