1. 391 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: İndiki dövrdə yaşayan müsəlmanlar Rəsulullahın (s.a.s) təbliğ üsulundan nələri nümunə götürə bilərlər?

Qurani-Kərim birdən-birə yox, iyirmi üç il müddətində tədricən nazil olmuşdur. Bu, hələ cəhalət dövründə yaşayan və bu dövrdən yeni çıxan insanları hazırlamaq və nazil olan hökmlərə tədricən öyrəşdirmək üçün əhəmiyyətli idi.

Allah ibadət və şəriətlə bağlı vəzifələri birdən-birə insanlara yükləməyib. Məsələn, namaz və zəkat müəyyən vaxtdan sonra, insanları buna hazır etdikcə əmr edilmişdir. Faiz və içkinin qadağan edilməsi kimi hökmlərdə də eyni tətbiqatın olduğunu görürük. Allah, bunları birdən-birə qadağan etməmiş, vaxtaşırı göndərdiyi fərqli ayələrlə insanları buna hazır vəziyyətə gətirdikdən sonra haram olduğunu bildirmişdir.

Məkkə və Mədinədə nazil olan ayələr

Məkkə və Mədinədə nazil olan ayələrə baxanda hər ikisi arasında müəyyən fərqlərin olduğunu görə bilərik. Məkkə dövrünə nəzər saldıqda insanların İslama yeni qəbul etdiklərini, müsəlmanların sayının hələ çox az, İslama dəvət edilənlərin bir çoxunun ərəb bütpərəstlərindən ibarət olduğunu görürük . Bunlar kor-koranə atalarının dininə bağlı, olduqca inadkar və radikal insanlar idi. Atalarını təqlid etmək ən-ənəsi bir növ ruhlarına hopmuşdu. Bu səbəbdən Quran, göndərdiyi ayələrlə davamlı olaraq inkarlarına diqqət çəkmiş, vəhdətin həqiqətini vurğulamış və inanc prinsiplərinə diqqət yetirmişdir.

Mədinə dövründə isə Rəsulullahın (s.a.s) ətrafında yavaş-yavaş İslam cəmiyyəti qurulmağa başlamışdı. Müsəlmanlara qarşı gələn yalnız bütpərəstlər deyildi,  yəhudilər və münafiqlər də var idi. Buna görə ayələr buna uyğun olaraq nazil olurdu.

Məsələn, faiz məsələsini Allah Quranda hicrətin doqquzuncu ilində bunu qadağan etmiş və faiz yeyənlər barəsində aşağıdakı sərt xəbərdarlığı etmişdir:

Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!” (Bəqərə surəsi, 2/275)

Ancaq bundan əvvəl, Allah faiz haqqında buyurduğu ayələrlə insanları buna hazırlamış, onları tədricən faizdən soyutmuş və nəhayət yuxarıdakı ayə ilə haram olduğunu qəti şəkildə bildirmişdir. Allah mövzu ilə əlaqədar ilk ayədə faiz və zəkatı müqayisə edərək buyurmuşdur:

“(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə (zəkat) isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərəkətini, axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır!” (Rum surəsi 30/39)

Sonrakı ayələrdə, əvvəlki şəriətlərdə də faizin qadağan edildiyi işarə edilmiş və faiz yedikləri üçün yəhudilər qınanılmış  (Nisa surəsi, 4/161), cahiliyyə ənənəsi olaraq, sərmayədən  dəfələrlə çox pul almağın qadağan edildiyi bildirilmiş (Ali-İmran Surəsi, 3/130)) və nəhayət, qeyd etdiyimiz ilk ayə ilə qəti və mütləq bir qadağa gəlmişdir. Eynilə faiz də içki kimi dörd mərhələdə qadağan edilmişdir.

Əsri-səadətdən sonra tədricilik

Uca Allah İslamı tamamladıqdan və kamilləşdirdikdən sonra bu müddəalardan bəzilərini gizlətmək və ya görməzlikdən gəlmək əsla doğru olmaz. Tədricilik yalnız bir dəfəyə məxsus reallaşdı, çünki şəriətin müddəaları sıfırdan ortaya qoyuldu. Din tamamlandıqğına görə də “Quran hökmlərindən bəzilərini insanlara təbliğ və təlqin edək, amma bəziləri haqqında danışmayaq” tərzində düşüncə qətiyyən doğru olmaz.

Digər tərəfdən, tədriciliyə əsaslanan bu fəlsəfə, təqib edəcəkləri üsul və metodlarla dini təbliğ edənlər üçün bir çox vacib həqiqətləri ifadə edir. Xüsusilə dindən uzaqlaşdırılan, öz mədəni mənbələrindən, dünyagörüşündən kənarlaşdırılmış insanlara Qurandan danışarkən nələrə diqqət etməli olduqlarını bildirir. İşə əvvəlcə hardan başlamaq lazım gəldiyini və hansı yolla davam etməli olduğumuzu göstərir. Dəyişikliklərin asanlıqla baş verməyəcəyini, bəzi vərdişlərdən qurtulmağın müəyyən qədər vaxt alacağını möminlərə xatırladır.

Dini dəyərlərdən xeyli uzaqlaşan insanlığın ikinci cəhalət dövrünü keçdiyini nəzərə alsaq, yanılmarıq. Bəzən küçədə alınan reportajlardan da göründüyü kimi, müsəlman bir ölkədə yaşayan insanların çoxu imanın şərtlərindən xəbərsiz yaşayırlar. Buna görə də, ilk növbədə işə  Peyğəmbərimizin (s.a.s.) başladığı yerdən başlamaqda fayda var.

Məlum olduğu kimi, Peyğəmbərimizin Məkkəli müşriklərə dediyi ilk şey “Lə ilahə illallah de, nicat tap!” (Əhməd İbn Hənbəl, əl-Müsnəd 3/492) kəlməsi idi. O (s.a.s), ilk vaxtlarda diqqəti üzərinə çəkmirdi . Çünki kimsə “Görəsən dini mövzular vasitəsilə üzərimizdə hökmranlıq yaratmaq istəyir?” deyə düşünə bilərdi. Onun bütün diqqəti üzərinə çəkməsi söz-söhbətlərə səbəb ola bilərdi. Ancaq peyğəmbər olmayan və ilahi bir gücə arxalanmayan bir insanın bu qədər güclü bir zəmanət – qurtuluş zəmanəti verməsi mümkün deyildi. Etibarlı bir mənbəyə əsaslanmayan bir insanın sözü eşidilməyəcəkdi. Beləliklə, əslində onlara müqəddəs bir İlahi mesaj gətirdiyini, yəni öz peyğəmbərliyini vurğuladığını eyham edirdi. Ağlı başında olanlar Allah Rəsulunun nə demək istədiyini asanlıqla anlayırdılar. Bu da, peyğəmbər fərasətinin və zəkasının bir nümunəsi idi.

İslam alimləri də məsələyə imandan başlayıblar. Onların əsərlərində əvvəldən axıra kimi iman həqiqətlərinə diqqət yetirilir. Bildirilir ki, öz dəyərlərinə yad olan insanlara izah ediləcək ilk məsələlər iman həqiqətləri olmalıdır. Bu o demək deyil ki, ibadət və itaət mövzusuna toxunmayaq, muaməlat (ibadət və gündəlik həyatla) əlaqəli mövzulardan danışmayaq, qəlb və ruhun ehtiyaclarını unudaq, günahlar və haramlar qarşısında isə susaq. Əksinə, insanların iman və elm səviyyəsi nəzərə alınaraq bu məsələlərə də toxunulmalıdır.

Buradakı əsas şərt qarşı tərəfin səviyyəsinə görə əvvəl və sonra deyiləcək sözləri müəyyənləşdirməkdir. Kimə və nə zaman izah edilməli olduğunu yaxşı seçməkdir. Hər dini məsələni izah etmək vacib bir vəzifə olsa da, ləyaqət və prioritet prinsiplərinə əməl etmək də ayrı bir məsuliyyətdir.

Ali həqiqətlərin təqdim olunmasında istifadə ediləcək üslub

Digər tərəfdən, əsla unutmaq olmaz ki, dini məsələləri təqdim edərkən istifadə ediləcək üslub çox vacibdir. Bu gün müsəlman olduqlarını desələr də, dinlərindən və inanclarından uzaq olan elə insanlar var ki, istəsən də, Haqqdan danışmağa imkan vermirlər. Bu səbəbdən onlarla danışarkən onların düşüncələrinə və dəyər verdiyi şeylərə müdaxilə etmədən fikirlərimizi həssaslıqla ifadə etməliyik. Məsələn, tutaq ki, insanları faiz, içki, qumar və zina kimi İslamın qadağan etdiyi haramlardan uzaqlaşdırmaq istəyirik. Əgər sözə dərhal Quran və Sünnədən başlasaq və ilk növbədə qadağalardan danışsaq, sərt reaksiya ilə qarşılaşa bilərik. Bunun əvəzinə, bu tip məsələləri sağlamlıq, iqtisadiyyat, sosial dəyərlərlə əlaqələndirərək izah etmək daha məqsədəuyğundur. Başqa sözlə, bir həkimlə danışa, elm adamlarının ortaya qoyduğu məlumatlardan bəhs edə bilər, fərqli statistik məlumatları müzakirə edərək demək istədiklərimizi qarşı tərəfə çatdıra bilərik.

Bəlkə də, bu günə kimi sərtlik və inadkarlığımızla, həmçinin işimizi doğru edə bilməməyimiz və üslub xətalarımızla bir çox insanı özümüzdən uzaqlaşdırmışıq. Bəzən bunun səbəb olduğu təcrübəsizliyimizi xatırlayıb özümüzü sorğulamalıyıq.

Əfsuslar olsun ki, bu məsələlər barədə müsəlmanlara çox da məlumat verilməyib. Əksinə, kafirlərə, pis insanlara, zalımlara və günahkarlara qarşı hər zaman düşmənçilik hissləri aşılanıb. Dini dəyərlərdən uzaqlaşan və haramlara qarışan insanlar haqqında hər zaman mənfi sözlər və təhqirlər eşitdirilib. Bunlar da şüuraltına yerləşib, yaddaşlara həkk olunub, hiss və düşüncələrı birbaşa təsir edib. Bunları daim xatırlamalı, fərqli düşünən və ya fərqli yaşayan insanları qınamamalıyıq. Yoxsa, müsəlman olaraq bu məhsuliyyətin altından qalxa bilmərik.

Buna baxmayaraq, bu gün də bu məsələlər haqqında müstəqil hərəkət edib-etməyəcəyimizi tam müəyyənləşdirmək bir az çətindir. Görəsən ayrı-seçkilik fikirlərindən tamamilə qurtula bildikmi? Bu fikirlərdən nə qədər uzaqlaşmışıq? Əgər bilməmişiksə, bunu necə bacara bilərik?

Bu gün dini təbliğ edən müsəlmanlar bəzi müəyyən işlərdə işləmiş ola bilər.  Lakin bunlar inanc prinsipləri kimi vacib məsələlər deyil. Bir insan “filankəslərdənəm” deməsə, nə dinini tərk edər, nə də Peyğəmbərimizin (s.a.s) yolundan çıxar. Bəlkə də bu məsələlərdə müsəlmanlar olaraq ciddi səhvlərimiz çox olub. Halbuki, daha geniş düşünüb hər kəsə ürəyimizi aça bilərik. Sərtliyi bir kənara qoyub daha şəfqətli və mərhəmətli ola bilərik. Qəlbimizi hər kəsə açıq saxlaya və sevgimizi hər yerdə mayalandıra bilərik. Ola bilər ki, bəzilərində nəticə ala bilməyək, amma bir çoxunda cəhdlərimiz uğurlu olar.




Bənzər məqalələr

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Allaha yaxınlaşmaq

Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.

Rəsulullahın qərar vermə üslubu

Rəsulullahın (s.a.s.) qərar vermə üslubu necə idi? Qərar verərkən nələri nəzərə alırdı?

Peyğəmbər metodu – fərdi tərbiyə

Hər insanın, mənəvi və zehni qabiliyyətləri bir-birindən fərqlidir. Bu baxımdan hər kəs fərdi xüsusiyyətlərə malikdir. Dolayısı ilə insanlara nəyisə öyrədərkən fərdi keyfiyyətlərini də nəzərə almalı və hər kəsin fərdi xüsusiyyətlərinə görə təlim metodları tərtib edilməlidir. Rəsulullah (s.a.s.) da insanların xarakter və qabiliyyətlərindəki bu fərqlilikləri üç ayrı bənzətmə ilə izah etmiş və insanlara nəyisə öyrədərkən hər […]

Nəbəvi tərbiyənin əsasları – təmkin

Bu yazı Rəsulullahın insanlara nə isə öyrədərkən istifadə etdiyi metodlardan təmkinli davranmaq haqqındadır.


Şərh yaz