1. 791 dəfə oxunub ,   0 şərh   Çap et

Allah insana özünəməxsus qabiliyyətlər və sonsuzluq arzusu vermişdir. Bu özünəməxsus qabiliyyət və yaradılış ənginliyinin ehtiyac və arzuları da sonsuzdur. Məsələn: insan anasını, atasını, dostlarını, qohumlarını sevdiyi və onlarla həmişə birlikdə olmağı arzu etdiyi kimi, Allahı da sevir və Rəbbimizin gözəl camalını görmək istəyir. Dünyada sevdikləri ilə birgə olmağı arzuladığı kimi, axirətə köçmüş dostları və yaxınları ilə də oturub həsbi-hal etmək istəyir.

Yenə dünyada bağlı-bağatlı gözəl bir evinin olmasını arzu etdiyi kimi, cənnət saraylarını və bağçalarını da istəyir.

Digər tərəfdən də öz evində baş verən yanğından təsirləndiyi kimi, dünyanın o biri başında tüğyan edən fəlakətə də qeyri-iradi üzülür.

Bir yaxının vəfatına yandığı kimi, dünyanın hər hansı bir ye­rin­də avtomobil qəzası və ya döyüşdə ölən məsum insanlar da onun qəlbini yaralayır.  Küçədə gördüyü kimsəsiz və şikəst bir uşa­ğın pərişan halı – tanımasa da – ürəyini sızladır. Bəzən izdihamın içində özünü tək-tənha, yalqız hiss edir, geniş yer üzü ona dar gəlir.

Bu misallardan göründüyü kimi, insanın arzu  və əməlləri hüdudsuz, ehtiyac və istəkləri sonsuz, gücü və iradəsi isə məhduddur. O, bir çox ehtiyaclarını təmin etməkdə zəif və acizdir. Körpələr acanda və ya bir şey istəyəndə bərkdən ağlayırlar. Nə üçün? Çünki ehtiyaclarını özləri əldə edə bilmirlər. Ana qayğısına ehtiyacları var. Körpələrə ehtiyacını ağlamaqla bildirməyi öyrədən Sonsuz Mərhəmət sahibi Rəbbimiz analara da əngin şəfqətlə onların imdadına çatma hissini vermişdir.

Əslində, bunlar bizə də aiddir. Yuxarıda adlarını çəkdiyimiz ehtiyaclarımızı gücü hər şeyə yetən, qüdrəti sonsuz, göyləri və yeri yaradan, aləmlərin Rəbbi Uca Allahdan başqa kim təmin edə bilər? Bizi ölüb getmiş və vücudu torpağa qarışmış yaxınlarımız və sevdiyiniz insanlarla kim yenidən qovuşdura bilər? Hər cür dünya və axirət zövqünün fövqündə dayanan və bütün gözəlliklərin həqiqi mənbəyi olan Uca Rəbbimizin camalını görmək şərəfini kim bizə bəxş edə bilər?

Təkcə axirətə aid ehtiyaclarımız üçün deyil, həm də dünyaya aid ehtiyaclarımıza görə də daima Rəbbimizin köməyinə möhtacıq. Bəzən gündəlik həyatın axarında yanlış olaraq elə düşünürük ki, ehtiyaclarımızı öz gücümüzlə təmin edə bilərik. Buna görə də bir çətinliyə düşmədən duaya ehtiyac duymuruq. Halbuki bizim Rəbbimizin mərhəmət və inayətinə hər an ehtiyacımız var.

İnsanın zahirən ən çox özünə hakim olduğu yemək yemə prosesini bir düşünək. Orada bizim iradəmiz tikəni çeynəyib udana qədərdir. Ondan sonra o tikə mədədə, bağırsaqlarda bir çox müxtəlif mərhələlərdən keçir. Həmin tikədən əldə edilən lazımi maddələr damarlar vasitəsilə bütün hüceyrələrə çatdırılır. Hətta tikəni udarkən nəfəs borusu avtomatik olaraq bağlanır və qida yemək borusuna istiqamətləndirilir. Allah-Təala təkcə bu işi bizim öhdəmizə buraxsa idi, yemək bizim üçün əsl işgəncə olardı. Həqiqətən də, Rəbbimizin razılığı və inayəti olmasa, bir addım da ata, daş kimi yerimizdən tərpənə bilməzdik.

Xülasə, insan hər an Allaha möhtacdır. Möhtac olan da ehtiyacı verənə müraciət edər.

Bizim cənnətədək uzanan ehtiyaclarımızı isə aləmlərin Rəbbi Uca Allahdan başqa heç kim təmin edə bilməz. Həm də dua bütün ibadətlərin təməlidir. Duanın özü da xalis qulluqdur. Bizi bizdən daha yaxşı tanıyan, bizə bizdən yaxın olan Rəbbimiz bir ayədə: “Mənə dua edin, Mən də sizin dualarınıza cavab verim!”– (“Mömin” surəsi, 60) buyurur. Bir başqa ayədə də: “Əgər duanız olmasa, nə əhəmiyyətiniz var?” – (“Furqan” surəsi, 77) deyə buyuraraq diqqəti duanın qulluq cəhətinə yönəldir. Elə isə Rəbbimizə hər vəsilə ilə yalvarıb-yaxarmalı, həm xoş, həm də çətin anlarda Ona sığınmalıyıq.

Rəbbimiz duanı dilimizdən əskik etməsin. Bizə ən gözəl və məq­­bul dualarla ixlas və səmimiyyətlə Ona yönəlməyi nəsib elə­sin.



Açar sözləri

Allah sevgisi dua

Bənzər məqalələr

Dua etmək üçün yaradılan varlıq

Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.


Şərh yaz