4. 521 dəfə oxunub ,   0 şərh   Çap et

Əhliləşdirilmiş maral, ceyran, cüyür, çöl öküzü, çöl qoyunu, dağ keçisi, vəhşi iribuynuzlu heyvan, vəhşi camış, vəhşi dəvə və zürafə kimi əti halal olan otyeyən heyvanları qurban kəsmək olar?

 “Həcc” surəsinin 34-cü ayəsində bütün səmavi dinlərdə qurban ibadətinin mövcud olduğu açıq şəkildə bildirilməklə yanaşı, qurbanın hansı heyvanlardan kəsilməsinə də aydınlıq gətirilmişdir: “Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi ənam cinsindən heyvanları kəsərkən Allahın adını çəksinlər (bismillah desinlər). Sizin ilahınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!” Buna görə də qurban kəsilən heyvanın ərəbcə bəhimətul-ənam adlanan sinifdən olması lazımdır. Bunlar da təkdırnaqlı olmayan, otla qidalanan və gövşəyən dəvə, inək, camış, qoyun və keçi kimi heyvanlardır. Qurani-Kərimdə əti yeyilən heyvanlar müəyyənləşərkən, digər ayələrlə[1] qadağan olunanlardan başqa “bəhimətul-ənam” adlı heyvanların halal olduğu bildirilmişdir.[2]

Ərəb dilində “bəhimə” kəlməsi dördayaqlı heyvanların ümumi adıdır. “Ənam” isə pəncəli və təkdırnaqlı heyvanlar xaric, otla bəslənən, gövşəyən heyvanlardır. Dolayısilə, əti yeyilən heyvanlar olduğu halda dörd ayaqlı olmayan quruda yaşayan heyvanlarla dənizdə yaşayan heyvanlar da ayədə keçən “bəhimətul-ənam” məfhumuna daxil olmur.

“Ənam” surəsinin 143 və 144-cü ayələri ilə “Nəhl” surəsinin 5 və 8-ci ayələrini birgə götürdükdə “bəhimətul-ənam” məfhumunun otla bəslənib gövşəyən dördayaqlı əhliləşdirilmiş heyvanlar olduğunu görürük. Buna görə də dəvə, inək, camış, qoyun və keçinin bu çərçivəyə daxil olması mütləqdir. Bu məfhumun ceyran, maral kimi çöl heyvanlarına aid olub-olmaması isə mübahisəlidir. Bəhimətul-ənam məfhumuna aid olsalar da, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) qurbanla bağlı icraatı və izahları da nəzərə alındıqda aydın görünür ki, cüyür, maral kimi əti yeyilən ov heyvanları qurbanlıq heyvanlar məfhumuna daxil olmur. Bir də qurban kəsiləcək heyvanlarla bağlı “Həcc” surəsi 28 və 34-cü ayələrdə yer alan “min” ədatı “bəhimətul-ənam” məfhumundakı heyvanların sadəcə bir qisminin qurban kəsiləcəyini göstərir. Həqiqətən də, “Ənam” surəsinin 143 və 144-cü ayələrində keçən heyvan adları və Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) qurbanla bağlı tətbiq və izahları nəzərə alındıqda “bəhimətul-ənam” məfhumunun inək, camış, qoyun və keçidən ibarət olduğu görünür.[3] Dolayısilə, qurbanlıq heyvanlarda ayələrdə əksini tapan bu məqamların nəzərə alınması elmi zərurətdir.[4]

Maral, ceyran, vəhşi öküz və dağ keçisi kimi–əti halal da olsa–çöl heyvanlarını qurban kəsmək ya haramdır, ya da harama yaxın məkruhdur. Klassik fiqh kitablarında bu, belə olsa da, bu gün bütün yer üzünün, meşələrin insan oğlunun hakimiyyəti altında girməsinin nəticəsi olaraq tarixən bir çox vəhşi heyvanlar əhliləşdirilmişdir. Məsələn, Norveçdə sırf ətçilik məqsədi ilə bəslənən maral və ceyran sürüləri var və qəssab dükanlarında qaramal əti kimi ceyran əti də satılır. Əhliləşdirilmiş dağ keçisi və çöl qoyunu sürüləri əgər normal keçilər və qoyunlar kimi eyni hökmə malikdirsə, əslində, bəhimətul-ənama daxil olan maral və ceyranlar da, görəsən, əhliləşdirildikdən sonra adi qaramal cinsləri ilə eyni hökmü daşıya bilərmi?

Maral, yaxud ceyran kimi əti yeyilən dörddırnaqlı otyeyən heyvanların qurban kəsilməsini qadağan edən bir şəriət dəlilinin olmaması və ümumi fiqhi qaydaya görə “qadağanın olmadığı vəziyyətlərdə ümumi ibaha (mübahlıq) prinsipinin keçərli olmasına əsaslansaq, görəsən, bu yerdə caizlik haqda danışmaq olarmı? Mövcud əşyada cari olan mübahlıq qanunu (qaydası) ibadətlərdə keçərli deyil. Əksinə, səhih nəql əsasdır.

Dörd məzhəbin dördünə görə də, yeyilməsi halal olan bəzi otyeyən çöl heyvanları əhliləşdirmədən qurban kəsmək olmaz.


[1]“Maidə” surəsi, 5/3; “Bəqərə”, 2/73; “Ənam”, 6/145; “Nəhl”, 16/115
[2]“Maidə” surəsi, 5/2
[3]Baxın: A.H. Yazır, Hak dini Kuran dili, III/1548-1570, 2071-76, V/3398-3406
[4]Prof. Beşir Gözübenli “Farklı bir açıdan kurban”, “Yeni Ümit” dərgisi, iyul-avqust-sentyabr, 2005, sayı 69; Baxın: A.H. Yazır, Hak dini Kuran dili, III/1548-1570, 2071-76, V/3398-3406


Açar sözləri

əhliləşdirilmiş ov qurban

Bənzər məqalələr

Qurban ibadətinin tarixi

Rəsulullah belə buyurmuşdur: “Üç ibadət mənim üçün fərz, sizin üçün isə nafilədir. Bunlar vitr namazı, qurban kəsmək və quşluq (duha) namazıdır”.

Qurbanın hikmətləri

Qurban ibadətinin neçə-neçə məna və faydası, bəndələrə dünya və axirətlə bağlı öyrətdiyi hikmətləri var.

məscid namaz dua
Bayram namazı necə qılınır?

Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.

Hansı heyvanlardan qurban kəsmək olar?

Kəsiləcək qurbanlıq heyvan cins (növü), yaş, çəki (neçə adama çatması) baxımından müəyyən xüsusiyyətlərə malik olmalıdır.

Qurban kəsməyin hökmü

Qurban bayramında qurban kəsməklə məsul olan hər bir kəsin, Allaha yaxınlaşmaq niyyəti ilə kəsdiyi qurbanın hökmü mövzusunda vacib və ya sünnə olmaqla iki rəy vardır.


Şərh yaz