2. 415 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərimiz hədiyyələșməyə də böyük əhəmiyyət vermișdir. “Hədiyyələșin ki, sevginiz artsın,”[1] – deyə buyuran Peyğəmbərimiz həm hədiyyə alar, həm də qarșılığında hədiyyə verərdi.[2] Hədiyyələșmənin insanları bir birinə yaxınlașdırıb sevdirdiyini izah etmək üçün də: “Hədiyyələșin, çünki hədiyyə qəlbdəki kin və nifrəti yox edər,”[3] – deyə buyurmușdur. Verilən hədiyyəni kiçik görməməyi və götürməyi tövsiyə etmişdir.[4] “Sizə bir hədiyyə gələrsə, əvəzində hədiyyə verin. Verməyə bir șeyiniz olmasa, səna (dua) edin. Kim səna edərsə, təșəkkür etmiș olar. Kim səna etməzsə, nankorluq etmiș olar”.[5]

Peyğəmbərimiz, xüsusən, yanına gələn heyətlərə hədiyyə verməyi ehmal etməzdi. Bunu o qədər əhəmiyyətli hesab edirdi ki, vəfatı ərəfəsində belə: “Yanınıza gələn heyətlərə mənim kimi hə­diyyə verin,”[6] – tövsiyə buyurmuşdu. Çünki özü hədiyyələrlə bir çox insanın qəlbini fəth etmiș və hədiyyədən İslamın təbliği və sevdirilməsində mühüm bir vasitə kimi istifadə etmișdi.[7]

Rəsulullah (s.ə.s.) Ona yaxın olmaq istəyən əshabında mal, mülk, pul, əsil-nəcabət kimi xüsusiyyətlər axtarmaz, daha çox təqvaya əhəmiyyət verərdi. Dürüst, etibarlı, ibadətə bağlı insanlara çox iltifat göstərərdi.

Bu mövzuya yekun olaraq bir “Şəmail tərcüməsi”ndən bir sitat vermək istəyirik:

“Övladları Həzrəti Əlidən (r.a.) rəvayət edirlər: “…Peyğəmbərimiz (s.ə.s.) gününü üç qismə bölürdü. Bir qismini namaz qılmaq və Quran oxumaq kimi ibadətlərə ayırırdı. İkinci qismini ailə üzvlərinə həsr edirdi; gündəlik ev ișlərini görür, ev ișlərindən Ona düşənləri yerinə yetirirdi. Üçüncü qisimdə isə istirahət edirdi. Ancaq istirahət vaxtını da ikiyə bölürdü: bir qismində öncül səhabələrini qəbul edərək onlara lazımi məsələləri öyrədir, onlar da hüzurdan çıxıb bunları bütün səhabələrə öyrədirdilər.

Ehtiyacı olanlar ehtiyaclarını bir-bir sadalayar, Peyğəmbərimiz (s.ə.s.) də axıra qədər usanmadan onlara qulaq asar və ehtiyacları aradan qaldırmaqla məșğul olardı. Dünya və ya axirətlə əlaqədar bir sual veriləndə  sual verənin səviyyəsinə uyğun davranar, ona faydalı cavablar verərdi. Allah Rəsulu cavabı ilə sual verəni xeyirli əməllərə yönəldərdi. Rəsulullah  hüzurunda İslamı öyrənənlərə: “Məndən öyrəndiklərinizi burada olmayanlara öyrədin. Kiși, qadın, kölə, cariyə – kim olursa olsun, müxtəlif səbəblərdən mənə gəlib ehtiyaclarını ərz edə bilməyənlərin də ehtiyaclarını, istəklərini mənə çatdırın. Şübhəsiz ki, Allah-Təala ehtiyacını dövlət bașçısına ərz etməyə imkanı olmayanlara kömək edənlərin ayaqlarını qiyamət günü sirat üstündən keçərkən sürüșdürməz,” – deyə buyurmuşdu.

Hüzurunda boș, yəni faydasız söz danıșılmasına imkan verməzdi. Allah Rəsulu (s.ə.s.) olduqca təvazökar idi. Bazarda, küçədə – harada olur-olsun, hər kəslə gülər üzlə davranar, hal-əhval tutar, șirin dillə xitab edərək insanların könlünü alardı… Məclisində, məsciddə, cümə namazında, camaatın arasında hansı səhabəsini görməsə, dərhal onu soruşar, bașına bir șey gəlib-gəlmədiyini öyrənməyə çalıșardı. Görüșə bildiyi səhabələrini isə dəyərli məsləhətləri ilə daim yaxşı və gözəl əməllərə yönəldər, çirkin șeylərdən uzaqlașdırardı.

Peyğəmbərimiz (s.ə.s.) camaatın yanına gələrkən əgər insanlar oturmuşsa, baș tərəfə keçmək üçün heç kimi narahat  etməz, dərhal ən axırıncı və boș yerdə oturardı. Eyni zamanda bu cür davranmağı da tövsiyə edərdi. Məşvərətdə iştirak edənlərlə gözəl rəftar edər, iltifat göstərərdi; hər kəs elə sanardı ki, Rəsulullah ən çox onu sevir.  Hüzurunda kimsə söz və ya davranışında həddini aşardısa, səbir və təmkinlə onun dərdinə əlac tapmağa çalıșardı. Bir șey istəsələr, əgər varıdısa, verər, yoxudusa, șirin sözlərlə istəyənin könlünü alaraq vəd edərdi. Rəsulullahın (s.ə.s.) șəfqəti, mərhəməti, comərdliyi, təvazökarlığı hər kəsə məlum idi. Hər bir fərd Rəsulullahın (s.ə.s.) onunla maraqlanacağına əmin idi. Bir şey paylayanda heç kəsə fərq qoymaz, hamıya eyni gözlə baxardı.

Allah Rəsulunun (s.ə.s.) məclisi elm, həya, səbir və əmanət məclisi idi. Orada ədəblə oturardılar. Hər kəs bir-birinə hörmət bəsləyərdi. Ucadan danıșılmaz, ədəbə zidd sözlər söylənməzdi. Məclisdə qalmalı məsələlər kənara çıxmaz və haqqında dedi-qodu edilməzdi. Orada heç kimin əleyhinə danıșılmaz, heç kim ittiham edilməzdi. Hüzurunda – insanlıq halı – səhabələr bəzi qüsurlara yol versələr də,  o qüsurlar orada qalardı, yayılmazdı. Rəsulullah məclisinin “sakinləri” hər işdə, hər sözdə yekdil idilər. Yəni eyni qayə ətrafında birləșən, söz və əməli ilə bütövləșən və birliyin ahəngi ilə bütünləşən insanlar idi. Bu birlikdə təvazökarlıq hakim idi: yașlılara ehtiram, kiçiklərə șəfqət göstərərdilər. Hamı birlikdə dara düşənlərin, bir ehtiyacı olanların çətinliyini aradan qaldırmağa çalıșırdılar. Yəni ilk növbədə ehtiyacı olanlara kömək etməyə çalıșırdılar”.[8]



[1]. Münavi, Feyzül-kadir, 3/ 271.

[2]. Buxari, 2/913, ; Əbu Davud, 3/290; Tirmizi, 4/338.

[3]. Tirmizi, 4/441; Əhməd b. Hənbəl, 2/405.

 [4]. Əhməd b. Hənbəl, 1/404. Həmçinin bax.: Buxari, 2/908; 5/1985; Tirmizi, 4/441, 3/623.

 [5]. Əbu Davud, 4/255.

[6]. Buxari, 3/1111, 1155; Müslim, 3/1258; Əhməd b. Hənbəl, I, 222; IV, 371.

 [7]. Bax. Müslim, 4/1806. [Bu mövzuda ətraflı məlumat üçün bax.: Hüseyin Yusuf, Hz. Peygamber Modeli, Rehber yayınları, İzmir, 2006]

 [8]. Hâce Mehmed Raif Efendi, Muhtasar Şemâil-i Şerif Tercemesi, s. 230-234

 




Şərh yaz