8. 028 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulu (s.ə.s) hər məsələdə olduğu kimi, oturuş məsələsində də müsəlmanların həyatına bir sıra prinsiplər gətirmiş, müəyyən qaydalar qoymuşdur. Bunlar hər bir insana aid olan ədəb-əxlaq qaydalarıdır. Dinimizin bəsit görünən bu cür məsələlərdə də müəyyən qaydalar ehtiva etməsi onun mükəmməlliyini göstərir.

Diz üstə oturmaq

Peyğəmbərimiz (s.ə.s) adətən diz üstə oturmuşdur. Buna görə də rəvayətlərdə Allah Rəsulunun diz üstə oturuşundan xüsusi bəhs edilmir. Yəni O, həmişə belə oturduğundan bu oturuş xüsusi olaraq qeyd edilməmişdir. Hədis mətnlərində “Diz üstə oturmuşdu,” “Diz üstə oturduğunu gördüm” kimi ifadələrə rast gəlinmir.  

Cəbrail hədisi kimi məşhur olan hədisi-şərifdə Rəsulullahın diz üstə oturduğunu, ancaq bunun ravi tərəfindən xüsusi qeyd edilmədiyini görürük. Həzrət Ömər oğlu Abdullah ibn Ömərə (r.a) hadisəni belə nəql edir: “Bir gün Allah Rəsulunun hüzurunda idik. Elə bu vaxt ağ paltarlı, qapqara saçlı bir adam yanımıza gəldi. Üst-başından yoldan gələnə oxşamırdı. Heç birimiz onu tanımırdıq. Birbaşa Rəsulullahın qarşısında oturdu və dizlərini Onun dizlərinə dayadı…”[1]

Eyni hadisə haqqında Əbu Hüreyrənin (r.a) rəvayəti belədir: “Bir gün Allah Rəsulu mənə sual verin”, − deyə buyurdu. Səhabələr Ondan bir şey soruşmağa çəkindilər. Elə bu vaxt bir nəfər gəldi. Allah Rəsulunun (s.ə.s) dizinin dibində oturdu…”[2]

Bu kimi hədisi-şəriflərdə Peyğəmbərimizin (s.ə.s) diz üstə oturduğunu görürük.

Bardaş qurub oturması

Allah Rəsulunun (s.ə.s) bir oturuş tərzi də ərəbcə “tərabbu” adlanan bardaş qurub oturmaqdır. Cabir ibn Səmurə (r.a) nəql edir: “Allah Rəsulu sübh namazını qılandan sonra gün qalxanadək bardaş qurub oturardı”[3].

Allah Rəsulu (s.ə.s) sübh namazını qılandan sonra, günəş doğana qədər namaz qıldığı yerdə üzü qibləyə bardaş qurub oturardı. Bu vaxt zikr və təfəkkürlə məşğul olar, səhabələrin suallarına cavab verib istəklərini yerinə yetirməyə çalışardı.

Bardaş qurub oturmaq həm ədəb qaydalarına uyğundur, həm də rahat oturuş tərzidir. Buna görə də Allah Rəsulu (s.ə.s) belə oturmağı xoşlayırdı. Hətta sadəcə məsciddə deyil, evdə, iştirak etdiyi məclislərdə də bu cür oturardı.

Əllərlə dizləri qucaqlayıb oturmaq

Allah Rəsulunun (s.ə.s) digər bir oturuş tərzi isə əllərlə dizləri qucaqlayıb oturmaqdır. Ərəbcə “kurfusa” adlanan bu oturuş tərzinin dilimizdə tam qarşılığı yoxdur.

Səhabələr bəzən Allah Rəsulunun (s.ə.s) bu cür oturduğunu görmüşdülər. Abdullah ibn Ömər (r.a) nəql edir: “Allah Rəsulunun Kəbənin həyətində əlləri ilə dizlərini tutub oturduğunu gördüm”[4].

Qaylə binti Məhrəmə (r.a) nəql edir: “Müsəlman olmaq üçün Allah Rəsulunun hüzuruna gələndə dizlərini qucaqlayıb oturmuşdu. Onun belə xüşu və hüzur içində oturduğunu görəndə qorxudan canıma titrəmə gəldi”[5].

Çöməlib oturmaq

Allah Rəsulunun (s.ə.s) başqa oturuş tərzi də çöməlib oturmaqdır. Hədis mətnlərində “ihtifaz” və ya “iqa” sözləri ilə ifadə edilən bu oturuşdan bəzən yemək yeyərkən istifadə etmişdir. Bununla bağlı Ənəs ibn Malik (r.a): “Mən Allah Rəsulunun çöməlib xurma yediyini gördüm”, − demişdi[6].

Ayaqları sallayıb oturmaq

Bu oturuş tərzi açıq ərazidə hündür daşın, divarın üstündə və ya quyu, hovuzun başında oturub ayaqları aşağı sallamaqdır. Əbu Musa əl-Əşari (r.a) nəql edir: “Allah Rəsulu bir neçə səhabə ilə birlikdə Əris quyusunun kənarında oturub ayaqlarını quyunun içinə doğru sallamışdı”[7].

Allah Rəsulu (s.ə.s) bəzi oturuş tərzini xoşlamamış və səhabələrini də bu cür oturuşdan çəkindirmişdir.

Əlin birini arxaya uzadıb oturmaq

Bir əlin ovucunu arxada yerə söykəyərək oturmaq Rəsulullah (s.ə.s) tərəfindən xoş qarşılanmamışdır. Şərid ibn Süveyddən (r.a) gələn bu hədis diqqət çəkir: “Bir gün sol əlimi arxamda yerə dayayaraq qoluma söykənib oturmuşdum. Allah Rəsulu yanıma gəldi və “Allahın qəzəbinə tuş gələnlər kimi oturmaq istəyirsən?!” buyurdu”[8].

Rəsulullah (s.ə.s) səhabələrdə görüb bəyənmədiyi hərəkət və davranışlara dərhal müdaxilə edərdi. Burada da sözügedən oturuş tərzindən xoşlanmadığını açıq-aşkar görürük. Çünki Allah-Təalanın xoşuna gəlməyən işləri görənlər Allahın mərhəmətindən uzaqlaşırlar. Mərhəmətdən uzaqlaşanlar isə Allahın qəzəbinə tuş gəlirlər. Bu oturuş tərzi Allahın qəzəbinə tuş gəldiyinə, bir az da insanı təkəbbür və qürura sövq etdiyinə görə Rəsulullah (s.ə.s) əshabına xəbərdarlıq etmişdir.

Əlləri arxaya söykəyib oturmaq  

Bir əli arxada yerə dayayıb oturmaq kimi, iki əli arxaya dayayıb oturmaq da xoş qarşılanmamışdır. Çünki bu da təkəbbürlü insanların oturuş tərzidir.

Namünasib yerlərdə oturmaq

Allah Rəsulu (s.ə.s) namünasib yerlərdə oturmağı xoş qarşılamamışdır. Bu yerlərdən biri də yolların kənarıdır. Əbu Səid əl-Xudri (radiyallahu anh) nəql edir: “Allah Rəsulu:

– Yollarda oturmaqdan çəkinin, − buyurdu.

Səhabələr:

– Biz buna məcburuq. İşlərimizi orada yoluna qoyuruq, − dedilər.

Allah Rəsulu:

– Oturmaqdan vaz keçməyəcəksinizsə, o halda yolun haqqını verin, − buyurdu.

Onlar bunu eşidib:

– Yolun haqqı nədir, ey Allahın Rəsulu? – dedilər.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm):

– Harama baxmamaq, gəlib-gedənləri incitməmək (yolları insanlara əziyyət verən (çör-çöp kimi) şeylərdən təmizləmək), verilən salamı almaq, insanları yaxşı işlərə təşviq edib pis əməllərdən çəkindirməkdir, – buyurdu”[9].

İnsanların gəlib-getdiyi yerlərdə sırf vaxt keçirmək, söhbət etmək üçün oturmaq bəyənilən davranış deyil. Ancaq bir zərurətə görə oturanda Allah Rəsulunun (s.ə.s) tövsiyəsinə əməl eləmək lazımdır.

Xülasə, yerdə oturanda, diz üstə, bardaş quraraq, çömələrək, əllərimizlə dizlərimizi qucaqlayaraq oturmağa çalışmalı, bunun əksinə, bir əli və ya əlləri arxaya uzadaraq oturmamalıyıq. Bundan savayı, icazə almadan iki nəfərin arasında, dairəvi şəkildə əyləşmiş adamların ortasında və dinin məsxərəyə qoyulduğu yerlərdə oturmaq doğru deyil.

Məclislərdə oturuş ədəbinə riayət edilməsi

Allah Rəsulu (s.ə.s) məsclislərin oturuş ədəbi ilə əlaqədar bəzi tövsiyələr vermişdir. Allah Rəsulu (s.ə.s) buyurur: “Heç kim bir adamı yerindən qaldırıb onun yerində oturmasın. Ancaq oturduğunuz halqanı genişləndirin”[10].  Başqa bir hədisi-şərifində oturduğu yerdən qalxan bir şəxsin geri qayıdanda əvvəlki yerində oturmağa hamıdan çox haqqı olduğunu bildirmişdir”[11]. Buna görə də səhabələr bir məclisə girəndə heç kimi narahat etmədən boş yerlərdə oturardılar. Cabir ibn Səmurə (r.a) deyir: “Peyğəmbərimizin hüzuruna gələndə qabağımıza çıxan ilk boş yerdə oturardıq. (Yuxarı tərəfə keçmək üçün heç kimi narahat etməzdik)”[12].

Bəli, bir məclisdə sonradan gələnlərin yuxarı tərəfə keçməsi, keçmək istəməsi doğru deyildir. Məclis əhli bundan narahat ola bilər. Hədisi-şəriflərdən də göründüyü kimi məclisə sonradan gələnlər otursun deyə halqanı genişləndirmək və ya daha sıx oturmaq lazımdır. Məclisin ədəbi bu şəklildə davranmaqdır. Qurani-Kərimdə bu davranışın əhəmiyyəti: “Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer açın!” – deyildiyi zaman dərhal yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin[13] ayəsi ilə bəyan edilir.

İcazə almadan iki şəxsin arasında oturmaq

Allah Rəsulu (s.ə.s) tərəfindən tövsiyə edilən məclislərin vacib ədəblərindən biri də icazə almadan iki şəxsin arasında oturmamaqdır. Amr ibn Şuayb (r.a) Allah Rəsulunun belə buyurduğunu nəql edir: “İcazə almadan iki nəfərin arasında oturmaq doğru deyildir”[14].

Məscidlərdə insanların çiyinlərinə basa-basa ön cərgələrə keçməyə çalışmaq da xoş qarşılanmır. Bu məsələ ilə bağlı Peyğəmbərimizin (s.ə.s) dövründə olmuş bir hadisəni Ənəs ibn Malik (r.a) belə nəql edir:

“Allah Rəsulu bir gün xütbə verəndə bir nəfər gəldi. İnsanların çiyinlərinə basa-basa ön cərgəyə keçib Rəsulullahın yaxınlığında oturdu. Allah Rəsulu namazı bitirəndən sonra üzünü həmin adama tutub soruşdu:

– Ey filankəs, sənin bizimlə cümə namazı qılmağına nə mane olur? − dedi.

– Ya Rəsulallah! Bu yerdə oturmaq üçün belə etdim, − dedi. Allah Rəsulu:

– Səni insanların çiynindən basdığını və onlara əziyyət verdiyini gördüm. Bunu yaxşı bil ki, müsəlmana əziyyət verən mənə əziyyət etmiş, mənə əziyyət edən də Allaha əziyyət vermiş olur, − buyurdu”[15].

Allah Rəsulu həmin adama namaz qılmasına baxmayaraq, “Niyə cümə namazını qılmadın?” deməklə yanlış hərəkət etdiyini bildirmək istəmişdi. Həmin şəxsin namazı məqbul ola bilər, lakin insanlara əziyyət verməsi heç də yaxşı hərəkət deyil. Ona görə də Allah Rəsulu (sallallahu aleyhi və səlləm) həmin adama xəbərdarlıq etmişdir.

Halqanın düz ortasında oturmamaq

Söhbət və ya vəz dinləmək, yaxud dini elmlərdən dərs keçmək üçün toplanan bir halqanın düz ortasında oturmaq düzgün davranış deyil. Allah Rəsulu (s.ə.s) “Halqa şəklində əyləşən bir məclisin ortasında oturan şəxsin doğru hərəkət eləmədiyini”[16]bəyan etmişdir.

Dinin məsxərəyə qoyulduğu yerlərdə, məclislərdə oturmamaq

Bir müsəlmanın dini düşüncələrin məsxərəyə qoyulduğu məclislərdə oturması doğru deyildir. Bu Qurani-Kərimdə: “Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə keçməyincə onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onlar kimi olarsınız![17] ayəsi ilə qadağan edilmişdir.

Peyğəmbərimiz (s.ə.s) dini düşüncələr məsxərəyə qoyulmasa da, lüzumsuz məsələlərdən danışılan məclislərdə oturmaqla bağlı buyurur: “Kim lüzumsuz söhbətlərin çox olduğu yerlərdə oturar və oradan qalxanda bu duanı oxuyarsa, işlədiyi günahlardan arınmış olar: “Allahım! Səni həmdinlə təsbeh edir, Səndən başqa ilah olmadığına şəhadət gətirirəm. Səndən əfv diləyir və Sənə tövbə edirəm”[18].

[1] Müslim, “İman”, 1.

[2] Müslim, “İman”, 1.

[3] Əbu Davud, “Ədəb”, 26.

[4] Buxari, “İstizan”, 34.

[5] Əbu Davud, “Ədəb”, 22.

[6] Müslim, “Əşribə”, 148-149

[7] Buxari, “Əshabün-nəbi”, 5

[8] Əbu Davud, “Ədəb” 24

[9] Buxari, “Məzalim”, 22; Müslim, “Libas”, 114

[10] Buxari, “Cümə”, 20

[11] Müslim, “Salam”, 31

[12] Əbu Davud, “Ədəb”, 14

[13] “Mücadilə” surəsi, 58/11

[14] Əbu Davud, “Ədəb”, 21

[15] Heysəmi, “Məcməüz-zəvaid”, 2/179

[16] Əbu Davud, “Ədəb”, 14

[17] “Nisa” surəsi, 4/140

[18] Tirmizi, “Dəavət”, 39



Açar sözləri

oturmaq oturuş

Bənzər məqalələr

Təhiyyat duası

İbn Məsud (r.a.) nəql edir: Ovcum Rəsulullahın (s.ə.s.) ovucları içində, O, mənə əttəhiyyat duasını bir Quran  surəsi kimi öyrətdi.


Şərh yaz