9. 671 dəfə oxunub ,   0 şərh   Çap et

Xalid Məkkə müşriklərinin müsəlmanlara qarşı etdikləri bütün müharibələrdə ön sıralarda vuruşmuşdu. Atası Məkkədə doğan İslam Günəşinə qarşı pərdələrini endirərək qaranlıqda qalan,  öndə gələn müşriklərdən biri idi. Bədirdə öldürülmüşdü. Atasının təsirində qalan Xalid də bir müddət Peyğəmbərimizə qarşı cəbhə alanlara birlikdə oldu. Amma hər dəfə müsəlmanlarla qarşı-qarşıya olduqları döyüşlərdən qayıdarkən içində bir sıxıntı olurdu. Bir növ  Allah onu dininə xidmət üçün hazırlayırdı.

Bunun səbəbini onun ən yaxın dostu Amr ibn As belə izah edir:

“Biz, bizdən daha yaşlı və bizə nəzərən daha irəli fikirli deyilə biləcək bir nəsil ilə bərabər idik. Onlar, İslama şərtli baxdılar və həqiqətləri görə bilmədilər, bizi də yanıltdılar. Biz, düzlüyə çıxana qədər onlara tabe olduq. Onlar, Rəsulullahı (s.ə.s.) inkar etdiklərində, biz də özümüz qərar vermədən onlarla birlikdə inkar etdik, onlara tabe olduq. Onlar, bu dünyadan gedincə təkbaşına qaldıq və azad-sərbəst düşünməyə başladıq. Həzrət Peyğəmbərin müvəffəqiyyətini və İslamın bir nur kimi ətrafa şölə saçmasını götür qoy etdik və baxdıq ki, bizdən əvvəlkilər yanılmış və bizi də yanıltmışlar. Nəticədə İslamın sevgisi qəlbimizə daxil oldu və müsəlman olduq”.[1]

Əsl ərəb atları üzərində bir qrup süvari səhranın istisində tozu dumana qataraq təpəyə doğru at çapırdılar. Nəhayət atlı qrupu təpəyə çatdı. Təpədən baxdıqda vadinin ortalarında gördükləri mənzərə onlara dəhşət və qorxu ilə birlikdə sevinc də verirdi. Saatlardır axtardıqları insanlar vadinin ortasında idilər. Onlar təpədən düşmənlərinə hakim vəziyyətdə baxırdılar. Ancaq süvari qrupun başçısı hücum işarəsi vermirdi.

Məkkə müşriklərinə aid bu süvari dəstənin başçısı Ərəb tarixinin müharibə dahisi Xalid ibn Vəlid idi. Vadidə isə axır zaman Peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) nurlu əshabına günorta namazı qıldırırdı. Yer Hüdeybiyyə idi.

Xalid (r.a) hadisəni belə nəql edir:

–  Onlara hücum etməyin tam vaxtıdır deyə düşündüm. Ancaq heç cür hücum əmrini verə bilmirdim. Bir xeyli gözlədikdən sonra dostlarımla birlikdə özümüz belə bilmədən hücum etmək fikrindən vaz keçdik. Bu hal mənə çox təsir etmişdi. Bu şəxs Allah tərəfindən qorunur deyə fikirləşdim.

Bu hadisədən sonra Xalid ibn Vəlid tamamilə qərarsız qalmışdı. Arada Həbəşistan kralı Nəcaşinin yanına getmək istədi. “Ancaq o da, Həzrət Məhəmmədə inandı və onun Əshabına sahib çıxdı,” ‒ deyib fikrindən daşındı. Daha sonra Bizansa və İrana getməyi qərara alsa da, heç cür gedə bilmədi. Belə bir qərarsızlıq içində olduğu vaxt Rəsulu Əkrəm Hudeybiyyə sülh müqaviləsinə əsasən öncəki il edə bilmədikləri  ümrənin qəzası üçün Məkkəyə gəlmişdi.

Xalid ibn Vəlid Rəsulullahla qarşılaşmamaq üçün gizləndi. Xalidin  daha əvvəl müsəlman  olmuş qardaşı Vəlid ibn Vəlid də bu heyətdəydi. Qardaşı Xalidi nə qədər axtarsa da tapa bilmədi və ona belə bir məktub yazdı:

“Bismilləhirrəhmanirrəhim

Ağıllı olduğun halda, İslama girməkdən qaçmağın qədər qəribə bir şey görmədim. İslam kimi bir dindən kim uzaq qala bilər? Rəsulullah məndən Xalid haradadır deyə soruşdu. Mən də: “Allah onun qəlbinə hidayət salar,” ‒ deyə cavab verdim. O da mənə dedi ki: “Onun kimilər İslamdan uzaq qala bilməz. Əzm və gücünü İslam üçün istifadə etsəydi onun üçün daha xeyirli olardı”. Qardaşım, sənə son sözüm budur ki, bu fürsətləri qaçırma!”

Xalidin İslama olan marağı bu məktubdan sonra daha da artmışdı. Xüsusilə Peyğəmbərin onu soruşması onu çox sevindirmişdir. Yuxusunda çox dar və quraqlıq bir yerdən geniş və yaşıl bir ölkəyə gəldiyini görür. Yuxunun tam mənasını bilməsə də, bu yuxu onun müsəlman olmağına təşviq oldu.

Xalid artıq Rəsulullahın yanına getməyə qərar vermişdi. Ancaq özünə bir yoldaş axtarırdı. Yolda Safvan ibn Ümeyyəyə rast gəldi:

“Ey Əbu Vəhb! Düşdüyümüz vəziyyəti görürsənmi? Bizim sayımız çox azaldı. Məhəmməd isə həm ərəblərə həm də əcəmlərə qalib gəlir“ – dedi. Safvan, Xalidin dediklərinə şiddətlə qarşılıq verdi:

“Özümdən başqa heç kimsə qalmasa belə yenə ona tabe olmaram “

Xalid onun bu kininin və qəzəbinin səbəbini qardaşının və atasının Bədirdə öldürülməsi olduğunu düşündü. Safvan o qədər kin və nifrət içində idi ki, Peyğəmbərimizin qəza ümrəsində Həzrət Bilal Həbəşinin oxuduğu azanı eşidəndə belə demişdi: “Şükür ki, atam bu səsi eşitmədən öldü”.

Xalid daha sonra Əbu Cəhlin oğlu İkrimə ilə rastlaşdı və Safvana dediklərini bircə-bircə ona da təkrar etdi. İkrimənin də razı düşmədiyini görüncə, xahiş etdi ki, bu sirri başqalarına açmasın.

Xalid ibn Vəlid tək başına Rəsulullahın yanına getməyə qərar verdi. Evə gedib hazırlıq gördü və yola düşdü. Bu dəfə yolda Osman ibn Talhaya rastlaşdı. Safvana və İkriməyə dediklərini Osman da dedi . Osman isə bu təklifi qəbul etdi və bərabər yola düşdülər . Hiddədə Həbəşistandan qayıdan Amr ibn As da onlara  qoşuldu.[2]

Mədinəyə çatanda onları ilk qarşılayan Xalidin qardaşı Vəlid oldu. Vəlid onlara dedi ki: “Rəsulullah sizin gəlişinizin xəbərini aldı, buna çox sevindi və indi sizləri gözləyir”.

Bu vaxt Allah Rəsulu ətrafındakı səhabələrə belə deyirdi:

‒ Məkkə can-ciyərlərini qucağımıza atdı.

Həqiqətən də yaxın bir vaxta qədər müşrik ordularının ilk sıralarında müsəlmanlara qarşı döyüşən bu igidlər indi haqqa təslim olmuş və beyət etmək üçün Peyğəmbərin hüzuruna gəlirdilər.

İki Cahan Peyğəmbəri onları təbəssüm və sevinclə qarşıladı . Əvvəl Xalid ibn Vəlid salam verdi və kəlmeyi-şəhadət gətirdi. Hər kəs həyəcanla Rəsulullahın nə deyəcəyini gözləyirdi. Və Dürrü-Yekta Əfəndimizin (s.ə.s.) dodaqlarından bu sözlər töküldü:

‒ Səni hidayətə gətirən Allaha həmd olsun. Sən ağıllı birisən. Allahdan bir arzum var sənə xeyirli işlər gördürsün!

Xalid ibn Vəlid isə əvvəlki günahlarını xatırlayır və günahlarının bağışlanması üçün dua etməsini istəyirdi. Rəsuli-Əkrəm (s.ə.s): “İslam daha əvvəl etdiklərinin hesabını soruşmaz,” –cavabını verir. Xalid yenə də Rəsulullahın dua etməsini istəyirdi. Rəsulullah əllərini qaldırdı və dua etdi:

‒ Allahım! Xalidin insanları sənin yolundan döndərmək üçün indiyə qədər etdiyi bütün günahlarını əfv eylə.

Xalid ibn Vəlid daha sonra şücaəti və İslama göstərdiyi xidmətləri ilə Rəsulullahın bu təqdir və dualarına layiq olduğunu isbat edəcək və “Allahın qılıncı” ( Seyfullah ) adını alacaqdır.

Xalid ibn Vəlid cahiliyyə dövründə Qureyşin öndə gedənlərindən idi. Qureyşlilər ona süvari dəstənin komandiri kimi mühüm bir vəzifə vermişdilər. Müharibə taktikasını çox yaxşı bilirdi. Bu səbəblə Peyğəmbərimiz (s.ə.s.) Xalid kimi birinin müsəlman olmasını və gücünü İslam yolunda sərf etməsini çox arzulayırdı. Hətta bir dəfə belə demişdi: “Xalid kimi birinin İslamı bilməməsi və tanımaması qəbul edilə bilməz. Kaş ki o, igidlik və qəhrəmanlığını müsəlmanların yanında müşriklərə qarşı göstərsə, onun üçün necə də xeyirli olardı. Onu başqalarına dəyişməz üstün tutardıq”.

Bundan sonra Həzrət Xalid artıq gücünü Allah yolunda İslam düşmənlərinə qarşı istifadə edəcəkdi. Onun qatıldığı ilk mücahidə Mutə döyüşü oldu. Bu döyüşün səbəbi Peyğəmbər Əfəndimizin Rum qeysərinə göndərdiyi Haris ibn Umeyrin (r.a) Şam valisi Şurahbil ibn Amr tərəfindən şəhid edilməsi oldu. Bu hadisə Rəsulullaha çox pis təsir eləmişdi. Dərhal üç minlik bir ordu hazırladı. Orduya komandir Zeyd ibn Harisəni (r.a) təyin etdi. Gözünü üfüqə dikən Peyğəmbərimiz (s.ə.s.): “Əgər Zeyd şəhid olarsa, bayrağı Cəfər ibn Əbu Talib (r.a) alsın, o da şəhid olarsa, bu səfər bayrağı Abdullah ibn Rəvaha (r.a) qaldırsın, o da şəhid düşərsə, Allah qılınclarından bir qılınc orduya rəhbərlik etsin” – dedi. Həzrət Xalid orduya adi döyüşçü kimi qatılmışdı.

Mədinədən yola çıxan səhabələr bizanslılarla Mutədə qarşılaşdılar. Bizans ordusunun sayı yüz minə yaxın idi, həm də mükəmməl şəkildə silahlanmışdılar. Amma düşmənin çox olması və yaxşı silahlanması səhabələri qorxutmadı. Çünki onlar onsuz da şəhid olmaq arzusu ilə bu döyüşdə iştirak edirdilər və bu fürsəti fövtə vermək olmazdı. Heç tərəddüd etmədən Zeyd ibn Harisənin arxasında “Allah, Allah “ nərələri ilə hücuma keçdilər. Bir müddət sonra Həzrət Zeyd, sonra Həzrət Cəfər və daha sonra da Həzrət Abdullah qəhrəmancasına şəhid oldular. İslam ordusu başsız qalmışdı. Bizanslılar müsəlmanları sıxışdırırdılar. Bir çox səhabə şəhid oldu.

Bu vaxt Sabit ibn Əkrəm (r.a) döyüş bayrağını götürüb dağılan ordunu bir yerə toplamağa çalışırdı. “Ey müsəlmanlar! Aranızdan birini başçı olaraq seçin və onun ətrafına toplanın“ – deyirdi. Hər kəs onun başına toplaşdı. “Biz səni komandir seçdik“ – dedilər. Amma o buna razı olmadı və bayrağı Xalidə uzatdı. Həzrət Xalid əvvəl bunu qəbul etmək istəmədi, amma Sabit ibn Əkrəmin “Sən müharibənin üsulunu məndən daha yaxşı bilirsən” – deməyi ilə bayrağı əlinə aldı. Onsuz da, hər kəs Xalidin komandir olmasını istəyirdi.

Bu vaxt Cənabı Haqq zaman və məkan pərdələrini aradan qaldırdı. Döyüş səhnəsi Peyğəmbərimizin gözləri önündə canlandı. Peyğəmbərimiz minbərə çıxıb belə dedi:

‒ Onlar düşmənlə qarşılaşdılar . Zeyd şəhid oldu. O indi Cənnətə getdi. Sonra bayrağı Cəfər aldı . O da şəhid oldu. Cəfərdən sonra bayrağı Abdullah aldı. O əlində bayraq ola-ola şəhid oldu. Abdullahdan sonra bayrağı Xalid ibn Vəlid aldı. Bax indi döyüş qızışdı.

Daha sonra Peyğəmbərimiz əllərini qaldırıb: “Allahım o, Sənin dininə xidmət edən qılınclardan bir qılıncdır, ona kömək ol” – dua etdi.

Beləcə Peyğəmbər Əfəndimizin duasına nail olan İslam ordusu özünə gəlməyə başladı. Xalidin başçılığı altında Rumların bir bölüyünü dağıtdılar. Gecə olunca iki ordu da istirahətə çəkildi.

Xalid üçün bu bir fürsət idi. Bu anı yaxşı dəyərləndirməli idi. Həzrət Xalid hərb sahəsində təcrübəli idi.  Artıq təcrübəsini göstərməyin vaxtı gəlmişdi. Həm əsgərlərinin məhv olmağına imkan verməməli, həm də Bizans ordusuna ağır zərbə endirməli idi.

Həzrət Xalid qərargahda gəzib əsgərlərə mənəvi dəstək verdi. Gecə yarısından sonra fikirləşdiyi planı həyata keçirməyə başladı. Sağ cinahdakı əsgərləri sol cinaha, soldakıları sağa, arxadakıları önə, öndəkiləri də arxa sıralara yerləşdirdi. Bundan başqa bir qrup əsgəri də gecənin qaranlığında gəldikləri istiqamətə göndərdi. Az sonra göndərilən əsgərlər əllərində məşəllərlə geri qayıdırdı. Düşmən ordusu da bunu uzaqdan seyr edirdi. Beləcə əlavə qüvvə gəlib görünüşü verərək düşməni mənən sarsıtmaq istəyirdi. Səhər hücum əmri verildi. Rum əsgərləri dünən gün boyunca döyüşərkən üzündən və paltarlarından görüb-tanıdıqları əsgərlərin yerində başqa əsgərləri görüncə: “hər halda bunlara yeni qüvvə gəlib”, ‒ fikirləşərək qorxuya düşdülər. Bunu fürsət bilən müsəlmanlar ani hücumla düşməni pərən-pərən saldılar. Həzrət Xalid ön sıralarda döyüşürdü. Həmin gün onun əlində doqquz dənə qılınc qırıldı.

Beləcə müsəlmanlar Həzrət Xalidin başçılığı ilə böyük bir zəfər qazandılar və böyük qənimət ələ keçirib Mədinəyə qayıtdılar. Bu hadisədən sonra Hz. Xalidə “Seyfullah” yəni “Allahın qılıncı” ləqəbi verildi. Hz. Xalidin Peyğəmbərimizin yanında xüsusi yeri vardı. Məkkənin fəthində Hz. Xalid süvari dəstəsinin başçısı idi. Ordunun sağ qanadında yer almışdı.[3]  O, Taif, Hüneyn qəzvələrinə də Peyğəmbərimizlə (s.ə.s.) birlikdə iştirak etmişdir. Hüneyn qəzvəsində Xalid böyük şücaət və qəhramanlıq sərgiləmiş,hətta bu döyüşdə yaralanmışdı. Allah Rəsulu ona baş çəkmiş, sağalması üçün şəfa duası etmişdi.[4]

Peyğəmbərimiz Məkkə fəthindən sonra Xalidə Uzza bütünü dağıtmaq vəzifəsini vermişdi. Uzzanın xidmətçisi Həzrət Xalidin bütü yıxmaq üçün gəldiyini görüncə bütün üstündən bir qılınc asıb dağa qalxdı. Həzrət Xalid bütün yanına gəldiyində orada qap-qara, lüt, saçları dağınıq, əlləri boynunda, dişlərini qıcıyan bir qadın gördü. Bu bir şeytan idi. Xalidin tükləri ürpərdi. Bu vaxt bütün xidmətçisi qadına belə qışqırırdı: “Ey Uzza nə durursan Xalidə hücum et. Əgər sən onu öldürməzsən zəlil və pərişan olacaqsan”.

Həzrət Xalid özünə gəlincə: “Ey Uzza! Daha səni qəbul etmək yoxdur. Zikr etmək yoxdur. Allahın səni alçaltdığını  görürəm deyib, qılıncla qadını iki yerə böldü.[5] Qadın qara bir külə döndü. Daha sonra bütün xidmətçisini də öldürüb Peyğəmbərimizin yanına qayıtdı və Ona baş verənləri  danışdı. Rəsulullah belə buyurdu:

‒ Uzza artıq bu torpaqlardan ümidini kəsmişdir. Bundan sonra ərəblər üçün Uzza yoxdur. Artıq ona heç kim sitayiş etməyəcək.

Xalid Peyğəmbərimizdən gələn hər şeyi mübarək qəbul edər, onunla şərəf hissi keçirər və iftixar edərdi. Rəsulullahın mübarək saqqalından, saçından tökülən tükləri toplayıb yanında gəzdirirdi.

Yərmük müharibəsində Xalidin sarığı başından düşmüşdü. Qızğın döyüş getməsinə baxmayaraq, atından enərək sarığı yerdən alıb başına qoydu, amma sarıq bir çox yerindən cırılmışdı. Xalidin nəyə görə sarığı belə axtardığını soruşdular. O da belə cavab verdi:

‒ Rəsulullah Ümrə edərkən mübarək saçlarını kəsdirdi. Hər kəs o saçdan bir az götürdü, mən də alıb bu sarığın içinə qoydum və başıma sardım. Hər döyüşə bu sarıqla qatıldım və mütləq qalib gəldim.[6] Xalidin bağlandığı bir tək şey vardı, o da Allah və Rəsulu adını ucaltmaq üçün mücahidə etmək.

Xalid ibn Vəlid Həzrət Əbu Bəkirin və Həzrət Ömərin xilafəti dövründə də ordu komandiri vəzifəsini davam edərək İslam düşmənlərinin qəlbinə qorxu salırdı. Çünki girdiyi bütün döyüşlərdə qələbə qazanırdı. Müsəlmanlar arasında Xalidlə girdiyimiz hər döyüşdən qələbə ilə ayrılacağıq deyə bir rahatlıq əmələ gəlmişdi. Həzrət Öməri müsəlmanların qəflətə düşüb, Allahın nüsrətini (yardım) unudub, hər şeyin Xalidə görə olduğunu düşünmələrindən narahat idi. Bu səbəblə Həzrət Xalidi ordu komandirliyi vəzifəsindən alıb yerinə Əbu Ubeydə ibn Cərrahı təyin etdi . Xalid bu əmrə heç etiraz belə etmədi və Əbu Ubeydənin əmrinə girdi. Bir müddət əvvəl komandan olduğu orduda o artıq əsgər olaraq döyüşəcəkdi. Onu bu işə vadar edən tək bir əsas vardı: Allah Rəsulunun davası. Bu uğurda əsgər və yaxud ordunun başında komandir olmağın onun üçün heç bir fərqi yox idi. Əsl olan bu davaya bağlılıqdı

Bütün ömrünü at üstündə və hərb meydanlarında keçirən Xalidin vücudunda yara almadığı yer qalmamışdı. Tək arzusu var idi, o da şəhid olmaq. Ancaq nəsib olmamışdı. İndi yatağında uzanmış ölümü gözləyirdi, şəhid olmadığına görə təəssüflənirdi. Hicrətin 21-ci ilində vəfat edərkən bir yandan ağlayır, bir yandan da keçmiş günləri xatırlayaraq belə deyirdi:

– Rəsulullahın əshabından heç kim, rahat yatağında ölmədi. Ya döyüş meydanlarında və ya uzaq diyarlarda İslamı yayarkən qərib olaraq şəhid oldu.

Ah, Xalid! Şəhid ola bilməyən Xalid! Hərb meydanları məni çeynəyə bilmədi. Şəhidlik mərtəbəsi xaric əldə etmədiyim heç bir payə qalmadı. Bədənimdə bir qarış yer yoxdur ki, ya qılınc yarası, ya bir ox yarası və ya bir  nizə yarası olmasın.

Ömrü boyunca dini, İslamı yaymaq üçün döyüş meydanlarında at çapan kimsənin sonu, belə yataq üzərində ölməkmi olacaqdı? Ölümü hər zaman, hərb meydanında, atımın üzərində, düşmənə qarşı Allah üçün qılınc çalarkən, şəhid olaraq gözləyirdim. Amma görürsünüz ki, dəvə kimi yatağımda ölürəm. “

Həzrət Xalid bundan sonra Yərmuk döyüşünü xatırladı:

‒ Ah, Yərmuk günü! İnsan qanının sel kimi axdığı Yərmuk! Şiddətli bir ayazın olduğu gecə, göydən boşalan yağışa qarşı, qalxanımız altında gəcələdiyimizi unuda bilmirəm. O gecə mühacirlərdən  seçilmiş fədai dəstəsi düşmənə basqın etmək üçün səhərin açılmasını səbirsizliklə gözləyirdik.

Ah, Yərmuk! Üç min igidlə, yüz min kafirə qarşı zəfər qazandığımız Mutəni belə unutdurdu!

Ey yaxınlarım! Cihada sarılın! Bu torpaqlar ancaq cihad etməklə qoruna bilər. Yərmuk, rumlarla başlatdığımız ilk böyük döyüşdür. Bundan sonra, daha nə qədər döyüşlər bir-birini təqib edəcək. Aman qəflətə düşməyin!

İndi, özümü atların şaha qalxıb, kişnədiyi, Allah, Allah nərələriylə insanlara dar gələn Yərmuk vadisində hiss edirəm. Vallah Rəbbimdən bir diləyim, məni hər müharibədə təkrar diriltməsi və o, döyüşün haqqını verməyimdir…

Qorxaqlar dünyada rahatlıq tapmasın…

Məni ayağa qaldırın!

Xalid bir az susduqdan sonra: “vəsiyyətimi bildirirəm, məni ayağa qaldırın!” ‒ deyincə, onu dərhal ayağa qaldırdılar.

Geridə iki miras buraxmışdı, atını və qılıncını. “Atımı mücahidlərdən birinə verin, qılıncım ilə də qəbrimi qazın,” – deyə vəsiyyət etmişdi.

Vəfat edərkən yanında dayanan dostu Əşərəi-mübəşşərədən (sağ ikən Cənnətlə müjdələnmiş on səhabə) Səid ibn Zeyd Xalidin həyat salnaməsinin  son iki sətrini bu sözlərlə dilə gətirdi:

“Hər kəsin mədh etdiyi, sevdiyi bir insan kimi yaşadı, yeri əvəz olunmaz bir itki kimi aramızdan getdi.”

Allah ondan razı olsun.


[1] İbn Həcər, “Əl-isabə”, IV, 651.
[2] Əhməd ibn Hənbəl, Müsnəd, IV, 158
[3] Müslim, Səhih, II,103
[4] İbn Əsir, Üsdül-ğabə, , II, 103.
[5] İbn Əsir, Üsdül-ğabə, , II, 110.
[6] İbn Həcər,  Əl-İsabə,I, 413-415, İbn Əsir. Üsdül-ğabə,II,109-11


Açar sözləri

səhabə xalid ibn Vəlid

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Rəsulullahın ramazan xütbəsi

Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.

Abdullah ibn Səlam (r.a)

Abdullah bin Salam bu xəbəri eşidən kimi düz Rəsulullahın (s.ə.s) yanına yollanır. Mədinə qapılarının ağzında Rəsulullahı qarşılamaq üçün toplaşan izdihamın arasına girir. Rəsulullahı görüncə özünü saxlaya bilməyib: “Vallah, bu simada ya­lan olmaz!” – deyə qışqırır.

Abdullah bin Süheyl

Həzrət Abdullah (r.a) İslamiyyətin ilk illərində müsəlman oldu. Müşriklərin ağır işgəncələrinə məruz qaldı. Peyğəmbərimizin icazəsi ilə Həbəşistana hicrət etdi. Bir müddət orada qaldı.

Səhabələri nümunə götürmək

Necə etmək olar ki, insanlar səhabələri nümunə götürsünlər?


Şərh yaz