4. 802 dəfə oxunub ,   0 şərh   Çap et

Şam səfəri və rahib Bahira

Şama ikinci səfər

Hər kəs Onu gözləyirdi

Şam səfəri və rahib Bahira

Siyər[1] kitabları Allah Rəsulunun ilk səfərini əmisi Əbu Taliblə on iki yaşında Şama (Dəməşq) etdiyini bildirir. Karvan bir yerdə dayanır, Allah Rəsulu də karvana keşikçi qoyulur. Karvanda olanlar istirahət etmək üçün bir karvansaraya gedirlər. Bəziləri tərəfindən yanlışlıqla “Buhayra” adlandırılan rahib Bahira gəlməkdə olan bu karvanı seyr edərkən bir hadisə diqqətini çəkir. Karvanla birlikdə səmada bir bulud da hərəkət edirdi. Karvan dayananda bulud dayanır, karvan tərpənəndə isə hərəkətə gəlirdi.

Bunu görən Bahira bütün karvan camaatını yeməyə dəvət edir. Daha əvvəllər karvanlarla heç maraqlanmayan Bahiranın bu davranışı hər kəsi təəccübləndirir. Peyğəmbərimizdən başqa hər kəs yeməyə gedir. Rahib gələnlər arasında axtardığını tapa bilmir. Ona görə də karvanın başında kiminsə qalıb-qalmadığını soruşur. Rəsulullahın karvana baxdığını eşidincə Onu da çağırtdırır. Onu görər-görməz hökmünü verir. Əbu Talibdən Onun kim olduğunu soruşur. Bahira aldığı “Oğlum” cavabına inanmaq istəmir, çünki bilirdi ki, Onun atası O doğulmadan vəfat etmiş olmalıdır. Və daha sonra Əbu Talibi bir kənara çəkib bu səfərdən vaz keçməyi məsləhət görür. Çünki rahib yəhudilərin qısqanc insanlar olduğunu düşünürdü. Bu uşağın simasına baxıb Onun son peyğəmbər olduğunu anlaya və yəhudi olmadığı üçün də bir pislik edərlər deyə Əbu Talibə: “Sən bu səfərdən geri dön”, – tövsiyəsini verir. Əbu Talib deyiləni edir, bir bəhanə tapıb karvandan ayrılır və Məkkəyə qayıdır.[2]

Bahira həqiqəti söyləyirdi. Ancaq bilmədiyi bir şey vardı; O, Allahın (c.c.) himayəsində idi və Onu ömrünün sonunacan Allah (c.c.) qoruyacaqdı ki, “Ya Peyğəmbər! Allah səni insanlardan qoruyacaq”[3] ayəsi də bunu bəyan edir. Bəli, Rəbbi Ona belə deyirdi və dediyini də yerinə yetirəcəkdi.

Şama ikinci səfər

İki Cahan Sərvəri ikinci səyahətini də iyirmi beş yaşlarında edir. Bu dəfə də Həzrət Xədicənin göndərdiyi karvanın başında səfərə çıxır. Bu səyahətində də Bahira ilə qarşılaşır. Rahib xeyli qocalmışdı. Allah Rəsulunu görəndə xeyli sevinir. Çünki həmişə belə bir günü gözləmişdi. Allah Rəsuluna: “Sən peyğəmbər olacaqsan. Ah, kaş Sənin peyğəmbərliyini elan etdiyin günəcən yaşayaydım, ayaqqabılarını daşıyaydım və sənə xidmət edə biləydim”, – deyir.[4]

Rahib o günləri görə bilməsə də, bu düşüncə, bu arzu ilə axirətdə çox şey qazanacaq.

Hər kəs Onu gözləyirdi

Onun yolunu bir-iki deyil, neçə-neçə insan həsrətlə gözləyir və gələcəyini müjdələyirdi. Onlardan biri də Zeyd b. Amrdır. Aşəreyi-Mübəşşirədən (Cənnətlə müjdələnmiş on səhabə) məşhur səhabə Səid b. Zeydin atası və Həzrət Ömərin əmisi olan Zeyd həniflərdən idi.[5] Bu şəxs bütlərdən üz çevirmiş və onların heç bir fayda və zərər verməyə qadir olmadığını hayqırmış, Günəşin doğuşuna lap az qalmış qüruba üz tutmuşdu. O, yeni bir dinin və son Peyğəmbərin gələcəyini müjdələmişdi: “Mən bir din bilirəm ki, çox yaxında zühur edəcək, kölgəsi başınızın üstündədir. Lakin bilmirəm ki, o günləri görə biləcəyəm, yoxsa yox?”

Zeyd Haqqın varlığını hiss etmişdi. Allahın (c.c.) birliyinə inanır və Ona təslimiyyətini ərz edirdi. Ancaq nə inandığı Allaha “Allahım” deyə bilir, nə də Ona necə ibadət edəcəyini bilirdi.

Səhabə Amir b. Rəbiə nəql edir:

“Zeyd b. Amrdan eşitdim, bir gün belə deyirdi: “Mən Həzrət İsmailin, sonra Əbdülmüttəlibin soyundan gələcək bir nəbi gözləyirəm. Ona qədər sağ qalacağımı zənn etmirəm, amma iman edir, təsdiq edir və qəbul edirəm ki, O, haqq nəbidir. Əgər sənin ömrün vəfa etsə və Ona yetişsən, məndən Ona salam de! Sənə Onun xüsusiyyətlərindən xəbər verim ki, əsla yanılmayasan”, – dedi. Mən də: “Buyur, de”, – dedim. Davam etdi: “Orta boyludur. Nə çox uzun, nə də çox qısadır. Saçları nə tam düz deyil, nə də tam qıvrıqdır. Adı Əhməddir. Doğum yeri Məkkədir. Peyğəmbər olaraq burada zühur edəcək. Ancaq daha sonra qövmü Onun gətirdiklərini qəbul etməyəcək və Onu Məkkədən çıxaracaqlar. O, Yəsribə (Mədinə) hicrət edəcək və gətirdiyi din oradan yayılacaq. Əsla qafilik edib Ondan uzaq qalma! Mən diyar-diyar gəzdim və Həzrət İbrahimin dinini axtardım. Söhbət etdiyim bütün Yəhudi və Xristian alimləri mənə (“Sənin axtardığın daha sonra gələcək”) dedilər və hamısı da mənə bir az əvvəl sənə dediklərimi danışdılar və son sözləri bu oldu: “O, son peyğəmbərdir və Ondan sonra bir daha peyğəmbər gəlməyəcək””.

Amir b. Rəbiə davam edir: “Gün gəldi, mən də müsəlman oldum. Allah Rəsuluna Zeydin dediklərini bir-bir danışdım. Salamını söyləyincə ehtiramla aldı. Ardınca da belə buyurdu: “Mən Zeydi ətəklərini sürüyə-sürüyə Cənnətdə yeriyərkən gördüm”. [6]

Vərağa b. Nofəl bir Xristian alimi və Həzrət Xədicənin də qohumu idi. Allah Rəsuluna ilk vəhy gəlməyə başlayanda Xədicə anamız (r.a.) baş verənlər haqda Vərağanın fikrini soruşmuş və bu cavabı almışdı: “Ey Xədicə, O, doğru sözlü bir insandır. Gördüyü peyğəmbərliyin başlanğıcına xas şeylərdir. Ona gələn Namusu-Əkbərdir. Həzrət Musaya və Həzrət İsaya (ə.) da o gəlmişdi. Yaxın zamanda O, peyğəmbər olacaq. Əgər o günləri görə bilsəm, mən də Ona iman edər və köməyimi əsirgəmərəm”.[7]

Abdullah b. Salam isə Yəhudi alimi idi. Necə müsəlman olduğunu öz dilindən dinləyək: “Allah Rəsulu Mədinəyə hicrət edəndə hər kəs kimi mən də Onu görməyə getdim. Hüzurunda bir çox insan vardı. Mən içəriyə girəndə mübarək dodaqlarından bu sözlər tökülürdü: “Rast gəldiyiniz insanlara salam verin və yemək yedirin”. Onun sözlərindəki sehrə və çöhrəsindəki dərinliyə vurulmuşdum. Dərhal orada şəhadət gətirib Müsəlman oldum. Çünki Onda gördüyüm sima ancaq bir peyğəmbərdə ola bilərdi”.[8]

Abdullah b. Salam (r.a.) böyük şəxsiyyət idi. İbn Həcərin “İsabə” adlı əsərində yazdığına görə, Həzrət Yusifin nəslindəndir.[9] Etibarlı bir insan idi. Onun şahidliyi birbaşa Quranda bildirilir və dəlil gətirilir:

“De: “Bir deyin görək, əgər bu Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun özü kimisi ilə şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür göstərsəniz (zalım olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!”[10]

Ayətdə zikr edilən Bəni İsrailli şahid Abdullah b. Salamdır. Bəzi təfsirçilər bu surənin məkki[11] olmasını nəzərə alaraq qeyd edilən şəxsin Həzrət Musa (ə.) olduğunu irəli sürsə də,[12] bu ayənin mədəni[13] olması fikri daha qüvvətlidir. Yəni “Əhqaf” surəsi məkki olsa da, təkcə bu ayə mədənidir və Abdullah b. Salamdan bəhs edir.[14]


[1]Allah Rəsulunun həyatından bəhs edən kitablar

[2]İbn Hişam, əs-Siratün-nəbəviyyə, 1/319-322.

[3]Maidə surəsi, 5/67

[4]Maidə surəsi, 5/67.

[5]İslamiyyətdən əvvəl də Allahın bir olduğuna inananlar və Həzrət İbrahimin dinini qəbul edənlər

[6]İbn Həcər, əl-İsabə, 1/353; 6/506

[7]İbn Kəsir, əl-Bidayə vən-nihayə, 2/298 vd.; İbn Həcər, əl-İsabə, 2/615.

[8]Buxari, Bədül-vəhy 3.

[9]Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/451.

[10]Əhqaf surəsi, 46/10

[11]Məkkədə nazil olmuş

[12]İbn Həcər, əl-İsabə, 4/118. Əhqaf surəsi, 46/10.  Təbəri, Camiul-bəyan, 26/9. Təbəri, Camiul-bəyan, 26/12.

[13]Mədinədə nazil olmuş

[14]“Əhqaf” surəsi, 46/10.  Təbəri, Camiul-bəyan, 26/9. Təbəri, Camiul-bəyan, 26/12.




Şərh yaz