19. 321 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Oruclu halda yaraya dərman qoymaq və iynə vurdurmaq olarmı? 

Cavab: İlk növbədə qeyd etmək lazımdır ki, əksər alimlərin fikrincə, orucun pozulması üçün insan bədəninə normal yoldan, yəni boğazdan ya da burundan içəri hər hansı bir şey daxil olmalıdır. Qulağa girən və ya tökülən su orucu pozmur. Gözə tökülən bir dərman boğazda hiss edilsə belə oruc pozulmur. Çünki göz boğazla birbaşa yox, dolayı yolla əlaqəlidir.

Dərmandan istifadə etmək, iynə və ya peyvənd etdirməyin orucu pozub-pozmadığına gəlincə, İslamda xəstə oruca tab gətirmək şərtilə oruc tuta bilər.

Qeyd etmək lazımdır ki, ağız, burun, ön və arxa kimi normal yollardan oruclu ikən qəbul edilən yemək, içmək, dərman və bu kimi şeylərin orucu pozduğu haqqında İslam alimləri həmrəydir.

Bundan başqa, Əbu Hənifəyə görə, qarın boşluğuna və ya beyinə qədər çatan dərin yaralardan ötrü vurulan iynə qarın boşluğuna və ya beyinə çatdığı zaman oruc pozulur və qəza edilməlidir. Belə olan təqdirdə, əzələ daxilinə və damara vurulan iynə orucu pozur. Çünki bu yolla vurulan iynə, peyvənd və s. vücudun hər tərəfinə yayılır. İynə vurulmaqla suyun bu cür bədənə daxil olması, dəri məsamələrindən içəri nüfuz etməsi kimi deyil. Buna görə də peyvənd və iynəni, zərurət olmayan hallarda iftardan sonraya saxlamaq daha məqsədəuyğundur.

Lakin İmam Məhəmməd və Əbu Yusifə görə, bir şey normal yolla bədənə daxil olmazsa, oruc pozulmaz. Çünki oruc “normal bir yoldan, ağız və ya burun kimi bir üzvdən bədənə heç nə daxil etməmək surətilə nəfsi saxlamaq” şəklində tərif edilmişdir. Bu mövzuda dərin bir yaradan ötrü vurulan iynənin qarına və ya beyinə çatması mühüm əhəmiyyət kəsb etmir. Çünki iynə bədənə qeyri-normal yolla daxil olmuşdur. Odur ki, iynə və ya peyvənd orucu pozmur.

Vurğulamaq lazımdır ki, dövrümüzdə müctəhid imamlar zamanında olmayan və aclığı, susuzluğu aradan qaldıran və ya oruca qarşı bədənin müqavimətini artıran iynə və s. kimi şeylərdən istifadə olunması oruc ibadətini məqsədindən uzaqlaşdıra bilər. Çünki bir çox dərman yerinə onun əvəzedici iynəsi də vardır. Həb şəklində udulan dərman orucu pozduğu halda, eyni dərman maye halında iynə kimi əzələyə vurulanda orucun pozulmaması ziddiyyət təşkil edir. Buna görə də gündüz dərman qəbul etməyə məcbur olan xəstələrin orucu qəzaya qoymaları, vəziyyəti daha yüngül olanların isə, iynəni iftardan sonra vurdurması ən ehtiyatlı davranışdır.

Bundan başqa, uzaq durulması və qorunulması qeyri-mümkün duman, toz və s. kimi şeylərin udulması orucu pozmaz. Ancaq dişə qoyulan dərmanın udulması orucu pozar.

Dr. Anar Qurbanov




Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


Şərh yaz