18. 010 dəfə oxunub ,   0 şərh   Çap et

Allah rizası üçün kasıblara verilən şeylər sədəqədir. Sədəqə Allaha yaxınlaşmaq, savab və mükafata nail olmaq üçün sidqi-ürəkdən verildiyinə görə sədəqə adlandırılmışdır. Bu kəlmələrin hər ikisi – sidq və sədəqə eyni kökdən törəmişdir. Sədəqə daha çox ehtiyac içərisində olan insanlara verilir. Zəkat müsəlman olmayanlara verilmədiyi halda, sədəqə verilə bilər. Sədəqənin veriləcəyi yerlər ayələrdə belə bildirilir:

 “(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!”[1]

“(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.”[2]

 “Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!”[3]

Ər və arvad bir-birinə sədəqə verə bilər. Çünki bunu edən şəxs həm sədəqə, həm də yaxınlara yaxşılıq etmək kimi iki savab qazanmış olur. Hz. Peyğəmbər (s.ə.s) bir hədisində “Xanımına yedirdiyin sənin üçün sədəqədir”[4] − buyurmuşdur. Başqa bir hədisində isə, “Kişinin Allah rizasını qazanmaq məqsədilə ev əhli üçün xərclədiyi onun sədəqəsidir.”[5] “Verən əl alan əldən daha xeyirlidir. (Verməyə) baxmaq məcburiyyətində olduğundan başla. Ən xeyirli sədəqə ailənə (baxmaq məcburiyyətində olduqlarına) ayrılan sədəqədir. Əl açmaqdan (dilənməkdən) çəkinən kimsəni Allah başqalarına möhtac etməz.”[6]

Sədəqə müsəlman olmayanlara da verilə bilər. Çünki, Allah-Təala, “Onlar, Allah sevgisi ilə miskin, yetim və əsirlərə yemək yedirirlər”[7] − buyurur. Rəsulullah (s.ə.s) Əbu Bəkrin (r.anha) qızı Əsmanın Mədinəyə ziyarətə gələn müşrik anası ilə bağlı sualına, “Anana yaxşılıq et” − deyə cavab vermişdir.[8]

Varlı bir şəxsə nafilə sədəqə verilə bilər. Buna görə də vəqflərin qazancını vəqf nizamnaməsinə müvafiq olaraq zəngin şəxslərin alması da halal hesab edilmişdir. Bu, bir hibə (hədiyyə) və bir əta sayılır.

Hz. Peyğəmbər (s.ə.s) qohumlara təsəddüqü (sədəqə verməyi) təşviq edərək belə buyurmuşdur. “Yoxsullara verilən sədəqə bir sədəqədir, qohumlara verilən sədəqə iki sədəqədir. Biri sədəqə, digəri isə yaxınlara yaxşılıqdır.”[9]

Hz. Peyğəmbərin ailəsinə zəkat və sədəqə almaq qadağan olunmuşdur. Çünki zəkatlar insanların mallarının artıqlarıdır. Hz. Peyğəmbərin (s.ə.s) ailəsinə beytül-maldakı qənimətlərin beşdə birindən lazımi qədər xərclənirdi. Hz. Peyğəmbər (s.ə.s) bir hədisi-şərifində belə buyurmuşdur: “Bu sədəqələr yalnız insanların artıqlarıdır, Məhəmmədə (s.ə.s) və Məhəmmədin (s.ə.s) ailəsinə halal deyil.”[10]

Sədəqəni gizli vermək daha yaxşıdır. Quranda bu haqda belə buyurulur:

Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!”[11]


[1] Bəqərə 2/273.
[2] Bəqərə 2/215.
[3] Bəqərə 2/280.
[4] Əhməd ibn Hənbəl, IV, 131, 132
[5] Buxari, İman, 41; Müslim, Zəkat, 48; Nəsai, Zəkat, 60; Əhməd ibn Hənbəl, Müsnəd, IV, 120.
[6] Buxari, Zəkat, 18.
[7] İnsan 78/8.
[8] Müslim, Zəkat, 49.
[9] Tirmizi, Zəkat, 26; Nəsai, Zəkat, 22; İbn Macə, Zəkat, 28; Darimi, Zəkat, 38; Əhməd İbn Hənbəl, IV, 17, 18, 214.
[10] Müslim, Zəkat, 167, 168; Əbu Davud, Zəkat, 29, İmari, 20; Nəsai, Zəkat, 95, Fey, 15.
[11] Bəqərə 2/271.



Bənzər məqalələr

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Rəsulullahın ramazan xütbəsi

Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.

Fitrə vermək kimlərə vacibdir?

İbn Ömər rəvayət edir: “Peyğəmbərimiz (s.a.s.) azad, kölə, kişi, qadın – hər bir müsəlmana arpadan, yaxud xurmadan bir sa miqdarında fitr sədəqəsi verməyi əmr etdi”

Fitrənin verildiyi yerlər

Fitrəni zəkat düşən hər kəsə vermək olar. Yəni kasıblar, miskinlər, zəkatı yığıb paylayanlar, ürəkləri İslama yeni isinişib mü­səlmanlığa bağlanmaqda olanlar, kölələr, borclular, Allah yolunda olanlar və yolçular.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


Şərh yaz