5. 573 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Qiyamətin  mərhələləri  hansılardır?

Qiyamət – yer də daxil olmaqla kainat sisteminin dəyişikliyə məruz qalıb, insanların yenidən dirildiləcəyi hadisənin adıdır. Bütün səmavi dinlər qiyaməti qəbul edirlər. Hətta Hinduizm, Buddizm kimi əxlaqi sistemlər belə qiyamətin olacağına inanırlar.

 Qiyamətin meydana gəlməsi iki mərhələdən keçəcək. Bu mərhələlər haqqında Qurani-Kərimdə belə anladılır: “Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə istədiklərindən başqa, dərhal hamı öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!”[1] Bu, İsrafilin (ə.s) (dörd böyük mələkdən biridir) sura birinci üfürməsidir. Bundan sonra olacaq hadisələr Quranda belə bəyan edilir: “Göy parçalanacağı zaman; Ulduzlar dağılıb səpələnəcəyi zaman; Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman; Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman…”[2] Meydana gələcək başqa hadisələr də bu şəkildə xəbər verilir: “O gün göy göyərmiş mis kimi olacaq; Dağlar da didilmiş (rəngbərəng) yun kimi olacaqdır”.[3] “Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir! O  gün əmzikli qadın əmizdirdiyi uşağını unudar, hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!”[4]  Quran qiyaməti anlatmağa davam edir: “Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar. Göz (heyrətdən) bərələcəyi, Ay tutulacağı, Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer, ancaq Rəbbinin hüzurudur! O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir!”[5] Bu hadisələr surun ilk üfürülməsi ilə baş verəcək. Peyğəmbərimiz buyurur: “Qiyaməti ancaq pis insanlar və kafirlər görəcək”.[6]

Qiyamətin ilk mərhələsindən sonra İsrafil (ə.s.) sura ikinci dəfə üfürəcək və insanlar yenidən dirildiləcək. Quran yenidən dirilişi bildirdikdən sonra ilk dəfə insanların çağırılmasından bəhs edir: “Bir gün (qiyamət günü) bütün insanları öz imamları (ardınca getdikləri rəhbərləri, yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar (şad olarlar). Onlara tük (xurma çəyirdəyinin yarığındakı tel) qədər haqsızlıq edilməz”.[7] İnsanlar o gün bambaşqa halda olacaqlar: “Onlar (o gün) gözlərini zəlilanə aşağı dikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar. Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: “Bu, nə çətin bir gündür!” – deyəcəklər”.[8]  “O gün insan qaçacaq öz qardaşından; anasından, atasından; zövcəsindən və oğullarından! O gün hər kəsin dərdi başından aşacaq! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır). O gün bir çox üzlər güləcək, sevinəcəkdir. O gün bir çox üzlər isə toz-torpaq olacaq, onları zülmət bürüyəcək. Onlar (pis əməllərə uyan) kafirlər, haqdan azanlardır!”[9]

Bu mərhələlər arasında keçən vaxt haqqında dəqiq məlumat yoxdur. Növbəti mərhələ dərhal başlayacaq, yoxsa mərhələlər arasında illər, əsrlər olacaq, bunu ancaq Allah bilir.

Surun ikinci dəfə üfürülməsi haqqında hədisi Həzrət Aişə anamız nəql edir: “Peyğəmbərimiz (s.a.s.):

− İnsanlar qiyamət günü (ilk yaradıldıqları kimi) yalın ayaq, çılpaq və sünnət edilməmiş dirildiləcək, – buyurdu.

Mən də:

− Ey Allahın Rəsulu, kişi-qadın bir yerdə? Axı bir-birinin ədəb yerinə baxarlar. Bu necə olacaq? – dedim.

Peyğəmbərimiz də:

− Ey Aişə, həşr çox çətindir. İnsanların bir-birinə baxmağa halı olmayacaq, – deyə buyurdu”.[10]

Ayə və hədislərdən aydın olduğu kimi, qiyamət bütün kainatda qopacaq. Təkcə bizim qalaktikamızda deyil, bütün kainatı əhatə edən hadisələr baş verəcək. Peyğəmbərimizə (s.ə.s.) qiyamətin nə zaman qopacağını soruşan səhabəyə verdiyi sual çox diqqət cəlb edicidir:

−Sən oraya nə hazırlamışsan?

Əslində bu kimi mövzularla məşğul olmaqdansa, qiyamət gününə və qiyamətdən sonrakı mərhələlərə hazırlaşmaq daha əhəmiyyətlidir. O dəhşətli hesab günündən üzüağ, alnıaçıq çıxmaq üçün!


[1] “Zumər” surəsi,  39/68

[2] “İnfitar” surəsi,  82/1-4

[3] “Məaric” surəsi, 70/8-9

[4] “Həcc” surəsi, 22/1-2

[5] “Qiyamə” surəsi, 75/6-13

[6] Müslim, “Səhih”, 131

[7] “İsra” surəsi, 17/71

[8] “Qəmər” surəsi, 54/7-8

[9] “Əbəsə” surəsi, 80/34-42

[10] Buxari, Riqaq, 45; Müslim, Kitabul-Cənnəh, 14



Açar sözləri

qiyamət

Bənzər məqalələr

Quran axirəti necə isbat edir?

Qiyamətin nə vaxtsa baş verəcəyinə heç kəs şübhə və tərəddüdlə baxmır. Hətta dəqiq elmlər və bu sahələrdə çalışan elm adamları da sözügedən mövzuda həmrəydir, ancaq onlar bu reallığı uzaq gələcəkdə gözləyirlər. Halbuki bu gün baş verən fövqəladə hadisələrin sayı-hesabı yoxdur və qiyamətin bunlardan hər hansı biri ilə qopması mümkündür.

Ərşin kölgəsində yeddi kimsə

Qiyamət günü yalnız Allahın kölgəsi (hifzi, himayəsi) olacaqdır. Və Allah o gün yeddi (kimsəni) kölgəsi altında hifz edəcək: (Birincisi) ədalətli imam (rəhbər, başçı), (ikincisi) ömrünü ibadət sevinci içində keçirən gənc, (üçüncüsü) məscidlərə dilbəstə (qəlbən bağlı) olan kimsə, (dördüncüsü) Allah üçün bir-birini sevib Allah üçün bir araya gələn və Allah üçün bir-birindən ayrılan iki insanın hər biri, (beşincisi) yüksək məqama və gözəlliyə malik bir qadın yaxınlıq istədiyi zaman (nəfsinə üsyan edib) “Mən Allahdan qorxuram” deyən adam, (altıncısı) sol tərəfindəki adama sağ tərəfindəki adamın hiss etməyəcəyi şəkildə gizli sədəqə verən, (yeddincisi) tək-tənha olduğu zaman Allahı xatırlayıb gözləri yaşla dolan”


Şərh yaz