5. 917 dəfə oxunub ,   0 şərh   Çap et

Hər namazın öz vaxtında qılınması daha fəzilətlidir. Rəsulullah (s.ə.s) bu haqda belə buyurmuşdur:

Əməllərin ən fəzilətlisi vaxtında qılınan namazdır[1].

Namazların ilk vaxtında Allahın rizası, son vaxtında isə Allahın bağışlaması vardır.”[2]

Fərz namazların hansı vaxt qılınmasının müstəhəb və ya daha fəzilətli olduğu Rəsulullah (s.ə.s) tərəfindən tətbiq olunaraq bildirmişdir. Həmin vaxtlara nəzər salaq:

Səhər (sübh) namazı

Sübh namazını dan yeri ağaranda qılmaq müstəhəbdir. Dan yerinin ağarması deyəndə buludsuz havada atılan oxun düşdüyü yeri oxu atanın görə biləcəyi qədər havanın işıqlanması nəzərdə tutulur. Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Sübh namazını dan yeri ağaranda qılın. Çünki bunun əcri (mükafatı, savabı) daha çoxdur.”[3] Camaatla namaz qılınan məscidlərdə sübh namazının gecikdirilməsi camaatın sayının artmasına səbəb olur. Lakin qadınlar camaat namazına gəlmədiklərindən sübh namazını ilk vaxtında qılmaları daha fəzilətlidir.

Günorta namazı

Günorta namazını yayda gecikdirərək sərində qılmaq (ibrad) müstəhəbdir. Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Günorta namazını sərində qılın. Çünki istiliyin şiddəti cəhənnəmin hərarətinin şiddətindəndir.[4] Qışda isə günorta namazını ilk vaxtında qılmaq müstəhəbdir. Ənəsdən (r.a) nəql edir ki, “Hz. Peyğəmbər şiddətli soyuq olduqda, günorta namazını tez qılar, yayda isə hava sərinlənənə qədər gecikdirərdi.[5]

İkindi namazı

İkindi namazının fərzini isə günəşli günlərdə günəş göz qamaşdırmazdan əvvələ qədər gecikdirmək müstəhəbdir. İkindi namazından sonra nafilə namaz qılmaq məkruh olduğundan nafilə namaz qılmaq üçün əlavə vaxt qazanmaq olar. Vaxt girən kimi qılınması isə daha yaxşıdır.

Axşam namazı

Axşam namazını həmişə ilk vaxtda, yəni vaxtı girən kimi dərhal qılmaq müstəhəbdir. Azanla iqamə arasında yalnız üç ayə oxunulacaq və ya bir az oturulacaq qədər fasilə vermək lazımdır. Çünki axşam namazını gecikdirmək məkruhdur. Hz. Peyğəmbər (s.ə.s) bu haqda belə buyurmuşdur: “Ümmətim axşam namazını ulduzların bir-bir göründüyü zamanadək gecikdirmədikcə xeyir üzərinədir.”[6]

Yatsı namazı

Yatsı namazını gecənin ilk üçdə birinədək gecikdirmək müstəhəbdir. Hədisdə bildirilir, “Əgər ümmətimə çətin olmasaydı, gecə namazını gecənin üçdə birinədək gecikdirməyi əmr edərdim.[7]

Gecə oyanacağına əmin olan şəxsin vitr namazını gecənin sonunadək gecikdirməsi müstəhəbdir. Hz. Peyğəmbər belə buyurmuşdur: “Gecənin sonunda (təhəccüd namazı üçün) oyana biləcəyindən əmin olmayan, vitr namazını gecənin əvvəlində (yatsı namazından) qılsın. Gecənin sonunda (təhəccüd namazı qılmaq üçün) duracağından əmin olan şəxs isə, vitri gecənin sonunda qılsın. Çünki gecə namazı həm gecə, həm də gündüz mələklərinin iştirak etdiyi namazdır. Bu səbəblə daha fəzilətlidir.[8]

Malikilərə görə beş vaxt namazın həmişə öz vaxtında qılınması daha fəzilətlidir. Namazın tək və ya camaatla qılınması, havanın isti və ya soyuq olması bu qaydanı dəyişdirmir. Əsaslandıqları dəlil bu hədisdir: “Hz. Peyğəmbər ən fəzilətli əməlin hansı olduğunu soruşan səhabəyə, “vaxtında və ya vaxtın əvvəlində qılınan namazdır” – cavabını vermişdir.[9]

İbn Ömərdən nəql edilən bir hədisdə də belə buyurulur: “Namazların ilk vaxtında Allahın rizası, son vaxtında da Allahın bağışlaması vardır.[10] Bununla yanaşı Malikilərə görə də camaatı gözləmək və ya istidə günortanı sərinə saxlamaq üçün gecikdirmək məkruh sayılmır.

Şafeilərə görə günorta namazından başqa bütün namazların ilk vaxtında qılınması və isti havada isə günortanın sərinə saxlanılması sünnədir.

Hənbəlilərə görə də, gecə namazından başqa digər namazların ilk vaxtında qılınması daha fəzilətlidir. Lakin onların fikrincə, şiddətli isti havada günorta namazı və buludlu vaxtda da axşam namazını gecikdirmək olar.

Dövrümüzdə namaz vaxtları təqvimlərlə və saatla dəqiq müəyyənləşdiyi üçün, xüsusilə şimal yarımkürəsində günəşin aylarla görünmədiyi qış dövründə bu prinsip öz əhəmiyyətini itirmişdir.[11] Xülasə, namaz vaxtları məsələsində Rəsulullahın (s.ə.s) “Əməllərin ən fəzilətlisi vaxtında qılınan namazdır[12] – tövsiyəsinə uyğun hərəkət etməyə çalışmalıyıq.


[1] Müslim, İman, 140.

[2] Tirmizi, Məvaqit, 13.

[3] Tirmizi, Səlat, 3; Nəsai, Məvaqit, 27; Darimi, Səlat, 21; Əhməd ibn Hənbəl, V, 429.

[4] Buxari, Məvaqit, 9, 10, Azan, 18; Müslim, Məsacid, 180, 181, 183, 184, 186; Əbu Davud, Səlat, 4.

[5] Buxari, Cümə, 17; Nəsai, Məvaqit, 4; Zeyləi, Nəsbür-Rayə, I, 244; İbnul-Hümam, Fəthul-Qədir, I, 157.

[6] Əbu Davud, Səlat, 6; İbn Macə, Səlat, 7; İbn Hənbəl, Müsnəd, IV, 147, V, 417, 422; İbnul-Hümam, e.a.ə., I, 159.

[7] Tirmizi, Məvaqit, 10; Şövqani, Neyl, II, 11; İbnul-Hümam, e.a.ə., I, 159.

[8] Müslim, Müsafirin, 162; İbn Macə, İqamə, 121; Ə. İbn Hənbəl, III, 348, 389.

[9] Buxari, Məvaqit, 5, Tövhid, 48, Cihad, 1, Ədəb, 1; Müslim, İman, 137-140; Əbu Davud, Səlat, 9; Tirmizi, Məvaqit, 13.

[10] Tirmizi, Məvaqit, 13.

[11] İbn Abidin, Rədul muxtar, I, 676; Şirazi, Mühəzzəb, I, 53; İbn Qüdamə, Muğni, I, 378, 385, 388; Züheyli, İslam fıkhı ansiklopedisi,  I, 514, 515.

[12] Müslim, İman, 140.



Açar sözləri

müstəhəb namaz vaxt vaxtlar

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Namaz vaxtları haqqında hökmlər

Rəbbimiz bizi bizdən daha yaxşı tanıyır. Bizə bəxş etdiyi nemətlərə qarşı şükür etməmiz, qul olduğumuzun fərqinə varmamız,  qəflətimizi dağıdıb və qüsurlarımız üçün əfv diləməmiz yaradılış qayəmizdir. İnsan başqa bir şey üçün deyil, Allaha ibadət üçün yaradılmışdır.[1] Buna görə Allah Təala günün iyirmi dörd saatının hamısını deyil, müəyyən hissəsini  Ona (Cəllə Cəlaluhu) qulluq üçün ayırmamızı istəmişdir. […]


Şərh yaz