8. 351 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Son illərdə kişi-qadın bərabərliyi haqqında çox şey deyilir. İslam aspektindən bu məsələ haqqında nə deyə bilərik?

Cavab: Kişi-qadın bərabərliyi mövzusuna keçməmişdən əvvəl “bərabər” və “bərabərlik” kəlmələrinin lüğəvi mənalarına baxaq.“Bərabər” – heç bir fərqi olmayan, təbiəti, xüsusiyyəti, qiyməti, ölçüləri eyni olan deməkdir. “Bərabərlik” isə insanlar arasında hüquqlar baxımından heç bir fərqin olmaması mənasındadır.

Bu “bərabər” və “bərabərlik” tərifləri çərçivəsində qadının kişinin yanındakı mövqeyi necədir?

a) Fitrətdəki Fərqlilik

  Allah (c.c.) Kainatda hər şeyi cüt yaratmışdır. Bu cütlərdən hər birinin o birisinə bütün cəhətləri ilə bərabər olduğunu iddia etmək qeyri-mümkündür. Çünki ayədə:“Hər şeydən cüt-cüt (kişi və qadın, biri-birinin əksi olmaqla) yaratdıq. Bəlkə bir düşünüb ibrət alasınız.” (Zəriyat, 51/49)-buyrulur. Zərrələrdən bitkilərə, bitkilərdən isə heyvanlar və insanlar arasındakı qadınlıq-kişiliyə qədər hər şey cütdür və biri-birinə möhtacdır. Müsbət mənfiyə, elektron protona, gecə gündüzə, yaz qışa, yer üzü göy üzünə, kişi qadına, qadın kişiyə möhtacdır. Bunlarla yanaşı, hal-hazırda bilmədiyimiz, ancaq elm və texnologiyanın inkişafı ilə öyrənə biləcəyimiz neçə-neçə cütlər vardır.

  Məhz Allah (c.c.) qadını yaradarkən, elektrona nisbətən protonu, müsbətə nisbətən mənfini, erkək toxuma nisbətən dişi toxumu yaratdığı kimi, kişini yaratmış və bu cütlərdən bir vəhdət meydana gətirmişdir. Ancaq elektron protona, müsbət mənfiyə bərabər olmadığı kimi, qadın da kişiyə bərabər ola bilməz. Bu, fitrətin dəyişməz qanunlarından biridir. Çünki tək olan Allahdan başqa hər şey yarımçıq, qüsurlu olduğu kimi, varlığını davam etdirə bilmək üçün də heç bir şey öz-özünə kifayət edə bilməz. Buna görə də yarımçıq olan kişi və qadın bir araya gələrək bir-birini tamamlayacaq və bir vəhdət təşkil edəcəkdir ki, bütünün əsl həqiqəti də bu vəhdətdədir.

   Yəni qadın və kişi bir-birinə bərabər deyil, əksinə bir-birinin tamamlayıcısıdır. Allah Rəsulu (s.ə.s.) bir hədisində bu həqiqəti ifadə etmişdir: “İnnəman-nisa şaqaiqur-rical – Qadınlar kişilərin yarısıdır.”

  Hədisdəki “şaqaiq” kəlməsi tən ortadan ikiyə bölünmüş bir bütünün hissəsi deməkdir. Yəni bir bütünü meydana gətirən iki hissədən hər biri digərinin “şaqaiqidir.” Buna görə insan olma yönü ilə qadın və kişi bərabər yarılardır (hissələrdir). Ancaq qətiyyən biri digərinin eyni deyildir. Yəni bunların fitrətləri, ruh və psixologiyaları tamamilə fərqlidir. Qadın fiziki və ruhi baxımdan kişiyə bərabər ola bilmədiyi kimi, kişi də ona bərabər ola bilməz. Nə kişi qadının bioloji cəhətdən daha inkişaf etmiş bir versiyası (şəkli), nə də qadın kişinin az inkişaf etmiş bir tipidir. Cinsiyyət fərqliliyinə bəşərin müdaxiləsi qeyri-mümkün olduğuna görə, inanan, yaxud inanmayan hər kəs bərabərlik xülyalarından əl çəkib kişini və qadını olduğu kimi qəbul etməlidir.

  O ki qaldı, təkcə fərqli cinslər arasında deyil, eyni cinslər arasında da tam bir bərabərliyin olduğunu söyləmək mümkün deyil. Belə bir xülyanın həqiqətə çevrilməsinə çalışmaq fitrət qanunlarını dəyişməyə çalışmaq deməkdir ki, bu cür səylər bütünlüklə bihudə və hədərdir. Yeri gəlmişkən bunu da qeyd etmək lazımdır ki, qadınlardakı bu yaradılış fərqliliyi onların xor və həqir görülməsi üçün səbəb deyildir. Əksinə Allah-Təala “…(hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən edən və (hamıya) yol göstərəndir” (Əla, 87/3). Qadını və kişini “Ən gözəl yaradılışla yaradan” və ona ucalmanın, yüksəlmənin yollarını öyrədəndir. Onları bir-birinin tamamlayıcısı, örtüsü, qoruyucusu edəndir.

b) Vəzifədə fərqlilik

  Yuxarıdakı izahlardan göründüyü kimi, fitrətən qadın kişi ilə eyni olmadığı kimi, vəzifədə də bərabər ola bilməz. Kişiyə aid vəzifələr qadından tələb olunarsa, ona zülm olar. Çünki qadının fiziologiya, biologiya və psixologiya etibarilə kişidən nə qədər fərqləndiyi açıq-aşkardır. Belə bir yaradılış fərqliliyindən doğan bəzi haqq (hüqüq) və vəzifə fərqləri də çox təbiidir. Məsələn, kişi qadına nisbətən daha güclü və daha qüvvətlidir. Qadının bu baxımdan kişinin etdiyi işi, yaxud vəzifəni icra etməsi çox çətindir. Bu hal qadın üçün qətiyyən nöqsan deyildir. Bunun əvəzində isə qadın kişidən daha şəfqətli, daha mərhəmətli, daha zərif və daha həssasdır. Bu xüsuslarda kişi qadınla yarışa bilməz. Hər iki cins, vəzifələrinə uyğun qabiliyyətdə yaradılmışdır ki, həqiqi haqq və ədalət də məhz budur. Yəni kişi-qadın bərabərliyini qadın və kişiyə ayrı-ayrılıqda deyil, öz fitrəti çərçivəsində yanaşıb dəyərləndirmək ən məqsədəuyğun yoldur.

  Bəli, qadın yaradılışına və qabiliyyətlərinə görə müəyyən vəzifə və hüquqlara malikdir ki, o bu çərçivədə istiqamətləndirilsə, daha yaxşı nəticələr əldə olunar.

  Nəsilləri məhz qadın dünyaya gətirir və tərbiyə edir. Bəşəriyyətə layiqli fərdlər onun feyzli və bərəkətli əli ilə bəxş edilir. Hələ nəslin yetişməsi xüsusunda qadının şəfqət kimi dəyərlə təchiz edilməsi ona Allahın xüsusi lütfüdür. Bu vəsfi ilə qadın ailə fərdləri arasında bir ehtiram abidəsidir. O, evin tərbiyəçisi, müəlliməsi, qəyyuməsi və səadət mənbəyidir. Kişi onunla həqiqi səadətə qovuşur. Uşaq onun şəfqətli qoynunda böyüyür, həssas, şəfqətli və sağlam düşüncəli yetişir. Əgər ana, iffətli yaşaya bilmişsə, onun sayəsində uşaq nə yolundan çıxar, nə də mənəviyyatsız yaşıdlarına qoşular.

 Allah-Təalanın qadına bəxş etdiyi lütflə müqayisədə bəzi insanların bərabərlik adı ilə ona verəcəyi hər şey çox sönük görünür. Bərabərlik iddiaları ilə ona veriləcək hüquqlar, ediləcək yaxşılıqlar qızıl medallarla təltif edilmiş bir insanın yaxasına mis medal taxmaq kimi gülünc və bəsitdir. Allah (c.c.) qadını elə bəzəkli, al-əlvan bir paltarla süsləyib ki, artıq bundan sonra ona geydirilən hər şey onun dəyərini azaltmağa, ondan istifadəyə hesablanmışdır.

 Allah Təala adili-mütləqdir. Allah (c.c.) hər haqq sahibinə haqqını vermişdir. Verəndə də nə onu kobudlaşdırmış, nə də gülünc vəziyyətə salmışdır. Bundan sonra ona verilən hər “haqq” (hüquq) bir haqsızlıq və zülmdür.

  Qadının görəcəyi iş onun fiziologiya, psixologiya və ruhuna mütləq uyğun olmalıdır. Onun çiyinlərinə ağır işlər yükləmək və onun fitrətinə yad işlər gördürmək nə bərabərliyə, nə də insani münasibətlərə sığar. Əksinə, belə bir davranış qadının bəzi hüquqlarından məhrum edilməsi deməkdir. Allah Rəsulundan (s.ə.s.) gələn bu hədis yuxarıdakı məsələni çox gözəl şəkildə ifadə edir: “Bir inəyi boyunduruğa qoşdular. Dönüb sahibinə belə dedi: Mən bu iş üçün yaradılmamışam.” Yəni bu iş üçün öküzlər yaradılıb.

  Xülasə, hər şeyin bir yaradılış qayəsi var. Hər varlıq yaradılış məqsədinə və qabiliyyətinə görə istiqamətləndirilməlidir ki, həqiqi ədalət təsis olunsun.

***




Şərh yaz