8. 159 dəfə oxunub ,   1 şərh   Çap et

  • Üç ayların – Rəcəb, Şaban və Ramazanın özünəməxsus gözəlliyi var. Rəsulullah (s.a.s) bir hədisində üç aylarda belə dua etməyi tövsiyə etmişdir:

Allahım Rəcəb və Şabanı haqımızda xeyirli-bərəkətli eylə, bizləri Ramazana qovuşdur“.

(Əhməd ibn Hənbəl, Müsnəd, I, 259)

Bəzən insan əsl yaradılış qayəsini unudaraq qəflətə düşür. Əsas məqsəd Allahın rizasını, itirilmiş cənnəti qazanmaq ikən, sanki əlində qurtuluş bileti varmış kimi arxayınlaşır. Ölümün qəlfətən başının üstünü kəsdirəcəyini sanki unudur. Amma bilir ki, cənnətlik olmaq o qədər də asan deyil və ora layiq olmaq üçün əlindən gələni etməlidir. Rəbbimizin lütfü, rəhməti olmadan cənnəti qazana bilmərik. Ancaq o istiqamətdə atılan kiçik addımlar, səy və cəhdlər bizim bağışlanmağımıza vəsilə ola bilər. 

Allah-Təala rəhməti gərəyi bəzi zamanları dəyərləndirən insanlara xüsusi fürsətlər vermişdir. İnsan həmin zamanlara daxil olarkən işin əhəmiyyətini daha yaxşı anlayar.

Həftənin günlərinin ən xeyirlisi Cümə, gecələrdən Qədir, gündüzlərdən Ərafat, aylardan da Ramazandır. Ramazan ayına da əvvəlcədən hazırlaşmaq daha gözəldir. Necə ki, bir idmançı yarışa bir neçə ay əvvəldən hazırlaşmağa başlayır. Əgər o, buna ehtiyac yoxdur deyib “tənbəl dovşan” kimi yatsa, yarışmadan əliboş qayıdar.

Əfv və mərhəmətin daha çox olduğu Ramazan ayına da əvvəlcədən hazırlaşmaq lazımdır. Ona görə də üç ayları da bu düşüncə ilə dəyərləndirməliyik. Rəcəb və Şaban ayında sanki yarışa hazırlaşırmış kimi Ramazana hazırlaşmalı, Ramazandan mənəvi iqlimindən maksimum səviyyədə faydalanmaq üçün əlimizdən gələni etməliyik.

Rəcəb ayının ilk cümə gecəsi “Rəğaib” gecəsidir. Rəğaib kəlməsi “çox rəğbət edilən, qiymətli, dəyərli” mənalarına gələn “rağib” sözünün cəmidir. “Rəğaib” kəlməsi rəğbətdən gəlir, “yönəlmək”, “meyl etmək” deməkdir. Qəflət yuxusundan oyanmaq, üzərimizdəki örtüyü sıyırıb atmaq üçün bizə verilən bir fürsətdir. Allah qatında “Rəgaib gecəsi” bəlkə də bizim dəyərləndirmək istədiyimiz gecə olmaya bilər.

Üç aylar artıq başladı. Günlər keçir. Elə bu gecəni vəsilə edə, rəğaibimizə bu gecə başlaya bilərik. Titrək səslərlə Uca Dərgaha yönələrkən “Allahım, mən gəldim. Nə olar məni də saleh bəndələrindən eylə!” ˗ desək, qapıdan əliboş geri qaytarılmayacağımızdan ümidvar olarıq.

Unutmamaq lazımdır ki, “bir gül ilə bahar olmur”. Rəğaib gecəsini mənəvi yüksəlişə keçişimizin başlanğıc nöqtəsi kimi qəbul etməli, mənəviyyatımızı zənginləşdirməyə çalışmalıyıq. Çalışmalıyıq ki, Ramazanı gözəl şəkildə idrak edək, Qədir gecəsində də qulluğun zirvəsinə yüksələk.

Rəcəb toxum əkmə, Şaban sulama, Ramazan isə məhsul toplama ayıdır. İl ağac kimidir: Rəcəb ağacın yarpaqları, Şaban meyvələrin yetişməsi, Ramazan isə yetişən meyvələrin dərilməsi mövsümüdür.

Mənəvi dəyəri yüksək olan Rəcəb ayında həftənin birinci və dördüncü günləri və ya hicri təqvimə görə ayın 14-15-16-cı günlərini oruc tuta bilərik. Həmçinin vaxt namazlarını vaxtlı-vaxtında qılmağa çalışmalı, nafilələrə də üstünlük verməliyik. Ələlxüsus düha, əvvabin, təhəccüd namazlarını qılmaq olar. Namazlardan sonra edilən təsbihat və zikirlərə də davam etməliyik. Bir yerə gedib-gələrkən, evdə kresloda otururkən zikir oxumağı vərdiş halına gətirməkdə fayda var. İbadətlərin özəyi olan dua və niyazlarımızda daha səmimi olmalıyıq. Uşağın ağlayaraq istədiyini əldə etməsi kimi duada arzu və istəklərimizi dilə gətirərkən onları həqiqətən istədiyimizi hal və hərəkətlərimizlə, qəlbimizin titrəyişləri ilə ifadə etməliyik.

Dua, zikir və təfəkkür kitabı olan Qurani-Kərimi daha çox oxuya, imkan daxilində oxuduğumuz yerlərin tərcüməsinə də baxa bilərik. 

Bu aylarda mənəviyyatımız artıracaq kitabların mütaliəsinə də vaxt ayırmaqda fayda var. İbadət həyatında həssas olduğumuz kimi ictimai həyatda da fərqliləşməli, ibadətlə əldə etdiyimiz mənəvi yüksəlişi hal və hərəkətlərimizə əks etdirməliyik. Ətrafımızdakılara bu ayların mənəvi iqlimindən faydalanmağı rəftarımızla göstərməliyik. Məsələn, bu vəsilə ilə qohumlar ziyarət edilə, ən azından telefonla zəng edərək hal-xətirləri soruşula bilər. Qonuşularımızla ünsiyyət qurmaq üçün şirniyyat, halva kimi bir şeylər bişirərək onlara paylaya bilərik. İmkan nisbətində sədəqə verə, ehtiyac sahiblərini sevindirə bilərik. Küslü olduğumuz insanlar varsa onlarla da barışmalıyıq. Görəsən bunlara riayət edərək üç ayları dəyərləndirməyə hazırıqmı?

Sadalananlar xaricində Rəcəb və Şaban aylarında, bu aylardakı mübarək gecələrində ediləcək xüsusi ibadət şəkli yoxdur. Yalnız müəyyən gecələri ibadətlə keçirib, geri qalan günlərə əhəmiyyət verməmək doğru deyildir.




Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Rabbani olmaq

Quranı Kərimdə keçən rabbaniyyun rabbani sözünün cəmidir və mənşəyi rabbi sözünə əsaslanır. Rabbi, “Rəbbin ardınca gedən” deməkdir; Rabbani dedikdə, Rabbi tanıyan və ona itaət edən şəxs nəzərdə tutulur.

Peyğəmbərimizin etikafı

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Etikaf

Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.


1 şərh yazılıb
  1. Akşin , 10/04/2016 tarixində, saat 22:04

    ALLAH razı olsun sizden…

Şərh yaz