2. 886 dəfə oxunub ,   0 şərh   Çap et

Bütün peyğəmbərlərin bəzi ortaq xüsusiyyətləri vardır. Onları sadalayaq:

1. Doğruluq

Peyğəmbərlər istər dünyəvi, istərsə də üxrəvi − bütün işlərində dürüst və etibarlı insanlardır. Başqa sözlə, yalana heç bir halda tənəzzül etməyən, insanlara daima etibar təlqin edən kəslərdir. Onların bu fəzilətinə həm Allah, həm də tarix şahiddir.

Doğruluq peyğəmbərliyin ən mühüm əsasıdır. Peyğəmbərlik doğruluq mehvəri ilə hərəkət edir. Peyğəmbərlərin ağzından çıxan hər kəlmə, hər hərf haqdır, həqiqətdir. Çünki onlar heç bir yanlış söz danışmazlar. Yalan onların həndəvərinə də yaxın düşməz.

2. Etibarlılıq

Peyğəmbərlərin ikinci mühüm vəsfi etibarlılıqdır. Əksər dini ədəbiyyatda etibarlılıq və əmanətə riayət anlayışı “əmanət” məfhumu ilə ifadə olunur ki, bu kəlmə də “iman” sözü ilə eyni kökdəndir. Mömin inanan, digər kəslərə inam, güvənc və etibar təlqin edən insan deməkdir. Peyğəmbərlər bir mömin kimi ən üstün insan olmaqla yanaşı, etibarlı olmaqda və etibar təlqin etməkdə də zirvədə dayanır.

Peyğəmbərlərin hamısı etibarlı insanlardır. Əmanətə əsla xəyanət etməzlər. “Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz”[1] ayəsi də bu həqiqəti bəyan edir.

3. İsmət (Məsumluq)

İsmət “günah etməmək, günahlardan qorunmuş” deməkdir. Allah-Təala insanlara yol göstərməklə məsul olan peyğəmbərləri onların etibarına xələl gətirəcək günah və xətalardan xali etmişdir. Allahın hifzi, himayəsi altında yaşayan bu müstəsna insanlar – peyğəmbərlər ömrün heç bir çağında günah işləməmişlər.

Bütün peyğəmbərlər günahsızdır. Həyatları boyunca bilərəkdən hər hansı mənfi hərəkətə yol verməmişlər. Onlar seçilmiş və müqəddəs yaradılmış müstəsna insanlardır və ömür boyunca Allahın etimadına və qüdsiliklərinə zərrə qədər xələl gətirməmişlər.

4. Fətanət [2]

Fətanət, başqa sözlə, peyğəmbər məntiqi hər bir peyğəmbərin ayrılmaz vəsfidir. Peyğəmbərlərin bu vəsfini dahiliklə, düha ilə müqayisə etmək doğru olmazdı. Çünki peyğəmbərlərin zəka və məntiqi bəşəri hüdudların fövqündə dayanır. Ən müşkül problemləri bir su içimində həll edirlər.

Əgər peyğəmbərlər fətanətə malik olmasa idilər, düşmənlərin etirazları, dostların sualları qarşısında çıxılmaz vəziyyətə düşər, bu qədər məsələlərə aydınlıq gətirə, izah verə bilməzdilər. Bu hal isə, əminliklə deyə bilərik ki, dinin düzgün dərk olunmamasına gətirib çıxaracaqdı. Bu zaman dini mükəlləfiyyətlərin də bir mənası qalmayacaqdı. Bu mükəlləfiyyətlər ortadan qalxdıqda isə insanın yaradılışı əbəs olacaqdı. Bütün bu mənfi halların meydana gəlməməsi peyğəmbərlərə qeyri-adi məntiqin – fətanətin verilməsi ilə əlaqədardır. Onlar fətanət sayəsində ən müşkül problemləri belə çox asanlıqla yoluna qoyurlar.

5. Təbliğ

Peyğəmbərlər Allahdan aldıqları əmr və qadağaları qövmlərinə (ümmətlərinə) qüsursuz çatdırmışlar. Bunun əksini güman etmək isə əbəsdir. Çünki buna nə onların Rəbbi, nə də təmiz fitrətləri imkan verərdi. Təbliğ hər bir peyğəmbərin varlığının qayəsidir. Təbliğ olmasa idi, peyğəmbər göndərilməsinin də bir mənası qalmazdı. Allah (cəllə cəlaluhu) insanlara olan lütf və kərəmini peyğəmbərlərlə ortaya qoymuş, onların həyatı ilə rəhmaniyyətini və rəhimiyyətini təcəlli etdirmişdir. Bu rəhmaniyyət və rəhimiyyətdən digər insanların da faydalanması ancaq təbliğlə mümkündü.


[1] “Ali-İmran” surəsi, 3/161.

[2] Yüksək zəka, iti anlama və dərk etmə qabiliyyəti



Açar sözləri

iman peyğəmbər

Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

İmanı pozan sözlər

Bəzən insan fərqində olmadan imanını zədələyəcək, Allahı ittiham edici sözlər söyləyir. Qəzəb anında bu sözlər söylənmişsə belə, qəzəbi soyuyunca insan tövbə etməli, peşman olduğunu etiraf etməlidir. Əks təqdirdə uçurumun kənarında dayandığını iş işdən keçəndən sonra anlayar, o zaman da gec olar.

Müsəlman olaraq ölə bilmək

Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq  üçün nə etmək lazımdır

Həzrət Hafsa

Allah Rəsulu (s.a.s.) həzrət Hafsa ilə Uhud döyüşündən əvvəl hicrətin üçüncü ilinin şaban ayında (625-ci ilin yanvarı) ailə qurmuşdur. Bu vaxt Rəsulullahın 56 yaşı vardı.


Şərh yaz