3. 879 dəfə oxunub ,   0 şərh   Çap et

عَنْ أَبِي ذَرٍّ عَنْ النَّبِيِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ سَلَّمَ قَالَ:

ثَلاَثَةٌ لَا يُكَلِّمُهُمْ اللَّهُ يَوْمَالْقِيَامَةِ وَ لاَ يَنْظُرُ إِلَيْهِمْ وَ لاَ يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ قَالَ فَقَرَ اَهَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ سَلَّمَ ثَلَاثَ مِرَارًا قَالَ اَبُو

ذَرٍّخَابُوا وَخَسِرُو مَنْ هُمْ يَا رَسُولَ اللَّهِ قَالَ الْمُسْبِلُ وَالْمَنّانُ وَالْمُنْفِقُ سِلْعَتَهُ بِالْحَلِفِ الْكَاذِبِ

“Allah qiyamət günü üç zümrə ilə danışmayacaq, onlara baxmayacaq və onları təmizləməyəcək. Və onları şiddətli əzab gözləyir. Allah Rəsulu bunu üç dəfə təkrar etdi. Əbu Zər: “Zərər və ziyana düçar oldular. Kimdir onlar, ya Rəsulullah!” – deyincə Allah Rəsulu buyurdu: “Paltarlarını sürüyərək  yeriyən, etdiyi yaxşılığı başa qaxan və malını yalandan and içib satmağa çalışanlar“.

(Müslim, İman, 171. Həmçinin  baxın, Əbu Davud, Libas 25; Nəsayi, Büyu 5)

 

Hədisdə “üç” ifadəsi mütləq şəkildə “zümrə”ni təyin etmir, yəni hökmü ümumidir. Bunların kişi və ya qadın, qrup və ya camaata, bilənlər və ya da cahillər olması fərq etmir. Hədisdə nəzərdə tutulan əsas məsələ onların kimliyi deyil, xüsusiyyətləridir, buna görə də bu məsələ konkret bildirilməmiş, ümumi şəkildə ifadə olunmuşdur.

Hədisdəki “sələsə” sözü “nəkrə”dir (məchul növdür), sonunda gələn “tənvin” məchulluq bildirir. Deməli, bunlar naməlum və məchul insanlardır. Elə qeyri-müəyyən insanlardır ki, onları müəyyən edən keyfiyyətlər yoxdur. Onlar həqir və rəzil insanlardır. O qədər həqir və rəzildirlər ki, onlara dəyər verməyə dəyməz. Necə ki Allah-Təala onların üzünə baxıb onlarla danışmaz, eləcə siz də maraqlanıb onlarla danışmaz və onları tanımaqda bir fayda görməzsiniz. Onlar qəlibləri ilə deyil, qəlbləri ilə məğlub olmuş və vicdanlarını nəfslərinə təslim etmiş insanlardır. Qəlblərində ülvi hislərə aid zərrə qədər işıq qalmayıb. Səfalət çuxurunda yuvarlanmaqdadırlar…

Bu “üç” kəlməsinin ardınca geniş və gələcək zamana aid üç fel işlənir. Bu üç fel bu üç zümrə üçün qaranlıq bir mənzərə təsvir edir. İnsan elə “üç” deyən kimi dərhal bu “üç”ün üstünə çıxıb o üç zümrənin qaranlıq aqibətini seyr etməyə başlayır…

İlk fel “Allah onlarla danışmaz” cümləsinin əvvəlindəki müzare feldir[1]. Müzare feli isə həm indiki, həm də gələcək zaman mənası bildirir. Allah (c.c.) Qiyamətdə belə bir insana məhəl qoymayacaq, müraciətini eşitməyəcək, onunla danışmayacaqdır.

İnsanın ən çox danışmağa və dərdini dilə deməyə möhtac olduğu bir gündə ona dinlənməməkdən böyük əzab ola bilərmi? O, mədəd diləyi ilə çırpınır. Ancaq dada çatan yeganə Zat – Allah onu dinləmir. Qurani-Kərim bu mənzərəni təsvir edərkən “(Allah) buyurar: “Orada zəlil (məyus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin!” (“Muminun” surəsi, 23/108.) ifadəsini işlədir, çünki sizin danışmaq yeriniz dünyada idi. Orada danışmalı və “üns-billah”a[2] çatmalı idiniz. Dünyada ikən Allaha dost olmadınız. Bu gün də O, sizin dostunuz deyildir.

İkinci vəziyyət: “Allah onlara baxmaz”. Allah-Təala məhz onlara ən çox mərhəmət nəzərinə möhtac olduqları gündə mərhəmət nəzəri ilə baxmayacaqdır. O gün bəzi simalar sevinc içində güləndə, bəzi üzlərə də kədər və qüssə çökəcək (Baxın: “Ali-İmran” surəsi, 3/106-107; “Qiyamət” surəsi, 75/22-25; “Əbəsə” surəsi, 80/38-41.). Şübhəsiz ki, Allah-Təala bu ikinci zümrəyə də mərhəmət nəzəri ilə baxmayacaq.

Hər kəs öz adı ilə çağırılanda, hərə bir vəsilə ilə nicat tapanda Allahın mərhəmət nəzərindən məhrum olan bu insanların halı nə qədər faciəli, nə qədər tükürpərdicidir!

Allah Rəsulu tərəfindən Təbuk səfərinə qatılmayan Kab ibn Malikə qısa müddətliyə də olsa belə bir cəzanın verilməsi[3] həm onun özünə, həm də hadisəni eşidənlərə nə qədər üzücü və ibrətli gəlir. (Baxın.: Buxari, Məğazi 79; Müslim, Tövbə 53-55.) Halbuki sözügedən insanlar bu aqibətə əbədi düçar olacaqlar. Aman Allahım! Cəhənnəm belə bu qədər qorxunc ola bilməz. Mərhəməti sonsuz olan Rəbbin insana bir an baxmaması nə böyük əzab, nə qorxunc aqibətdir!

Nə deyə bilərik!? İnsanlar etdiklərinin əvəzini görəcəklər. Gözəl işlər görənlər xeyirlə, mükafatla, şər əməl işləyənlər də şərlə, cəza ilə qarşılanacaqlar.

Üçüncü vəziyyət: “Allah onları təmizləməz və ya təmizə çıxarmaz”.

İnsanlar burada günahlardan təmizlənməli, oraya tərtəmiz getməlidir. Təmizləmə işi dünyada həyata keçirilir. Axirətdə isə insanı ancaq cəhənnəm təmizləyər. Ona görə də Allah-Təala onları pak və təmiz də etməyəcək.

İnsanlar imtahana bir dəfə girər və bir dəfə keçmək imkanı əldə edərlər. Bu verilən fürsəti yaxşıca dəyərləndirənlər qazanar, ehmal edənlər də itirər. Üçüncü variant yoxdur.

Həzrəti Əyyubun fiziki xəstəliklərinə müqabil, ruh, vicdan, lətifeyi-rəbbaniyə,[4] xəfa, əxfa, sirr – bütün hiss və duyğularını itirmiş,­ nəfsinin alətinə çevrilmiş, dəlik-deşik olmuş o zavallı insan pərişan halına baxacaq, görəsən, “təmizlənə bilərəmmi” deyə ümidlə gözləyəcək. Bununla belə Allah-Təala bu üç zümrəni orada təmizləməyəcək.

Və aqibət – “Onları dəhşətli əzab gözləyir”. Onlar bir addım irəlidə  qorxunc əzab gözləyir. Can yaxan, ilikləri sızladan bir əzab. Onlar özlərini belə bir əzabın qəyya[5] və girdabında görəcəklər…

Belə bir aqibətə düçar olan bu üç zümrəyə kimlər daxildir? Kimdir onlar ki, Allah onlarla danışmayacaq, onların üzünə baxmayacaq və onları əsla təmizləməyəcək? Onlar hansı xislətə malikdirlər ki, belə dəhşətli əzaba düçar edilirlər?

Hədisin bura qədər ki hissəsini oxuyan insanda maraq oyanır. Diqqətini toplayıb, bu üç məchul zümrənin kimliyini öyrənməyə yönəldir. Allah Rəsulu sözlərinə davam edərək: “Ətəklərini sürüyə-sürüyə gəzənlər”, – buyurur. Bu ifadə məcazi mənada olub qürur və təkəbbürə işarə edir.

Roma və Yunan tarixi sənəd və abidələrində ətəklərini sürüyə-sürüyə gəzən insanların şəkillərini görmək mümkündür. Çəkilmiş filmlərdə bunu daha aydın görmək olur. Ancaq əsas məsələ ətək sürümək deyil, bunu təkəbbür və lovğalığın bir simvolu halına gətirməkdir. Cahiliyyə dövründə də ərəblər lovğalıq və qürur əlaməti olaraq bu şəkildə, paltarları yerlə sürünərək gəzərdilər. Hədisdə nəzərdə tutulan da budur.

Bir çox ayə və hədislərdə təkəbbürün necə pis xislət olması, necə pis nəticələr doğurması ayrı-ayrılıqda şərh olunmuşdur. Məsələn, bir hədisdə Allah Rəsulu (s.ə.s.): “Ürəyində zərrə qədər təkəbbür olan insan cənnətə girə bilməz”, (Müslim, İman  147-149; Tirmizi, Birr 61; Əbu Davud, Libas 26.) – buyurmuşdur. Çünki Allah (c.c.) qəlbində zərrə qədər qürur və təkəbbür olan insanın üzünə hidayət yollarını bağlamışdır. Allah-Təala Quranda buyurur:

 “Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlülük edənləri ayələrimi anlamaqdan yayındıracağam (mane olacağam). Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır”(“Əraf” surəsi, 7/146.).

Təkəbbür bəsirəti[6] kor edən pərdədir. Təkəbbürlü insan kainatın səhifə-səhifə yazılmış möcüzələrini görə, dərk edə, anlaya bilməz. Çünki bəsirət korşalınca idrak da bir işə yaramır.

Böyüklük ancaq Allaha məxsusdur. Gündə beş dəfə “Allahu Əkbər” sədalarıyla minarələrdən elan edilən bu həqiqətin bir başqasına şamil olunmasını necə xoş görmək olar?!

Bir qüdsi hədisdə Allah-Təala belə buyurur:

 “Kibriya[7] Mənim ridam,[8] əzəmət isə izarımdır.[9] Kim buna şərik çıxmağa cəhd göstərsə, onu (başıaşağı çevirər) cəhənnəmə ataram”.  (Müslim, Birr 136; Əbu Davud, Libas 26)

Kibriya: “böyüklük”, “ululuq” Allah-Təalanın bir sifətidir. İnsan üçün batini və zahiri libaslar nə deməkdirsə (keyfiyyəti bizim üçün məchuldur), Allah üçün böyüklük və əzəmət də o deməkdir. Allah bu iki vəsfi Onunla bölüşməyə cəhd göstərən, yəni  bunlara şərik çıxan insanı layiqincə cəzalandırar və cəhənnəmə yuvarladar.

İman təkəbbürlü qəlbdə taxt qura bilməz. Başqa sözlə, iman Allahdan başqasının taxt qurduğu qəlbə sakin, həmdəm olmaz. Hərəkət və davranışlarından kibir və qürur yağan adamın da vəziyyəti belədir. Hədisdə belə insan “ətəklərini sürüyə-sürüyə yeriyən” ifadələri ilə təsvir olunur.

İkinci insan və ya qrup da “mənnan”dır. Allah (c.c.) ona mal və mülk vermişdir ki, bu nemətlərdən özü istifadə etdiyi kimi, başqalarına də Allah yolunda versin, birə min mükafatını alsın. Ancaq o insan bunu dərk etməmişdir… Allah yolunda vermək bir yana, bəzən verdiklərini də başa qaxmaq və minnət qoymaqla savabdan özünü məhrum etmişdir. Halbuki həm mal-dövlət, həm də özü Allahın mülkü və quludur. Onun vəzifəsi Allahın nemətini insanlara çatdırmaqda vasitəçi olmaqdır, amma o, mülkün əsl sahibi kimi insanlara minnət qoymuşdur. Bu necə dəhşətli qəflət, necə qorxunc səfalətdir!

Allah (c.c.) ona mülk vermişdir. Bu mülkdə başqalarının da haqqı vardır. Amma bu insan xəsislik edir, verəndə də başa qaxır. Halbuki başa qaxınc və minnətlə sədəqə verməkdənsə, heç verməyib xoşluqla yola salmaq daha yaxşıdır. Bu, Qurani-Kərimdə də buyurulur: “Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!” (“Bəqərə” surəsi, 2/263)

“Mənnan” eyni zamanda xəsis insandır. Halbuki xəsislik insanı Allahdan, cənnətdən və digər insanlardan uzaqlaşdırar, uzaqlaşdırıb cəhənnəmə yaxınlaşdırar. Allah Rəsulu (s.ə.s.) bir hədisində xəsis haqqında belə buyurur: “Xəsis Allahdan uzaqdır, cənnətdən uzaqdır, insanlardan uzaqdır, cəhənnəmə yaxındır.” (Tirmizi, Birr 40; Təbərani, Əl-mücəmül-övsat, 3/27.)

Hədisdə bəlağət qaydaları baxımından “ləffü-nəşri-mürəttəb”[10] sənətindən istifadə edilmişdir. Yəni “onlara baxmaz” ibarəsi “mənnan”a aiddir. Çünki ikisi də ortadadır. Birinci və sonuncu ifadələr də yenə bir-birinə aiddir. O halda hədisdən bu xüsusu da anlamaq mümkündür. Necə ki “mənnan” dünyada ikən insanlara mərhəmət nəzəri ilə baxmamış, onlarla maraqlanmamış, bəzən verdiyini də başa qaxmaqla hədər etmişdir. Eləcə də axirətdə dünyada etdiklərinin əvəzi ilə qarşılaşacaq: Allah-Təala onunla eyni şəkildə rəftar edəcək.

Qürur və təkəbbürlə yeriyən, ətəklərini sürüyən, başqaları ilə danışmağı özünə yaraşdırmayan insanlar bilməlidir ki, axirətdə də Allah onlarla danışmayacaq. Bilməli və o cəzaya, əzaba aparan yollardan uzaq olmalıdır.

Adi vəziyyətdə belə and içmək doğru olmadığı halda, yalan yerə və sırf dünya malı üçün and içmək və beləcə mala andla rəvac verib satmağa çalışmaq insanı yenə qaranlıq aqibətə sürükləyən üçüncü əməldir ki, “onları təmizləməz” xəbərdarlığı bu xüsusa da aiddir.

Üçüncü zümrə isə ticarətdə yalan danışmaqla qazanc əldə etməyi düşünən, yalan andlarla xalqı aldadacağını sanan insanlardır. Bəli, əzaba layiq olan zümrələr məhz bunlardır.



[1]. Geniş zaman feli, qeyri-qəti gələcək zaman

[2]. Allahın dostluğuna, Allaha yaxınlığa

[3]. Kab ibn Malik Təbuk döyüşünə getməmişdi. Buna görə də Allah Rəsulu Allahın hökmü gələnədək insanların onunla danışmasını qadağan etmişdi.

[4]. İnsanın qəlbinə xas və bütün duyğuların tacı olan incə bir duyğudur, ilahi həqiqətlər onun vasitəsilə hiss edilir

[5]. Cəhənnəm quyularından biri

[6]. Əşyanın həqiqətini görmək

[7]. Böyüklük

[8]. Beldən yuxarı hissəni örtən geyim, xirqə

[9]. Belə bağlanıb bədənin aşağı hissəsini örtən fitə və s.

[10]. Sözlərin simmetrik düzülüşü

 



Açar sözləri

insan

Bənzər məqalələr

Şeytanın oyunları

Şeytan insanları haqq yoldan azdırmaq üçün hansı üsullardan istifadə edir?

Əsr surəsində zamanın qiyməti

“Əgər Qurandan heç bir surə nazil olmasaydı bu qısa surə belə insanların dünya və axirət səadətini təmin etməyə kifayət edərdi.” (İmam Şafei)

İnsan sevgisi

Möminin çevrəsi ilə sevgi və hörmətə əsaslanan münasibəti necə olmalıdır?

Yaradılışın qayəsi

Yardılışın qayəsi, yaxud yaradılışın məqsədi. Daha sadə ifadə ilə, biz niyə yaradılmışıq? Bizimlə birlikdə bu dağlar, daşlar, çaylar, göllər, dənizlər, onlardakı balıqlar, heyvanlar, həşəratlar, bitkilər, səma, Günəş, Ay, ulduzlar, qalaktikalar… bütün bunlar niyə var, kimə və nəyə lazımdır?

Rəsmli paltarla namaz qılmaq

Sual: Üzərində insan və heyvan fiqurları, cizgi film qəhrəmanları olan paltarlarla namaz qılmaq olarmı?


Şərh yaz