1. 632 dəfə oxunub ,   0 şərh   Çap et

Tövhid əqidəsi hansı dövrdə sarsılmışsa, o dövr qaranlığa qərq olmuş sayılır. Çünki göylərin və yerin nuru olan Allah inancının bütün qəlblərdə hakim olmaması ruh və vicdanları qapqara hala gətirir. Belə bir qəlb və vicdan əşya və hadisələri miyop[1] və bulanıq gördüyü üçün qapqaranlıq bir dünyada həmişə yarasa kimi yaşayır.

Onun gəlişi ərəfəsində dinin və bütün dini əsasların kökündən sarsıldığı, ilahi dinlərin də birbaşa mənsublarının əli ilə təhrif edildiyi bir dövrdə, bəlkə də, bir neçə müvahhid[2] bir ad verə bilməsələr də, yolunda qulluq edə bilməsələr də, bir Allaha (c.c.) inanırdılar, amma səsləri o qədər zəif çıxırdı ki, heç kimin diqqətini çəkmirdi.[3]

1. Cahiliyyə dövründə bütpərəstlik

Bütün müşriklər Kəbəyə doldurduqları bütlərə ibadətlə öyünür və təsəlli tapır, məlumatı az olanlar isə bütləri yalnız Allaha (c.c.) yaxınlaşdıran vasitə kimi qəbul etdiklərini söyləyirdilər: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik!”[4]

Beləcə insanın fitrətinə mühüm bir əmanət kimi təqdim edilmiş qulluq duyğusu sui-istifadə edilir, xəyanətə məruz qalırdı. Ağaca, daşa, torpağa, günəşə, aya, ulduza sitayiş edir, hətta halva və pendir kimi qidalardan öz əlləri ilə düzəltdikləri bütlərə bir müddət sitayiş edir, acanda da onları yeyirdilər. Bu köhnə düşüncə və anlayış haqda Qurani-Kərimdə buyurulur:

“Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” – deyirlər. De: “Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan hər şeydən uzaqdır və ucadır!”[5]

“Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsın deyə ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!”[6]

Üstəlik bu sapıq düşüncələrinə bəhanə də axtarırdılar. Ən böyük bəhanələri də ata-babalarının da belə etməsi idi:

“Onlara (müşriklərə): “Allahın göndərdiyinə (Qurana) tabe olun!” – deyildiyi zaman onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenə də mi onlara tabe olacaqlar?)…”[7]

2. Qız uşaqlarının faciəsi

Cahiliyyə dövrünə xas tükürpərdici bir adəti Qurani-Kərim belə nəql edir:

“Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin “xəcalətindən” tayfasından qaçıb gizlənər. (Allah bilir!) Görəsən, onu (o körpəni) zillətə qatlanıb yanında saxlayacaq, yoxsa torpağa göməcək? (Diri-diri basdıracaq?) Bir görün onlar necə pis hökm verirlər!”[8]

Bəli, Cahiliyyə dövründə “qızın oldu” muştuluğunu alan bir ata hirsindən udquna-udquna qalır, qapqara qaralır və bu acı müjdəyə görə camaat arasına çıxmaqdan da utanırdı. Bu, onun üçün o qədər acı xəbər idi ki, qeyb olmaq, bir dəliyə girib gizlənmək istəyir və ya iki şeydən birinə dözmək məcburiyyətində olduğuna inanır, tərəddüd keçirir və bir qərara gələ bilmirdi: ya cəmiyyətin həqarətli baxışlarına qatlanıb qızını saxlayacaq, ya da şərəfini “təmizləmək” üçün onu öldürəcəkdi.

Bəli, cahiliyyə dövründə qadına bu qədər xor baxırdılar və üstəlik bu xor baxma, alçaltma, rəzil görmə təkcə cahiliyyə ərəblərinə məxsus da deyildi. Roma və Sasani imperatorluğunda da vəziyyət bundan fərqlənmirdi. Demək ki, İslamın cahiliyyə ərəblərində qadınlıq dünyası ilə əlaqədar etdiyi təsbitlər və inqilab eyni zamanda bütün dünya qadınlığı tarixində bənzərsiz hadisədir.

Bəli, ilk dəfə Quran bu cür vəhşiliyin qarşısına çıxır və hansı səbəblə və nə şəkildə olursa-olsun uşaqların öldürülməsini qadağan edir:

“Kasıblıq üzündən uşaqlarınızı öldürməyin, sizin də, onların da ruzisini Biz veririk”.[9]

Sanki Allah onlara belə deyirdi: “Uşaqlarınızı nə üçün öldürürsünüz? Sizə də, onlara da Mən ruzi verirəm. Görmürsünüzmü, yer üzü minlərlə süfrə kimi hazırlanıb sizin əmrinizə təqdim edilir. Səma sizin imdadınıza yetişir. Buludları sizin üçün gətirib oradan yağış və qar yağdıran, sonra da yerin səthində milyonlarla növ bitkini bitirən Məndən başqa kim ola bilər? Bütün bunları görə-görə hansı vicdan, hansı insaf və hansı ağılla ruzi qorxusuna qapılır və uşaqlarınızı öldürürsünüz? Əsla unutmayın, bu işi görənlər heç vaxt Allaha (c.c.) müxatəblik şərəfinə nail ola bilməyəcəklər, amma bir gün o günahsızların fəryad dolu səsinə səs veriləcək, onlardan hansı günahlarına görə öldürüldükləri soruşulacaq və övladlarını öldürən o zalımlar da əməllərinin cəzasını mütləq görəcəklər”.

Qurani-Kərim “Diri-diri torpağa gömülən körpə qızdan: “Axı  hansı günaha görə öldürüldün?” deyə soruşulacağı zaman.”[10] ayəsi ilə o dəhşətli dövrü bütün ürpərdiciliyi ilə gözlərimiz önünə sərir.

Bir gün bir səhabə Allah Rəsulunun hüzuruna gələrək cahiliyyəyə aid bu canavarlığı belə dilə gətirmişdi: “Ya Rəsulullah! Biz cahiliyyə dövründə qız uşaqlarımızı diri-diri basdırardıq. Mənim də bir qızım vardı. Anasına: “Bunu geyindir, dayısıgilə aparacağam”, – dedim. (Qadın bunun nə demək olduğunu bilirdi. Ciyərparəsi az sonra bir quyuya atılacaq və orada çırpına-çırpına can verəcəkdi. Amma bununla belə qadının belə bir canavarlığa etiraz etmək haqqı və səlahiyyəti yox idi. Əlindən bir şey gəlirdi, o da için-için ağlayıb gözyaşı tökməkdi.) Xanımım dediyimi etdi. Uşaq, həqiqətən, dayısının yanına gedəcəyini düşünür və sevinə-sevinə gəlirdi. Əlindən tutdum və əvvəlcədən qazdığım bir quyunun yanına gətirdim. Ona “quyuya bax” dedim. Quyuya baxanda kürəyinə bir təpik vurub quyuya atdım. Lakin necə oldusa, əli ilə quyunun ağzından yapışdı. Bir tərəfdən çırpınır, digər tərəfdən də: “Atacan, üstün toza batdı”, – deyib paltarımı təmizləməyə çalışırdı. Buna baxmayaraq, bir təpik də vurdum və onu diri-diri torpağa basdırdım. “Səhabə danışarkən Allah Rəsulu və yanındakılar hıçqıra-hıçqıra ağlayırdı. Orada oturanlardan biri: “Ay filankəs, Rəsulullahı kədərə qərq etdin”, – dedi. Ancaq Peyğəmbərimiz ona: “Bir də danış!” – dedi. O da hadisəni yenidən danışdı. İki Cahan Sərvərinin gözlərindən süzülən yaşlar mübarək saqqalından aşağı axırdı.[11]

Allah Rəsulu o söhbəti təkrar etdirməklə, sanki bunu demək istəyirdi: “Baxın, siz İslam dinini qəbul etməzdən əvvəl belə idiniz. Təkrar danışmasını istədim ki, İslamla ucaldığınız insanlığı yenidən anlamış olasınız”.

Bu ağrı-acılarla dolu, kədərli misalda görüldüyü kimi, o gün insanlıq dəhşətli böhran keçirirdi, hər gün səhranın qaranlıqlarında dərin çuxurlar qazılır və nə qədər günahsız uşaq onların içində can verirdi. Bəşər vəhşilikdə kaftarları belə çoxdan ötüb keçmişdi. Dişsizin yaşamağa haqqı yox idi və bir dişlinin iti dişləri arasında parçalanmağa məhkum idi. Cəmiyyət böhranlar içində boğulurdu. Bu böhranlara “Dayan!” deyəcək bir kimsə də yox idi.

Məhz bu günlərdə varlığın illeyi-qayəsi olan Həzrət Məhəmməd insanların arasından ayrılır, sonralar Nur dağı adlanan Hira mağarasına çəkilir və üfüqlərə baxa-baxa qurtuluş şəfəqləri gözləyirdi. Ehtimal ki, o əsnada başını səcdəyə qoyur, saatlarla yalvarır və Rəbbindən insanlıq üçün bir xilaskar istəyirdi. Buxari və Müslimdə bu hadisə nəql edilərkən فَيَتَحَنَّثُ فِيهِ kəlməsi işlənir. Bu kəlmə özünü ibadətə vermək, inzivaya çəkilmək mənalarına gəlir. Bəli, Allah Rəsulu bəzən günlərlə Məkkəyə qayıtmır və orada qalırdı. Ancaq azuqəsi qurtaranda gəlir və lazımi qədər azuqə götürüb təkrar Nur dağının yolunu tuturdu.[12]

O, hər halda, bir tərəfdən varlığı, varlığın mahiyyətini, xilqəti və xilqətin məqsədini, digər tərəfdən də yolundan çıxmış insanlığı, onun tükürpərdici halını və ürək dağlayan faciəsini düşünürdü…

3. Dəyişən dəyərlər

Bəli, cəmiyyətdə bütün insani dəyərlər alt-üst olmuş, tərsinə çevrilmiş, fəzilətlər qüsur, qüsurlar da fəzilət kimi qəbul edilməyə başlamışdı. Vəhşilik alqışlanır, insanlıq alçaldılırdı. Qurdlar çoban olub meydan oxuyur, quzular da bu rəhmsiz çobanların əlində inim-inim inləyirdi. Zina, əxlaqsızlıq elə yayılmışdı ki, çox adamın atasından xəbəri yox idi. Şəcərə, nəsil bir-birinə qarışmışdı. İçki və qumar heç də ayıb sayılmırdı. Möhtəkirliyə normal hadisə kimi baxır, hiylə, kələk və yalanlarla insanlığın qanını sovurmağı mərifət və bacarıq sayırdılar.

Bütün bunlara “Dayan!” deyəcək “İksir sözlü” bir insana ehtiyac vardı. Bu ehtiyac İlahi Rəhməti ehtizaza gətirdi və nəhayət, Rəsulullahın risalət vəzifəsi ilə göndərilməsinə səbəb oldu: Onun gəlişi ilə də hər şey kökündən dəyişdi. Bəli, nəhəng şair Əhməd Şövqünün də dediyi kimi:

Hidayət doğuldu, bütün kainat işığa qərq oldu,

Artıq zamanın dodaqlarında şirin bir təbəssüm və səna var.

Qaranlıqdan görünməz olan zaman və məkan Hz.Məhəmmədin gətirdiyi işıqla təbəssümlü gül dəstəsinə çevrildi. Təsadüfi deyil ki, illər sonra hicrət edən Rəsulullahı Mədinə əhalisi:

       “Vəda təpəsindən bir Ay doğdu. Nə qədər ki, biz dua edirik, hər duada buna, şükür borcumuzdur”[13] nəğmələri ilə qarşılayacaqdı. Bəli, nurlu və təmiz alınlı insanlar pak ağızları ilə bu gözəl nəğmələri söyləyirdilər


[1]Uzağı zəif görmə xəstəliyi

[2]Allahın bir olduğuna inanan

[3]Baxın.: İbn Kəsir, əl-Bidayə vən-nihayə, 2/238.

[4]Zumər surəsi, 39/3. Yunus surəsi, 10/18.

[5]Yunus surəsi, 10/18.

[6]Zumər surəsi, 39/3.

[7]Bəqərə surəsi, 2/170.

[8]Nəhl surəsi, 16/58-59.

[9]Ənam surəsi, 6/151.

[10]Təkvir surəsi, 81/8-9. Darimi, Müqəddimə 1.

[11]Darimi, Müqəddimə 1.

[12]Buxari, bədül-vəhy 3; Müslim, İman  252.

[13]İbn Kəsir, əl-Bidayə vən-nihayə, 3/197; 5/23; İbn Həcər, Fəthul-Bari, 8/129.



Açar sözləri

cahiliyyə

Şərh yaz