2. 335 dəfə oxunub ,   0 şərh   Çap et

Üsul kəlməsi ərəb dilində “əsas” deməkdir. Daha çox fiqh, kəlam, təsəvvüf və hədis elmində müxtəlif mənalarda işlənmişdir. Əsasən iman əsasları, dinin hökmləri, İslamın əsas prinsipləri mənalarında istifadə olunur. Burada üsul deyərkən İslamdakı iman əsasları, dinin əmr və qadağan elədiyi hökmlər nəzərdə tutulur.

Metod isə, möminin inandığı dəyərləri insanlara çatdırmaq – təbliğ – üçün istifadə elədiyi söz, hal hərəkət və davranışların məcmusudur. İnsanlara dini təbliğ edən bütün müsəlmanlar, xüsusilə dünyanın müxtəlif yerlərində bu işlə daha çox məşğul olanlar metod seçərkən daha diqqətli olmalıdırlar. Məsələn: “Lə ilahə illallah Muhammədur-rəsulullah” həqiqətinə bağlanmalı və əsla bu həqiqətdən uzaqlaşmamalıdırlar. Çünki bu İslamın birinci şərtidir.

Görəsən mömin olaraq bizlər vərdişə çevirməli olduğumuz bu həqiqəti başqalarına necə təbliğ etməliyik? Məhz bunun üçün metod bilmək lazımdır. Əgər seçdiyimiz metod səhv olarsa, məqsəd hasil olmaz. Məqsəd insanlara Allahı və Rəsulunu tanıtmaq və sevdirməkdir. Ancaq metodumuz səhv olarsa, həmin insanlar Allaha və Rəsuluna düşmən ola bilərlər. Yəni qaş düzəldim deyərkən göz çıxara bilərik. Metodda edilən bir səhv üsuldakı çox əhəmiyyətli prinsipləri zədələyər.

Bir mömin Allah və peyğəmbər eşqinə mübtəla olsa da, bu eşqdən gözünə yuxu getməsə də, yaşadıqlarını insanlara çatdırmaq üçün “Məcnun” kimi yollara düşsə də, düşündüklərini müəyyən ardıcıllıqla, qaydalara uyğun etmədiyi təqdirdə bütün cəhdləri hədər gedər. Uğrunda canını verməyə hazır olduğu çox önəmli həqiqətlər dəyərini itirər və ayaqlar altında tapdanar. Mömin də bunun iztirabı ilə baş-başa qalar.

Buna görə də inandığımız həqiqətləri və dinimizin gözəlliklərini insanlara çatdırarkən müəyyən xüsuslara diqqət etmək lazımdır.

Həmsöhbəti tanımaq

Yaxşılığı əmr edib pisliklərdən çəkindirmək möminin əsas vəzifələrindən biridir. Rəsulullah (s.a.s.) bir hədisində bu haqda belə buyurur:

Kim bir pis işə rast gəlsə, onu əli ilə düzəltsin. Əli ilə düzəldə bilməsə, dili ilə düzəltsin. Dili ilə də düzəltməyə gücü çatmasa, qəlbi ilə düzəltməyə çalışsın ki, bu (sonuncusu) da imanın ən zəif dərəcəsidir.”[1]

Deməli, insanları Allah dərgahında məqbul əməllərə təşviq etmək və İlahi elmdə xoş sayılmayan əməllərdən uzaqlaşdırmaq, başqa sözlə, insanlarla Allah arasındakı maneələri aradan qaldıraraq qəlbləri Allaha yönəltmək İslamda çox önəmli əsasdır. Bu öhdəlik və vəzifələri yerinə yetirmək də möminin vəzifələrindəndir.

Dinin hər məsələsini ayrı-ayrılıqda bir əsas (əsl) qəbul edə bilərik. Həmin əsasları insanlara çatdırmaq üçün doğru metod seçilməlidir. Buna görə də əvvəlcə həmsöhbətin yaşadığı mədəniyyəti, çevrəni və düşüncələri yaxşı bilmək və bunları nəzərə almaq lazımdır. Ancaq bundan sonra dinin əsaslarını həmsöhbəti incitmədən, yumşaq metodla çatdırmaq olar. Xüsusilə ilk dəfə qarşılaşılan insanlara qarşı daha diqqətli və həssas olmaq, hikmətlə, düşünərək hərəkət etmək zəruridir. Doğru metodla hərəkət edilmədiyi təqdirdə istənilən nəticəyə varmaq mümkün deyil. Həmsöhbətdə möminə qarşı mənfi düşüncələr əmələ gələndən sonra bunu düzəltmək çox çətindir. İlk görüşdəki hərəkət və davranışlar “dəmir”, ardınca gələnlər “almaz” kimi olarsa, həmsöhbətin ilk təssüratını dəyişmək çox çətin olar. Möminlər əllərindəki “almaz”ları “dəmir” kimi qiymətsiz etməmək üçün doğru metoda seçməlidirlər.

Ola bilər ki, tərəf müqabili arzu və istəklərinin əsiri olsun, günah girdabında boğulsun. Ona mənəviyyatdan danışan mömin heç bir halda xəta və səhvləri üzünə deməməlidir. Məsələn: həmin insana “Sən arzu və istəklərinin əsiri olaraq Allahdan uzaqlaşmısan” desə, metodda edilən bu səhv üsulu da korlayar. Bu cür davranış çox vaxt bütün qapıların bağlanmasına və sonrakı addımların atılmasına mane olar. Beləcə möminin hərəkət sahəsi və gedəcəyi yol daralar, hərəkəti çətinləşər.

Bunu bir misalla belə izah etmək olar: Fərz edək ki, hakim bir nəfər haqqında hökm verməlidir. Həmin şəxs görmə problemi olan hakimə belə deyir: “Kor hakim! Haqqımda hökm vermədən məni dinləməlisən! Mənə qulaq asmadan hökm verə bilməzsən! Sənin gözlərin yaxşı görmədiyi üçün həqiqətlərdən bixəbərsən. Mən isə səndən daha yaxşı görürəm.” Təbii ki, bunu deyən insan məqsədinə nail ola bilməz. Bəlkə də hakim onun haqqında ədalətli hökm verəcəkdi. Bu sözləri, belə bir xitabı eşidən hakim qanunun verdiyi səlahiyyətlərdən istfadə edərək müttəhimin cəzasını daha da ağırlaşdıra bilər.

İslamı təbliğ edənlər haqqı tamamilə inkar edən mülhidlərlə, tərəddüd edənlərlə, dini fərqli şəkildə yaşamağa çalışanlarla qarşılaşa bilərlər. Əvvəlcə həmsöhbəti doğru tanımaq, onun temperamentini bilmək, böyüdüyü mədəniyyətdən xəbərdar olmaq və ona empatiya göstərmək lazımdır. Bunları nəzərə alandan sonra söhbətə necə başlayacağına, hansı arqumentləri gətirəcəyinə, hansı dildə danışacağına və hansı metoddan istifadə edəcəyinə qərar vermək olar. Məsələn inkar edən bir şəxslə (ateist) danışarkən ona: “Bu qədər açıq dəlillər dura-dura sən niyə Allahın varlığını qəbul etmirsən? İnkar və zəlalətdən əl çək və lə ilahə illallah de” demək həmsöhbətə xoş gəlməz və bundan sonra deyilənləri eşitməz. Unutmamaq lazımdır ki, süfrədə yemək yeməyin belə özünəxas qaydaları var. Eynilə bunun kimi insanlara hər hansı dini məsələdən danışarkən bəzi qaydalara əməl etmək lazımdır ki, sonradan peşmaçılıq olmasın.

Uca Allah bir ayədə belə buyurur: “(Müşriklərin) Allahdan başqalarına tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsiz olaraq düşməncəsinə Allahı söyərlər.[2] Əgər mömin bir müşrikin (cahiliyyə dövründə inandığı ilahları) Lat, Mənat, Uzza, Nailə, İsafını təhqir edərsə, müşrik də onun inandığı dəyərləri təhqir edə bilər. Nəzərə almaq lazımdır ki, insanlar yaşadıqları cəmiyyətin dəyərlərini mənimsəyir və asanlıqla bunlardan üz döndərə bilmirlər. Əgər mömin müşriklərin inanclarını batil sayaraq hörmətsizlik edərsə, öz dəyərlərinə qarşı da onlardan hörmət görməz.

Həmsöhbətin vəziyyətinə görə məsələləri ifadə tərzi də önəmlidir. Mənəviyyatdan danışan mömin qarşıdakının hansı sözlərdən, hansı cümlələrdən narahat olacağını, sözə necə başlayacağını və necə davam edəcəyini, düşüncələrini necə əlaqələndirəcəyini yaxşı götür-qoy etməlidir. Bir İslam aliminin ifadəsi ilə desək: “Sənin üzərində haqdır ki, hər dediyin doğru olsun. Ancaq hər haqqı hər yerdə deməyə haqqın yoxdur. Hər dediyin doğru olmalıdır. Lakin hər doğrunu hər yerdə deməyin yanlışdır.” Yəni mömin ancaq doğrulardan danışmalıdır. Onun dediyi hər söz həqiqətə uyğun olmalıdır. Ancaq o doğru bildiyi bəzi həqiqətləri, müəyyən yerlərdə, bəzi insanların yanında dilə gətirməməlidir. Əgər dilə gətiriləcək doğrular qarşı tərəfdə əsk reaksiyaya səbəb olacaq, mövqeyini dəyişəcək və “almaz” kimi qiymətli həqiqətləri “şüşə” qırıntıları kimi dəyərsizləşdirəcəksə, onları deməmək daha faydalıdır. Unutmamaq lazımdır ki, hər şeyin bir vaxtı var. Ola bilər ki, əvvəldə deyildiyi təqdirdə rədd ediləcək bir çox həqiqət vaxtı gələndə deyilsə, xoş qarşılanar.

Ola bilər ki, insan təbliğə yeni başlayanda necə danışacağını, kimə qarşı hansı metoddan istifadə edəcəyini düzgün təxmin edə bilməsin. Dini həyəcanı yüksək olanlar üçün müəyyən davranışlara səbir etmək daha çətindir. Buna öyrənmək və bunu xarakterə çevirmək iradənin haqqını verməklə əlaqəlidir. İnsan əvvəldə bir az çətinlik çəksə də, tədricən buna uyğunlaşa bilər. Uyğunlaşmalıdır da. İlk vaxtlarda özünü məcbur elədiyi müəyyən davranışlar tədricən onun xarakterinin bir hissəsinə çevrilər. Bir müddət sonra insanın ruhu və hisləri bu xüsusda ustalaşar və sənətkarların öz işlərini gördüyü kimi asanlıqla öz məsuliyyətini yerinə yetirər.

Birlik və bərabərliyi qorumaq

Uca Allah bütün möminlərin qardaş olduğunu bildirmiş və müxtəlif ayələrdə birlik və bərabərliyin əhəmiyyətini vurğulamışdır. Yəni İslamda birlik və bərabərliyin qorunması önəmlidir. Əfsuslar olsun ki, dövrümüzdə müsəlmanlar arasında ciddi ixtilaf və ayrılıqların olduğuna şahid oluruq. Məhz bu ixtilaf və ayrılıqları “təmir etmək” üçün yola çıxan möminlər məqsədlərinə çatmaq üçün doğru metod seçməli, səbəblərə riayət etməlidirlər.  

Ola bilər ki, bəzi insanlar müxtəlif səbəblərdən möminlərdən uzaq dursunlar. Ancaq möminlər onların münasibətindən asılı olmayaraq öz mövqelərini dəyişməməlidirlər. Müsəlman müsəlmandan üz döndərə bilməz. Bu səbəblə onlar qaçarsa, mömin də arxalarınca qaçmalıdır. Lakin onlara yaxınlaşma tərzi çox önəmlidir. Əgər: “Ən doğru işi görən bizik. Bizim yolumuz daha yaxşı və üstündür. Ağlınızı başınıza yığın və siz də bizə dəstək olun.” – desə onları özündən uzaqlaşdırar. Bunun əvəzinə daha yumşaq metoddan istifadə edilməlidir. Məsələn belə demək olar: “Biz müəyyən xeyir fəaliyyətləri ilə insanlara tolerantlığı təbliğ edərək cəhalət, kasıblıq və fikir ayrılıqları ilə mübarizə aparırıq. Gördüyümüz işlərin insanlara tam faydalı və düzgün olduğundan tam əmin deyilik. Sizin də təcrübə və fikirlərinizdən istifadə etmək, dualarınızda anılmaq istərik. Düşünürük ki, sizin dualarınız və köməyiniz işimizi daha da bərəkətləndirəcək.”

Möminlər insanlara bu düşüncə ilə yaxınlaşsalar, eyni rəftarla qarşılaşarlar. Bu gün olmasa belə bir gün mütləq gerçəkləşər. Bu səbəbdən təbliğ edən möminlər rədd edilsələr belə, təbliğdən əl çəkməməlidirlər. Bir qapıdan əlli dəfə qovulsalar da, yenə qapını döyməli, telefonun düymələrinə toxunaraq birlik və bərabərliyi qorumaq üçün yollar axtarmalıdırlar. Özünə: “Mən özümə görə gözəl danışdığımı düşünsəm də, yəqin bir az kobudluq elədim. Daha yaxşı və münasib bir üsuldan istifadə etməli idim. İnsanla ünsiyyətdə nə demək lazım olduğunu bilməyəcək qədər acizəm.” – deməli yenidən həmin insanla görüşməlidir. Bu dəfə həmin şəxsə: “Məni bu yolda tək qoyma. Mənə qol-qanad ol. Dəyərli düşüncələrinlə mənə yol göstər. Lütflərindən məni də məhrum eləmə!” – deməlidir. Buna rəğmən telefon və ya qapı üzünə bağlansa, yenidən düşünməli, həmsöhbətin qəlbinə girmək üçün fərqli yollar axtarmalıdır. Bu xüsusda daha fərqli alternativlər düşünməlidir. Tapa bilmədikdə ortaq ağıla – məşvərətə müraciət edə, həmsöhbətin düşüncələrini, dinə münasibətini, dünya görüşünü nəzərə alaraq yeni yollar tapmağa çalışmalıdır.

İnsanların inanan şəxslə eyni düşüncədə olması da şərt deyil. Mömin öz gördüyü işin sevdası ilə yaşaya bilər. Ancaq başqalarına düşmənlik edə, onlara həsəd apara və rəqabətə girə bilməz. İnanan insan bir tərəfdən öz işini ürəkdən sevməli və işinə qarşı sadiq və vəfalı olmalıdır. Lakin unutmamalıdır ki, hər insanın özünə görə hörmət elədiyi şəxslər, dəyər verdiyi prinsiplər və izlədiyi yollar var. Mömin könlünü hamıya açmalı, başqalarının dəyərlərinə əsla hörmətsizlik etməməli, dinə xidmət edən hər kəsi alqışlamalı, onlara bağrını açmağı da bacarmalıdır. Getdiyi yolun təhlükəsizliyini təmin etmək üçün bunlara diqqət etməlidir. Əks halda addımbaşı bir təhlükə ilə üzləşə, bir çox tələfatlara səbəb ola bilər.

Fironla belə yumşaq danışmaq

Uca Allah ən sevdiyi bəndələrini Fironun yanına göndərərkən ona belə buyurur: “Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun![3] Bu həmin Firon idi ki, insanları bir yerə toplayaraq onlara: “Sizin ən uca rəbbiniz mənəm![4] – deyirdi. Firon elə bir insan idi ki, onun adı çəkiləndə insan narahat olur və qarşısına keçərək hayqırmaq istəyirdi. Lakin Allah, ilahlıq iddiasında olan Fironun yanına peyğəmbərləri Həzrət Musa və Həzrət Harunu (ə.s) göndərərkən onlara yumşaq danışmağı əmr edir. Bir mənada demək istəyir ki, “O pis insan ola bilər. Siz onun etdiklərini üzünə vuraraq danışmayın.”

Normal şərtlərdə Firon kimi lovğa insanlar özünə deyilən sözdən xoşu gəlmədikdə, sözü deyəni cəzalandırardı. (Hərçənd peyğəmbərlərini cəzalandırmağa Allah icazə verməzdi.) İlahi dəvəti eşidən Firon – iman etməyəcəyini bilsə də – onlarla söhbət edir. Hətta söhbətin axırında həzrət Musa və sehirbazların qarşılaşmasını barədə razılığa gəlir. Deməli, həzrət Musa və həzrət Harun Fironla olduqca yumşaq danışmış, təsirli sözlərdən istifadə etmiş, hal və hərəkətləri ilə diqqət çəkmişdilər. Firon da onların bu metodu qaşrısında eyni cür davranmağa məcbur olmuşdu.

Həzrət Musa sehrbazları məğlub edəndə Firon inanmamaq üçün min dərədən su gətirir. Ancaq oradakı insanların çoxu həzrət Musanın möcüzələrindən sonra iman edir. Bəziləri isə inkar etmədə inadı buraxır, “ola bilər” deyirlər. İnkarı tərk edib tərəddüdə keçirlər. Tərəddüd bir növ imana doğru atılan addımdır. İmana tərəf atılan addımlar sonrakı mərhələdə həmin şəxsin iman etməsinə təkan verir. Yəni yumşaq danışmaq (qavli-ləyyin) və yumşaq rəftar (hali-ləyyin) təbliğ insanına uğur qazandırır.

Bunu da qeyd etmək yerinə düşər: Eynilə həzrət Musa kimi İnsanlığın İftixarı (s.a.s.) da Əbu Cəhil, Vəlid ibn Muğirə, Ütbə ibn Rabia kimi dövrünün fironlarının qarşısına çıxmış və onlara Allahın əmrlərini təbliğ etmişdi. Əvəzində onlar bir çox zülümlər və boykot etsələr də Rəsulullahın və ətrafındakıları öldürməyə cəhd etməmişlər. Hərçənd Allah buna icazə verməzdi. Allah Rəsulu (s.a.s.) onlarla çox mülayim rəftar edirdi. Onları qəzəbləndirəcək sözlər demirdi. Hal və hərəkətləri ilə, danışığı ilə onları əsəbiləşdirmirdi. Çox vaxt işlətdiyi mülayim metod və üsulla onlara dərs verir, fikirləri ilə də “nakaut” edirdi. Həmsöhbətləri inadkarlıq etsələr də Allah Rəsulu (s.a.s.) cəmiyyət nəzərində qələbə qazanırdı.  

Digər tərəfdə Uca Allah həzrət Musa və həzrət Haruna təbliğdə yumşaq üslubu ona görə əmr etmişdi ki, Firon axirətdə heç bir bəhanə gətirə bilməsin. Deməsin ki, “Bəli, sənin elçilərin mənim yanıma gəldilər. Ancaq çox kobud rəftar elədilər. Mənim qüruruma toxundular. Əyanlarımın yanında məni utandırdılar.” Məhz Firon bu bəhanələri gətirməsin deyə Allah elçilərinə əmr edir ki, “Onunla yumşaq danışın.”

Görəsən inkişafın çox sürətlə baş verdiyi və insani dəyərlərin əhəmiyyətli olduğu əsrimizdə Quranın bu ayələrindəki incəliyi tam olaraq anlaya bilirikmi? “Yumşaq danış” əmrinin hikmətlərini dərk edirikmi?

Quranda Əhli-kitabla əlaqəli bir ayədə belə buyurulur: “…Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin…”[5] Deməli, onlarla mübahisə edərkən də ən gözəl metodu seçmək, onları incitməmək lazımdır. Mömin davranışlarını həmsöhbətin vəziyyətinə görə tənzimləsə, məhz onda qəlbləri fəth edə və məqsədinə çata bilər. Əfsus ki, bu gün müsəlmanlar hələlik həmin səviyyəyə çata bilməyiblər.

Bəli, Uca Allah Quranda Firon və Əhli-kitabla yumşaq danışıqmağı əmr edir. Bu təqdirdə möminlər öz aralarında danışarkən işlətdikləri dil və metodları beş-on dəfə nəzərdən keçirməlidirlər. Çalışmalıdırlar ki, qəlblər qırılmasın. Çünki könül Allahın evi kimidir. Onu yıxmaq həmin evi yıxmaq deməkdir. Möminlər möminlərə qarşı qəlb qıran yox, onu təmir edən olmalıdırlar. Bunu da bütün hərəkət və davranışlarında həmişə göstərməlidirlər ki, inandırıcı olsunlar.

Bunu da qeyd etmək yerinə düşər ki, danışığın yumşaqlığı xarakter və əhvaldan başlayır. Çünki insan xarakter və təbiətən yumşaq olmasa, düşüncələri və danışığı da yumşaq olmaz.

Ardı var…


[1] Müslim, İman 78; Tirmizi, Fitən 11; Əbu Davud, Salət 239.
[2] En’âm Sûresi, 6/108
[3] Taha surəsi, 20/44.
[4] Naziat surəsi, 79/24.
[5] Ənkəbut surəsi, 29/46.



Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Nəyi seçirik?

Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir.

Allaha yaxınlaşmaq

Möminin əsas amalı və hədəfi Uca Allaha daha yaxınlıq və inandığı dəyərləri insanlara çatdırmaqdır.

Rəsulullahın qərar vermə üslubu

Rəsulullahın (s.a.s.) qərar vermə üslubu necə idi? Qərar verərkən nələri nəzərə alırdı?


Şərh yaz