4. 338 dəfə oxunub ,   0 şərh   Çap et

Təqva qulun Allahın əzəmətindən qorxaraq, eyni zamanda da rəhmətnə ümid edərək Ona qarşı olan qulluq vəzifələrini yerinə yetirməsi, əmr etdiyi nə varsa, onlara əməl edib, qadağan etdiklərindən də uzaq durması deməkdir.

Başqa sözlə, Allahdan haqq ilə qorxmağa “təqva”, təqvanı özünün həyat fəlsəfəsinə çevirmiş, duyğu, düşüncə və əmələrini buna görə tənzim edən adama da “müttəqi” deyilir.

Ərəb dilində “vikayə” kökündən törəmiş “təqva” sözü eyni zamanda Allaha və Onun yaratdıqlarına qarşı hörmət, sevgi və şükür hissi duymaq mənalarındadır. Eyni kökdən olan “ittiqa” sözü də özünü qorumaq, özünün hiss, duyğu, davranış və düşüncələrinin fərqində olmaq deməkdir.

Beləliklə, qısaca desək, “təqva” insanın sözdə və əməldə, hal və davranışlarında hər zaman özünü Allahın hüzurunda hiss etməsi, buna görə hərəkət etməsi, harama girmək qorxusu ilə günahları tərk etməsi və bütün varlığı ilə Ona yönəlməsi ilə ən yüksək səviyyəyə çıxmış olur.

Təqva ilə paralel olaraq işlədilən başqa bir termin var – istiqamət. İstiqamət isə həyatı Allah Rəsulunun (s.a.s.) verdiyi ölçülər içərisində yaşayıp, ifrat və təfridlər içinə düşməməyə deyilir.

Təqvanın həyatımızda əhəmiyyətini Uca Rəbbimizin Kitabından anlayırıq. Kitabımızın ilk səhifəsində Allah-Təala bizə müttəqiləri, yəni təqva sahibi olanları tanıdır və təqvanın mükafatını açıqlayır. Təqva sözünə Quran-i Kərimin ilk surəsi olan “Fatihə”dən dərhal sonra gələn “əl-Bəqərə” surəsinin başlanğıcında, 1-5-ci ayələrində oxuyuruq: “Əlif Ləm Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər; O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar Məhz onlar nicat tapanlardır.

Təqva sözü daha sonra Quranın müxtəlif yerlərində daha geniş, daha dərin mənası ilə şərh edilir. 

Müsəlman hər davranışında olduğu kimi, təqvada da istiqamət üzərində olmalıdır.

Təqva deyəndə ağıla ilk gələn haramları tərk etməkdir. Bundan sonra məkruh olanlardan uzaqlaşmaq gəlir. Məkruh, çirkin olan, xoş olmayan hal, hərəkət və sözlərə deyilir.  Bunların tərk edilməsi təqvadandır. Daha sonra şübhəli olanlar gəlir. Bunlar da məkruh olanlar kimi harama yaxın olanlardır. Bəzən elə olur ki, bu və ya başqa hərəkət, davranış haqqında Quranda qəti hökm olmadığını görürük. O zaman necə davranmalıyıq? Burada Allah Rəsulu (s.a.s.) köməyimizə çatır:

“Halal da məlumdur, haram da. Ancaq halal və haramın arasında onların hər ikisinə də bənzəyən bəzi şübhəli şeylər vardır ki, insanların çoxu bunları ayırd edə bilmir. Bu şübhəli şeylərdən çəkinən insan (müttəqi) dinini, namusunu və heysiyyətini qorumuş olur. Şüb­həli yerdə gəzən adam isə qoruq ətrafında heyvan otaran çoban kimidir. Qoruq kənarında otlayan qoyunların hər an qoruğa gir­məsi mümkün olduğu kimi, o da həmişə haram işləmə ehtimalı ilə üz-üzədir. Bilin ki, hər hökmdarın bir qoruğu var. Allahın qoruğu da haramlardır.”[1]

Şübhə haramın ən yaxın qonşusudur. Şübhə ərazisində gəzən adamın bir anda haram əraziyə addım atmaq ehtimalı çox güclüdür.

Təqvanın üç mərtəbəsi var:

Şəkdən təqva: İman edərək şəkk etməkdən qorunmaq. Beləliklə, adam əbədi cəhənnəmdən qorunmuş olur.

Masiyətdən (itaətsizlik, üsyan, günah olan işlər, Allah-Təalanın qadağan etdiklərini etmək) təqva: Böyük günahları törətməkdən, kiçik günahlarda da israr etməkdən uzaq durmaq. Təqvanın ən geniş yayılmış mərtəbəsi budur.

Masivadan (Allahdan başqa hər şey) təqva: Qəlbini Haqdan uzaqlaçdıran hər şeydən uzaq durmaq.

Təqva məsələsində diqqət yetirilməsi lazım olan xüsuslardan biri və ən mühümü halal-haram məsələsidir.

Həqiqi təqva mərtəbəsinə yüksələ bilməkdə, dünyaya hansı tərəfdən baxdığımızın da mühüm rolu var. Bəli, müsəlman üçün dünya axirətin tarlasıdır. Burada nə əksən, axirətdə də onu biçəcəksən. Ona görə də dünyada bizə ehsan edilən gənclik, səhhət, sərvət və vaxt (zaman) kimi qiymətli nemətlərin dəyərini bilməli, fürsəti əldən verməməliyik. Çünkü bunlar bizim üçün dünyaları əldə etməyə yetəcək kredit kartları kimidir. Halbuki, bütün bu nemətlərə sahib olduqları halda, suda yaşayıb onun qiymətini bilməyən balıqlar kimi, bu nemətlərin şüurunda olmayan zavallılar da çoxdur.  

Təqva sahibi olmaq üçün ilin müəyyən dövrlərində gündəlik işlərdən ayrılıb metafizik əhval-ruhiyyəni təmin edən işlərlə məşğul ola bilərik. İnsan belə dövrlərdə, necə deyərlər, dağarcığını doldurmalı, bundan sonrakı əmək, təhsil, iş fəaliyyətində səmərəsini artırmağa nail olmalıdır.

Bu mövzunu yekunlaşdırarkən Quranın bəyanına istinad edərək təqvaya nail olmuş insanların xüsusiyyətlərini bir daha yada salmaq istəyirik:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al! Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!“[2]


[1] Buxari, “İman” 39; Müslim, “Müsaqat” 107.

[2] Ali-İmran, 3/191-194.




Bənzər məqalələr

Qurbanın hikmətləri

Qurban ibadətinin neçə-neçə məna və faydası, bəndələrə dünya və axirətlə bağlı öyrətdiyi hikmətləri var.

İslamın əsası doğruluqdur

Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı” hədisini necə anlamaq lazımdır? 

Təqva

Təqva Allahın əmrlərinə itaət, qadağalarına riayət etməklə Onun əzabından qorunmağa çalışmaqdır.

Zöhd və zahidlik

“Zöhd” sözü lüğətdə dünyəvi həzləri tərk edib, bədənin arzularına qarşı çıxmaq mənalarına gəlir. Təsəvvufçülərə görə, zöhd dünya ləzzətlərinə meyl etməmək, təqvanı əsas tutmaq, dünyanın nəfsə xoş gələn cəhətlərinə qarşı gözütox olmaq və az şeylə kifayətlənmək deməkdir.

Peyğəmbərimizin zöhd və təqvası

Allah Rəsulu zahidlərin ən zahidi idi. Onun vərası, yəni bəsit mənasıyla, şübhəli şeylərdən qaçınma hissi – o səviyyədə olmaq şərtilə – ikinci bir insanda yox idi. Onun bütün davranış və hərəkətləri bu müstəvidə nizamlanmışdı. Allahdan elə qorxurdu ki, az qalırdı ürəyi dayansın. O qədər həssas idi ki, çox vaxt gözlərində yaş və qəlbində ürpərti olardı. O coşarkən bir dənizi, dayanarkən də ümmanı xatırladırdı.


Şərh yaz