3. 128 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Namaz vaxtlarının hikmətləri hansılardır?

Cavab: İbadətlər sırf Allah-Təala əmr etdiyi üçün yerinə yetirilir, yəni ibadətlərin səbəbi ilahi əmrdir. Biz bütün ibadətləri Allah əmr etdiyinə görə edirik. Beş vaxt namaz da belədir. Bizi yaradan Rəbbimiz zəif cəhətlərimizi və ehtiyaclarımızı nəzərə alaraq bizə beş vaxt namazı merac hədiyyəsi etmişdir.

Bir bəndə kimi bizim çiynimizə düşən vəzifə də Rəbbimizin bu hədiyyəsini müjdə qəbul edərək öpüb göz üstünə qoymaqdır.

Peyğəmbərimizin (s.ə.s) “dinin dirəyi” kimi xarakterizə etdiyi namazın hər gün müəyyən vaxtlarda beş dəfə qılınmasının bir çox hikmətləri var.

Allah insanı Rəbbini bilib tanısın və Ona qulluq etsin deyə yaratmışdır. Namaz isə fikir, zikr (Allahın uca adını anmaq), şükür başda olmaqla bütün ibadətləri ehtiva edən çox dərin və əhatəli bir ibadətdir. Namaz qılmaqla insan təkcə özünün yox, həm də bütün məxluqların ibadətlərini, zikrlərini, şükürlərini, dualarını xəlifə vəsfi ilə Allaha təqdim edir. Bu cür bir çox dərin və əngin mənaları daşıyan namazla gündə beş dəfə Rəbbi anmaq, Allah-Təalanın böyüklüyünü, ucalığını düşünmək, Onun sonsuz nemətlərinə şükür etmək insanlıq və qulluq vəzifəsidir.

Ruhlar aləmində hamımız Allah-Təalanın “Mən sizin Rəbbiniz deyiləmmi?” xitabına: “Bəli, Sən bizim Rəbbimizsən”, − deyib söz vermişik. Lakin gündəlik qayğılar içində bəzən qəflətə düşüb Rəbbimizə verdiyimiz qulluq sözünü unuduruq. Məhz biz beş vaxt namazla hər gün beş dəfə Rəbbimizin hüzuruna çıxır və: “Mən Sənin aciz, günahkar qulunam. Sən mənim Rəhim, Kərim Rəbbimsən”, – deyərək əhdimizi təzələyirik.

Beş vaxt namazla günümüzü beş nurlu zaman kəsiyinə ayırır, “sübh namazından əvvəl”, “sübh namazından sonra”, “günorta namazından əvvəl”, “günorta namazından sonra”, “ikindiyə doğru”, “ikindi vaxtı”, “ikindidən sonra” deyərək işlərimizi buna uyğun planlaşdırırıq. Beləcə həm namazın dəyərini yaxşı dərk edir, həm də iki namaz arasında gördüyümüz işləri ibadət boyası ilə boyamış oluruq. Beş vaxt namazla bütün gününü nurlandıran və həyatını başdan-ayağa ibadətə çevirənlər necə xoşbəxtdir!

Hər kəsin zəif cəhəti var. Rəbbimizin hər an bizi gördüyünü, bizə nəzarət etdiyini unudub günah işləyirik. Peyğəmbərimizin (s.ə.s) buyurduğu kimi beş vaxt namazla mənəvi kirlərdən arınma imkanı əldə edirik. Hər namazda iki namaz vaxtı arasında etdiyimiz günahlardan ötrü Rəbbimizdən əfv və bağışlanma diləyir, dini və dünyəvi vəzifələri yerinə yetirmək üçün güc toplayır, əhvali-ruhiyyəmizi qüvvətlənir, sonra da eşqlə, şövqlə işlərimizin başına qayıdırıq.

Namaz vaxtları və bu vaxtların təyin edilməsinin hikmətləri ilə bağlı bir İslam aliminin orijinal mülahizələri vardır. Alim namaz vaxtlarını insan ömrünə bənzədərək onları bu şəkildə əlaqələndirir:

“Həftəlik vaxtı göstərən böyük bir saat fərz edək. Bu saatın saniyə, dəqiqə, saat və günlərini göstərən əqrəbləri bir-biri ilə bağlıdır və bir-birinin hökmü ilə hərəkət edirlər. Bunun kimi, Allah-Təalanın böyük bir saatının (dünyanın) saniyəsi sayılan gecə və gündüzün növbələşməsi, dəqiqələri sayan illər, saatları sayan insan ömrünün mərhələləri və günləri sayan dünyanın dövrləri bir-birinə bağlıdır və bir-birini xatırladır. Məsələn:

Fəcr vaxtı (səhər vaxtı, sübh namazı) baharın ilkin çağlarına, insanın ana bətninə düşdüyü zamana, həm göylərin və yerin altı günlük yaradılışının birinci gününə bənzəyir və onlarda əks olunan İlahi təcəlliləri xatırladır.

Günorta namazı isə həm yay mövsümünün ortasına, həm gənclik çağlarına, həm dünyanın yaradılış dövründə insanın xəlq edilmə mərhələsinə bənzəyir və onlarda Allahın mərhəmət təcəllilərini, bol nemətlərini xatırladır.

İkindi zamanı isə həm payız mövsümünə, həm insanın qocalıq çağına, həm də axırzaman Peyğəmbərinin (s.ə.s) səadət əsrinə bənzəyir və onlarda rəhməti hər şeyi ehtiva etmiş Allahın nemətlərini nəzərə çatdırır.

Axşam namazı isə həm payız mövsümünün sonunda bir çox məxluqların ölümünü, həm insanın vəfatını, həm axirətin başlanğıcındakı halını diqqətə çatdıraraq Allahın (c.c.) böyüklük, izzət və əzəmətinin təcəllilərini anladır və bəşəriyyəti qəflət yuxusundan oyadır, ona xəbərdarlıq edir.

İşa vaxtı isə həm qaranlığın qara örtüyünü gündüzün bütün izlərinin üstünə çəkməsini, həm qışın ağ kəfəni ilə ölmüş yerin üzünü örtməsini, həm vəfat etmiş insandan qalanların da unudulub getməsini, həm imtahan meydanı olan bu dünyanın bütünlüklə yox olmasını diqqətə çatdırıb mütləq qalib Allahın əzəmətli işlərini bəyan edir.

Gecə vaxtı isə həm qışı, həm qəbri, həm bərzəx (öldükdən sonra ruhların getdikləri aləm) aləmini xatırlatmaqla bəşər ruhunun Rəhmanın rəhmətinə nə dərəcədə möhtac olduğunu insanın yadına salır. Və gecənin bir vaxtı qılınan təhəccüd namazı isə qəbir gecəsində və bərzəx qaranlığında nə qədər vacib bir işıq olduğunu göstərir, xatırladır və bütün bu möhtəşəm hadisələr içərisində həqiqi nemət sahibi Allahın sonsuz nemətlərinə diqqət çəkərək Onun nə qədər həmd və sənaya layiq olduğunu elan edir.

Növbəti səhər isə həşr (öldükdən sonra yenidən diriliş) gününü nəzərə çatdırır. Bəli, bu gecənin sabahı və bu qışın baharı nə qədər zəruri və qətidirsə, həşrin səhəri də, bərzəxin baharı da o qədər qaçılmazdır.

Bu beş vaxtın hər biri mühüm bir hadisə və dəyişikliyi xatırlatdığı kimi, ilahi qüdrətin həm illik, həm əsrlik, həm əbədi möcüzələrini və ilahi rəhmətin ərməğanlarını xatırladır. Deməli, insanın əsl vəzifəsi, ibadətinin əsası və qəti borcu olan namaz bu vaxtlarda qılınmağa daha layiq və münasibdir.

Nəticə olaraq, Rəsulullah (s.ə.s) bir hədisində: “Namaz möminin meracıdır”, – buyurur. Peyğəmbərimizin “gözümün nuru” deyə vəsf etdiyi beş vaxt namazın gözəlliyi qarşısında kəlmələr acizdir. Lakin bu deyilmiş sözlər belə beş vaxt namazın bizim üçün nə qədər xoş, ləzzətli, vacib bir ibadət olduğunu və namaz vaxtlarının nə qədər hikmətlə və yerli-yerində müəyyənləşdirildiyini göstərir.

Rəbbimiz hər namazı Ona daha da yaxınlaşmağa və rizasını qazanmağa vəsilə etsin. Namazlarımızı merac eləsin.



Açar sözləri

beş vaxt hikmət namaz

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


Şərh yaz