7. 432 dəfə oxunub ,   0 şərh   Çap et

Qəməri təqviminin doqquzuncu ayı ramazan adlanır. Ramazan Müsəlmanların oruc tutmaqla mükəlləf olduğu, dinimizdə uca və müqəddəs sayılan bir aydır. Əvvəlinə şəhr (ay) sözü əlavə olunaraq “شَهْرُ رَمَضَانَ” “şəhri-razaman” (ramazan ayı) şəklində də işlənir.

“Ramazan” sözünün kökü müxtəlif şəkildə izah edilmişdir:

1.”رَمَضِىٌّ” “Ramadiyy”dən götürülüb. Yay fəslinin sonu payızın əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağışa “Ramadiyy”  deyilir. Bu yağış yer üzünü təmizlədiyi kimi, ramazan ayı da mö­min­ləri günahın çirkindən-pasından arındırır. Peyğəmbərimiz (s.a.s.): “Kim inanaraq və savabını Allahdan gözləyərək ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanır”,[1] – buyurmuşdur ki, yuxarıdakı fikir də bu hədislə üst-üstə düşür.

2.”رَمِضَ” “Ramida” sözündən meydana gəlib. “Ramida” günəşin qızmar şüaları altında daşların yanıb qızması mənasına gəlir. Belə bir isti yerdə yeriyənlərin ayaqları yanar, əziyyət və məşəqqət çəkərlər. Bunun kimi oruc tutan da aclıq və susuzluqdan dil-dodağı təpisə də, dözür, məşəqqətə qatlanır, içi yanır. Qızmar yer orada yeriyənlərin ayaqlarını yandırdığı kimi, ramazan da möminlərin günahlarını yandırıb yox edir.[2]

Bir hədisdə “əvvəli rəhmət, ortası məğfirət (bağışlanma), sonu əzabdan qurtuluş” deyə səciyyələndirilən ramazan ayının ən mübarək gecəsində Quran nazil olmağa başlamışdır.[3] Uca Rəbbimiz Quranda belə buyurmuşdu: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq-aşkar dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir… Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz”.[4]

Ramazan ayı on bir ayın sultanıdır. Əbu Hureyrə (r.a.) Rəsulullahın (s.a.s.) belə buyurduğunu rəvayət edir:

“Kim inanaraq və mükafatını sırf Allahdan gözləyərək ramazan orucunu tutarsa,­ onun keçmiş günahları bağışlanar və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları əfv olunar”.[5]

Bu hədisi-şərif ramazanla gələn bərəkətə qəlbən inanan, ixlas və səmimiyyətlə oruc tutub bu mübarək ayı ibadət və itaətlə dəyərləndirən və savabını yalnız Allahdan gözləyən möminlərin keçmiş günahlarının bağışlanacağını müjdə vermişdir.[6]

Min aydan daha xeyirli olan Qədr gecəsi ramazan ayındadır. (“Qədir” surəsi, 97/3)

Dinimizin İslamın əsaslarından biri olan oruc ibadətini bu ayda yerinə yetiririk. Qurani-Kərimdə: “Kim bu aya yetişərsə, oruc tutsun”, – buyurulur.[7] Fitr sədəqəsi, təravih namazı, etiqaf bu aya məxsus ibadətlərdəndir.

Ramazan ayının fəzilətləri ilə bağlı hədislərdən bəziləri

“Cəbrail (ə.) hər gecə Rəsulullahla (s.a.s.) görüşüb, Quranı ərz edər, oxuyardı”.[8]

“Ramazan ayı girəndə Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlar[9] zəncirə vurulur Rəsulullah (s.a.s.) bir şaban ayının son günü belə xitab etdi: “Ey insanlar! Uca və bərəkətli ayın kölgəsi üstünüzə düşdü. O ayda bir gecə vardır, min aydan xeyirlidir. Allah o ay oruc tutmağı fərz buyurdu. Gecə vaxtı ibadət etməyi (təravih qılmağı) nafilə buyurdu. O ayda xeyirli bir iş görmək digər aylarda bir fərzi yerinə yetirməyə bərabərdir. O ayda bir fərz ibadəti yerinə yetirmək isə digər aylarda yetmiş fərzi yerinə yetirməyə bərabərdir. O, səbir, yardımlaşma ayıdır, səbrin mükafatı isə Cənnətdir. O ay möminin ruzisi çoxalır. O ayda kim bir orucluya iftar verərsə, günahları bağışlanar, cəhənnəm əzabından xilas olar. Həm də  iftar verdiyi oruclunun savabı qədər savab qazanar. Oruclunun savabı da azalmaz”. Səhabələr: “Ya Rəsulallah! Orucluya iftar verməyə hamının imkanı yoxdur!” – dedilər. Rəsulullah (s.a.s.): “Allah bu savabı quru bir xurma, bir qurtum süd və  ya su ilə iftar verənə də lütf edir. Bu ayın əvvəli rəhmət, ortası bağışlanma, sonu isə Cəhənnəm əzabından qurtuluşdur. Allah bu ayda kölə və xidmətçilərinin yükünü azaldanları bağışlayar və Cəhənnəm atəşindən qurtarar”.[10]

 


[1] Buxari, Savm 6
[2] Elmalılı M. Hamdi Yazır, Hak Dini Kuran Dili, Bakara, 2/185 ayet tefsiri

[3] Elmalılı M. Hamdi Yazır, Hak Dini Kuran Dili,  Bakara, 2/185. ayet tefsiri.

[4] “Bəqərə” surəsi, 2/185

[5] Buxari, İman 25, 27, 28, 35; Savm 6, Təravih 1; Müslim, Müsafirin 173-176

[6] “İnanaraq” kəlməsi İslamın bütün imanı məsələlərinə və orucla bağlı dini hökmlərə qəlbən inan­mağı, orucun fərz olmasına, böyük mükafat gətirəcəyinə və hər şeyin fövqündə olan ilahi rizaya vəsilə olacağına tərəddüdsüz iman etməyi vurğulayır. “Savabı Allahdan gözləmək” maddi mənafe güdməmək, yalnız Allahın xoşnudluğunu istəmək və mükafatı Onun mərhəmətindən ummaq deməkdir. Xeyirxah işlər və ibadətlər sırf ixlas və səmimiyyətlə edilməli, riya və sümaya (riyakarlıq, ikiüzlülük) yol verilməməlidir. Hər bir əməli camaat alqışlasın və bəyənsin deyə deyil, əksinə sırf Allah üçün etməli və bütün umacağımızı da Allahdan gözləməliyik

[7] “Bəqərə” surəsi, 2/185

[8] Buxari, Savm 7

[9] Ramazana dair işlənən “şeytanların zəncirə vurulması”, “Cənnətin qapılarının açılması”, “Cə­hənnəmin qapılarının bağlanması” kimi məfhumlar müxtəlif şəkillərdə şərh olunmuşdur. Qazı İyaz deyir: “Bu sözlər ehtimal ki, zahiri mənaları etibarilə həqiqi anlamda işlənmişdir. Bütün bunlar ramazan ayının girməsinə, hörmətinin böyüklüyünə və möminlərə əziyyətin şeytanlara qadağan edilməsinə bir əlamət və işarədir. Həmçinin ola bilsin ki, bu məfhumlar savabın və əfvin çoxluğuna, şeytanın hiylələrinin  azaldılmasına və onların zəncirə vurulduğuna işarə edir.

Bəzi rəvayətlərdə səma qapılarının açılmasından bəhs edilir. Alim Türbüştiyə görə, bununla yer üzünə mərhəmətin enməsi, qapıların bağlanmaması isə əməllərin bəzən ilahi yardım, bəzən də hüsnü-qəbul sayəsində ilahi dərgaha yüksəlməsi nəzərdə tutulur. O yazır: “Cəhənnəm qapılarının bağlanması” ifadəsi ilə orucluların nəfsinin kirdən təmizlənməsi və şəhvətin cilovlanması nəticəsində günaha çəkən səbəblərdən qurtulması qəsd edilmişdir”.

Qurtubi də hədisin zahirinə istinad edərək bildirir: “”Əgər şeytanlar zəncirlənsə idi, ramazanda bu qədər şər və günah əməllərlə qarşılaşardıq?” – deyə sual verilsə, cavabımız belə olar: “Bəli, orucu şərtinə və ədəbinə riayət edərək tutanlarda bu kimi günahlara çox az rast gəlinir. Şeytanların hamısı deyil, bir qismi zəncirə vurulur. Belə ki, bu məqam bəzi rəvayətlərdə də əksini tapır”.

Bəzi alimlər, ramazanda şeytanların bağlanmasını belə izah edirlər: “Bu mükəlləfiyyətlərdə üzrün aradan qaldırılmasına bir işarədir. Yəni: “Şeytanlar artıq sənə zərər verməyəcək, nə ibadətləri tərk edəndə, nə də günah işləyəndə onları bəhanə gətirən səbəb göstərə bilməzsən”.

Ən azğın, ipə-sapa yatmayan və gözü dönmüş şeytanlar bu mübarək ayda zəncirə vurulur. Bir həqiqətdir ki, bəşər övladı ramazani-şərifdə də xətalar edir, günah işləyir və böyük yanlışlıqlara yol verir. Lakin möminlərin Quran ayında böyük mənəvi feyz qazandığını nəzərə alsaq, təbii ki, şeytan bunu həzm etməz, onları günahlara çəkmək üçün hər cür hiyləyə əl atardı. Bütün bunlar da ramazan ayında azğın şeytanların əl-qolunun bağlandığını göstərir.

Ubadə b. əs Sabit (r.a.) nəql edir: “Ramazan ayı yenicə girmişdi, Rəsulullah (s.a.s.) buyurdu: “Bərəkət ayı ramazan gəldi. Bu ayda Allah sizi mərhəməti ilə bürüyər, günahları bağışlayıb, duaları qəbul edər. Allah bu ayda sizin xeyirli işlərdə yarışmağınıza baxar və mələklərinin yanında sizinlə fəxr edər. Allaha gözəl əməllər təqdim edin. Bu ayda şaqi, günahkar Allahın rəhmətindən məhrum qalar”.

[10] Münziri, ət-Tərğib 2/94-95



Bənzər məqalələr

Ramazanın hər gününə bir dua

Ən gözəl dualar Rəbbimizin Quranda bildirdiyi, sonra da Peyğəmbərimizin etdiyi dualardır. Burada Allah Rəsulunun ən çox etdiyi dualar arasından hər günə bir dua, yəni 30 dua vermək istəyirik:

Orucun ictimai faydaları

Oruc sayəsində (xüsusən, ramazanda) eyni anda oruca başlamaq,bayramı bir yerdə qarşılamaq və s. insanlar arasında qardaşlıq və sevgi bağlarını gücləndirir.

Oruc ac-susuz qalmaq deyil

Oruc tutan insan bütün pis əməllərdən uzaq olmalıdır. Yəni oruc tumaq yalnız ac-susuz qalmaq demək deyildir. İnsan, xüsusən də, oruc tutanlar bütün üzvlərini günahlardan qorumalı, minalanmış ərazidə gəzirmiş kimi diqqətli olmalıdır. Bir sözlə, o, şeytanın günah oxlarından qorunmaq üçün əlinə, ayağına, başına, qulağına zireh geyməli və onların təsirinə məruz qalmamağa çalışmalıdır.

Ramazan orucunun fərz buyurulması

Ramazan orucu hicrətin ikinci ilində Bədir döyüşündən əvvəl fərz buyurulmuşdur. Peyğəmbərimiz (s.ə.s.) bütün həyatı boyu doqquz il ramazan orucu tutmuşdur və bu müddət yay aylarına təsadüf etmişdir.

Ramazan ayında daha çox yaxşı işlər görmək

Allah Rəsulu (s.ə.s.) ən səxavətli insan idi. Onun bu səxavəti ramazan ayı girib Cəbraillə (ə.s.) görüşəndə daha da artardı.


Şərh yaz