Quranda ailə
Ünsiyyət etmək və yaxınlaşmaq mənalarına gələn “əhl” kəlməsi Qurani-Kərimdə 127 yerdə əhl, 25 yerdə isə eynimənalı kəlmələr şəklində keçir. Bu kəlmənin mənası işləndiyi cümləyə görə dəyişir. Məsələn, “əhli-təriqət” hər hansı təriqətə mənsub, əhlid-dar ev sahibi, əhlir-rəcul isə ən yaxın yoldaş deməkdir. Bu nümunələrin sayını artırmaq da mümkündür.
Quranda “əhl” kəlməsi daha çox qan bağına əsaslanan yaxınlığı ifadə etmək üçün işlədilmişdir. Bu kəlmənin “ailə” və “xalq” mənaları ilə yanaşı, ortaq din və peşəyə sahib olan insanlar mənası da var.
Qurani-Kərimə görə insanlar tərəfindən qurulan ilk kiçik sosial qrup ailədir ki, bu da ilk insan və ilk peyğəmbər Həzrət Adəmlə başlamışdır.
İslam dinində cəmiyyətin nüvəsi sayılan ailəyə böyük əhəmiyyət verilmişdir. Dinimizdə ailə əxlaqı ilə əlaqəli əhəmiyyətli qaydalar qoyulmuş, sevgi, hörmət, yardımlaşma və doğruluq kimi əxlaqi dəyərlərin ailə ilə mühafizəsi və nəsildən-nəslə ötürülməsi əsas məqsəd kimi göstərilmişdir.
Quran və Sünnədə evlilik sadəcə nəfsani arzuları halal yolla qarşılamaq yox, xeyirli övlad sahibi olmaq və insanlığa faydalı övlad yetişdirmək, insanın kamilləşməyində əhəmiyyətli rolu olan müəssisə kimi qeyd olunmuşdur.[1]
Quranda kişi və qadın dünyada yalnız qalmasın, bir-birinə arxa-dayaq, köməkçi olsun deyə yaradıldığı bildirilir:“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!”[2]Uca Yaradan insanları tək cins olaraq yox, cüt və bəzi yönləri ilə fərqli yaratmışdır ki, bir-birinə hər cəhətdən – fiziki və psixoloji olaraq – faydalı olsunlar.[3]
Həmçinin Quranda belə buyrulur: “Ey insanlar! Biz sizi bir kişi ilə bir qadından yaratdıq. Bir-birinizi tanıyasınız deyə sizi millət və qəbilələrə böldük…”[4]İslam alimləri insanlığın çoxalma yolu ilə yaşaya biləcəyini əsas gətirərək hər bir fərdin insan nəslinin davamı üçün evlənməli olduğunu bildirmişlər.[5]
Bununla yanaşı Quranda cütlüklərin bir-birini təhlükələrdən qoruyan paltar kimi olduğu nəzərə çatdırılır. Bu haqda Bəqərə surəsinin 187-ci ayəsində
“…Onlar sizin, siz də onların libasısınız…”
ifadəsilə kişinin qadın olmadan yarımçıq, qadının da kişi olmadan tam olmayacağına diqqət çəkilmişdir. Yəni ailə qadındakı natamamlıqların kişi ilə, kişidəkilərin də qadın ilə tamamlandığı, iki cins arasında sevgi və hörmət formalaşdıran və xoşbəxtliyi təmin edən müəssisədir. Bir-birinə ən yaxın olandan ən uzaq olana qədər kainatdakı bütün məxluqat bir-birinin köməyinə çatır və bir-birinin ehtiyacını qarşılayaraq kainatdakı nizam və intizamın davam etməsində rol oynayır. Zəif güclüyə, kasıb varlıya, qadın kişiyə möhtac olduğu kimi, güclü zəifə, varlı kasıba, kişi də qadına möhtacdır.
Qısacası, Quranda evlilik kişi və qadın arasında bağlanan əhd-peyman kimi göstərilir.
Sünnədə ailə
Rəsulullah (s.ə.s) da ümmətinə,
““Nikah mənim sünnəmdəndir. Kim mənim sünnəmə əməl etməzsə, məndən deyildir. Evlənin, mən digər ümmətlərin yanında sizin çox olmağınızla iftixar edəcəyəm…”[6]
buyuraraq evliliyə təşviq edir.
İslamdan əvvəl qadınların əşya kimi alınıb satıldığı və bir çox haqlarından məhrum edildiyi məlumdur. İslam qadına layiq olduğu dəyəri vermişdir. Dini mükəlləfiyyətdə kişi və qadın arasında heç bir fərq qoyulmamışdır. Onun ailə və cəmiyyətdəki yer daim qorunmuşdur. Rəsulullah (s.ə.s):
“Dünya faydalanma yeridir. Dünya nemətlərinin ən xeyirlisi saleh[7] qadındır”[8],
“Dünya nemətlərinin ən gözəli, insanın sahib olacağı nemətlərin ən xeyirlisi, zikr edən dil, şükür edən qəlb və insanın imanlı (mömin kimi) yaşamağına kömək edən qadındır”.[9] – buyurmuşdur. Başqa bir hədisdə dünya səadəti üçün lazım olan üç şeydən birinin saleh qadın olduğu bildirilir.[10]
Həzrət Peyğəmbər (s.ə.s) ən xeyirli dünya neməti adlandırdığı saleh qadını belə tərif edir:
“Möminə təqvadan sonra saleh həyat yoldaşı qədər heç bir xeyir və səadət verilməmişdir. Saleh qadın, əri özündən nə isə istədikdə ona itaət edən, üzünə baxdıqda çöhrəsini sevincə qərq edən, haqqında and içsə onu yerinə yetirən, evdə qoyub getdikdə özü və malı haqqında heç bir şübhəsi qalmayandır.”[11]
Başqa bir hədisdə isə, “Əri özündən razı olaraq ölən qadın Cənnətə girəcəkdir.”[12] − buyurmuşdur. Bununla Rəsulullah (s.ə.s) evliliyin məqsəd və qayəsinin insanın düşüncə və hisslərini paylaşacaq, iffətini qoruyacaq və nəslini davam elətdirəcək saleh həyat yoldaşına sahib olmaq olduğuna işarə etmişdir. Bunun əksinin yəni saleh olmayan qadının isə əri üçün bədbəxtlik səbəbi olduğunu da bildirmişdir.[13]
Həzrət Peyğəmbər ailəyə böyük əhəmiyyət vermiş, əxlaqsızlığın qarşısının ancaq sağlam ailələrlə alınacağını bildirmişdir. İslama görə sağlam ailələrin qurulmasını və davamlılığını, xüsusən də cütlüklər arasında əlaqəni təmin edən əsas vasitə və dəyər isə Allaha iman düşüncəsidir. Allah inancını mənimsəyən cütlüklər Allahın hər an, hər yerdə özlərini gördüyünün, etdiklərindən xəbərdar olduğunun və Onun razılığını qazanmağın əsas şərt olduğunun fərqində olsalar yaxşıdır.
Rəsulullah (s.ə.s.) cütlüklər arasındakı münasibəti əmanət düşüncəsilə əlaqələndirmişdir: “Qiyamət günü Allahın ən çox əhəmiyyət verəcəyi əmanət, kişi və qadın arasındakı əmanətdir. Kişi və qadın bir yerdə olduqdan sonra, qadının sirlərini kişinin faş eləməsi həmin gün ən böyük xəyanətdir.”[14] Peyğəmbərimiz bu və bənzəri hədisləri ilə ailə sirlərinin qorunmasına böyük əhəmiyyət vermiş və möminlərə də ailə sirlərinin açığa çıxarılmaması mövzusunda çox ciddi tənbehlər etmişdir. Ailədə ər-arvad arasında qalması lazım olan ailə sirlərinin əmanət olaraq görənlər bu əmanətə həmişə sadiq qalarlar. Bu əmanətə sadiq qalmamaq isə, ailə yuvasının yıxılması mənasına gəlir.
Quranda kişilərə qadınlarla gözəl rəftar eləmək əmr olunmuş,[15] ailənin qorunmasında kişiyə daha çox məsuliyyət yüklənmişdir.[16]
Quran, qadın və kişi arasında ciddi bir cinsiyyət fərqi qoymamışdır. Qadınlara əmr etdiyini kişilərə də əmr etmişdir.[17] Həmçinin İslamda qadın və kişi ayrıseçkiliyi edilmədən insana xitab edilir:“Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq….”[18] − buyurulur.
Bəli, Quran insanlara xitab edir. Peyğəmbərlər də insanlıq üçün göndərilmişlər. Evliliyin təməlində insanın yaradılışı yatır. Evlilik, insan nəslinin davamı, yenilənməsi və insanın fərdi və ictimai olaraq özünü ifadə etməsi üçün lazım olan qurumdur. Buna görə də İslam ailəyə böyük önəm vermiş, onu bütün sosial müəssisələrdən üstün tutmuşdur.[19]
Allah-Təala eyni zamanda Qurani-Kərimdə kişi və qadınların arasında bir fərqin olmadığını bəyan edərək belə buyurmuşdur:
“…Kişilərin qadınlar üzərində haqları olduğu kimi qadınların da kişilər üzərində haqları vardır…”[20]
Xülasə, İslama görə ailə dünya və axirət səadətini təmin edən yuvadır. Ər-arvad arasındakı məhəbbət yalnız dünyəvi həyatın ehtiyaclarından qaynaqlanmır. Yəni bir qadın sadəcə dünya həyatı üçün yoldaşı ilə birlikdə olmur. Bu iki həyat yoldaşı arasındakı bərabərlik əbədi səadətlə davam edir.
Şeytanı sevindirən xəbər (Hekayə)
Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.
Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.
Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Rəhməti sonsuz Rəbbimizin insanlığa olan mərhəməti bir tək Quranla qurtarmamışdı. Onu həm bəyan edib, açıqlayan, həm də həyatı ilə təfsir edib təbliğ edən, aləmlərə rəhmət olaraq göndərdiyi bir Rəhbər daha seçmişdir. O rəhbər, Həzrət Muhəmməd (s.ə.s) idi.
Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…