9. 596 dəfə oxunub ,   0 şərh   Çap et

Quran kainat kitabının tərcümanıdır. Allahın həm kainatla, həm də qayda-qanunlarla bağlı ayələrinin aynasıdır. O, görünməz və görünən aləmin şərhçisidir. İlahi isim, vəsf və icraatın xüsusiyyətlərini anladan bir rəhbərdir. O, dünənin, bu günün və sabahın hadisələrindən xəbər verən, bəşəriyyətin mürəbbisi, insanlığı səadətə aparan həqiqi mürşiddir. Bəşəriyyətin hər cür mənəvi və fikri ehtiyaclarını təmin edən bütün kitablar bu müqəddəs bəyanda cəm olunmuşdur.

Rəsulullah (s.ə.s.) Qurani-Kərimi bu cür tərif edir:

Quran elə bir kitabdır ki, Onda sizdən əvvəlki (xalqarın vəziyyəti  ilə) əlaqədar xəbər, sizdən sonra (qiyamətə qədər) zühur edəcək fitnələr və qiyamət əlamətləri haqda xəbərlər, həmçinin sizin aranızda (iman-küfr, itaət-üsyan, haram-halal və s. kimi) baş verəcək hadisələrlə bağlı hökmlər var. O, haqq ilə batili bir-birindən ayıran yeganə meyardır və Onda mövcud olan hər şey ciddidir…[1]

Quran istər həyata, istərsə vicdanlara yerləşdirdiyi prinsiplərlə həyatın bütün sahələrini ehtiva edən açıq-aydın metod ortaya qoymuşdur. Bəşəriyyət İslamiyyətdən əvvəl buna bərabər bir metoda şahid olmamışdır. Onun bəşəriyyətin maddi və mənəvi  həyatına verdiyi töhfələrə və təqdim etdiyi prinsiplərə heç bir sistemdə rast gəlinməmişdir. Eyni zamanda müvəqqəti peyğəmbərlik dövrü onunla başa çatmış və bütün bəşəriyyəti, məkan və zamanı əhatə edən ümumbəşəri peyğəmbərlik müəssisəsi onunla başlamış və qiyamətədək də onunla davam edəcəkdir.

Quran oxumağın faydaları

Quran insanın Allahı tanıma səviyyəsini ehtiva edir. İnsan Quranda əks olunan mənalarla Allaha nə qədər yaxınlaşsa, Onu o qədər tanıyacaq və tanıdığı səviyyədə də mərifətə[2] yiyələnəcək. Mərifət sahibi olmuş insan da Quran oxuyarkən sanki Allahla mükalimə edəcək. Məhz bu mənada orada təfəkkür edilənin ilahi isim, sifət və əsərlər olduğunu biləcək və yaxınlaşanın Allah olduğunu dərk edəcəyik. Bu zirvədə və kamal üfüqündə – hədisdə bildirildiyi kimi – Allah görən gözümüz, danışan ağzımız, eşidən qulağımız və böyük həqiqətləri ehtiva edən qəlbimiz olacaq.

Və beləcə bizlər də Allah üçün görəcək, eşidəcək, hiss edəcək və Onun əmr və qadağalarına uyğun qərarlar verəcəyik. Qəlbimiz gizli xəzinə olan Zati-Üluhiyyət[3] həqiqətlərini ətrafa əks etdirəcəkdir. Bunu Quran bildirir. Quran mərifətullahın tərcümanıdır. Quran oxumağın aşağıdakı faydaları var:

Nəsihət, dərdlərə şəfa, hidayət və rəhmətdir.

Quran təkcə ölümdən sonrakı həyatla bağlı xüsusları açıqlayan, ibadətlər haqqında bilik verən və Yaradanın birliyini, varlığını sübut edən dəlilləri ehtiva etmir, eyni zamanda dünya səadətinin əldə edilməsi yollarını göstərir. Quran gözəl nəsihətçi, yol göstərən bələdçi və qəlblərə şəfa qaynağıdır. Bu məsələdə Allah Rəsulu təbib, Quran da əlindəki dərmandır. Allah-Təala  buyurur:

“(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərin dərdlərinə bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) nazil edildi!“.[4]

Quran rəhbərdir.

Quran bütün bəşəriyyətə rəhbərdir. İnsan nə qədər inkişaf edir-etsin, maddi baxımdan hansı səviyyəyə çatırsa-çatsın, Quranın prinsiplərinə həmişə ehtiyacı var. Bu hidayət toplumun müəyyən hissəsini deyil, hər bir fərdini ehtiva edən, bütün insanlara hava-su kimi gərəkli olan və mütərəqqi mədəniyyətlərin yüksəlişinin müntəzəmliyinə də təminat verən bir kitab kimi nazil olmuşdur. İnsan bu hidayətlə dünyada lazım olanı  öyrənməli, eyni zamanda əsl qayəni də unutmamalıdır.

Quran bu dünyada toplumun həyatını nurani, səadətli və düzgün şəkildə dəyişməklə yanaşı, insanların həm nəfsində, həm qəlbində, həm ruhunda, həm ağlında, həm şəxsi, həm sosial, həm də idari həyatında elə bir dəyişiklik etmiş, bu dəyişikliyi elə davam etdirmiş və elə idarə etmişdir ki, on dörd əsrdir, ən az, yüz milyondan çox insanın dilində hər dəqiqədə 6666 ayəsi böyük ehtiramla oxunur, insanları tərbiyə edir, nəfsləri təmizləyir, qəlbləri saflaşdırır, ruhlara inkişaf və tərəqqi, ağıllara istiqamət və nur, həyata həyat və səadət bəxş edir. Təbii ki, belə bir kitab bənzərsizdir, heyrətamizdir, xariqüladədir, möcüzədir.

Quranın rəhbər olması ilahi bəyanda konkret vurğulanır:

“Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır”.[5]

“O, iman gətirənlərə hidayət və şəfadır”.[6]

Ən doğru yola yönəldir.

Quran insanları ən doğru yola yönəldir. İstər şəxsi məsələlərdə, istər insanlararası və istərsə də dövlətlərarası münasibətlərdə ən ideal və ən mükəmməl yolu bu Kitab göstərir. Çünki Quran “Alim”[7] və “Xabir”[8] Allahın kəlamıdır. Bəşəri hiss və düşüncə qarışmış hər şeydə bir çatışmazlıq, bir qüsur var. Çünki insanıq. İnsanlığın hər dövrdə yeni axtarışlar aparması buna ən bariz nümunədir. Məhz bu mənada Quran ən möhkəm yolu, ən münasib prinsipi və  ən mükəmməl hökmləri tam və qüsursuz ehtiva edən yeganə İlahi kitabdır: “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir“.[9]

Quranın bu xüsusiyyəti təkcə inananların deyil, qərb dünyasının da diqqətini çəkmişdir. Oriyentalist Sedio deyir: “Quran insanlara Allah hüququnu tanıdıb, məxluqatın Xaliqdən gözləyəcəyi şeyləri və Xaliqə münasibətini aydın şəkildə öyrətmişdir. Quran əxlaq və fəlsəfənin bütün əsaslarını ehtiva edir. Fəzilət və rəzalət, xeyir və şər, əşyanın həqiqi mahiyyəti, bir sözlə, hər mövzu Quranda öz əksini tapmışdır. Hikmət və fəlsəfənin əsası olan ədalət və hüquq bərabərliyini, başqalarına yaxşılıq etməyi, fəzilətli olmağı öyrədən əsaslar – bütün bunların hamısı Quranda vardır. Quran insanı qənaətkar olmağa və orta yolu tutmağa sövq edir, zəlalətdən qoruyur, zəif əxlaqi cəhətlərin zülmət qaranlığından çıxarır, uca əxlaqın nuruna qovuşdurur, insanın qüsurlarını, xətalarını islah edib onu yüksək və kamil əxlaqa çatdırır”.

Hər iki dünyanın səadətinə gedən yolları göstərmək ona həvalə edilmişdir.  Xoşbəxtliyin qızıl açarı onun əlindədir. O, hər yerdə qarşımıza çıxıb bizi heyrət və təəccübə sövq edən müəmmaların düyünlərini açmasaydı, min bir bilməcələrə heyrətlənməkdən başqa əlimizdən bir şey gəlməyəcək, müşahidə və düşüncələrimizi izah edə bilməyəcəkdik. O, Xızır kimi imdadımıza yetməsəydi, bu ucsuz-bucaqsız çöllərdə qərib, kimsəsiz qalıb məhv olacaqdıq.

Quran oxunan məkanlara rəhmət və mələklər enir.

İlahi kəlamın elə böyük təsiri vardır ki, oxunarkən təkcə insanlar deyil, mələklər də təsirlənir və dinləməyə gəlir, həmin məkanı da rəhmət və səkinə ab-havası bürüyür. Bir toplum Qurana layiqincə dəyər verərsə, yüksək məqama və hüzura qovuşar, üstəlik mələklər tərəfindən də qorunar. Allah Rəsulu (s.ə.s.) bu xüsusla bağlı buyurur:

Bir topluluq Quran oxuyub müzakirə etmək üçün bir evdə toplaşanda mütləq onların üstünə səkinə enir və Allahın mərhəməti onları bürüyür. Mələklər onları qanadları ilə əhatə edir. Allah-Təala da hüzurunda olan uca topluma (mələklərə) onlardan  danışır“.[10]

Səhabə Üseyd ibn Xudayr belə bir hadisə ilə şəxsən qaşılaşmışdır:

“Gecə (xurma xırmanında olarkən) “Bəqərə” surəsini oxuyurdu. Atını da özünə yaxın yerə bağlamışdı. Birdən atı şahə qalxdı. O da dayandı. At da sakitləşdi. Useyd yenidən oxumağa başlayanda at bir də şahə qalxdı. Useyd oxumağa aram verən kimi at da sakitləşdi. Üstündən bir az keçmiş yenidən oxumağa başlamışdı ki, atın  şahə qalxdığını gördü. Oğlu Yəhya atın yaxınlığında idi. Oğluna bir xətər yetirər deyə onu atdan uzaqlaşdırmağa getdi. Başını səmaya qaldıranda nə görsə yaxşıdır: göydə çətirə oxşar nəsə dayanmışdı, içində də çıraq kimi nəsə vardı. Səhər açılar-açılmaz dərhal Rəsulullahın hüzuruna gedib başına gələnləri danışdı. Allah Rəsulu: “O gördüklərinin nə olduğunu bilirsən?” – deyə soruşdu. Xudayr: “Xeyr bilmirəm”, – deyə cavab verdi.

Rəsulullah: “Onlar mələklər idi. Sənin səsinə gəlmişdilər. Əgər oxumağa davam etsəydin, səhərəcən sənə qulaq asacaqdılar. Səhər olanda da hamı onları görəcəkdi, onlar insanlardan gizlənməyəcəkdilər”, – buyurdu.”[11] Başqa bir rəvayətdə isə Quran oxunarkən enən şeyin “səkinə” olduğu bildirilir.[12]

Quran açıq-aşkar bir hidayətdir. Çünki onun əksi birbaşa küfrün zəlalətidir. Quran həm də iman nurlarının xəzinəsidir. İman nurlarının əksi də qaranlıqdır.

Həqiqətlər Quranda cəm olunmuşdur. Xəyallar və xurafatlar onun içinə girə bilməz. Onun həqiqəti ilə yoğrulmuş İslam aləmi, onun əsasları ilə qurulmuş şəriət və onun uca kəlamı isbat edir ki, şəhadət aləminə aid bəhslərin də olduğu kimi qeyb aləminə dair mövzularda da həqiqətin özüdür, mayasıdır və içində heç bir ziddiyyət yoxdur.

Quranın meyvələri həm mükəmməldir, həm də təravətlidir. Elə isə Quran ağacının kökü həqiqətdədir, canlıdır. Çünki meyvənin həyatı ağacın həyatını göstərir. Hər bir əsrdə neçə-neçə əsfiya və övliya kimi kamil və nurlu meyvələr yetişdirib.

Saysız-hesabsız əlamətlər qəti olaraq göstərir ki, Quran həm bəşəriyyətin, həm cinlərin, həm mələklərin qəbul etdiyi və rəğbət bəslədiyi bir kitabdır, oxunarkən onlar pərvanə kimi iştiyaqla, sevə-sevə başına toplaşırlar.

Quran vəhy olmaqla yanaşı, mütləq dəlilərlə (sübutlarla) tədqiq edilib qüvvətləndirilmişdir. Bəli, alimlərin ittifaqı buna şahiddir. Kəlam elminin alimləri və İbn Sina, İbn Rüşd kimi fəlsəfə dahiləri Quran prinsiplərini üsulları, dəlilləri ilə isbat etmişlər.

Ən dəyərli ev

Allah Rəsulu buyurur:

Quran oxunan evdə xeyir (bərəkət) artır. Belə evlərə mələklər yığışır, şeytanlar oradan uzaqlaşır. Quran oxunmayan evlərin xeyir və bərəkəti az olur“.[13]

Quran oxuyan gözəl ətirli portağal kimidir.

Allah Rəsulu bir hədisi-şərifində belə bir bənzətmə edir: “Quran oxuyan mömin portağala bənzəyir, dadı da gözəldir, qoxusu da. Quran oxumayan mömin isə xurmaya bənzəyir. Qoxusu yoxdur, ancaq dadlıdır. Quran oxuyan münafiq qoxusu gözəl, dadı acı reyhana bənzəyir. Quran oxumayan münafiq isə qoxusuz və acı Əbucəhl qarpızı kimidir”.[14]

Ən xeyirli insan

İnsanların üstünlük haqqında meyarları müxtəlifdir. Kiminə görə var-dövlət, kiminə görə, soy-kök, kiminə görə, millət, kiminə görə də vəzifə, mövqe və s. Ancaq Uca Yaradana görə, xeyirli, üstün insan olmaq Quranı öyrənmək və öyrətməklə bağlıdır. Bu, mühümdür, çünki Quranı oxuyub dərk etmədən üstün olmağın yollarını və  buna mane olan xüsusları bilmək mümkün deyildir. Bu məsələnin eyni zamanda başqa insanlara da çatdırılması tələb olunur ki, yaxşılar və yaxşılıqlar artsın, pislər və pisliklər Quran ab-havasında əriyib getsin. Rəsulullah buyurur:

Ən xeyirli insan Quranı öyrənən və öyrədəndir“.[15]

Qiyamət günü şəfaət

Ən xırda yaxşılığı belə cavabsız qoymayan Allah-Təala insanın bu dünyada dəyər verib oxuduğu Quranı  – onunla məşğul olma və səmimiyyəti səviyyəsində – axirətdə ona şəfaətçi edir. Bunun sayəsində insan, bəlkə də, ən möhtac vaxtında, ən gücsüz və çarəsiz anında qəfl təhlükələri asanlıqla dəf edir. Allah Rəsulu bu xüsusla bağlı buyurur:

“İnsan rəngi dəyişmiş və zəifləmiş halda məzarından qalxanda Quran onu qarşılayır və: “Məni tanıyırsan?” – sualını verir. O da: “Xeyr”, – deyir. Quran: “Mən sənin dostun və səni qızmar istilərdə susuz, qaranlıq gecələr yuxusuz qoyan Quranam”, – deyir.[16] Sonra o şəxsin başına vüqar tacı qoyulur, ana-atasına da iki gözəl libas geyindirilir. Ana-ata bunun səbəbini soruşduqda övladlarının Quranla (oxuyub öyrənmək və yazmaqla) məşğul olduğunu deyirlər”. Bir başqa hədisində Allah Rəsulu belə buyurur: “Quran oxuyun! Çünki Quran qiyamət günü onu oxuyanı şəfaətçi kimi qarşılayacaq“.[17]

Qiyamətdə nur

Quranın bir ismi də “Nur”dur. Nurun mənalarından biri də ətrafa aydınlıq saçan və görməyə yardım edən işıq deməkdir.[18]  Quran insan üçün maddi-mənəvi işıqdır. Ona yol göstərən bir məşəldir. Çətin və mürəkkəb məsələlərin həllində bir rəhbərdir. Allah Rəsulu (s.ə.s.) bir hədisində Quranın axirətdə insanlar üçün nur olacağını bildirir:

Kim Allahın kitabından bir ayə öyrənsə, həmin öyrəndiyi qiyamət günü onun üçün bir nur olacaq“.[19]

Quranla ucalmaq

Qurani-Kərimdə tez-tez işlənən “cənnət” sözü əslindən cəmdədir (cənnətlər). Cənnətin fərqli dərəcə və mərtəbələri olduğunu diqqətə çatdırmaq üçün cəmdə işlənmişdir. İnsanlar dünyada əməl, iman və s. baxımından bərabər olmadıqları kimi, axirətdə də bərabər olmayacaqlar. Burada işlədikləri əməllər, qazandıqları savablar səviyyəsində cənnətdə də fərqli məqamlar əldə edəcəklər. Quranı oxumaq, anlamaq və yaşamağın dərəcəsinə görə cənnətdəki mərtəbələr də fərqlənəcək. Rəsulullah (s.ə.s.)  Quranın üxrəvi faydası haqda buyurur:

“Quranı oxuyub ona sahib çıxan insana (axirətdə): “Oxu və (cənnətin dərəcələrinə) yüksəl, dünyada necə ağır-ağır (aram-aram) oxuyurdunsa, o cür oxu. Çünki məqamın oxuduğun sonuncu ayə səviyyəsindədir”, – deyiləcək.[20]

Faydalı ticarət

Daim Quran oxuyub onu virdə (zikrə) çevirmək və onun əmrlərinə əməl etmək elə bir ticarətə bənzədilir ki, onun nə batması, nə də iflası qeyri-mümkündür. Çünki Quranı göndərən və əməlləri mükafatlandıran Allahdır. Bu xüsus haqda Quranda buyurulur:

Allahın Kitabını oxuyub əməl edən, namazı layiqincə qılan, verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər zərərsiz bir ticarət (savab) umarlar.[21]

Çətinlik çəkə-çəkə oxuyana iki savab

İnsan Quranı şanına layiq şəkildə oxumaqla mələklər səviyyəsinə yüksəlir. Çətinlik çəkə-çəkə oxuduqda isə iki qat savab qazanır. Allah Rəsulu, xüsusən, təzə başlayanlara və ya müəyyən yaşdan sonra oxumağa başlayıb çətinlik çəkənlərə müjdə verir:

Qurani-Kərimi gözəl oxuyan insan Kiramən-katibin mələkləri səviyyəsinə yüksəlir. Quranı belə gözəl oxumağı bacarmayan, lakin xalis niyyətlə, çətinliklə və kəkələyə-kəkələyə oxuyana da iki savab verilir“.[22]

Hər hərfinə on savab

Sonsuz mərhəmət sahibi Uca Yaradan insanlara bol nemətlər bəxş etməklə yanaşı, yaxşı əməllərinin müqabilində də qat-qat savab və mükafat verir. Pis əməllərə görə bir günah yazıldığı halda, yaxşılıqlara on qat, yüz qat və daha çox savab yazılır.

Allah Rəsulu buyurur: “Qurani-Kərimdən bircə hərf oxuyana belə bir savab vardır. Hər yaxşılıq on qatı ilə dəyərləndirilir. Mən “Əlif, Lam, Mim” bir hərfdir” demirəm. “Əlif” bir hərf, “Lam” bir hərf, “Mim” də bir hərfdir“.[23]

Unutmaqda böyük vəbalın olması

İslam prinsiplərinə görə, bircə dəfə böyük yaxşılıq etməkdənsə, onu bütün ömür boyu az-az da olsa, mütəmadi etmək[24] daha fəzilətlidir. Necə ki tənəffüs etdiyimiz hava, içdiyimiz su, yediyimiz yemək daimi ehtiyacdan irəli gəlir, eləcə də mənəvi həyatımızın havası, suyu və qidası olan Quranın ömür boyunca oxunması və yaşanması da zəruri ehtiyacdır. Dolayısilə, Quranı öyrənib oxuduqdan sonra bir kənara qoyub unutmaq, daha içindəkilərə maraq göstərməmək və ya ondan üz döndərmək böyük bir günah kimi qarşımıza çıxır.

Bu mövzu ilə bağlı hədislərdə ağır ifadələr var. Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurur:

Ümmətimə verilən mükafatlar mənə ərz edildi. Onlar arasında bir adamın məsciddən götürüb atdığı bir çöpün mükafatı da vardı. Ümmətimin işlədiyi günahlar da mənə bildirildi. Bunlar arasında bir insanın Allahın lütfü ilə öyrənib sonra unutduğu bir surə, yaxud bir ayəyə görə qazandığı günahdan böyüyünü görmədim“.[25]

Allah Rəsulu (s.ə.s.) başqa bir hədisində isə belə buyurur:

Qurani-Kərimi oxuyan sonradan (onu tərk etsə və ya oxumağı) unutsa, qiyamət günü Allaha cüzzamlı xəstə kimi qovuşar“.[26]

Quranın Qiyamət günü şikayətçi və insanın əleyhinə dəlil olması

Həyatını Quranla tənzimləməyənlərin aqibəti bir hədisdə belə təsvir edilir:

“Qiyamət günü bir adam gətiriləcək. Quran insan görkəmində onun qarşısında dayanacaq. Gətirilən adam Quranın fərzlərini yerinə yetirməmiş, qadağalarına məhəl qoymamış, “et” dediyini etməmiş, “etmə” dediyini də etmişdir. Quran ondan Allaha şikayət edəcək:

Ya Rəbb, mənim ayələrimi çox pis əzbərlədi, fərzlərimi yerinə yetirmədi, qadağalarıma məhəl qoymadı, mənə tabe olmadı, günah saydığım əməlləri işlədi”. Quran dəlillər gətirərək mühakiməsini davam etdirir. Bundan sonra Uca Allah: “Bu adamı götür apar, nə edirsən et”, – deyə buyurur. O da onun əlindən tutur və üzü üstə cəhənnəmə atanadək əl çəkmir.[27]

Əbu Malik əl-Əşari belə bir hədis rəvayət edir: “Quran sənin lehinə də, əleyhinə də dəlil ola bilər”.[28]

Ən dəyərsiz insan

Allah Rəsulu (s.ə.s.) Qurandan uzaq olanların və az da olsa əzbər bilməyənlərin halını belə təsvir edir:

Qurandan bir şey bilməyən insan xaraba qalmış evə bənzəyir“.[29]

Rəsuli-Əkrəmin yanında yetişən Abdullah ibn Məsud həzrətləri bu hədisin mənasına belə izah verir:

“Quran Allahın (insanlara ərməğan etdiyi ilahi) süfrəsidir. Gücünüz çatdıqca ondan bəhrələnməyə çalışın. Şübhəsiz ki, içində Allahın kitabından bir şey olmayan evdən daha kiçik (cansıxıcı) ev yoxdur. İçində Allahın kitabından heç nə olmayan qəlb də kimsəsiz xaraba ev kimidir”.[30]

Rəsulullah (s.ə.s.) hansı surələri hər gün oxuyardı?

Hz. Aişə (r. anha) rəvayət edir: “Rəsulullah (s.ə.s.) yatanda əllərini birləşdirər, “İxlas” və “Fələq” surələrini oxuyar, ovuclarına üfürüb, sonra da başından və üzündən başlayaraq vücudunda əli çatan yerləri məsh edərdi. Bunu üç dəfə təkrar edərdi”.[31]

Hz. Aişə rəvayət edir: “Rəsulullah (s.ə.s.) yatarkən “Qul huvallahu əhad” və “Muavvizəteyn” surələrini oxuyar, ovuclarına üfürər, sonra da üzünə, qollarına, sinəsinə və vücudunda əli çatan yerlərə sürtərdi. Xəstəliyi şiddətlənəndə əmr etdi ki, bunu mən edim”.[32]

Hz. Cabir (r.a) rəvayət edir: “Rəsulullah (s.ə.s.) “Səcdə” və “Mülk” surələrini oxumadan yatmazdı”.[33]

Hz. Aişə (r. anha) rəvayət edir: “Rəsulullah (s.ə.s.) “Zumər” və “İsra” surələrini oxumadan yatmazdı”.[34]

Fərvə ibn Növfəl rəvayət edir: “Rəsulullahın hüzuruna gedib:

– Ey Allahın Rəsulu! Yatağa girəndə oxumaq üçün bir şey öyrət, – dedim.

– “Kafirun” surəsini oxu. Çünki o, (insanı) şirkdən uzaqlaşdırır” buyurdu”.[35]

Cubeyr ibn Mutimdən (r.a.) rəvayət olunur:  “Rəsulullah (s.ə.s.) mənə:

– Cübeyr! Bir səfərə çıxanda yoldaşların arasında ən gözəl görünüşə və ən çox azuqəyə sahib olmaq istəyirsən? – deyə soruşdu.

– Atam-anam Sənə fəda olsun, niyə istəmirəm? – dedim.

– Elə isə bu beş surəni oxu: “Kafirun”, “Nəsr”, “İxlas”, “Fələq” və “Nas”. Hər surəni bismillahla başla və bismillahla bitir, – buyurdu. İndi varlıyam. Vaxtilə bir səfərə çıxanda yoldaşlarım arasında ən sadə paltar və ən az azuqə məndə olardı. Rəsulullah (s.ə.s.) mənə bunları öyrətdi. Mən də oxudum, səfərdə yoldaşlarım arasında ən gözəl paltar və ən çox azuqəyə sahib oldum”.[36]

Abdullah ibn Hubeyd (r.a.) rəvayət edir: “Yağışlı və qaranlıq bir gecə bizə namaz qıldırmaq üçün Rəsulullahı axtarmağa getdik. Onu görəndə:

– Oxu! – buyurdu.

Heç nə demədim.

– Oxu! – buyurdu.

Yenə heç nə demədim. Üçüncü dəfə:

– Oxu! – buyurdu. Bu dəfə:

– Nəyi oxuyum, ya Rəsulullah? – deyə soruşdum.

– Axşam və səhər üç dəfə “İxlas” və müvvizəteyn (“Fələq” və “Nas” surələri) surələrini oxu. Səni hər şeydən mühafizə edər, – deyə buyurdu”.[37]

Hz. Şabi (r.a.) rəvayət edir: “Abdullah ibn Məsud (r.a.) belə dedi: “Gecə “Bəqərə” surəsindən on ayə oxuyan şəxsin səhərəcən evinə şeytan girə bilməz. Bu ayələr surənin ilk dörd ayəsi, Ayətül-Kürsü, ondan sonra gələn iki ayə və surənin son üç ayəsidir”.[38]

Abudullah ibn Ubeyd ibn Umeyr rəvayət edir: “Əbdürrəhman ibn Əvf evinə girəndə evin künclərində Ayətül-Kürsü oxuyardı”.[39]

Nə qədər Quran oxumalıyıq?

Hər kəs gündəlik həyatında Qurani-Kərim oxumağa vaxt ayırmalıdır. Keçmiş dövürlərdə alimlər hər gün bir cüz Quran oxumağı məsləhət görərdilər. Ancaq alimlərin həyatlarını oxuyanda çoxunun gecələri Quran oxuyaraq, namaz qılaraq, dua və zikr edərək keçirdiklərinin şahidi oluruq.

Hər insan üzərindəki məsuliyyət nisbətində Quran oxumağa vaxt ayırmalıdır. Bunu etməlidir ki, Qurandan süzülən ilhamlarla gündəlik işlərini nizama salsın.

Çox vaxtın necə keçdiyini bilmirik. Dəqiqələr, saatlar, günlər, həftələr, aylar, illər sürətlə ötüb gedir. Mömin vaxtı fövtə verməmək üçün heç olmasa gündə tərcüməsi ilə birlikdə ən az beş səhifə Quran oxumalıdır.

Heç kim “o qədər iş var ki, vaxt tapmaq olmur, gecə evə gec və yorğun gəlirik” kimi bəhanələr gətirməməlidir. Bu cür uydurma bəhanələrin arxasında gizlənənlər bir çevrilib gündəlik həyatlarına baxsalar, nə qədər dəyərli vaxtlarını boş şeylərə sərf etdiklərini görüb utanacaqlar. Bəzən bir fincan çay içmək saatlar çəkir, amma ən vacib işlərə vaxt tapılmır. Bəli, gündəlik həyatımıza nəzər salsaq, buna xeyli misal tapa bilərik. Boş və mənasız şeylərə bir aləm vaxt sərf etdiyimizi deməyə lüzum yoxdur… İndi isə bir yandan bu qədər “səxavətlə” sərf edilən vaxt, bir yandan da ən vacib, həyati əhəmiyyətli işlərə tapılmayan vaxt – bunu izah etmək çətindir. Nəticə etibarilə, hər kəs Qurani-Kərimə və dua-zikrlərə mütləq vaxt ayırmalı və bu məsələdə heç bir bəhanə gətirməməlidir.

Qərb ziyalılarının Quran haqqında fikirləri

Ernest Renan: “Bu kitab dini inqilabla yanaşı, ədəbi bir inqilaba da işarədir”.

Rene Basset: “Quran əzəli və əbədi gözəlliyin əzəli və əbədi timsalıdır. Mələklər də, insanlar da o müqəddəs kitabın bir ayəsinə oxşar bircə cümlə yazmaqda acizdirlər”.

Qustav Le Bon: “Quran insanlara zorla qəbul etdirilməmiş, ancaq inanc və qənaətlə yer üzünə yayılmışdır”.

Gement Huart: “Quranda danışan yalnız Allahdır. Peyğəmbər isə ancaq vəhyin təbliğinə vasitə olmuşdur”.

İ .Qoldzer: “Quran adı ilə tanınan və Allahın nazil etdiyi bu kitab eyni zamanda dünya ədəbiyyatının abidəsidir”.

Natan Sodenblom: “Quran müəyyən vaxtlarda Hz. Məhəmmədə (sallallahu əleyhi və səlləm) təbliğ edilmiş Allah kəlamıdır”.

Bertram Tomas: “Quranın bədii üslubunun gözəlliyi də insanı vəcdə gətirir”.

Regis Blaçer: “Ərəb dilini bilməyən bir avropalı da bəzi surələri dinləyəndə həyəcanlanır. Dinləyicilərinə mənəvi təsir edir”.

Emil Dermenhem: “Quran Həzrəti Məhəmmədin (sallallahu əleyhi və səlləm) ən böyük möcüzəsidir. Quran möcüzədir və misli-bərabəri yoxdur”.

Artur Pellenin: “Quranın müqəddəs mətni, şübhəsiz, bütün fikir və əməllərin ilham mənbəyidir”.

Armand Abed: “Bu kitabın ən sadə üstüörtülü misallarınacan bütün üslubu ilahi olduğuna görə insanı heyran edir”.

Vill Durant: “Quran pak və sadə ruhlara dünyada mövcud olan ən saf, ən aydın imanı, ən sadə – xüsusilə, bütpərəstlik və rahiblikdən uzaq – dini mərasimi təqdim etmişdir”.

Eduard Mantel: “Bu din kitabı o qədər gözəldir ki, onu ancaq göylərə qaldırmaq olar”.

Cek C. Rister: “Onun insanlara təsir qüdrəti və mənəvi ucalığı Həzrəti Məhəmmədin (sallallahu əleyhi və səlləm) Allahın nuru ilə Onun əzəmətinə (böyüklüyünə) itaət etdiyini göstərir. Bunu heç kim inkar edə bilməz”.

Raymond Çarlz: “Elə təsvirləri var ki, onların ahəngli səslərindən hasil olan musiqinin təsirli gözəlliyi insanların zehinlərini vəhyin qəbuluna hazırlayır”.

Dominik Soundel: “Quranın başlıca xüsusiyyəti onun təqlidinin əbədiyyətə qədər mümkün olmamasıdır”.

Cek Cemyer: “Quranın üslubunu tərcümə etmək mümkün deyil”.

Basvons Simit: “(Quran) həqiqətin, hikmətin və üslub sadəliyinin möcüzəsidir”.

Otto fon Bismark: “Mən Quranı hər yöndən araşdırdım, hər sözündə böyük hikmətlər gördüm”.

Korsel: “Quran böyük sirr kimi yaşamaqdadır və bütün bəşəriyyət Onun sirrini açmaqda acizdir”.

De Kastri: “Quran əbədiyyətə qədər bir möcüzədir. Bu müqəddəs kitabın təkcə özü İlahi mənşəli olduğunu göstərmək üçün kifayətdir”.


[1]Tirmizi, Fədailul-Quran, 14; Darimi, Fədailul-Quran, 1.
[2]Allahı tanımaq.
[3]Allahın Zatına xas xüsusiyyətlər.
[4]“Yunus” surəsi, 10⁄57.
[5]“Bəqərə” surəsi, 2⁄2
[6]“Fussilət” surəsi, 41⁄44
[7]Hər şeyi ən incəliyinə kimi bilən
[8]Hər şeydən dərhal xəbərdar olan
[9]“İsra” 17⁄9
[10]Müslim, Zikr 38; Əbu Davud, Salət, 349; Tirmizi, Qiraət 3.
[11]Buxari, Fədailul-Quran 15; Müslim, Müsafirin 242.
[12]Buxari, Fədailul-Quran 11; Müslim, Müsafirin 240.
[13]Darimi, Sünən II, 429-430.
[14]Buxari, Fədailul-Quran 17, 26; Ətimə 30; Darimi, Fədailul-Quran 8.
[15]Buxari, Fədailul-Quran 21 Tirmizi, Fədailul-Quran 15.
[16]İbn Macə, Ədəb, 52; Darimi, Sünən, II, 451.
[17]Müslim, Müsafirin, 252.
[18]İbn Faris, Mucəm məkayis fil-luğa, s. 368; Rağib, Müfrədat, s. 508.
[19]Darimi, Sünən II, 444.
[20]Əbu Davud, Vitr, 20; Tirmizi, Səvabul-Quran, 18; İbn Macə, Ədəb, 52.
[21]“Fatir” surəsi,  35⁄29
[22]Buxari, Tövhid, 52; Müslim, Müsafirin, 244; Əhməd ibn Hənbəl, Müsnəd, VI, 98.
[23]Tirmizi, Səvabul-Quran 16.
[24]Buxari, Riqaq 18.
[25]Əbu Davud, Salət, 16; Tirmizi, Savabul-Quran, 19.
[26]Əbu Davud, Vitr,  21.
[27]Heysəmi, Məcməuz-Zəvaid, VII, 160-161.
[28]Müslim, Təharət, 1; Tirmizi, Daavat, 85; Nəsai, Zəkat,1.
[29]Darimi, Sünən, II, 429.
[30]Tirmizi, Fədailul-Quran, 18; Darimi, Sünən, II, 429.
[31]Buxari, Dəavat, 11; Tirmizi, Dəavat, 22.
[32]Buxari, Fədailul-Quran 14; Əbu Davud, Tibb 19.
[33]Tirmizi, Fədailul-Quran , 8.
[34]Tirmizi, Dəavat, 22.
[35]Tirmizi, Dəavat,  22; Əbu Davud, Ədəb,108.
[36]Heysəmi, Məcməuz-Zəvaid, IX, 134.
[37]Nəsai, Əzkar, 9.
[38]Heysəmi, Məcməuz-Zəvaid, X, 118.
[39]Heysəmi, Məcməuz-Zəvaid, X, 128.



Bənzər məqalələr

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Rəsulullahın ramazan xütbəsi

Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

Quran və Sünnənin həyatımızda yeri

Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.

Dua və Quran oxumaqla müalicə

Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…


Şərh yaz