1. 477 dəfə oxunub ,   0 şərh   Çap et

Zaman gülüstanında ruhlara sığal çəkən, cana can verən neçə-neçə baharlar gəlmiş, insanı möhtəşəmliyi ilə heyrətə salan­ sonsuz fəza zümrüd parçasını andıran yer üzünü gözoxşayan gözəlliklərlə süsləmişdir. Fəqət bu, elə bir gündür ki, zaman ona qovuşmaq üçün saysız-hesabsız illəri geridə qoyub gələcəyə tələsmişdir.
Səmanın dərinliklərində göz qırpan səyyarələr bu günün həsrəti ilə gözlərini yer üzünə dikmişdi min illərlə. Qoca dünya və ixtiyar fələk uzun, çox uzun zamandan bəri bu cana can qatan, ruhlara dirilik suyu verən bu qutlu doğuşun sabahını gecə-gündüz, səhərin açılıb günəşin doğmasını səbirsizliklə gözləyənlər kimi gözləyirdi. İlahi fərmanın, qəza və qədərin davam edən təcəlliləri, kainatdakı zərrələrin hər gün yenilənməsi, ay və günəş işığının hər tərəfi aydınlığa qərq etməsi, rüzgar və buludların abi-həyat dolu yağışlar gətirməsi, mübarək insanların məkanı olan Cənnətin pak nəfəsi, İbrahimin tövhid hayqırtıları, Yusifin gözəlliyi, Musanın əzəməti, İsa Məsihin ruhu oxşayan həlimliyi – hamısı bu İki Cahan Sultanının xidmətində durmaq üçündü.

O gözəllər gözəli sabah, o sevinc və xoşbəxtlik gətirən saat, o səadət anı qutlu doğuşun sabahı.

Abdullah və Əminənin ciyərparəsi, Kəbənin sultanı, aləmin mənəvi sərvəri, yer üzünün rəhbəri, iki cahanın sultanı fani dünyanı şərəfləndirərək müqəddəs aləmdən əzəmət və ehtişamla gəldi.

Hz. Məhəmməd Mustafanın (sallallahu əleyhi və səlləm) peyğəmbərliyi kainat miqyaslı bir icraat olduğuna görə dünyaya gəlişi ərəfəsində bir sıra xariqüladə hadisələr cərəyan etmişdir. Hər bir peyğəmbər ondan xəbər vermiş, Hz. Musa və Hz İsa (əleyhissalam) kitablarında Onun bir sıra nişanələrindən bəhs etmişdi. İnsanlar, peyğəmbərlər, mələklər, yer üzü və kainat Onu gözləyirdi. Belə bir hadisəyə görə təbiətdə əhəmiyyətli dəyişiklik və hadisələrin baş verməsi normal qarşılanmalıdır. Siyər və tarix kitablarında Onun təşrifi ərəfəsində gerçəkləşən hadisələr haqda bir sıra rəvayətlər var:

Rəsulullah dünyaya təşrif buyurduğu zaman Kəbədə olan bütlər yerə düşmüşdü. Belə keçdikcə, zaman keçdikcə cahilləşən insanlar Tövhidin mənbəyi Kəbəni bütxanaya çevirmişdilər. Rəsulullahın (sallallahu əleyhi və səlləm) doğulduğu gecə bütlərin yerindən oynayıb aşması yaxın gələcəkdə Beytullahın təmizlənəcəyinə bir işarə idi.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) dünyaya təşrif buyuran­da­ səmada bir nur zühur etmiş, Şam (Dəməşq) saraylarını və ev­lərini işıqlandırmışdı. Məkkədə yaşayıb ticarətlə məşğul olan bir yəhudi var idi. Rəsulullahın dünyaya gəldiyi gecə bir Qüreyş məclisində belə demişdi: “Ey Qüreyş camaatı! Bu gecə sizin tərəflərdə bir uşaq doğuldumu?” Qüreyişlilər: “Vallah bilmirik”, – deyə cavab vermişdi. Yəhudi belə demişdi: “Allahu Əkbər. Söy­lədiklərimi yadınızda yaxşı-yaxşı saxlayın. Bu gecə bu üm­mətin son peyğəmbəri doğulmuşdur. Onun çiyinləri arasında bir işarə, işarənin üstündə də sıx tüklər var”.

Həsən ibn Sabit rəvayət edir: “Mən yeddi və ya səkkiz yaşlarında bir uşaq idim. Gördüklərim və eşitdiklərim yadımda qalırdı. Yəsribdə (Mədinədə) bir yəhudi Peyğəmbərimizin doğulduğu gecədən bir gün əvvəl səhər: “Ey yəhudi camaatı!..” – deyə çığırmağa başladı. Yəhudilər də onun ətrafına toplaşdılar. Söylədiklərini mən də eşitdim. Yəhudilər ona: “Yazıq! Durduğun yerdə sənə nə oldu?” – dedilər. O da belə cavab verdi: “Bu gecə dünyaya gələcək Əhmədin ulduzu doğdu!”

Peyğəmbərimizin doğulduğu gecə Kisranın (sasani hökmdarının) sarayı silkələnmiş və sarayın on dörd otağı uçub dağılmışdı. Atəşpərəstlərin sitayiş etdiyi od sönmüşdü. Halbuki o od Allah Rəsulunun dünyaya gəlişinə  qədər min il dayanmadan yanmışdı.

Bəzi siyər tədqiqatçıları bu hadisələri belə izah etmişlər:

Dağılan Kisranın sarayı deyil, İranın səltənəti və ehtişamı, Bizansın ehtişamı, Çinin göylərə yüksələn saray qüllələri idi. Sönən od atəşpərəstlərin məbədlərində yanan alovlar deyil, bütün dünyanı qovuran küfr və dinsizlik atəşi idi. Quruyan Sava gölü deyil, bütpərəstliyin zülmü, Zərdüştlüyün güc və qüvvəsi, Xristianlığın ədalətsiz və zorakı hökmranlığı idi.

Abdullah və Əminənin ciyərparəsi, Kəbənin sultanı, aləmin mənəvi sərvəri, yer üzünün rəhbəri, iki cahanın sultanı fani dünyanı şərəfləndirərək müqəddəs aləmdən əzəmət və ehtişamla gəldi.




Şərh yaz