13. 556 dəfə oxunub ,   0 şərh   Çap et

Tarixboyu cinlərə inam

Oddan yaradılan varlıqlar

Gözlə görünməyən varlıqlar

Cinlər əməllərinə görə sorğu-suala çəkiləcəklərmi?

Cinlərə də peyğəmbər göndərilmişdir

Cinlər də insanlar kimi fərqli cinsdə yaradılıbmı?

Cin surəsi

Cinlər qeybi bilirmi?

Nəticə

Dövrümüzdə “elitar təbəqənin çərəzi” adlanan “ruhçağırma” prosesi forma və xarakterindən asılı olmayaraq, adəm övladının metafizik aləmi öyrənmək cəhdindən savayı bir şey deyildir. Öz növbəsində bu, insanın maraq dairəsinin müəyyən çərçivə ilə məhdudlaşmadığını ifadə etməsi baxımından əhəmiyyətlidir.

İnsanların marağını cəlb edən bu mövzuda ən doğru-düzgün məlumat Qurani-Kərimdə verilmişdir. Belə ki, müqəddəs kitabın cinlərdən bəhs edən surəsində adıçəkilən varlıqlar haqqında insanın bilməsi vacib olan xüsuslar bəyan olunmuşdur. Digər tərəfdən, Quranın müxtəlif surələrində başda cinlərin yaradılması olmaqla, bu varlıqların cinsiyyəti məsələsindən onlara peyğəmbər göndərilib-göndərilməməsi mövzusunadək bir çox məqama aydınlıq gətirilmişdir.

Məqaləmiz keçmişdən dövrümüzədək bəşər övladının marağını cəlb edən bu mövzuya həsr olunub. Qeyd edək ki, mövzu yalnız Qurani-Kərimin ayələri işığında tədqiq olunmuşdur. Belə ki, hədislərdə cinlərin varlığı məsələsi ayrıca tədqiqat mövzusu olacaq qədər genişdir.

Giriş

“Cin” sözünün lüğəvi mənası “örtmək, örtünmək, gizli qalmaq” olub ərəb dilində “cənnə” felindən törəmişdir.[1] Bu söz ümumi olaraq, “örtülü və gizli olan” mənasına gəlir. “Cin” kəlməsi tək halda “cinn”, cəmdə isə “cənn” kimi işlədilir. Cinlərdən ibarət topluluq isə “cinnə” adlanır .[2]

Filoloqlar və müfəssirlər “cin” sözünün kontekstdən asılı olaraq, “hər hansı bir şeyi hiss və nəzərlərdən gizlətmək” mənasına gəldiyini də bildirmişlər.[3] Məsələn, “cənnəhu – onu örtdü”, “cənnə əleyhi əl-leyl − gecə üzərini örtdü”, “cunnə – qalxan” mənasına gəldiyi halda “cənin”, “cənnət” və ya “cünun” kəlmələri də “cin” sözü ilə əlaqədardır. Lüğəvi mənasına nəzər saldıqda “cin” kəlməsinin kök hərfləri ilə bağlı bütün sözlərdə insanın bəzi və ya demək olar ki, bütün duyğularında müəyyən gizliliyin olduğu nəzərə çarpır. Dini termin kimi hissiyyat orqanlarının dərk edə bilmədiyi gizli varlıqları ifadə etmək üçün istifadə olunan bu kəlmənin lüğəvi mənası cinlərin mahiyyətinə də müvafiqdir.

Fars dilində “cin” sözünün qarşılığı kimi “pəri” və “div” kəlmələrindən istifadə olunur. Latın dilində “genie” və ya “genius” kəlmələrinin də “cin” kəlməsinin əvəzi kimi işlədildiyi məlumdur. Bəzi şərqşünasların bu sözün ərəb dilinə sonradan daxil olduğuna dair iddiaları isə əsassızdır. Belə ki, “cənnət”, “cinnət”, “cənin” və ya “cünnə” kimi kəlmələrin “cin” sözü ilə birbaşa əlaqəsindən çıxış edərək, bu kəlmənin ərəbcə və Quranaxas ifadə olduğunu deyə bilərik. Müsəlman alimlər cinlərin mələklərdən fərqli varlıqlar olduğunu bildirmiş, onları insan və mələkdən savayı üçüncü məxluq növü kimi xarakterizə etmişlər.[4]

Tarix boyu cinlərə inam

Bəşər övladı tarix boyu gözlə görünməyən qeyri-adi varlıqların mövcudluğuna inanmışdır. Cinlərin gözlə görünməsi qeyri-mümkün varlıqlar olmasından dolayı qədim dövrlərdə insanlara onlar haqqında doğru-düzgün məlumat əldə etmək müyəssər olmamışdır. Belə ki, cinlər haqqında irəli sürülən iddialar ya cəfəng fikirlərdən ibarət olmuş, ya da bu varlıqlar tamamilə fərqli formada təqdim olunaraq, “ilahlaşdırılmışlar”. Xristianlıq və yəhudilik kimi səmavi dinlərdə belə əfsanə qəbilindən rəvayətlərlə mövzu daha da mürəkkəbləşmişdir.

Yunan mifologiyasında insan üstü varlıqlar üçün “cin” sözünə oxşar ifadələrdən istifadə edilirdi. Qədim Romada “genius” kəlməsi bəzən “ruh”, bəzən də “ölmüş insan” mənasına gəlirdi. Sonralar bu söz ev və ya oxşar qapalı məkanları qoruduğuna inanılan varlıq mənasında işlədilmişdir. Qədim Çində cinlər daha geniş mənada xarakterizə olunmuşdur. Belə ki, çinlilərin “kuei” (cin) və “şen” (ruh) kəlmələri bütövlükdə metafizik aləmi ehtiva edirdi. Hindlilərin “bhuta” anlayışı isə ölən insanların yandırıldığı yerlərdə olduqlarına inandıqları cinlər və kabusları ifadə edirdi. Zərdüşt farsların “Dəva” adlandırdığı məbudlarının cin olduğunu bildirmişdir.

Cinlərin mövcudluğuna inam yəhudilikdə də mühüm yer tutmuşdur. XVII əsrdən sonra yeni bir cin anlayışı – “Dibbuk” ortaya çıxmışdır. Yəhudilikdə şeytanın cənnətdən qovulması, cinlərə başçılıq etməsi və sonda Mihael tərəfindən məğlub edilməsi mühüm hadisələrdən sayılır.

Əhdi-Cədiddə cinlərin bütpərəstlərin tanrıları olmaları ilə yanaşı, onların mənəvi və maddi xəstəliklərinin mənbəyi olduqları da bildirilir.[5] XII əsrdən etibarən cinlər xristian incəsənətində hər müsibət və bədbəxtliyin, sel və zəlzələ kimi təbii fəlakətlərin, habelə ölümün səbəbi kimi təsvir edilmişdir.

Tarix boyu mahiyyəti doğru şəkildə başa düşülməmiş və tərifi verilməmiş cin mövzusunda yalnız İslam dini heç bir ziddiyyətə yer qoymayaraq doğru-düzgün məlumat vermişdir. Qurani-Kərimin bəyanı ilə mələk, şeytan və cin kimi varlıqların xüsusiyyətləri və funksiyaları aydın şəkildə insanlara agah olmuşdur.

Gəlin, Qurani-Kərimdə cinlərin varlığı mövzusuna toxunmazdan qabaq müqəddəs kitabın nazil olduğu cahiliyyə dövrü ərəblərinin inanclarını xatırlayaq. Belə ki, cahiliyyə ərəbləri cinlərin qəbilə və qrup şəklində yaşadıqlarına, bir-biriləri ilə vuruşduqlarına, həmçinin, fırtına və oxşar təbiət hadisələrinin cinlər tərəfindən törədildiyinə inanırdılar. Habelə ərəblərin inancına görə, cinlər başda ilan olmaqla müxtəlif heyvanların surətinə girən, insanlar kimi yeyən və içən, əsasən tənha və qaranlıq ərazilərdə yaşayan, insanları xəstəliklərə düçar edən, mübtəla olduqları kəsləri dəliyə çevirən varlıqlar idi.[6]

İndi isə Qurani-Kərimdə cinlərin varlığı mövzusuna nəzər salaq. Müqəddəs kitab mələklərin, şeytan və cinlərin birbaşa olmasa belə dolayı yolla insanla əlaqədə olduğunu bəyan edir. Digər tərəfdən, Quranın 22 müxtəlif ayəsində “cin”, 7 ayəsində isə “cann” kəlməsi ilə bu varlıqlar haqqında bilinməsi vacib xüsuslar təqdim edilir.

Oddan yaradılan varlıqlar

Qurani-Kərim insanların olduğu kimi cinlərin də nədən yaradıldığını açıq-aşkar bəyan edir. Müqəddəs kəlamın “Rəhman” surəsində cinlərin təmiz oddan (Rəhman 15), habelə başqa bir ayədə “tüstüsüz od”dan yaradıldıqları bildirilir. Birinci ayədə cinlərin mahiyyəti haqda “məaric” kəlməsindən istifadə edilir. Digər ayədə isə “nari-səmum” ifadəsi qeyd olunmuşdur. İbn Abbas “məaric” kəlməsini “təmiz od” kimi şərh etmişdir. Qarışıq alovun tüstüsüz od və ya qırmızı, sarı və yaşıl çaları ilə təmiz od kimi mənaları vardır.[7]

“Səmum” kəlməsi ərəbcə “səmmə” sözünün mübaliğəli ismi-failidir.[8] “Səmum” sözünün lüğəvi mənası “alov kimi əsən isti külək”dir. Digər tərəfdən, bu sözün “zəhər” və “kiçik dəlik” kimi mənaları da vardır. Belə ki, bədəndə tər ifraz olunan kiçik və gözlə görülməyən bölgələr “məsamə” adlanır…[9] Burada məhz “səmum” sözünün işlədilməsi olduqca mühümdür. Çünki buradan cinlərin və şeytanların insanın bədənindəki gizli dəliklərdən daxil olaraq, onları zəhərləyəcək bir mahiyyət kəsb etmələri də başa düşülə bilər.

Mayası “səmum” və “məaric” olan bu varlıqlar forma və surət etibarilə insandan fərqlənirlər. Biz cinləri görə bilməsək də onlar insanları görə biləcək qabiliyyətdə yaradılmışlar. Fikrimizcə, müasir dövrdə bu varlıqların mahiyyətini və mövcudluqlarını izah etmənin çətin olduğu aşkar ikən bəzi müəlliflərin müsbət elmlərin də köməyilə cin mövzusunu aydınlaşdırmaq səyləri məsələni daha da mürəkkəbləşdirir. Məsələn, cinlərin bəzi şüalardan,[10] enerji kütləsindən[11] ibarət və ya bir sıra hədislərdə xəstəliklərin səbəbi kimi bildirilməsinə rəğmən onların mikrob olduğuna dair görüşlər irəli sürülmüşdür.[12] Ancaq nə Quran ayələrində, nə də Peyğəmbərin (s.ə.s) hədislərində cinlərin forma və mahiyyəti təsvir olunmayıb; yalnız odun zəhərli, şiddətli və tüstüsüz olmağı kimi xüsusiyyətləri vurğulanmış, növləri haqda isə məlumat verilməmişdir. Bütün bunları nəzərə alaraq, cinlərin işıq, şüa və ya enerji kütləsi olduğunu əminliklə söyləmək mümkün deyildir.

Gözlə görünməyən varlıqlar

İnsanların cinləri olduqları kimi görmələri qeyri-mümkündür. “Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər” (əl-Əraf, 27). Bəzi müfəssirlər bu ayəyə istinad edərək, insanların cinləri öz əsil surətlərində qətiyyən görə bilməyəcəyini bildirmişlər.[13] Ancaq cinlər yaradılışları etibarilə eynilə mələklər kimi lətif (şəffaf) olduqlarından dolayı cildlərini dəyişə bilirlər. Peyğəmbər (s.ə.s) də bir gecə bir qrup cinlə görüşmüş, onlara Quran oxumuş, səhər açılınca gecə baş verənləri səhabələrinə bildirərək, yandırdıqları ocağın qalıqlarını göstərmişdir. Həmçinin, hədislərdən Peyğəmbərimizin (s.ə.s) cinlərə vəhyi təbliğ etmək məqsədilə onlarla müxtəlif vaxtlarda altı dəfə görüşdüyünü öyrənirik.[14] Bu, “Rəsul əs-Səqaleyn” sifəti ilə Allahın Rəsuluna məxsus bir haldır. Meracda Rəbbi ilə görüşən, Cəbrayıl ilə mütəmadi birlikdə olan sonuncu Peyğəmbərin cinləri görməsi təbiidir. Ancaq Peyğəmbərdən savayı bütün digər insanlar üçün vəziyyət fərqlidir. Belə ki, Uca Allah insanları cinləri görə biləcək qabiliyyətdə yaratmamışdır. İnsanlar cinləri görə bilmədiyi halda cinlər insanları görə bilirlər.[15]

Cinlər əməllərinə görə sorğu-suala çəkiləcəklərmi?

Qurani-Kərim cinlərin də insanlar kimi əməllərindən dolayı məsuliyyət daşıdıqlarını bildirir. Başqa sözlə, onlar da qiyamət günü Uca Allahın hüzurunda sorğu-suala çəkiləcəklər. Bunun insanların və cinlərin yalnız Allaha ibadət etmələri üçün yaradıldığını ifadə edən ayədən aydın olması ilə yanaşı, qeyd edilən xüsus aşağıdakı ayədə də vurğulanmışdır: “Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət (kafir) ümmətlərlə birlikdə haqlarında əzab sözünün (hökmünün) gerçəkləşdiyi kimsələrdir” (Əhqaf, 18); “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?” (əl-Ənam, 130). Ayədə insanlarla yanaşı, cinlərə də xitab edilməsi onların da əməllərindən dolayı məsuliyyət daşıyacaqlarını təsdiqləmək üçündür. Belə ki, Uca Allah elçisini göndərdiyinə və pis əməl sahiblərinin cəzalandırılacağını bildirdiyinə görə, insanların və cinlərin əməllərindən məsuliyyət daşıdıqları aydın olur. İkinci ayənin davamında cinlərin əməllərinə görə cavabdeh olacaqlarına şahid tutulduqları görünür (əl-Ənam, 130). Rəsuli-Əkrəmin dövründə cinlər müəyyən bir məsuliyyət şüuru ilə Quran qarşısında hər işi bir kənara qoymuş, bu ilahi dəvətə üz tutmuş, sonra isə öz qövmlərinin yanına qayıdaraq: “ Ey qövmümüz! Allahın carçısını (Muhəmməd əleyhissəlamı) qəbul edin və ona iman gətirin. Allah (qiyamət günü) günahlarınızdan keçər və sizi şiddətli əzabdan xilas edər!” ( Əhqaf, 31) demişlər.

Cinlərə də peyğəmbər göndərilmişdir

Qurani-Kərimdən cinlərə də peyğəmbər göndərildiyini öyrənirik: “Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!” (İsra, 15). “Doğrudan da, Biz səni haqla (Quranla) müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) bir peyğəmbər (yaxud alim) gəlib-getməsin!” (Fatir, 24).

Müqəddəs kitabın bu ayələrindən cinlərə də peyğəmbər göndərildiyi açıq şəkildə məlum olur. Burada belə bir sual verilə bilər: “Görəsən, cinlərə göndərilən peyğəmbər insanlardan yoxsa elə cinlərdən idimi? Cinlərin də bir ümmət və qövm olduğu nəzərə alındıqda onlara aralarından bir elçinin göndərilməsi təbiidir. Ancaq Həzrəti Məhəmmədin (Ona Allahın salamı və xeyir-duası olsun!) həm insanlara, həm də cinlərə peyğəmbər olaraq göndərildiyi şübhəsizdir və bu məziyyət yalnız ona məxsusdur.

Cinlər də insanlar kimi fərqli cinsdə yaradılıbmı?

Müfəssir Əlmalılı Həmdi Yazır “əl-Cinn” surəsinin: “Həqiqətən, (Cahiliyyət dövründə) bəzi insanlar bir para cinlərə pənah aparır…” (əl-Cinn, 6) ayəsini onların fərqli cildə girə bilmələri qabiliyyətlərindən çıxış edərək, açıqlamışdır. Belə ki, alim əsərində yazır: “Burada cinlərdən bəhs edərkən “rical” kəlməsinin istifadə edilməsi nəzərə alınmalıdır. Bəzi alimlər cinlərdən “rical” olaraq bəhs edilməsinin qeyri-mümkünlüyünü bildirmişlər. Ayədə hər iki “rical” deməklə insanlardan olan “rical” (fərdlər) nəzərdə tutulmuşdur; yəni, insanlardan olan bəzi fərdlər cinlərin şərrindən yenə bəzi (insan olan) “rical”a (insanlara) sığınırdılar. Məsələn, onlar: “bu vadinin günahından Hüzeyfəyə sığınıram”, − deyirdilər. Bu sığınma ölən və ya sağ olan bir insanın adına, ruhaniyyətinə və ya kahinlərə yönəlmə kimi əməli baxımdan ona müraciət surətilə də mümkündür. Bu cür izah da münasibdir. Belə olan təqdirdə ayədən cinlərin erkək və ya dişiliyinə dəlalət edən nəticə hasil olmur. Lakin alimlərin əksəriyyəti insanlardan və cinlərdən bəhs edərkən ayədə “min” şəkilçisindən istifadə olunduğuna görə ayənin zahirinin cinlərin də erkək və dişi olduğuna, erkək cinlərə “rical” kəlməsinin dəlalət etdiyini bildirmişlər. Belə olan halda erkək olan heç bir heyvan haqqında “racul” kəlməsinin işlədilmədiyi nəzərə alınarsa, insanların müqabili olan cinlərin hər hansı heyvan növündən olmayıb insanların daxilində gizli məxluqlar olduğunu hesab etmək lazımdır. Qeyd olunanları nəzərə alaraq, biz cinlər haqqında “rical” təbirinin həqiqəti etibarilə deyil, müəyyən məqamlarda insanlara bənzədiklərinə görə işlədildiyini bildirmək istəyirik.[16]

Cin surəsi

Cinlər haqqında yanlış, şişirdilmiş məlumat və batil inancların əsassız olması, dinlədikləri Quranın cinlərə göstərdiyi təsir və axirət həyatının yəqin (qəti) olduğu həqiqəti bu surədə açıq-aydın ifadələrlə bəyan edilir. Surədən mömin və kafir, yaxşı və pis cinlərin olduğunu, iman gətirməyən cinlərin eynilə kafir insanlar kimi cəhənnəmin yanacağı olacağını öyrənirik. Allaha inanan insanların isə onlardan çəkinib qorxmaları yersizdir. Çünki cinlər Allaha sığınanlara və Onun qoruduğu kəslərə heç bir zərər verə bilməz, özlərinə sığınanlara heç bir faydaları da toxunmaz.

Cinlər qeybi bilirmi?

Adəm övladı tarix boyu ona məlum olmayan şeyləri öyrənməyə can atmışdır. Elə dövrümüzdə ruhçağırma seanslarının keçirilməsi bu həqiqəti ifadə edir. Quran nazil olarkən bəzi insanlar cinlərin qeybdən xəbərdar olduqlarını güman edirdilər. Halbuki Uca Allah peyğəmbərlərdən dilədiyi istisna olmaqla Özünün qeyb aləmindən heç kimi xəbərdar etməmişdir. Digər tərəfdən, Quran nazil olduqdan sonra cinlərin insanlar üzərində keçmişdə olduğu qədər təsirli ola bilmədiyini və ilahi kəlamın qarşısında acizliklərini etiraf etdiklərini hədislərdən öyrənirik.

Məsələn, gəlin, səhabələrdən İbn Abbasın “əl-Cinn” surəsinin nazil olma səbəbi barədə rəvayət etdiyi hədisi oxuyaq: “Şeytanlara səmadan xəbər almaları qadağan edildiyi bir vaxtda Allahın Rəsulu bir neçə səhabəsi ilə birlikdə Ukaz bazarına doğru gedirdi. Qövmləri səmadan qovularaq geri qayıdan şeytanlardan nə üçün heç bir xəbər gətirə bilmədiklərini soruşduqda, onlar maneə ilə rastlaşdıqlarını və üzərilərinə alov atıldığını söylədilər. Qövmləri onlardan hər tərəfə yayılaraq, bunun səbəbini öyrənmələrini istəyir. Aralarından Tihaməyə doğru irəliləyənlər Ukaz bazarına getmək üçün Nəhləyə gəlmiş Peyğəmbərin olduğu yerə çatmışdılar. Həmin vaxt səhabələrinə səhər namazını qıldıran Allahın rəsulunun oxuduğu Quran ayələrini eşidənlər xəbər almalarına maneə törədən şeyin nə olduğunu başa düşərək, geri qayıtdılar və onları heyran qoyan Qurana inandıqlarını, artıq Rəblərinə heç bir şeyi şərik qoşmayacaqlarını bildirdilər”.

Nəticə

Quranın ayrıca surə və iyirmi ayə ilə bəyan etdiyi prinsiplərdən başa düşürük ki, cinlər insanlardan bir o qədər də fərqli məxluqlar deyillər. Cinlərin insanların nəzərində həmişə qorxunc məxluq sayılmaları onların həm gözlə görülməməsindən, həm də fərqli formada yaradılmalarından, məsələn, qatı maddələrdən keçə bilmə qabiliyyətinə malik olmaları kimi xüsusiyyətlərindən irəli gəlir. Ancaq bu məxluqların pis əməllərə daha meylli olduqları da başa düşülür. Cinlərin təsirindən xilas olmaq və onların hücumlarına məruz qalmamaq üçün sehr və ya caduya baş vurmaq əvəzinə Quran oxumaqdan, Allahla əlaqəni daha da sağlamlaşdırıb ibadət etməkdən savayı digər yollara üz tutmaq doğru deyildir.

Dr. Faruk Tuncer

Yazı “Yeni Ümit” dərgisinin 1997-ci il tarixli 38-ci sayından götürülmüşdür.


[1] Rəğib əl-İsfəhani, Müfrədat. Cin maddəsi.

[2] Asım Əfəndi, Qamus. Cin maddəsi.

[3] Asım Əfəndi, Qamus. Cin maddəsi.

[4] Müfrədat. Cin maddəsi.

[5] Matta, 12/28; Luka, II/20.

[6] Cahiz, K. Hayavan, VI/164.

[7] Müfrədat, “MRC” maddəsi.

[8] Qamus, “SMM’ maddəsi.

[9] Əlmalılı, 5/207.

[10] A. Xülusi, s. 61.

[11] Nurbaki, s. 53.

[12] Mənar, III/96.

[13] Məfatih, 10/335.

[14] Buxari, Mənaqib. 132; Müslim, Zöhd, 60.

[15] Əl-Qürtubi, 19/5; Alusi, 29/83.

[16] Əlmalılı, 8/5014.



Açar sözləri

cin cinlər ruh şeytan

Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Şeytanın oyunları

Şeytan insanları haqq yoldan azdırmaq üçün hansı üsullardan istifadə edir?

Almaz ilə kömürün fərqi

“Əraf” surəsinin 179-cu ayəsinin hikməti nədir? Əgər insanların çoxu cəhənnəmə gedəcəksə və Allah Təala da bunu əvvəlcədən bilirdisə, o zaman bu qədər insanı Cəhənnəmə gedib əziyyət çəkməsi üçünmü yaratdı?

dost
İnsana nə vaxt ruh verilir?

Sual: Ana bətnindəki körpəyə nə vaxt ruh verilir?

Üç hərfli varlıqlar – cinlər

Cin sözünü eşidəndə ürpəririk. Bu səbəbdən də cin sözünün əvəzinə üç hərfli varlıqlar ifadəsindən istifadə edirik. Cin deyəndə həmin varlıqlar yanımıza gəldiyini düşünürük. Bu varlıqların insanlarla ortaq bir çox xüsusiyyətləri var. Əsas fərq ondan ibarətdir ki, biz onları görmədiyimiz təqdirdə, onlar bizi gözə bilirlər. Onlar təkcə adının çəkildiyi yerdə yox, hər yerdə ola bilirlər.


Şərh yaz