2. 355 dəfə oxunub ,   0 şərh   Çap et

İslamda Uca Yaradana aid vəzifələrini yerinə yetirən bir insanın işləməsi ibadət qəbul edilmişdir. Dolayısilə, işçinin əməyi müqəddəsdir, dəyərlidir. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm): “Heç kim öz əlinin əməyindən daha təmiz qazanc əldə edə bilməz”, – buyurmuş və peyğəmbər olmaqla yanaşı öz alın təri ilə yaşayan Həzrəti Davudu misal göstərmiş (İbn Macə, Ticarət, 1) uşaqlarına ruzi qazanmaq, ana və atasının ehtiyacını təmin etmək və ya özünə çörək qazanmaq üçün evindən çıxan bir şəxsin evinə qayıdanadək Allah yolunda olduğunu söyləmişdir. Ayrıca heç kimə möhtac olmamaq və ana-atasının, arvad-uşağının kimsəyə əl açmaması üçün işə gedən bir insanın hər addımda ibadət savabı aldığını bildirmişdir.

Bir gün Allah Rəsulu səhabə Hz. Muazla əl verib görüşəndə: “Muaz, əllərin qabar bağlayıb!” – deyir. Hz. Muaz belə cavab verir: “Bəli, ya Rəsulullah, əlimdə bel torpaq işi ilə məşğul olur və bu yolla ailə-uşağımın ruzisini qazanıram”. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ədəb və heysiyyəti ilə çalışan bütün işçilərin timsalında Hz Muazı öpüb buyurur: “Bu əli Cəhənnəm yandırmaz”.

Yenə bir gün Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Mədinədə səhabələrlə birlikdə oturarkən ora bir gənc dilənçi gəlir. O, özünün və ailəsinin ac olduğunu söyləyir, kömək istəyirdi. Allah Rəsulu Hz. Əlini həmin adamın evinə göndərir. Hz. Əli evdə uşaqların üstünə örtülmüş bir kilim və qazandan başqa heç nə görmür. Rəsulullah (sallallahu əleyhi və səlləm) Həzrəti Əliyə o kilim və qazanı bazarda satıb bir ip almağı tapşırır. Həzrəti Əli deyiləni edir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ipi həmin yoxsula uzadaraq: “Al, bunu dağlara get, odun yığıb satmaqla pul qazanmağa çalış. Qırx gün evinə getmə. Bu müddət ərzində evin bütün ehtiyaclarını biz verəcəyik”, – buyurur. O da qırx gün sonra qazandığı pulla Rəsulullahın hüzuruna gəlir. Allah Rəsulu həmin pula Mədinədə bir dükan açdırır və beləliklə, gənc ailəsinin dolanışığını təmin etməyə başlayır. Bu hadisədən sonra Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurur: “Sizdən birinizin dağdan odun toplaması, sonra da onu belinə alaraq bazara aparması və satmaqla ehtiyacını təmin etməsi kiminsə yanında gedib bir şey istəməkdən daha xeyirlidir” (Buxari, Büyu, 15).

Allah Rəsulu əməyə önəm verdiyi kimi, işçi hüquqlarının qorunması, əmək haqlarının vaxtında və tam verilməsi, onlarla gözəl rəftar etmə xüsuslarında da bir çox tövsiyələr vermişdir. Bir hədisində: “Allah-Təala işlətdiyi işçidən çoxlu gəlir götürdüyü halda, onun məvacibini kəsən şəxsin axirət həyatında düşməni olacaq!” – buyurmuş (Buxari, İcarə, 10), bir qüdsi hədisində bu ilahi xəbərdarlığı səsləndirmişdi: “Qiyamət günü üç zümrəyə düşmən kəsiləcəyəm: Mənim adımdan istifadə edib haqsızlıq edənə, azad insanı (qul kimi) satıb pulunu yeyənə, bir işçini işlədib haqqını verməyənə!” (Buxari, İcarə, 12, 15).

 




Şərh yaz