2. 919 dəfə oxunub ,   0 şərh   Çap et

Gündəlik həyatda diqqət ediləsi davranış qaydalarından biri də evə girərkən qapını döymək və icazə almaqdır. Evlərə, rəsmi idarə və müəssisələrə girmək istəyəndə icazə almaq lazımdır. İstər öz evimizə, istərsə də başqalarına aid mülklərə girərkən mütləq icazə alınmalı, icazə veriləndən sonra içəri girilməlidir. Bu mövzuda da ən gözəl örnək Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) həyatıdır.

Evə girərkən icazə istəmək

Qurani-Kərimdə də buyurulur: “Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə almadan və salam vermədən girməyin[1].

Evlər şəxslərə aid xüsusi mülklərdir. Belə yerlərə girərkən bəzi qaydalara əməl edilməlidir. Bunlardan ən birincisi gələn qonağın içəri girmək üçün ev sahibindən icazə istəməsidir. Səhl ibn Sad (radiyallahu anh) Allah Rəsulunun belə buyurduğunu rəvayət edir: “Evə girərkən icazə istəmək (gözün evdəki ayıbları görməməsi üçün) şərtdir[2].

Bir yerə girərkən üç dəfədən artıq icazə istəməmək

Müsəlman bir yerə girmək istəyəndə ən çox üç dəfə icazə istəməlidir. İçəridən cavab gəlməsə, və ya ev sakinləri uyğun olmadıqlarnı desələr, geri qayıtmaq lazımdır. Mövzu ilə bağlı Qurani-Kərimdə belə buyurulur: “Əgər orada heç kəsi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Sizə “Geri dönün!” – deyilsə, geri qayıdın. Bu, Allahın yanında sizin üçün daha təmiz bir davranışdır. Allah nə etdiklərinizi biləndir![3]

“Neçə dəfə icazə istəyə bilərik?” sualına Əbu Musa əl-Əşarinin (r.a) rəvayət etdiyi hədisdə cavab tapırıq: “Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Üç dəfə icazə istəyə bilərsiniz. İcazə verilsə, girin, verilməsə, geri qayıdın”[4].

İndi evlər və qapılar Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) dövründəki kimi deyil. Ona görə də qapının zəngini çalıb icazə istəmək lazımdır. Qapı açılarsa, ilk öncə sünnəyə uyğun olaraq ev sahibi ilə salamlaşmaq lazımdır. İçəridən cavab gəlməyəndə qapının zəngi ən çox üç dəfə ara verilərək çalınmalıdır. Evdən bir cavab gəlməsə və ya qapı açılmasa qayıdıb getmək lazımdır. Çünki belə halda ya evdə heç kim yoxdur, ya da qonaq qəbul edə bilmirlər.

Evə girmək ədəbini birbaşa özü öyrədərdi

Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) Sad ibn Übadəni ziyarət etməsi

Sabit əl-Bünani (r.a) belə rəvayət edir: “Bir dəfə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) (ənsarın böyüklərindən) Sad ibn Übadənin evinə girmək üçün: “Əssəlamu aleykum və rəhmətullah” − deyib icazə istədi. Sad (r.a) yavaş səslə: “Və aleykəssalam və rəhmətullah,” – deyib salamı aldı. Peyğəmbərimiz eşitmədiyi üçün yenə salam verdi. Sad yenə Rəsulullahın salamını yavaş səslə aldı. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) üçüncü salamın da cavabını eşitməyincə geri qayıtdı. Bunu görən Sad Allah Rəsulunun arxasınca qaçıb: “Anam, atam sənə fəda olsun, ey Allahın Rəsulu! Hər bir salamını eşidirdim. Ancaq bilərəkdən asta səslə cavab verirdim ki, daha çox salam və bərəkət duanı edəsən”. Daha sonra Sad Peyğəmbərimizi içəri dəvət edib zeytun yağı gətirdi. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) yeyəndən sonra: “Süfrəndə saleh insanlar otursun, mələklər sizlər üçün əfv diləsin, evində oruclular iftar açsın”, − deyə dua etdi”[5].

Bu hədisi-şərifdə görürük ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) evə girmək ədəbi ilə bağlı nəyi tövsiyə etmişsə, birbaşa özü buna riayət etmişdir. Əvvəl salam vermiş, sonra isə evə girmək üçün üç dəfə icazə istəmişdir. İçəridən cavab gəlməyəndə israr etməyib geri qayıtmışdır.

İcazə ədəbini öyrətməsi

Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) dövründə insanlar ədəb-ərkan qaydalarını yaxşı bilmirdilər. Buna görə də çox vaxt davranışlarında xəta edirdilər. Peyğəmbərimiz də xətaları bağışlayar, doğru olan davranışları şəxsən göstərib ümmətinə örnək olurdu. O dövrdə evlər birmərtəbəli və sadə ölçüdə tikildiyindən çöldən gələn səs evin içində rahatlıqla eşidilirdi. Buna görə də səhabələr Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) evinin önünə gəlib “Əssəlamu aleykum, içəri girmək olarmı?” − deyib icazə istəyirdilər. İcazə almağı unudub evə girmək istəyənlərə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) nəzakətlə xəbərdarlıq edərdi.

Ribi ibn Hiraş (radiyallahu anh) nəql edir: “Amir oğulları qəbiləsindən bir nəfər Rəsulullahın evinin qabağına gəlib: “İçəri girmək olarmı?” deyə icazə istədi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) xidmətçisinə: “Çıx, bu adama icazə istəməyi öyrət. Əvvəl “əssəlamu aleykum” desin, sonra icazə istəsin” buyurdu. Gələn adam Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) dediklərini eşidib:

− Əssəlamu aleykum, girmək olarmı? − dedi.

Bunu eşidən Allah Rəsulu (sallallahu aleyhi və səlləm) icazə verdi, o da içəri girdi”[6].

Bu hədisi-şərifdən belə görürük ki, bir evə girmək istəyən evin sahibini görərsə, əvvəlcə ona salam verməli, sonra da icazə istəməlidir. Heç kimi görməzsə, əvvəl icazə almalı, sonra salam verməlidir.

İcazə istəyərkən evin içərisinə baxmamaq

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir adamın evinə girmək üçün icazə alarkən qapının düz qabağında deyil, sağında və ya solunda dayanardı. Bu mövzu ilə bağlı Abdullah ibn Büsr (r.a) nəql edir: “Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir yerə girmək üçün icazə istəyəndə qapıya baxmaz, üzünü sağa və ya sola çevirərdi. Ona icazə verilsə, girər, verilməsə, geri qayıdardı”[7]. Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) dövründə evlər birmərtəbəli, həm də kiçik olduğu üçün qapı açılanda evin hər tərəfi görünürdü. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buna görə qapının qarşısında deyil, sağında və ya solunda dayanardı. Bu gün də belə evlərə qonaq gedəndə bu sünnətə riayət edilməlidir. Burada əsas məsələ evin içərisinə baxmamaqdır.

Müasir dövrdə hündür binalar tikilmişdir. Bu cür binaların girişində kamera və ya “Domofon” adlı qurğular quraşdırılır. Belə binalarda kiməsə qonaq gedərkən kameraya və ya “domofona” yaxınlaşıb özümüzü tanıtmalıyıq.

İcazə istəyənin adını deyib özünü təqdim etməsi

Bir yerə girmək üçün icazə istəyəndə “Kimdir?”, “Kimsiniz?” suallarına “mən”, və ya “mənəm” şəklində deyil, qısa və  dəqiq cavab verməliyik.

Bir yerə girmək üçün icazə istəyəndə ad deyilməlidir. Bununla bağlı Həzrət Cabirdən belə rəvayət olunur: “Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) evinə gəldim və qapını döydüm. Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

− Kimsiniz, − dedi.

− Mənəm, − deyə cavab verdim. Allah Rəsulu:

− Mənəm, mənəm, − deyə təkrar etdi. Görünür, bu cavabdan xoşu gəlməmişdi”[8].

 Ev sahibi bu cavabdan gələnin kim olduğunu anlaya bilməz. İnsan bəzən öz ana-atasının, xanımının, qardaşının səsini tanımaya bilər. Heç kəsin kimisə qorxutmağa haqqı yoxdur. “Kimsiniz?” sualına “Mən” kimi qısa cavab vermək ev sahibini tərəddüdə, təşvişə salar. Buna görə də belə hallarda adımızı söyləyib özümüzü təqdim etməliyik.

Səhabələrdən bəziləri bu məsələyə çox həssas yanaşırdı. Bütün qaydalara əməl edər, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) “Kimsiniz” sualının cavabında adlarını deyərdilər. Əbu Zərr (r.a) nəql edir: “Bir gecə bayıra çıxmışdım. Bir də gördüm Allah Rəsulu (sallallahu aleyhi və səlləm) təkbaşına gəzişir. Mən də ay işığında addımlamağa başladım. Bu vaxt Allah Rəsulu (sallallahu aleyhi və səlləm) başını çevirdi və  məni gördü:

− Kimsən? − deyə səsləndi.

− Əbu Zərr, − dedim[9].

Evin içində otaqlara girərkən belə icazə istəmək

Evə girəndə icazə istədiyimiz kimi, otaqlara keçəndə də icazə istəməliyik. Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Sahib olduqlarınız (kölə və kənizlər), həddi-büluğa çatmayanlar (yanınıza girmək istəyəndə) bu üç vaxtda sizdən icazə alsınlar: sübh namazından əvvəl, günorta (yatıb dincəlmək, istirahət etmək üçün) paltarınızı çıxardığınız zaman və işa namazından sonra. Bu üç vaxt sizin üçün xəlvət vaxtıdır. Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girib-çıxmaqda sizə də, onlara da heç bir günah yoxdur…[10]

Ayədən göründüyü kimi uşaqlar valideynlərinin yataq otağına bu üç vaxtda icazə alıb girməlidir:

1) Sübh namazından əvvəl

2) İsatirahət üçün paltarların çıxarıldığı gönorta vaxtı

3) İşa namazından sonra

Həddi-büluğ yaşına çatmış uşaqlar böyüklər kimi bir otağa girmək istəyəndə həmişə icazə almalıdır. Qurani-Kərimdə buyurulur: “Həddi-büluğa çatmış övladlarınız da (yanınıza girmək istəyəndə) böyüklər kimi həmişə izin istəsinlər…[11]

“Bir nəfər Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) hüzuruna gəlib: “Ey Allahın Rəsulu! İçəri girmək üçün anamdan icazə almalıyam?” – dedi.

 Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm):

− Bəli, − cavabını verdi.

− Axı, mən onunla bir evdə yaşayıram? − dedi.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

− Yenə də icazə almalısan, − buyurdu.

O şəxs:

− Mən onun daimi xidmətçisiyəm, − dedi.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm):

− İcazə almalısan! Sən onu paltarsız görmək istəyərsən? − soruşdu.

O şəxs:

− Xeyr, − dedi.

Allah Rəsulu:

− Elə isə, ondan icazə al, − buyurdu”[12].

Hədisi-şərifdən göründüyü kimi, eyni evdə yaşayan ailə üzvləri naxoş bir halla qarşılaşmamaq üçün otağa girəndə icazə almalıdır.

Xülasə, icazə almadan kiminsə evinə baxmamalı və girməməli, bir yerə girərkən icazə almalı, qapını və ya qapı zəngini ən çox üç dəfə çalmalı, qapının qarşısında durmamalı, icazə istəyərkən adımızı deməli, bununla yanaşı, evin içindəki otaqlara girərkən də icazə almağa adət etməliyik. Bunlara riayət etsək, həm həyat tərzimiz gözəlləşər, həm də qonaq getdiyimiz insanları çətin vəziyyətə salmarıq. Ən əsası, sünnəyə əməl etməklə savab qazanarıq.


[1]“Nur” surəsi, 24/27.

[2]Buxari, “İstizan” 11; Mülim, “Ədəb”, 41.Həmçinin baxın.: Tirmizi, “İstizan” 17.

[3]“Nisa” surəsi, 24/28.

[4]Buxari, “İstizan”, 13; Müslim, “Ədəb” 33-37. Həmçinin baxın.: Əbu Davud, “Ədəb”, 127, 130; Tirmizi, “İstizan”, 3; İbn Macə, “Ədəb” 17.

[5]ƏbuDavud, “Ətimə”, 54; Darimi, “Savm”, 51.

[6]Əbu Davud, “Ədəb” 127

[7]ƏbuDavud, “Ədəb”, 127

[8]Buxari, “İstizan”, 17; Müslim, “Ədəb”, 38-39. Həmçinin baxın.: Əbu Davud, “Ədəb”, 128

[9]Buxari, “Riqaq”, 13; Müslim, “Zəkat” 33

[10]“Nur” surəsi, 24/58

[11]“Nur” surəsi, 24/59

[12]Muvatta, “İstizan”, 1




Bənzər məqalələr

İcazəsiz ərin cibindən pul götürmək

Sual: Kişinin icazəsi olmadan qadın onun cibindən pul götürə bilərmi? Cavab: Ailədə kişinin öz hüquqları və vəzifələri olduğu kimi, qadının da öz hüquqları və vəzifələri var. Məsələn, ailənin ehtiyaclarını ödəmək kişinin borcudur. İxtisası, elmi dərəcəsi, cəmiyyət içində mövqeyi nə olursa-olsun, kişi bilməlidir ki, evinin halal dolanışığını təmin etmək onun borcudur, istər yük daşısın, istər yer belləsin, istərsə də meyvə satsın… Bunlar əskiklik deyil, əskiklik öz borcunu yerinə yetirməməkdir.

Rəsulullahın (s.ə.s) evində hansı əşyalar var idi?

Rəhmət Peyğəmbərinin evi ən sadə adamın evindən fərqlənmirdi. Çox şey yox idi. Əgər istəsəydi, şahlar kimi yaşaya bilərdi. Heç kim də buna bir söz deməz, deyə bilməzdi. Ancaq O (s.ə.s), başqa aləm üçün yaşamışdı.


Şərh yaz