14. 436 dəfə oxunub ,   0 şərh   Çap et

Uca dinimiz İslamdakı qulluq vəzifələrindən bəzilərinin hikmətini qavraya bildiyimiz halda, bəzilərini isə məhdud ağlımızla qavramaqda çətinlik çəkirik. İkinci qrupa aid məsələlərin bir qisminin izahı mümkün olmadığından üzərimizə düşən vəzifə onu qəbul etməkdən ibarətdir. Bu o deməkdir ki, bəzi əmr və qadağaların müəyyən hikmətləri var, bunların səbəb-hikmətləri araşdırıla bilər və biz bunları bilirik, bəziləri isə təabbudidir – yəni bunların səbəb-nəticəsi araşdırılmaz və biz bunlara olduğu kimi tabe olmalıyıq. Təbii ki, bunun da müəyyən hikmətləri var. Bir hikməti də budur ki, İslam dininin iki təməl əsası var:

Birincisi, iman əsaslarıdır. İmanın yolu elm və idrakdır. İman ağla xitab edir.

İkincisi, İslamın əsaslarıdır. İslamın şərtləri təslim olmağı gərəkdirir. Buna görə də İslamın şərtlərindəki hikmətləri bizim məhdud ağlımız qavrasa da, qavramasa da onlara tabe olduğumuz təqdirdə təslimiyyət hasil olar.

Əvvəlcə onu qeyd edək ki, bəzi namazların səsli, bəzilərinin isə səssiz oxunmasının hökmü təabbudidir. Yəni həmin hökmə qeyd-şərtsiz tabe olmalıyıq.

Təfsir kitablarına nəzər saldıqda namazlarda səsli və səssiz oxunuşun səbəbinə aid bu tarixi hadisəyə rast gəlirik:

Beş vaxt namaz Merac gecəsində fərz qılınmışdır. Allah Rəsulu (s.ə.s) bu tarixdən sonra Məkkədə qıldığı namazların hamısını səsli qıl(dı)ırdı. Yəni namaz ilk dəfə fərz buyrulanda səssiz oxumaq yox idi. Ancaq Rəsulullahın (s.ə.s) səsli namaz qılmasını dinləyən müşriklər, eşitdikləri ayələrə öz şerlərini də qarışdıraraq orda-burda oxuyur, insanların fikrini qarışdırmağa çalışırdılar. Bununla da kifayətlənməyərək ayələri eşidəndə onları göndərənə və gətirənə söyürdülər. Rəsulullah (s.ə.s) da bundan narahat olurdu. Müşriklərin bu çirkin əməllərinə mane olmaq və müsəlmanları onların təzyiqlərindən qurtarmaq üçün “İsra” surəsinin 110-cu ayəsi nazil oldu. “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut..”  Ayə, müşriklərin eşitmələrinə mane olmaq üçün gündüz qılınan namazlarda səssiz, gecə qılınanlarda isə səsli oxumağa işarə edirdi. Bundan sonra Rəsulullah (s.ə.s) günorta və ikindi namazlarında müşriklərin təzyiqinə məruz qalmamaq üçün səssiz, axşam namazı onların yemək, yatsı və səhər namazının vaxtı da yatmaq vaxtı olduğundan bu namazları səsli qiraətlə oxuyurdu. Cümə və bayram namazları da hicrətdən sonra Mədinədə fərz və vacib buyruldu. Artıq müşriklərin təzyiq və təhlükələri sovuşmuşdu. Buna görə də həmin namazlar gündüz vaxtı qılınmalarına baxmayaraq səsli qılınırdı.[1]  Məkkə dövründə İslamı təbliğ edərkən inananların necə məşəqqətlərlə qarşılaşıldığının bilinməsi üçün bu tətbiqat qiyamətə qədər belə saxlanıldı…

Allah Rəsulu bir hədisində: “Namazı mənim qıldığım kimi qılın!”[2]˗ buyurmuşdur. Buna əsasən də inanalar olaraq bizlər də Onun (s.ə.s) səsli qıl(dır)dığı namazları səsli, səssiz qıl(dır)dığı namazları da səssiz qılır və  dinin iki əsas qaynağından biri olan Sünnəyə görə əməl edirik.

Günorta və ikindi namazları istər təkbaşına, istərsə camaatla qılınsın qiraət səssiz olmalıdır ki, bunu etmək vacibdir. Təkbaşına qılan şəxs və ya imam özü eşidəcəyi səslə Fatihə və zəmmi surəni oxuyar. Gündüz qılınan quşluq/düha namazı kimi nafilə namazlarda da gizli oxumaq vacibdir. Namazda Fatihə və zəmmi surə unudaraq səsli oxunarsa vacib tərk edildiyinə görə səhv səcdəsi etmək lazımdır. Camaatla qılınan sabah, cümə, bayram, təraveh və vitir namazlarının bütün rükətlərində, axşam və yatsı namazlarının ilk iki rükətində səsli oxumaq vacibdir. Akşam namazının üçüncü rükətində, yatsı namazının da son iki rükətində isə səssiz oxumaq vacibdir. İmam həmin namazlarda unudaraq səssiz oxuyarsa, vacibi tərk etdiyi üçün səhv səcdəsi etməlidir. Ancaq, təkbaşına sabah, axşam, yatsı namazlarını və əvvabin, təhəccüd kimi nafilə namazları qılan şəxs öz istəyinə görə  səsli və ya səssiz qiraət edə bilər.

 Qəzaya qalan sübh, axşam və yastı namazlarının fərzləri gecə və yaxud gündüz qəza edilərkən də səsli oxuna bilər. Hətta səsli oxumaq daha yaxşıdır.

Qəzaya qalan sübh, axşam və yastı namazlarının qəzası həmin gün camaatla qılınacaqsa, imam, normal vaxtında qıldırdığı kimi səsli oxuyaraq qıldırar. Vitr namazı da, istər vaxtında qılınsın, istər qəza edilsin, Fatihə və zəmmi surə səsli oxuna bilər. Qunut duaları isə səsli oxunmur.

Bir şəxs təkbaşına axşam, yatsı və ya sabah namazını qılarkən, Fatihə surəsindən müəyyən qədər oxuduqdan sonra başqa birisi o şəxsə uyarsa, həmin şəxs imam sayıldığına görə Fatihəni yenidən səsli oxumalıdır. Bir rükətdə qiraətin yarısını səsli, yarısını da səssiz oxumaq məqsədəuyğun deyildir. Surəni bitirdikdən sonra iman olan şəxs həm Fatihanı, həm də zəmmi surəni yenidən səsli oxumalıdır.

Namazlarda səsli oxumaq kişilər üçündür. Yanında başqalarının olmasından asılı olmayaraq qadınlar bütün namazları səssiz oxuyaraq qılmalıdır.

[1]İsra surəsi 110-cu ayənin təfsiri üçün baxın: Təbəri; Zəməxşəri; Razi; Qurtubi; Səmərqəndi

[2] Buxari, Əzan, 18.



Açar sözləri

namaz səsli səssiz

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


Şərh yaz