Qeyrətullah nə deməkdir? Bəzi günahların qeyrətullaha toxunacağı bildirilir. Bunun mənası nədir?
“Ğayrət” sözü ərəbcə qısqanmaq, “ğayur” isə qısqanc deməkdir. Ərəbcə “ğayrət” yazılan bu söz dilimizdə qeyrət kimi yazılır. İzahlı lüğətdə qeyrət “ən əziz və müqəddəs sayılan bir şeyin təəssübünü çəkmək, şərəfini, heysiyyətini qorumaq” deməkdir.
İnsan sevdiyi və dəyər verdiyi birini başqalarından qısqanar və onun uzaqlaşmağına razı olmaz. Uca Allah da bəndələrinin günah işləməsinə qarşıdır və onların Özündən uzaqlaşmasına razı deyil.
Quran və hədislərdə bildirilən Uca Allahın Əsmaül-hüsnası arasında Ğayur isminə rast gəlmirik. Ancaq bu o demək deyil ki, həmin isim həqiqətdə də yoxdur. Çünki Uca Allah bəzi adlarını Quranda, bəzilərini Rəsulullah (s.a.s.) vasitəsilə bizə bildirmişdir. Bununla yanaşı Allahın insanlara bildirmədiyi, sadəcə özünün bildiyi isimləri də var. Allahın yaratdığı aləmlər bizim bildiklərimizdən fərqlidir. Rəbbimizin bizim bilmədiyimiz aləmlərdə təcəlli edən adları da var. Ola bilər ki, onları bilmək bizim üçün o qədər də əhəmiyyətli olmayıb.
Qeyrətullaha toxunan əməllər
Hədislərdə Allahın qeyrətindən bəhs olunur. Əbu Hüreyrədən (r.a.) nəql olunan bir hədisdə Peyğəmbərimiz (s.a.s.) belə buyurur: إِنَّ اللهَ يَغَارُ وَإِنَّ الْمُؤْمِنَ يَغَارُ وَغَيْرَةُ اللهِ أَنْ يَأْتِيَ الْمُؤْمِنُ مَا حَرَّمَ عَلَيْهِ “Allah qeyrətini təcəlli etdirir. Mömin də ğayur davranır. Allahın qeyrəti qulun işləyəcəyi haramlara qarşıdır.”[1] Bu haqda başqa bir hədis belədir: مَا أَحَدٌ أَغْيَرُ مِنَ اللهِ وَمِنْ غَيْرَتِه حَرَّمَ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ “Allahdan başqa ğayur yoxdur. Çünki Allah gizli-açıq bütün pislikləri haram etmişdir.”[2]
Bir dəfə Sad ibn Übadənin ailə məhrəmliyini qorumaqla əlaqəli dediyi sözü eşidən Rəsulullah (s.a.s.) belə buyurmuşdur: أَتَعْجَبُونَ مِنْ غَيْرَةِ سَعْدٍ لَأَنَا أَغْيَرُ مِنْهُ وَاللَّهُ أَغْيَرُ مِنِّي“Sadın qeyrətinə heyrət edirsiz? Mən Saddan daha “ğayuram”, Allah da məndən.”[3]
Allah insanı ən gözəl şəkildə yaratmışdır. İnsanlara müəyyən qadağalar qoyaraq, günaha batmadan iffətli və təmiz yaşamağın yollarını göstərmişdir. Nadinc uşaqların paltarını kirlətməsi kimi bəzi insanlar da Allahın qoyduğu qadağalara əməl etməz və yaradılışdan gələn təmiz fitrətlərini günahlarla kirlədərlərsə, bu, Allahın qeyrətinə toxunar.
İnsanı yoxdan yaradan Allah ona həyat, ağıl, şüur vermiş, bununla yanaşı göndərdiyi elçilər və səmavi kitablar vasitəsilə hidayət yollarını göstərmişdir. Rəbbimiz həm qulluq vəzifəmizi yerinə yetirməyimiz, həm də Onunla münasibətimizin doğru olması üçün bizə lazım olan hər şeyi lütf etmişdir. Lütf edilən nemətlər və göstərilən doğru yol qarşısında insanın bəhanə gətirmək üçün heç bir səbəbi yoxdur. Buna rəğmən insanın haqq yoldan azaraq günah və pis əməllərə meyl etməsi və təmiz fitrətini kirlətməsi qeyrətullaha toxunar.
Günah işləyən insan təkcə Allahın yaratdığı təmiz fitrəti kirlətməklə qalmır, həm də Allaha qarşı gəlmiş sayılır. Çünki Allahın qoyduğu qadağaların və sərhədlərin pozulması Ona üsyan etmək, qarşı gəlməkdir. Yuxarıdakı hədislərdə də Rəsulullah (s.a.s.) Allahın özünə qarşı gələnlərə “ğayur” davranacağını bildirmişdir.
Qeyrətullaha toxunan ən böyük əməl Allaha şirk qoşmaq və Onu inkar etməkdir. Allahı inkar edən səhifə-səhifə, sətir-sətir, kəlmə-kəlmə Allahın varlığı və birliyinə dəlil olan kainatdakı bütün yaradılış dəlillərini görməzdən gəlmiş sayılır. Yaradan gözəl sənət əsərləri vasitəsilə Özünü tanıtmışdır. Bunları görməmək, üstəlik, inkar etmək çox böyük cinayətdir. Təbii ki, bu cinayətin qeyrətullaha toxunmaması mümkün deyil.
Qeyrətullahı bir mənada namusuna, malına, ölkəsinə və canına təcavüz edilən insanların mübarizəsinə və ya dövlətin qanunları pozanlara qarşı tətbiq etidiyi cəzalara bənzətmək olar. İnsanın xarakterində adıçəkilən dəyərləri qorumaq meyli (qeyrət) var. Heç kim gözünün önündə namusunun çeynənməyinə razı olmaz. Eynilə Uca Allah da qoyduğu sərhədlərin aşılmasına, qaydaların çeynənməsinə razı deyil. Ola bilər ki, Allah möhlət vermiş olsun. Ancaq Özünə qarşı edilən bu ədəbsizliyi gec-tez cəzalandırar.
Allahın möhlət verməsi
Uca Allah bəndələrinin xəta və günahlarını dərhal cəzalandırmır. Onlara ağıllarını başlarına yığana və etdiklərini səhvləri anlayana qədər möhlət verir. Həzrət Əbu Bəkr Allahın fasiq, facir və zalimlərə verdiyi möhləti görüncə مَا اَحْلَمَكَ يَا رَبَّنَا “Ey Rəbbimiz, nə qədər həlimsən!” demişdi.
Əgər insanın işlədiyi günahların cəzası başqalarının hakimliyinə qalsaydı, bəlkə də indiyə qədər dünyada heç kim qalmazdı. Ancaq Allah ilahi ədalətə uyğun olaraq bəndələrini cəzalandırmağa tələsmir. Bu həqiqət bir ayədə belə bildirilmişdir: وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِظُلْمِهِمْ مَا تَرَكَ عَلَيْهَا مِنْ دَابَّةٍ وَلَكِنْ يُؤَخِّرُهُمْ إِلَى أَجَلٍ مُسَمًّى فَإِذَا جَاءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً وَلَا يَسْتَقْدِمُونَ
“Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər.”[4]
Bəli, Allahın rəhməti qəzəbini keçmişdir. Buna görə də O, insanları cəzalandırmağa tələsmir. Günah və zülm bataqlığına batmış bir insan da Allahın özünü cəzalandırmadığını düşünərək azğınlaşmamalı əksinə verilən möhlətdən qurtuluşu üçün istifadə etməlidir. Çünki Allah möhlət versə də əsla görməzlikdən gəlməz. Ayədə zərrə qədər yaxşılıq və ya pislik edənin mütləq bunun əvəzini görəcəyini bildirmişdir.[5]
Unutmaq olmaz ki, üsyan dəryasına yelkən açan insana verilən möhlət onun üçün bir imtahandır. Əgər həmin insan bir müsibətə düçar olmadığını və bunun belə davam edəcəyini düşünərək yanlış yoldan dönməz qəflətə davam edərsə, imtahandan kəsilər. Ağlını başına yığaraq səhvlərindən üz döndərər və nəticə çıxararsa, imtahandan keçər. Uca Allahın günahkar bəndələrini dərhal cəzalandırmamağının hikmətlərindən biri də budur.
Əks təqdirdə Allah həddini bilməyənlərə hədlərini bildirər. Bir gün onların işlədikləri günah və zülmlər qeyrətullaha toxunar və məhz onda Allah üsyan edənləri və zalimləri cəzalandırar. Rəsulullah (s.a.s.) bir hədisində belə buyurmuşdur: إِنَّ اللَّهَ لَيُمْلِي لِلظَّالِمِ حَتَّى إِذَا أَخَذَهُ لَمْ يُفْلِتْهُ “Allah zalimə (zülmündən əl çəksin deyə) imkan, fürsət və möhlət verər. Ancaq bir dəfə tutdumu canını alar.”[6] Ardınca bu ayəni oxumuşdur: وَكَذَلِكَ أَخْذُ رَبِّكَ إِذَا أَخَذَ القُرَى وَهِيَ ظَالِمَةٌ إِنَّ أَخْذَهُ أَلِيمٌ شَدِيدٌ “Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şiddətlidir!”[7]
Sünnətullaha sayğı
Günahları dərhal cəzalandırmayıb möhlət vermək sünnətullah yəni Allahın bir qanunudur. Allah qurduğu sistemdə müəyyən şeylərə müəyyən vaxta qədər icazə vermişdir. Ola bilər ki, insanlar həmişə məsələnin mahiyyətini anlamasınlar. Bu nöqteyi-nəzərdən “məntiqimizə” uyğun gəlməyən müəyyən məsələlərə etiraz və ya şikayət etməkdən çəkinməliyik. Bəzi günahkar və zalimlərin əməlləlrinin niyə qeyrətullahın toxunmaması bizə təəccüblü gələ bilər. Bu vəziyyətlərdə “Hər işdə bir hikmət var. Allah əbəs iş görməz” deməli və səbir etməliyik. Yəni başımıza gələn hər hadisəni səbir və şükürlə qarşılamalı, əsla Allaha qarşı sayğıda xətaya yol verməməli və Onun etdiklərini sorğulamamalıyıq.
İnsan müəyyən yerlərdə həyəcanlı olmalı, bəzi yerlərdə isə səbirli və təmkinli davranmalıdır. Dinin əmr və qadağalarına əməl etmək, Allahın rizasını qazanmaq, dini təbliğ etmək kimi məsələlərdə şövq və həyəcanın olması çox təbiidir və bu olmalıdır. Çünki həqiqi müsəlmanlığı anlamaq, yaşamaq və yaşatmaq üçün görülən işlərdə səmimiyyət və daxili həyəcanın olması çox önəmlidir.
Digər tərəfdən mömin Uca Allahın tətbiqatı qarşısında təmkinli davranmalıdır. Buna görə inciyə və ya incidilə bilər. Allah onun istəklərinə zidd maneələr qarşısına çıxara bilər. İstənilən halda mömin xoşuna gəlməyən bu cür hadisələri səbir və təmkinlə qarşılamalı, bunların hikmətlərini düşünməlidir. Belə vəziyyətlərdə hislərlə yox, iradə ilə hərəkət etməkdə fayda var. Məsələni anlamaq üçün özünə bu sualları soruşa bilər:
Görəsən bu hadisələrin arxa planında nə hikmətlər var? Bu mənim üçün nə mənaya gəlir? Bu hansısa günahımın səbəbidirmi? Bu gühanlarım hansılardır? Uca Allah bununla mənə nəyi çatdırmaq istəyir? Mənə hansı xəbərdarlığı edir? Zahirən əleyhimdə görünən bu müsibətlə problemləri həll etmək qabiliyyətimi inkişaf etdirir?
Təmkinlə bu və bənzəri sualları cavablamaq və sonra lazım gələn nədirsə, onu etmək lazımdır. Mömin üçün yerində dəyərləndirilən həyəcan hər hansı məna kəsb edir. Bu cür həyəcan möminin Allaha daha da yaxınlaşmasına da səbəb olar. Yerində edilən tədbir, təmkin və səbir də mömini Allaha yaxınlaşdırar.
Bir alimin ifadəsi ilə desək,
مَنْ آمَنَ بِالْقَدَرِ اَمِنَ مِنَ الْكَدَرِ “Qədərə iman edən kədərdən əmin olar.” Yəni qədərə inanan mənəviyyatındakı bulanıqlıqlardan qurtular. Düşüncələrini pis fikirlərdən qoruyar. Beləcə qəlbi hüzurla dolar və rahatlıq tapar. Bəli, möminin zehnini və qəlbini təmiz tutmaq üçün etdiyi hər fəaliyyət əməl dəftərinə savab olaraq yazılacaqdır.
Səbir kasası
Bəli, Uca Allah günah və zülm bataqlığına düşmüş bəndələrinə ağıllarını başlarına yığmaq üçün möhlət verər. Buna davam etsələr onları cəzalandırar. Ancaq biz səbir kasasını nəyin daşıracağını, hansı günahın qeyrətullaha toxunacağını və zalimlərin nə vaxt cəzalandırılacağını əsla bilmərik.
Bununla əlaqəli belə bir hekayə var. Həccə gedən karvanın qabağını quldurlar kəsir. Karvandakıların bütün qiymətli mallarını götürürlər. Karvanda bir Allah dostu olur. Sən demə bu Allah dostu təkbaşına yola çıxıbmış və sarvan yazığı gələrək onu karvana götürübmüş. Allah dostunun siması quldurbaşına xoş gəlir və yaxınlaşaraq ondan soruşur: “Başqa kimdəsə nə isə qaldımı?” Allah dostu: “Sarvanın qiymətli bir ipək köynəyi qalıb.” – deyir. Quldurlar köynəyi götürürlər. Yaxşılıq edib karvanla apardığı adamın belə etməyi sarvanı çox narahat edir. Haqqında hüsnü-zənn elədiyi bu insana heç nə demir. Bir müddət sonra əsgərlər quldurları tutur və karvandakılara xəbər göndərirlər ki, gəlib əşyalarını götürsünlər. Sarvan Allah dostundan niyə köynəyinin yerini dediyini soruşur. O belə cavab verir: “Bu zalimlərin etdiklərinə baxdım. Qeyrətullaha toxunmasına dörd barmaq qalmışdı. Etdikləri zülm qeyrətullaha toxunsun deyə köynəyin yerini dedim.”
Bəli, hər şeyin qeyrətullaha toxunmaq dərəcəsi var.
Qeyrətullahın təcəllisi
Biz qeyrətimizə toxunan əməllərdən narahat olur və buna mane olmaq üçün əlimizdən gələni edirik. Uca Allah haqqında narahat olmaq və bənzəri ifadələr işlətmək olmaz. Lakin Quranda Uca Allahın qəzəblənməsindən bəhs olunur. Bunu doğru anlamaq lazımdır. Allahın qəzəblənməsini doğru başa düşməliyik. Necə ki, biz insanlar qanun pozanları, başqasının hüququna təcavüz edənləri ədalət vasitəsilə cəzalandırırıq. Allah da üsyan edənləri və zalimləri dünyada və ya axirətdə müxtəlif şəkillərdə cəzalandıracaq.
Yolundan azanlara və zəlalətdə olanlara bir müddət möhlət versə də, işlədikləri qeyrətullaha toxunanda onlar cəzalarını alacaqlar. Bu cəza bəla və müsibətlərə məruz qalmaq, imansız ölmək və s. şəkillərdə ola bilər.
Cəzanın həmişə bu dünyada veriləcəyini düşünmək doğru deyil. Xüsusilə küfrün cəzası çox ağır olduğu üçün axirətdə veriləcək.
Bir uşaq bulaq başından su götürərkən ora atını sulamaq üçün bir nəfər gəlir. Uşağın önünə keçərək atını sulamaq istəyir. Uşaq ondan gözləməyi xahiş edir. Həmin şəxs günahı olmadığı halda uşağa bir sillə vurur. Uşaq da ona heç bir cavab vermədən şeyxinin yanına gedir və başına gələni danışır. Şeyx ona belə deyir: “Həmin yerə qayıt və səni vuran şəxsə nə isə de. İlahi təqdirə qalarsa, cəzası ağır olar.” Uşaq qaçaraq bulaq başına gələndə görür ki, at necə təpik vurubsa, sahibi yerə sərilib.
Zalimin zülmünün qeyrətullaha toxunması üçün məzulun davranışları buna uyğun olmalıdır. Bəzən məzlumun davranışları və elədikləri zalimin zülmünü neytrallaşdırır. Yəni Allah zalim haqqında hökm vermədən məzlumun həqiqətən üzərinə düşəni edib-etmədiyinə baxar. Əgər məzlum Allaha yönəlməyibsə, müəyyən bəyənilməyən əməlləri varsa, Allah zalimin cəzasını gecikdirər. Bu nöqteyi-nəzərdən qeyrətullahın təcəlli etməsi üçün həm işlənən zülmlər müəyyən həddə çatmalı, həm də məzlumların davranış və mövqeləri doğru olmalıdır.
Xülasə, istənilən halda insan kənarda günahkar axtarmamalı, nəzərlərini özünə çevirməlidir. Unutmamalıyıq ki, Allah heç bir bəndəsinə zərrə qədər zülm etməz. Üstəlik heç kimin əməyini də hədər etməz. Ancaq biz bəzən fərqində olmadan çox kiçik şeylərlə özümüzü məhvə sürükləyirik. Günahkar və zalimlərə baxaraq Allahın onlara necə möhlət verdiyinə təəccüblənməməliyik. Əksinə əvvəlcə özümüzə nəzər salmalı və “görəsən hansı xətalarıma görə zalimə möhlət verilir” deməliyik. Bütün əməllərimiz doğru olsa belə “əgər mənim hər hansı səhvim ucbatından dinimə zərər gələcəksə, torpağın altı üstündən daha xeyirlidir” deyəcək ürəyə sahib olmalıyıq. Məsələyə belə baxsaq qədəri tənqid etməz, Uca Allahın zatına sayğısızlıq göstərməz və başqaları haqda sui-zənn etmərik.
Allah-Təala Meracda Rəsuluna (s.ə.s) bəzi günahlara Cəhənnəmdə verilən cəzaları göstərmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s) buyurur:
Bəzən bilərək, bəzən də bilməyərək qərəzin bizim gündəlik həyatımızda və qərarlarımızda fərqli təzahürlərini görə bilərik. Bu mənada İslamın gözəlliklərini insanlara çatdıran möminlər də qərəzi bilməli və qərəzdən qorunmaq üçün çalışmalıdırlar.
“Ey insanlar! Allaha tövbə edib, ondan əfv olunmağı diləyin. Çünki mən ona gündə yüz dəfə tövbə edirəm.” “Hər insan xəta işləyə bilər. Ancaq xəta işləyənlərin ən xeyirlisi, xətalarına tövbə edənlərdir.”
Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.
Bu yazı Rəsulullahın insanlara nə isə öyrədərkən istifadə etdiyi metodlardan təmkinli davranmaq haqqındadır.